Deputatlar Avropa Parlamentinin qərəzli qətnaməsinə
ciddi etirazlarını bildirdilər
Milli Məclisin
növbədənkənar sessiyası
Avropa Parlamentinin cəmi 32 deputatının səsverməsi ilə Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnaməsi Milli Məclisin deputatlarını da ciddi narahat edib. Bu səbəbdən də parlamentin növbədənkənar ikinci iclasında AP-nin iyun ayının 13-də qəbul etdiyi qətnaməyə ciddi etiraz bildirildi.
Milli Məclisin Sədri Oqtay Əsədov dedi ki, iclasın gündəliyinə ilk olaraq AP-nin məlum qətnaməsinin müzakirəsi daxil edilib.
Oqtay Əsədov qeyd etdi ki, iyunun 13-də Avropa Parlamentində "təxirəsalınmaz" iclas keçirilib və Azərbaycanla bağlı qətnamə qəbul edilib: "Qətnamənin qəbulunda 734 parlament üzvündən cəmi 32 nəfər iştirak edib. Həmin deputatlar da əsas səsvermə vasitəsi ilə deyil, yalnız əl qaldırmaq yolu ilə bu qətnaməni qəbul ediblər. Bu, bir daha göstərir ki, Azərbaycanın əleyhinə olan qüvvələr imkan tapan kimi ölkəmizə qarşı sənəd qəbul edirlər. Əməkdaşlıq Komitəsində və AVRONEST Parlament Assambleyasında müzakirə olunmadan Avropa Parlamentində Azərbaycanla bağlı məsələ müzakirəyə çıxarılır. Mən həmin qətnamə layihəsi müzakirəyə çıxarılan zaman Brüsseldə idim. Təəssüf ki, Azərbaycanla dostluq qrupunun üzvləri orada iştirak etmirdi. Yalnız Kristina Olan iclasa qatıldı və orada aktiv iştirak etdi. Qətnamənin əleyhinə çıxış etsə də, sənəd qəbul olundu. Bu, bir daha sübut etdi ki, Azərbaycanın sürətli iqtisadi inkişafını bəziləri qəbul edə bilmir və ölkəmizə təzyiq metodu kimi bu məsələlərdən istifadə edilir.
Azərbaycan Avropa İttifaqı ilə tam konstruktiv əməkdaşlıq edir. İlk dəfə Avropa Parlamenti ilə Milli Məclis arasında Əməkdaşlıq Komitəsi yaradıldı. Azərbaycan AVRONEST Parlament Assambleyasının aktiv iştirakçısı oldu. Məqsəd Avropa Parlamenti ilə Milli Məclis arasında əməkdaşlığı inkişaf etdirmək idi. Lakin Azərbaycan hər dəfə uğurlara imza atdığı dövrdə AP təxirəsalınmaz iclas keçirərək bu kimi qətnamələr qəbul edir. Bu, bəzi deputatların öz məqsədlərinə çatmaq üçün imzaladıqları sənəddir".
Milli Məclisin Sədri onu da diqqətə çatdırdı ki, parlament bu məsələyə öz ciddi münasibətini bildirməlidir. Çünki keçən il "Eurovision" mahnı müsabiqəsi öncəsi də bu cür "qətnamə" imzalanmışdı. İndi tam aydındır ki, Azərbaycana qarşı qərəzli mövqe tutmuş bəzi deputatların mövqeyi dəyişməz olaraq qalır. Avropa Parlamentinin Azərbaycana nəyisə diktə etməyə ixtiyarı yoxdur, yalnız öz tövsiyəsini verə bilər.
Sonra çıxış edən deputat Musa Quliyev bildirdi ki, məlum "qətnamə" tamamilə əsassız və qərəzlidir. Həmin qətnaməyə səs verən 32 deputatın əksəriyyəti nəyə səs verdiyini bilməyib. Bu sənəd Azərbaycana qarşı növbəti təhdid hesab oluna bilər. Bu cür qətnamələrin qəbulu bu quruma başucalığı gətirmir. Deputat Milli Məclis adından Avropa Parlamentinə etiraz bəyanatı qəbul edilməsinin vacibliyini bildirdi.
