«Azərbaycanda 2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin
nəticələrinin təsdiqi» mövzusunda konfrans
keçirilmişdir
İyunun
21-də Bakıda BMT-nin təşkilatçılığı,
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin sədrliyi ilə "Azərbaycanda
2015-ci ildən sonrakı dövr üçün milli məsləhətləşmələrin
nəticələrinin təsdiqi" mövzusunda konfrans
keçirilmişdir.
AzərTAc
xəbər verir ki, tədbirdə
dövlət və hökumət rəsmiləri, Azərbaycanda
akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların
təmsilçiləri, ziyalılar, ictimaiyyətin nümayəndələri,
jurnalistlər iştirak etmişlər.
BMT-nin
Azərbaycandakı rezident əlaqələndiricisi Antonius
Broek konfransı açaraq bildirmişdir ki, Birləşmiş
Millətlər Təşkilatı Minilliyin İnkişaf Məqsədlərinin
müddətinin başa çatdığı 2015-ci ildən
sonrakı dövrdə əsas inkişaf məqsədlərini
formalaşdırmaq üçün əhatəli məsləhətləşmələr
prosesini aparmaq məqsədi ilə
hökumətlər və digər tərəfdaşlarla birgə
fəaliyyət göstərir. 2013-cü ilin iyun ayınadək
milli dialoqların nəticələrinin əldə
olunması və Yüksək Səviyyəli
İşçi Qrupuna təqdim edilməsi nəzərdə
tutulur. Bu hesabatların əsasında hazırlanan 2015-ci ildən
sonrakı dövr üçün əsas inkişaf məsələləri
ilə bağlı təkliflərin BMT Baş Məclisinin
2013-cü ilin sentyabrında keçiriləcək 68-ci
sessiyasının gündəliyinə daxil ediləcəyi
gözlənilir.
A.Broek konfransın yerli və qlobal istiqamətləri
özündə əhatə edən 2015-ci ildən sonrakı
dövr üçün inkişaf çərçivəsinə
təkliflərini verməklə milli müzakirələr
prosesi nəticəsində yaranan fikir və tövsiyələrin
mübadiləsinə kömək edəcəyinə əminliyini
bildirmişdir.
Konfransda
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz
MEHDİYEV çıxış edərək demişdir ki,
son illər Prezident İlham Əliyevin rəhbərliyi
altında əldə edilən sosial, iqtisadi və siyasi
uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə
çevirmişdir. Dövlət başçısının
həyata keçirdiyi siyasi strategiyanın mahiyyəti və məqsədləri
milli çərçivəni aşaraq bəşəriyyətin
gələcəyi naminə uzunmüddətli inkişafın
təmin edilməsinə xidmət edir. Bugünkü tədbirdə
2015-ci ildən sonrakı dövr üçün Davamlı
İnkişaf Məqsədləri üzrə Milli Məsləhətləşmələrin
müzakirəyə çıxarılması Azərbaycanın
çoxsahəli fəaliyyət prioritetlərinin bariz
nümunəsidir.
Prezident
Administrasiyasının rəhbəri daha sonra bildirmişdir
ki, Azərbaycan müstəqilliyinin ilk dövründə vətəndaş
müharibəsi, dərin iqtisadi tənəzzül, Ermənistanın
hərbi təcavüzü ilə üzləşmiş,
torpaqlarının 20 faizi işğal edilmiş, 1 milyondan
çox azərbaycanlı öz yurdundan didərgin
düşmüşdür. Bu çətinliklərə
baxmayaraq, ümummilli lider Heydər Əliyevin yenidən
hakimiyyətə qayıdışından sonra Azərbaycan
postsovet ölkələri arasında Minilliyin İnkişaf Məqsədlərinə
(MİM) ilk sıralarda nail olmağı bacarmışdır.
Bu, o deməkdir ki, Azərbaycan MDB ölkələri
arasında daha sürətlə inkişaf etmiş və beynəlxalq
ictimaiyyət qarşısında təhsil, səhiyyə,
gender bərabərliyi, idarəetmə və iqtisadi inkişaf
sahəsində üzərinə götürdüyü
öhdəlikləri uğurla yerinə yetirmişdir.
