Azərbaycan
Prezidenti İlham Əliyev və Avropa İttifaqı
Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla
çıxış etmişlər
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
-
Şərhlərinizə görə çox sağ olun, cənab
Prezident. Dəvətinizə görə sağ olun. Burada yenidən
olmaqdan və münasibətlərimizə aid mühüm məsələləri
müzakirə etməkdən çox məmnunam.
Azərbaycana Sizin səfərinizi mən də xatırlayıram. Bu, münasibətlərimiz üçün əhəmiyyətli səfər idi. Bu, Avropa İttifaqı Şurası prezidentinin Azərbaycana ilk səfəri idi. Bakıda və ondan əvvəl burada - Brüsseldə apardığımız müzakirələr əlaqələrimizin gələcək inkişafı üçün çox vacibdir. Çünki münasibətlərimizə aid yanaşmamız üst-üstə düşür. Azərbaycan Avropaya mümkün qədər yaxın olmaq arzusundadır. Azərbaycan "Şərq tərəfdaşlığı" proqramının fəal iştirakçısıdır. Avropaya nə qədər yaxın olsaq, bir o qədər inkişaf, demokratik inkişaf üçün imkanlarımız çox olar. Biz bu sahədə əməkdaşlığa görə Avropa təsisatlarına olduqca minnətdarıq. Hesab edirəm ki, demokratikləşmə, insan hüquqları kimi sahələrdə inkişaf Azərbaycana öz siyasi islahatlarını ən yüksək beynəlxalq standartlara uyğun həyata keçirməsində yardım edir. Əlbəttə, Siz də qeyd etdiniz ki, bu gün biz bu məsələni müzakirə etdik. Biz birmənalı olaraq bu sahələrdə əməkdaşlığı davam etdirəcəyik.
Cənab Prezident, qeyd etdiyiniz kimi, bu gün biz, həmçinin bir çox məsələləri əhatə etdik. Biz xüsusi olaraq regional sabitlik və təhlükəsizlik, münaqişənin həlli məsələsinə toxunduq. Biz ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin prezidentlərinin verdiyi bəyanatı yüksək dəyərləndiririk. Biz onlara minnətdarıq ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllini gündəliyin əsas hissəsində saxlayırlar və onlar "səkkizlər" qrupu kimi mötəbər forumundan öz münasibətini və narahatlığını bildirmək üçün istifadə etdilər. Biz onların münaqişənin mümkün qədər tez həllinə nail olmaq üçün bütün lazımi addımların atılmasına dair verdikləri şərhləri tam dəstəkləyirik.
Helsinki Yekun Aktına edilən istinad çox vacibdir. Helsinki Yekun Aktı məsələnin hansı prinsipilər əsasında həllini açıq şəkildə müəyyən edir. Xalqların öz müqəddəratını təyin etməsi ölkələrin ərazi bütövlüyünə zidd olmalı deyildir. Ermənistana gəldikdə, onlar artıq müqəddəratını təyin ediblər və Ermənistan dövləti artıq mövcuddur. Erməni xalqının ikinci dəfə öz müqəddəratını Azərbaycan ərazisində təyin etməsi qəbuledilməzdir. Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları, o cümlədən Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin həyata keçirilməsi əsasında mümkün qədər tez həllində maraqlıdır.
Biz bu gün, həmçinin enerji təhlükəsizliyi məsələlərini geniş şəkildə müzakirə etdik. Azərbaycan enerji təhlükəsizliyi sahəsində artıq Avropa təsisatlarının mühüm tərəfdaşı hesab olunur. Sonuncu görüşümüzdən sonra bu sahədə də çox müsbət irəliləyiş olub. TANAP layihəsinin elan edilməsi "Cənub" qaz dəhlizi layihəsinin uğurla həyata keçirilməsi üçün əlavə imkanlar yaradacaqdır. Ümidvarıq ki, bu yaxınlarda qəbul olunacaq qərarlar Avropanın enerji xəritəsini tamamilə dəyişəcək belə bir mühüm enerji layihəsinin həyata keçirilməsi üçün əlavə şəraitlər yaradacaqdır. Bu halda bütün tərəflər udur. Azərbaycan Avropada uzunmüddətli proqnozlaşdırılan qaz bazarını özü üçün müəyyən edəcəkdir. Avropa isə uzun müddət, onilliklər ərzində Azərbaycanın alternativ qaz təchizatı mənbəyindən yararlanacaqdır. Bu sahədə sıx tərəfdaşlıq, xüsusən də "Cənub" qaz dəhlizinin yaradıldığı bir vaxtda atılan addımlar bu layihənin uğurlu reallaşması üçün çox vacibdir.
Əlbəttə
ki, biz regional sabitlik və təhlükəsizlik məsələlərini
müzakirə etdik. Fikrimcə, Azərbaycan regionda daha
çox sabitləşdirici rol oynayır. Ümidvarıq ki, gələn
illər ərzində biz bir çox müsbət dəyişiklikləri
görəcəyik. Bir sözlə, cənab prezident, göstərilmiş
qonaqpərvərliyə və görüşmək
imkanına görə bir daha çox sağ olun. Mən
inanıram ki, Azərbaycan ilə Avropa İttifaqı
arasında uğurlu əməkdaşlıq davam edəcəkdir.
Siz qeyd etdiyiniz kimi, bu münasibətlər
yaxşıdır. Biz bu yaxşı münasibətləri
daha da yaxşılaşdırıb onları əla etmək
üçün birgə işləməliyik.
AzərTAc
Azərbaycan.-2013.- 22 iyun.- S.1.