Bu məsələ ilə bağlı fikirlərini bölüşən deputat Siyavuş Novruzov bildirdi ki, AP-nin məlum qətnaməsi Azərbaycan əleyhinə yönəlmiş böhtan kampaniyasının bariz nümunəsidir. Eyni mənbə, eyni qüvvələrin təkidi ilə bu kampaniya davam etdirilir. Siyavuş Novruzov qeyd etdi ki, qətnamədə onlara "donos" verən 52 QHT barədə məlumat verilir, lakin həmin təşkilatların adları çəkilmir: "Qətnamədə guya İlqar Məmmədovun prezident seçkilərində real namizəd olduğu üçün həbs edildiyi qeyd olunub. İlqar Məmmədov heç bələdiyyə seçkilərində real namizəd ola bilməz. Küçəyə çıxıb adamlardan soruşsanız ki, İlqar Məmmədov kimdir, onu heç 3 nəfər tanımaz. Ona görə də hər kəsə bəllidir ki, bu qətnamə Azərbaycanın uğurlarına, həyata keçirdiyi layihələrə kölgə salmaq məqsədini daşıyır.
Onun çıxışından sonra Avropa Parlamentinə etiraz bəyanatı hazırlamaq üçün işçi qrupu yaradıldı. İşçi qrupunun rəhbəri vitse-spiker Valeh Ələsgərov, üzvləri Səməd Seyidov, Əli Hüseynli, Gülçöhrə Məmmədova, Aqiyə Naxçıvanlı, Novruz Aslan, Asim Mollazadə təyin edildi.
Milli Məclisin Avropa Parlamenti-Azərbaycan Əməkdaşlıq Komitəsinin həmsədri, vitse-spiker Valeh Ələsgərov dedi ki, bu, Avropa Parlamentinin qətnaməsi kimi qəbul edilə bilməz: "Biz bəzi layihələr həyata keçirən zaman belə təzyiqlərin olacağını bilirik. Dəfələrlə belə halların şahidi olmuşuq. Vacib məqamlarda Əməkdaşlıq Komitəsinin iclası keçirilməyib. Biz yalnız ildə bir dəfə görüşürük. Lakin Əməkdaşlıq Komitəsi olaraq il ərzində tez-tez görüşməli və qanunvericiliklə bağlı məsələləri müzakirə etməliyik. AVRONEST-in icazəsi olmadan birdən-birə Avropa Parlamentində belə qətnamənin qəbul edilməsi müəmmalıdır. Bunun heç bir izahı yoxdur. Bəs AVRONEST nəyə görə yaradılıb? Belə çıxır ki, bu qurum 6 dövlətin təşkilatı kimi yaradılıb. Böyük qardaş ideologiyasını və mövqeyini qəbul etmirik. Yunanıstanda əhalinin 28 faizi işsizdir, qoy Avropa Parlamenti bu insanların problemləri ilə məşğul olsun. 2007-2008-ci illərdə Gürcüstanın NATO-ya, sonra da Avropa Birliyinə daxil olacağını bildirirdilər. Sonra nə oldu, Gürcüstanın arxasında durdularmı?"
Deputat Asəf Hacıyev isə Milli Məclisin bəyanatının adının Avropa Parlamentinə cavab yox, "Avropa Parlamentinin 32 deputatına cavab" qoyulmasını təklif etdi. Sonra çıxış edən parlamentin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Sahibə Qafarova, Azay Quliyev, Fərəc Quliyev, Fəzail İbrahimli, Musa Qasımlı, Fazil Mustafa, Fəzail Ağamalı, Yaqub Mahmudov qeyd etdilər ki, Avropanın bəzi dairələri güclü, qüdrətli Azərbaycanın olmasını istəmirlər. Erməni lobbisinin maliyyəsi ilə fəaliyyət göstərən dairələr Azərbaycanın zəifləməsini və daim təzyiq altında qalmasını arzulayırlar. Bu qətnamə Azərbaycana qarşı ümumtəzyiq üsulunun siyasi qərarlar vasitəsi ilə həyata keçirilən bir növüdür. Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi siyasi mühiti gərginləşdirmək üçün belə qətnamələr qəbul edilir. Ancaq heç bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməz.