Akademik
Ramiz Mehdiyev vurğulamışdır ki, Prezident İlham Əliyevin
inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt,
davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə
davamlılığını artırmış, insan
inkişafı indeksində yüksəlişini təmin
etmiş, sürətlə irəliləyən azsaylı
dünya ölkələrindən birinə
çevirmişdir. Bu siyasət 2015-ci ildən sonra da indiki
sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın
sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasını təmin edir.
Minilliyin
İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan
insan kapitalını yüksək inkişaf səviyyəsinə
çatdıra bilmişdir.
2015-ci ildən sonrakı dövrdə Azərbaycanın
inkişafının əsasını insan kapitalı təşkil
edəcəkdir. Bu o demək deyildir ki, Azərbaycan enerji
dövləti kimi əhəmiyyətini itirəcəkdir. Əksinə,
ölkəmiz inkişafının yeni əsaslarını təyin
edərək biliklərə və innovasiyalara əsaslanan,
qloballaşan dünyanın müasir tələb və
çağırışlarına cavab verən
iqtisadiyyatını təkmilləşdirəcəkdir.
Prezident
Administrasiyasının rəhbəri qeyd etmişdir ki, Azərbaycanda qurulan iqtisadi model
öz humanizmi ilə sosial bazar konsepsiyasına, insan
kapitalına əsaslanan bilik iqtisadiyyatı fəlsəfəsinə,
əhatəliliyinə, davamlı inkişaf prinsiplərinə
və maraqların uzlaşdırılmasına görə
sosial korporatizmə uyğun gəlir. Bu modelin qeyri-adiliyi
ondadır ki, sosial-iqtisadi və mədəni inkişafı
balanslı və əhatəli şəkildə təmin edir,
ekoloji tarazlığı qoruyur və cəmiyyətin siyasi
sabitliyi üçün zəmin kimi çıxış
edir. Bunun nəticəsi olaraq Azərbaycan Davamlı
İnkişaf Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələr
aparmaq üçün seçilən 80 ölkədən
biridir.
2012-ci
ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul
edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası və BMT-nin
Davamlı İnkişaf Məqsədləri arasında
uyğunluğun olması onu göstərir ki, Azərbaycan
dövləti öz inkişafını qlobal
çağırışlar və təmayüllər nəzərə
alınmaqla qurur. Minilliyin İnkişaf Məqsədləri
çərçivəsində Azərbaycan dövləti əldə
etdiyi uğurları 2015-ci ildən sonra Davamlı
İnkişaf Məqsədlərinə uyğun şəkildə
daha da irəli aparacaqdır.
Prezident
Administrasiyasının rəhbəri daha sonra bildirmişdir
ki, Azərbaycan cəmiyyətinin ayrı-ayrı təbəqələrinin
də açıq şəkildə Davamlı İnkişaf
Məqsədləri (DİM) üzrə Milli Məsləhətləşmələrə
qoşulması ölkəmizin qlobal miqyasda əhatəli, ədalətli
və davamlı inkişaf yolunun tapılmasına verdiyi
töhfədir. Biz regional və qlobal məsuliyyətimizi
başa düşərək BMT-nin bu təşəbbüsündə
də fəal iştirak etmək əzmindəyik. BMT Təhlükəsizlik
Şurasının üzvü kimi Azərbaycanın dövlət
olaraq məsuliyyəti artıq milli və regional səviyyədən
qlobal miqyaslara çıxmışdır.
2015-ci
ilədək Minilliyin İnkişaf Məqsədləri, daha
sonra isə Davamlı İnkişaf Məqsədləri
çərçivəsində Azərbaycan dövləti təkcə
donor statusunda deyil, həm də xaricdə
yatırdığı sərmayə və digər iştirak
formalarından istifadə etməklə BMT-nin missiyasına
böyük töhfələr vermək əzmindədir.
Lakin
təəssüf ki, Azərbaycan dövlətinin
qarşılaşdığı təcavüzün nəticələrinin
aradan qaldırılması üçün tələb olunan
böyük maliyyə vəsaiti bizim BMT-nin qlobal
çağırışlarına daha çox töhfə
vermək imkanlarımızı məhdudlaşdırır.
Dünyanın çox əhəmiyyətli və nüfuzlu
bir qurumu olan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın
işğal olunmuş ərazilərinin qeyd-şərtsiz
boşaldılmasını nəzərdə tutan 4 qətnaməsi
hələ də icra edilmir.
