«Azərbaycanda dövlət qulluğunun və
idarəetmə sisteminin
keçmişi, bu günü və perspektivləri» kitabı
çapdan çıxmışdır
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri, Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvü Süleyman İsmayılovun "Azərbaycanda dövlət qulluğunun və idarəetmə sisteminin keçmişi, bu günü və perspektivləri" adlı yeni kitabı çapdan çıxmışdır.
AzərTAc xəbər verir ki, kitaba daxil edilmiş materiallarda Azərbaycanda dövlət qulluğunun tarixindən, ənənələrindən, onun müasir durumundan, bu sahənin təkmilləşdirilməsi və inkişafı üçün görülən tədbirlərdən bəhs edilir. Nəşrdə, həmçinin dövlət qulluqçularının sosial müdafiəsi, onların etik davranış qaydaları, dövlət qulluğunda peşəkarlıq və səriştəlilik barədə mülahizələr şərh edilir.
Kitaba yazılmış "Ön söz"də deyilir: "Azərbaycanda dövlət qulluğu gündən-günə inkişaf edir, təkmilləşir, onun qanunvericilik bazası müasir tələblərə uyğunlaşdırılır, bu sahədə əldə olunan müsbət təcrübə öyrənilərək ümumiləşdirilir, dünyanın aparıcı dövlətlərində dövlət qulluğu sahəsində əldə olunan nailiyyətlərin Azərbaycanda tətbiqinə getdikcə daha çox diqqət ayrılır. Görülən işlər öz səmərəsini verir, dövlət hakimiyyəti orqanları daha səmərəli, daha şəffaf, operativ və çevik fəaliyyət göstərərək cəmiyyətin idarə olunmasına öz layiqli töhfələrini verirlər".
İki bölmədən ibarət olan 216 səhifəlik bu kitab xüsusi dizayn və zövqlə hazırlanmışdır.
"Azərbaycanda dövlət qulluğunun keçmişi və bu günü" adlı birinci bölməyə müəllifin məqalələri daxil edilmişdir. Kitabda onun əvvəlki yazıları ilə yanaşı, ilk dəfə işıq üzü görən yeni araşdırmaları da öz əksini tapmışdır.
Kitabın ikinci bölməsində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun son redaksiyası verilmişdir.
Kitab
dövlət idarəetməsində çalışanlar,
dövlət qulluqçuları, eləcə də cəmiyyətin
digər təbəqələri üçün nəzərdə
tutulmuşdur.
Azərbaycan.-2013.- 22 iyun.- S.7.