YAP sədrinin müavini, icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov isə diqqətə çatdırdı ki, Azərbaycan Avropa Parlamentində təmsil olunmadığına görə bizə qarşı belə qərar qəbul etməsi hüquqi cəhətdən qüsurludur. İkincisi, 32 deputatın qəbul etdiyi qətnamə Avropa Parlamentinin qətnaməsi kimi təqdim oluna bilməz: "Bu sənədin "İlqar Məmmədovun işi" adlandırılmasına baxmayaraq, çoxlu işin bura daxil edilməsi qərəzlidir. Azərbaycan vətəndaşları da ölkəmizlə bağlı qəbul edilən bu sənədə etirazlarını bildirməlidirlər. Prezident İlham Əliyevin Brüsselə səfəri ərəfəsində belə qətnamə qəbul edilməsi münasibətlərə xələl gətirə bilər".
İclasda sonra gündəlikdəki digər məsələlərin müzakirəsi başlandı. "Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyası haqqında" Əsasnamənin təsdiq edilməsi barədə qanun layihəsi və "Azərbaycan Respublikası və Avstriya Respublikası arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında" Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi haqqında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov məlumat verdi. Komitə sədri bildirdi ki, bu sənədlərin qəbulu Azərbaycanın xarici diplomatiyasının daha da inkişaf etdirilməsi üçün vacibdir. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.
İclasda Azərbaycan Respublikasının 2001-ci il 25 dekabr tarixli 238-IIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Yerli özünüidarə haqqında" Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı"nda dəyişiklik edilməsi barədə qanunun layihəsi, "Azərbaycan Respublikasının və Latviya Respublikasının aviasiya hakimiyyəti orqanları arasında əməkdaşlıq haqqında" Protokolun təsdiq edilməsi barədə qanun layihəsi, "Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihəsi, "Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında" Sazişin təsdiq edilməsi barədə qanun layihələri təsdiq edildi.
İclasda Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə isə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi. Bildirildi ki, sənəd Azərbaycanda qanunsuz övladlığa götürülmə və övladlığa götürmə sirrini yayma ilə bağlı məsuliyyətə cəlb olunanların istintaqının sərtləşdirilməsini nəzərdə tutur. Dəyişikliyə görə, Cinayət Məcəlləsində mövcud 174-cü (Qanunsuz olaraq övladlığa götürmə) və 175-ci (Övladlığa götürmə sirrini yayma) maddələrinin istintaqı Cinayət Prosessual Məcəlləsində sadələşdirilmiş icraat qaydasına aid olan işlərin siyahısına daxil edilib. Yəni artıq bu kimi cinayətlərin istintaqı 3 ay deyil, 1 ay müddətinə yekunlaşaraq qərar verilməsi üçün məhkəməyə göndəriləcək. Artıq istintaq altında olan şəxs epizod üzrə ehtiyac olmadığından əlavə ekspertizanın və yoxlamaların aparılmasından məhrum olunacaq.
İclasda "İcra haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə və "İcra məmurları haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələri təsdiqləndi.
Gündəlikdə olan digər 6 məsələ - "Bank olmayan kredit təşkilatları haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Banklar haqqında" qanunda dəyişiklik edilməsi barədə, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişikliklər edilməsi barədə, Azərbaycan Respublikasının 2008-ci il 1 fevral tarixli 541-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Dənizçinin şəxsiyyət sənədi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə, "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" qanunda dəyişikliklər edilməsi barədə və "Xidməti və mülki silah haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə dəyişiklik edildi. Dəyişikliklərə əsasən, vizaların alınması məqsədilə dövlət rüsumunun ödənilməsi üçün qəbz ləğv olunub. Bunun əvəzində vizalarla bağlı rüsumun ödənilməsi üçün ayrıca xüsusi formalı sənəd tərtib olunacaq və viza almaq istəyən şəxslər bu sənədi hazırlayıb təqdim edəcəklər.
Gündəlikdə olan "Yol hərəkəti haqqında" qanunda dəyişikliklər edilməsi barədə və "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə də edilən texniki dəyişkliklər qəbul edildi.
Sonda isə vitse-spiker Valeh Ələsgərovun sədrliyi ilə təşkil olunmuş komissiyanın Milli Məclisin Avropa Parlamentinə ünvanlayacağı etiraz bəyanatı səsləndi. Bəyanatı komissiyanın sədri V.Ələsgərov təqdim etdi. (Bəyanat qəzetdə dərc olunur).
Bununla
da Milli Məclisin növbədənkənar sessiyasının
ikinci iclası başa çatdı.
Rəşad
BAXŞƏLİYEV
Azərbaycan.-2013.- 22 iyun.- S.2,3.