Akademik
Ramiz Mehdiyev vurğulamışdır ki, iki gün əvvəl
Minsk qrupunun həmsədri olan dövlətlərin
başçıları Vladimir Putin, Barak Obama və Fransua
Ollandın yaydıqları bəyanat Azərbaycan və Minsk
qrupu həmsədrləri tərəfindən irəli
sürülmüş yenilənmiş Madrid prinsiplərindən,
demək olar ki, kənara çıxmır. Lakin Ermənistan
bunu qəbul etmir. Onun bugünkü siyasəti regionda vəziyyəti
gərginləşdirir və təcavüzkar dövlət
bütün vasitələrlə mövcud status-kvonu
saxlamağa çalışır. Ermənistan rəhbərliyi
başa düşməlidir ki, Azərbaycan dövləti
öz haqq yolundan geri çəkilməyəcəkdir. Zaman
Ermənistanın xeyrinə işləmir.
Azərbaycanın
ərazi bütövlüyünün bərpa edilməsi,
xüsusilə Cənubi Qafqaz regionunda Davamlı İnkişaf
Məqsədlərinin reallaşmasına geniş üfüqlər
açar və humanitar böhran girdabında çabalayan Ermənistanın
da sivil dünya ilə inteqrasiyasına daha münasib şərait
yaradardı. Güclü iqtisadi təməl olmadan, diasporun
maliyyə yardımları hesabına yaşayan dövlət perspektivdən söhbət
aça bilməz. Ermənistanın öz inkişafı naminə
dinc qonşuluq siyasətinə və regional əməkdaşlığa
böyük ehtiyacı vardır. Əksinə, indiki
status-kvonun davam etməsi Ermənistanı böyük regional
layihələrdən kənarda saxlayır, bu ölkənin
getdikcə dərinləşən iqtisadi tənəzzülünü
sürətləndirir və onu davamlı inkişaf
üçün təhlükə mənbəyi olaraq
saxlayır. BMT bu həqiqəti nəzərə almalı və
Cənubi Qafqazın Davamlı İnkişafı naminə
işğalçıların Azərbaycan torpaqlarından
çıxarılması, özünün dörd qətnaməsinin
yerinə yetirilməsi, sülh və təhlükəsizliyin
təmin olunması üçün həlledici
sözünü deməlidir.
Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Azərbaycanın
Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq
üçün yürütdüyü nümunəvi siyasətini
2015-ci ildən sonrakı dövrdə də Davamlı
İnkişaf Məqsədlərinin reallaşmasına verəcəyi
töhfə ilə davam etdirəcəyinə əminliyini bildirmişdir.
BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi
A.Broek çıxışında qeyd etmişdir ki, Azərbaycan
digər 189 üzv dövlətlə birgə 2000-ci ilin
sentyabrında BMT-nin Sammitində 2015-ci ilədək
insanların həyatında müsbət dəyişikliklər
yaratmaq üçün ortaq müstəvi rolunu oynayan səkkiz
məqsəddən ibarət Minilliyin İnkişaf Məqsədlərinin
əhatə olunduğu Minilliyin Bəyannaməsini qəbul
etmişdir.
Hazırda
Azərbaycan 2015-ci ildən sonrakı inkişafla bağlı
məsləhətləşmələrə
başlamış 87 ölkə arasındadır. Bu ölkələr 2015-ci ildən sonrakı
inkişafın gündəliyi üzərində işləyirlər.
Bildirilmişdir
ki, Birləşmiş Millətlər Təşkilatının
Azərbaycandakı ofisi hökumət və digər tərəfdaşlarla
birgə BMT tərəfindən 2015-ci ildən sonrakı
inkişaf gündəliyinə dair aparılan müzakirələrin
bir hissəsi olaraq qlobal inkişaf çərçivəsini
formalaşdırmaq üçün mühüm prioritetləri
müəyyənləşdirmək məqsədilə Milli Məsləhətləşmələrə
başlamışdır. Bu məsləhətləşmələr
2013-cü ilin martında başlamışdır və iyunun
axırınadək davam edəcəkdir. İqtisadiyyatın
şaxələndirilməsi, məşğulluq, gənclər
və qadınların imkanlarının genişləndirilməsi
(xüsusən də kənd yerlərində), əhalinin
artım dinamikası, miqrasiya və insan alveri, ərzaq təhlükəsizliyi,
qidalanma və kənd yerlərinin inkişaf etdirilməsi kimi
müxtəlif məsələləri əhatə edən
milli tərəfdaşlar, milli və beynəlxalq inkişaf tərəfdaşları
və digər maraqlı tərəflərlə müzakirələr
aparılmışdır.
