Qara dəniz Ticarət və İnkişaf
Bankının Rəhbərlər Şurasının illik toplantısı çərçivəsində
Azərbaycan biznes-forumu keçirilmişdir
İyunun 21-də Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə təşkil olunan Qara dəniz Ticarət və İnkişaf Bankının (QTİB) Rəhbərlər Şurasının 15-ci illik toplantısı çərçivəsində Azərbaycan biznes-forumu keçirilmişdir.
AzərTAc xəbər verir ki, forumda iqtisadi inkişaf üzrə strateji siyasətlə bağlı müzakirələr aparılmış, Azərbaycanın dövlət rəsmiləri tərəfindən dövlətin iqtisadi şaxələndirməyə yanaşma prinsipləri təqdim olunmuşdur. Həmçinin dünyanın aparıcı beynəlxalq maliyyə institutları arasında beynəlxalq təcrübəyə əsaslanan hərtərəfli işlənilib hazırlanmış tövsiyələr barədə fikir mübadiləsi aparılmışdır.
Açılış mərasimində çıxış edən QTİB-in Rəhbərlər Şurasının sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov bu tədbirin ölkəmizin imici üçün əhəmiyyətli olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, Azərbaycan ötən illərdə böyük iqtisadi uğurlar əldə etmişdir. Bu, ölkənin əsas maliyyə mənbəyi olan neft-qaz sektorundan əldə edilən gəlirlərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində iqtisadiyyatın digər sahələrinə düzgün istiqamətləndirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün təbii ehtiyatların düzgün və səmərəli idarə olunması üzrə Azərbaycan nümunə kimi göstərilən ölkələrdən biridir.
Nazir qeyd etmişdir ki, son 10 ildə Azərbaycan
iqtisadi artıma görə dünyada lider ölkələr
sırasında yer almışdır. Eyni zamanda, son 15 il ərzində Azərbaycan
iqtisadiyyatına 100 milyard dollar investisiya
yatırılmışdır. Ölkənin strateji valyuta
ehtiyatları 47 milyard dolları üstələməkdədir.
Qarşıya
qoyulan hədəflər barədə danışan S.Şərifov
bildirmişdir ki, dövlət başçısının fərmanı
ilə təsdiq olunmuş "Azərbaycan-2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyasında qeyri-neft
sektorunun inkişafı, xüsusən nəqliyyat, logistika,
İKT, kənd təsərrüfatı kimi sahələrin
artımı əsas məqsədlər kimi müəyyənləşdirilmişdir.
Diqqətə çatdırılmışdır ki, Azərbaycanın
QTİB-yə üzv ölkələr ilə xarici ticarət
dövriyyəsinin ölkənin ümumi ticarət dövriyyəsinin
22 faizini təşkil edir.
Dünya
iqtisadiyyatında QTİB-nin rolu barədə danışan
nazir quruma üzv ölkələrin Avrozonanın borc
böhranı nəticəsində rastlaşdıqları
maliyyə çətinliklərindən söz
açmışdır. Qeyd olunmuşdur ki, ötən il
sözügedən ölkələrdə iqtisadi artımda əvvəlki
illə müqayisədə 50 faizədək ləngimə
baş vermişdir: "Bu gün QTİB tənəzzül
yaşayan ölkələrdə iqtisadiyyatın dirçəlməsi
üçün əməli tədbirlər həyata
keçirir. Bu, əsasən həmin ölkələrdə
kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində
özünü göstərir. Elə bu tədbir çərçivəsində
4 kredit müqaviləsinin imzalanması gözlənilir", -
deyə S.Şərifov vurğulamışdır.
QTİB-nin
prezidenti Andrey Kondakov qeyd etmişdir ki, bu toplantı Azərbaycanda
görülən işlərin, böyük iqtisadi dirçəlişin
bir daha şahidi olmaq imkanı qazandırır. Tədbirdən
gözləntilər barədə danışan A.Kondakov
demişdir ki, biznes-forumda özəl sektorun inkişafı və
iqtisadi strategiyanın təşkili mövzusunda müzakirələr
aparılacaq, müxtəlif ölkələrin təcrübələrini
bölüşmək üçün imkanlar yaranacaqdır.
Biznes-forumda iş adamları arasında ikitərəfli
görüşlər də keçiriləcəkdir.
İqtisadi
inkişaf nazirinin müavini Sevinc Həsənova bildirmişdir
ki, Azərbaycan son illər ərzində iqtisadiyyatın
qeyri-neft sektorunun inkişafı istiqamətində bir sıra
nailiyyətlər qazanmışdır və bu istiqamətdə
tədbirləri davam etdirir. Azərbaycan digər ölkələrlə
əlaqələr qurur və ixracyönümlü məhsulların
istehsalını artırmaqda davam edir. Ötən 10 il ərzində
ölkədə ixracyönümlü məhsulların
istehsalı 23 faiz artmışdır və növbəti illərdə
daha 20 faiz artım gözlənilir.
Tədbirin
panel müzakirələrində dünya iqtisadiyyatının
müxtəlif inkişaf aspektləri müzakirə
olunmuş, AZPROMO tərəfindən Azərbaycanın biznes və
investisiya mühitinə dair təqdimat keçirilmiş, o
cümlədən Azərbaycanın investisiya imkanları barədə
iş adamlarına məlumat verilmişdir.
Biznes-forum
daha sonra iş adamları arasında ikitərəfli
görüşlərlə davam etmişdir.
Tədbir çərçivəsində QTİB ilə Azərbaycanın 4 maliyyə təsisatı arasında kredit müqaviləsi imzalanmışdır. Həmin müqavilələrə əsasən, QTİB "Unibank"a 5 milyon dollar, "Finca Azərbaycan"a 10 milyon dollar, "TBC Kredit"ə 4 milyon dollar vəsait ayırmışdır. Kreditlər Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcəkdir.
Biznes-forum
çərçivəsində Qara dəniz Ticarət və
İnkişaf Bankının Rəhbərlər
Şurası ilə Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi Fondu
(AZPROMO) arasında Anlaşma Memorandumu imzalanmışdır.
Azərbaycan.-2013.- 22 iyun.- S.7.