Bakıda Türkdilli
Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin
birinci Forumu keçirilmişdir
İyunun
21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına üzv ölkələrin diaspor təşkilatları
rəhbərlərinin birinci Forumu keçirilmişdir.
AzərTAc
xəbər verir ki, Forumda diaspor nümayəndələri ilə
yanaşı, Azərbaycan, Qazaxıstan,
Qırğızıstan və Türkiyə
respublikalarının dövlət və hökumət
strukturlarının, qeyri-hökumət təşkilatlarının,
elm, mədəniyyət və digər yaradıcı
qurumlarının nümayəndələri iştirak
etmişlər.
Forum
türkdilli dövlətlərin və Azərbaycan diasporunun fəaliyyəti
ilə bağlı filmin təqdimatı ilə
başlamışdır.
Forumu
açan Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının (TDƏŞ) baş katibi Xəlil
Akıncı tədbirin yüksək səviyyədə təşkilinə
görə Azərbaycan hökumətinə minnətdarlığını
bildirmişdir. Qeyd etmişdir ki, sovetlər birliyi
dağıldıqdan sonra türkdilli dövlətlər
arasında əməkdaşlıq güclənməyə
başlamışdır. Bu əlaqələrin genişləndirilməsi,
türkdilli ölkələrin beynəlxalq səviyyədə
tanıdılması, onların problemlərinin həlli istiqamətində
diaspor təşkilatları mühüm rol oynayır.
Azərbaycan
Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Nazim İbrahimov tədbir
iştirakçılarını salamlamış, Forumun
işinə uğurlar arzulamışdır.
Diqqətə
çatdırmışdır ki, türk dünyasının
siyasi coğrafiyası müstəqillik qazanan türkdilli
dövlətlər hesabına genişlənmişdir.
Ümummilli lider Heydər Əliyevin türkdilli dövlətlərin
birliyinə yüksək dəyər verdiyi, Azərbaycan
Prezidenti İlham Əliyevin hazırda bu siyasəti layiqincə
davam etdirdiyi diqqətə
çatdırılmışdır.
N.İbrahimov
bildirmişdir ki, bu gün dünyada türkdilli ölkələrin
diaspor təşkilatlarının milyonlarla üzvü
vardır və türk xalqları arasında birliyin, həmrəyliyin
möhkəmləndirilməsi qarşıya qoyulan əsas vəzifələrdən
biridir.
Türk
dünyasının birliyi ideyasının yüz illərdir
mövcud olduğunu diqqətə çatdıran
N.İbrahimov qeyd etmişdir ki, buna baxmayaraq, həmin ideya XX əsrin
sonlarında geniş yayılmağa başlamışdır.
O, bu gün türk dünyasının ciddi bir reallıq kimi
qəbul edildiyini vurğulamışdır.
Komitə
sədri türkdilli ölkələrin siyasi və mədəni
birliyi istiqamətində indiyədək həyata
keçirilmiş tədbirlər, görülən işlər
barədə də məlumat verərək demişdir: "Bu
gün dünyanın müxtəlif ölkələrində
türkdilli xalqların sayı milyonlarla olan diasporu fəaliyyət
göstərir. Bu, kifayət qədər ciddi qüvvədir və
bizə qüvvələrimizi birləşdirib,
xalqlarımızın maraqları naminə birgə fəaliyyət
göstərmək imkanı verir".
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxumuşdur (Məktubun mətni qəzetin bugünkü nömrəsində dərc olunur).
Forumda, həmçinin Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentlərinin də iştirakçılara təbrik məktubları oxunmuşdur.
Ümumdünya Qazaxlar Assosiasiyasının İdarə Heyəti sədrinin birinci müavini Talqat Mamaşov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətini yüksək qiymətləndirmişdir. T.Mamaşov bütün türk xalqlarını ortaq tarix, mədəniyyət və incəsənətin birləşdirdiyini demişdir. Vurğulamışdır ki, Bakıda keçirilən bu Forum türkdilli dövlətlər arasında əlaqələrin daha da möhkəmlənməsinə imkan yaradacaqdır. T.Mamaşov xaricdə yaşayan türkdilli xalqların nümayəndələrinin öz vətənləri ilə əlaqə yaratmaları baxımından diaspor təşkilatlarının fəaliyyətinin əhəmiyyətini qeyd etmişdir.
Qırğız Respublikasının əmək, miqrasiya və gənclər naziri Alisbek Alımkulov Forumun təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirmişdir. Dünyada yaşayan türkdilli xalqların birliyinin vacibliyini diqqətə çatdıran qırğızıstanlı nazir Bakı Forumunun bu istiqamətdə böyük rol oynayacağına ümidvar olduğunu demişdir. O, vətəndən xaricdə yaşayan soydaşların qarşılaşdıqları problemlərin həll edilməsi, ölkələrimizin beynəlxalq arenadakı nüfuzunun daha da artması baxımından türkdilli dövlətlərin birliyinin əhəmiyyətindən danışmışdır. A.Alımkulov bugünkü gənclərin əcdadlarımızın yolunu uğurla davam etdirmələrini qürurverici fakt kimi qiymətləndirmişdir.
Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqrəba İcmaları Departamentinin sədri Kamal Yurtnaç türkdilli xalqların birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində Forumun mühüm əhəmiyyətli bir tədbir olduğunu demişdir.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətindən danışmışdır. TÜRKSOY-un baş katibi tədbir iştirakçılarına türkdilli ölkələrin diasporlarının təşkilatlanması və onlar arasında daha yaxın münasibətlərin qurulması istiqamətində görülən işlər barədə məlumat vermişdir.
Forumda çıxış edən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Ramil Həsənov xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışmışdır. TürkPA-nın sədri Bakıda keçirilən bu Forumun türkdilli xalqların yaxınlaşması prosesinin sürətlənməsində mühüm rol oynayacağına əminliyini bildirmişdir.
Daha sonra Forumda çıxış edən Türk Akademiyasının prezidenti, Kokşetau Dövlət Universitetinin rektoru, akademik Şakir İbrayev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Türkdilli Xalqların Assambleyasının sədri Mustafa Camgöz, Dünya Azərbaycanlıları Gənclər Birliyinin sədri Ramin Məmmədov və başqaları Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin Bakıda keçirilən birinci Forumunun əhəmiyyətindən danışmış, tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlıqlarını bildirmişlər.
Forumun yekununda Bakı Bəyannaməsi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevə, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevə və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülə müraciət qəbul olunmuşdur.
Bəyannamədə türk xalqları birliyinin möhkəmləndirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanmışdır. Sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatlarının doqquz istiqamətdə fəaliyyətinin koordinasiya olunması tövsiyə edilmişdir. Qeyd edilmişdir ki, Forumun iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanması prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədi ilə regional mərkəzlərin yaradılması, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirlər.
Türkdilli
ölkələrin prezidentlərinə müraciətdə isə
Forum iştirakçıları dövlət
başçılarını əmin edirlər ki,
türkdilli xalqların birliyinin təmin olunması,
maraqlarının qorunması, onların haqq səsinin dünyaya
çatdırılması istiqamətində üzərlərinə
düşən vəzifələrin böyük məsuliyyət
və yüksək peşəkarlıqla yerinə yetirilməsi
üçün qüvvə və bacarıqlarını əsirgəməyəcək,
bu istiqamətdə səylərini daha sıx birləşdirəcəklər.
Azərbaycan.-2013.- 22 iyun.- S.5.