Şübhəsiz
ki, bu məsləhətləşmələr 2015-ci ildən
sonrakı əsas inkişaf məsələləri üzrə
Azərbaycanın regional və qlobal müzakirəyə
töhfəsini müəyyənləşdirməyə
kömək edəcəkdir. Azərbaycan xalqı ilə birgə
biz bütün dünyanın 2015-ci ildən sonrakı
inkişaf perspektivləri ilə bağlı mövqeyini
formalaşdıracağıq və milli kontekstimizdən
çıxış edərək yeni uzunmüddətli
inkişaf prioritetlərini müəyyən edəcəyik.
Qeyd
olunmuşdur ki, Birləşmiş Millətlər Təşkilatı
ölkələri 2015-ci ilədək Minilliyin İnkişaf Məqsədlərinə
nail olmaq üçün növbəti min gün ərzində
qlobal səviyyədə daha sürətli fəaliyyətə
çağırır. Meydana çıxan qlobal inkişaf
problemlərinin qarşısını ala biləcək təkmil
sahələri qurmaqla dünya nə qədər çox
MİM-lərə nail olarsa, o qədər daha güclü
şəkildə 2015-ci ildən
sonrakı İnkişaf Çərçivəsinə dəstək
verə biləcəkdir.
A.Broek
əminliklə vurğulamışdır ki, Bakıda
keçirilən konfrans "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında qeyd olunmuş
milli prioritetlərlə uzlaşan, Azərbaycanın 2015-ci ildən
sonrakı əsas inkişaf məsələlərinə dair
tövsiyələrin hazırlanmasına və qlobal inkişafın problemlərinin
müəyyən edilməsinə töhfə verəcəkdir.
Bununla da, bu müzakirələrin keçirilməsi BMT-nin
iyulun əvvəllərində yekunlaşdırılması
planlaşdırılan məruzəsinin hazırlanmasına
kömək edəcəkdir.
Daha
sonra BMT-nin beynəlxalq məsləhətçisi xanım
Şəhrbanu Tacbahş "Azərbaycanda 2015-ci ildən
sonrakı inkişafla bağlı Milli Məsləhətləşmələr"
mövzusunda təqdimatla
çıxış etmişdir.
Bildirilmişdir
ki, 2000-ci ildə Nyu-Yorkda qəbul edilmiş Minilliyin
İnkişaf Məqsədlərində səkkiz məqsəd müəyyənləşdirilmişdir. Azərbaycanda bu sahədə böyük nailiyyət
əldə edilmişdir. Yoxsulluğun səviyyəsi
2003-cü ildəki 45 faizdən 6 faizə enmişdir.
İqtisadi artım əməkhaqlarının qaldırılması, sosial yardımların tətbiqi Azərbaycana
böyük imkanlar yaratmışdır.
Lakin
hələ görüləcək işlər də
çoxdur. Biz insanların həyatına dəyər verən
layihələr reallaşdırmaqla nailiyyətlər əldə
edə bilərik.
Xanım
Şəhrbanu Tacbahş daha sonra demişdir ki, biz yeni
davamlı inkişaf məqsədlərinə doğru gedirik.
Azərbaycan bu sahədə nailiyyətləri ilə kifayətlənmir,
daim irəliyə can atır. Bu, belə də
olmalıdır. Məlum olduğu kimi, artıq məsləhətləşmələr
prosesi gedir. Azərbaycan bu
prosesə qoşulmuş 87 ölkə arasındadır.
Artıq 40-dan çox ölkədə məsləhətləşmələr
aparılmışdır. Biz bu məsləhətləşmələrlə
bağlı BMT olaraq öz hesabatlarımızı da
hazırlayırıq. Azərbaycanda
cari ilin mart ayında başlamış Milli Məsləhətləşmələrdə
2 mindən çox insan, o cümlədən gənclər, məcburi
köçkünlər iştirak etmişlər. BMT-nin
Baş Məclisində bu məsələnin müzakirə
olunacağı təqdirdə Azərbaycan artıq öz təcrübəsi
əsasında tətbiq etdiyi innovasiyalar haqqında
danışacaq, fikirlərini cəsarətlə
söyləyə biləcəkdir.
Bildirilmişdir
ki, Minilliyin İnkişaf Məqsədləri proqramı Azərbaycan
hökuməti ilə birgə uğurla həyata
keçirilmişdir.
2015-ci
ildən sonrakı inkişaf məsələləri ilə
bağlı tövsiyələrə dair geniş müzakirələr
aparılmışdır.
Ölkəmizin
son illər əldə etdiyi iqtisadi uğurlardan
danışan iqtisadi inkişaf
naziri Şahin Mustafayev bildirmişdir ki, hazırda Azərbaycan
rəqabətqabiliyyətliliyinə görə dünyada
46-cı yerdədir. Azərbaycanda həyata keçirilmiş
sosial-iqtisadi siyasət nəticəsində son 10 ildə
ümumi daxili məhsul 3,4 dəfə, onun adambaşına
düşən həcmi 3 dəfə, sənaye istehsalı
2,8 dəfə, dövlət büdcəsinin gəlirləri
19 dəfə artmışdır. Son 10 ildə ölkədə
yaradılan iş yerlərinin sayı 1 milyon 100 mini keçmişdir. Bu nailiyyətlər
ölkədə yoxsulluq probleminin həlli istiqamətində
təsirli tədbirlərin həyata keçirilməsinə
imkan yaratmışdır.
Müzakirələrdə
çıxış edən təhsil naziri Mikayıl Cabbarov
vurğulamışdır ki, Minilliyin İnkişaf Məqsədlərindən
biri 2015-ci ilədək ümumi
icbari ibtidai təhsilə nail olmaqdır. Ölkədə təhsil
sahəsində aparılan islahatlardan söz açan nazir
demişdir ki, son 10 ildə Azərbaycanda bu istiqamətdə
10-dan çox Dövlət proqramı hazırlanaraq həyata
keçirilmişdir. Ölkədə 2500-dən çox məktəb
istifadəyə verilmişdir. Dövlət büdcəsindən
təhsilə ayrılan xərclər ötən illərlə
müqayisədə dəfələrlə
artmışdır. Əminliklə deyə bilərik ki, Azərbaycan minilliyin təhsillə
bağlı inkişaf məqsədinə nail olmuşdur.
Hazırda bu nailiyyətin qorunub saxlanılması və
inkişaf etdirilməsi təhsil
sistemimiz qarşısında
duran ən vacib məsələdir.
Ailə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova 2015-ci ildən sonra dayanıqlı
inkişaf, gender bərabərliyi, qadınlara səlahiyyətlərin
verilməsi məsələlərindən bəhs etmiş, Azərbaycanın
bu sahədə əldə etdiyi uğurları diqqətə
çatdırmışdır.
Bildirilmişdir
ki, gender bərabərliyi və qadınların
imkanlarının genişləndirilməsi inkişafın
fundamental əsasıdır və 2015-ci ildən sonrakı
qlobal məsləhətləşmələrdə
mühüm yer tutur.
Azərbaycan
Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin
direktoru Fərhad Məmmədov respublikamızın qazandığı sosial-iqtisadi
uğurlardan danışaraq bildirmişdir ki, 2015-ci ildən
sonrakı dövrdə bu uğurların yeni mərhələsi
ötən il dövlətimizin başçısı tərəfindən
təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında əksini
tapmışdır. Azərbaycan Davamlı İnkişaf Məqsədləri
üzrə Milli Məsləhətləşmələrə
qoşulmuşdur. Bu isə bizdə belə bir inam yaradır
ki, Minilliyin İnkişaf Məqsədlərinə
nail olmaq üçün qeyd edilən müddətdən
sonrakı dövrdəki fəaliyyətimiz öz bəhrəsini
verəcəkdir.
Müzakirələrdən
sonra konfrans öz işini başa
çatdırmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 22 iyun.- S.5.