Uzunmüddətli inkişafa zəmin yaradan konsepsiya

 

Dinamik inkişaf yolu keçən müstəqil Azərbaycanın son illər regionun ən aparıcı dövlətlərindən birinə çevrilməsi ilk növbədə elmi əsaslar üzərində gerçəkləşdirilən milli iqtisadi inkişaf modelinə əsaslanır. Beynəlxalq maliyyə qurumlarında da maraqla qarşılanaraq ciddi elmi müzakirələrə səbəb olan bu model özünəməxsus cəhətləri ilə əlverişli coğrafi və geoiqtisadi məkanda yerləşən respublikamızı yeni iqtisadi fenomenə çevirmiş, sabit inkişaf yoluna çıxarmışdır.

2003-cü ildən ölkəyə inamla rəhbərik edən İlham Əliyevin elmi təmələ əsaslanan iqtisadi siyasəti respublikanın inkişaf prosesində dinamizmi və məqsədyönlüyü təmin etmiş, qarşıda duran vəzifələrin həllinə real imkanlar açmış, cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunmasına etibarlı zəmin formalaşdırmışdır. Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı təkcə sürətli inkişafla deyil, eyni zamanda yeni keyfiyyət parametrləri ilə də özünü təsdiqləmişdir.

Son illərin makroiqtisadi göstəriciləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının xalqın mənafeyinə adekvat olduğunu təsdiqləyir. 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3, onun adambaşına düşən həcmi 2,7, qeyri-neft sektoru 2,3, əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkə iqtisadiyyatının inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19, strateji valyuta ehtiyatları 29, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9,  6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 44,7 faizdən 6 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Davamlı inkişaf tempinin qorunub saxlanması baxımından qarşıdakı illərdə respublikanın inkişaf hədəflərinin düzgün müəyyənləşdirilməsi son dərəcə aktual məsələyə çevrilmişdir. Azərbaycan Prezidenti İlham Əliyev praqmatik siyasətçi kimi bu mərhələdə də qarşıda duran strateji vəzifələri düzgün qiymətləndirir, xalqın mənafeyi baxımından bir sıra məqsədləri önə çəkir. Dövlət başçısı İlham Əliyevin hələ Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan etdiyi kimi, məqsəd 2020-ci ilədək Azərbaycanda ümumi daxili məhsulun ən azı 2 dəfəyədək artımına nail olmaq, respublikanı inkişaf etmiş ölkələr sırasında görməkdir.

Dövlət başçısı bu məqsədlərin uğurla gerçəkləşdirilməsi üçün kompleks tədbirlər həyata keçirir. Cənab İlham Əliyevin 30 dekabr 2012-ci il tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında göstərildiyi kimi, hazırda Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəfi innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. 2020-ci ilədək olan dövrü əhatə edən konsepsiyanın hazırlanması prosesində Azərbaycanın müvafiq dövlət orqanları, elmi təşkilatları və yüksək ixtisaslı mütəxəssislər iştirak etmişlər.

Şübhəsiz, gələcəyi proqnozlaşdırmadan, inkişafın əsas mərhələlərini, görüləcək işlərin ardıcıllığını müəyyən etmədən uğur qazanmaq mümkün deyil. Bu baxımdan elmin gələcəyə dair tövsiyə, zəmanət verməyə, xüsusən dövlətin inkişaf strategiyası və taktikası üzrə konkret proqramlar, konsepsiyalar təqdim etməyə qadir olması vacib şərtdir. Konsepsiya dedikdə, əsas düşüncə, ali ideya, fəaliyyət istiqaməti nəzərdə tutulur. İnkişaf konsepsiyası davamlı tərəqqi üçün ünvanlı, konkret, məqsədyönlü sənəddir. Azərbaycanda hazırlanan konsepsiyanın əsas məqsədi məhz ölkədə islahatların sürətləndirilməsi əsasında keyfiyyətcə yeni idarəetmə sistemlərinin yaradılması və bununla da iqtisadiyyatın bütün sahələrində köklü dəyişikliklərə nail olmaqdır. Konsepsiya əsasında islahatlara istiqamətlənmiş onlarca konkret məqsədli proqramların hazırlanması nəzərdə tutulur.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının məhz bu kriteriyalar əsasında hazırlanması, inkişafın yeni paradiqmalarının müəyyənləşdirilməsi ilə yanaşı, gələcək barədə reallığa maksimum adekvat proqnozların irəli sürülməsi təqdirəlayiqdir. Ümumilikdə konsepsiya iki əsas istiqamətdə - siyasi və iqtisadi sahədə 2020-ci ilədək həyata keçiriləcək tədbirlərin bəri başdan dolğun şəkildə müəyyənləşdirilməsi məqsədindən irəli gəlmişdir. Sənədə əsasən, siyasi sahədə dövlət müstəqilliyinin daha da gücləndirilməsi; ölkənin ərazi bütövlüyünün təmin olunması və qorunması; demokratiya institutlarının daha da inkişaf etdirilməsi; dövlətin funksiyalarının yerinə yetirilməsinin və vətəndaş cəmiyyəti təsisatlarının rolunun gücləndirilməsi; qanunun aliliyini tam təmin edən mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.

Konsepsiyanın iqtisadi istiqamətlərinə gəlincə, burada, ilk növbədə, qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması; iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi; ölkənin ümumi daxili məhsulunun tərkibində, dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi; iqtisadiyyatda innovasiyaların tətbiqinin təmini üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi; mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmini; iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması tədbirləri nəzərdə tutulur. Ümumilikdə Azərbaycanda təhsilin, səhiyyənin, humanitar sahələrin inkişafına xüsusi diqqət yetirilməsi, insan amilinin yüksək inkişaf səviyyəsinə çatdırılmasına nail olunması, xalqın bilik və bacarıqlarının səmərəli tətbiqi mexanizmlərinin qurulması, qloballaşmanın üstünlüklərindən yararlanan önləyici inkişaf modelinə keçidin təmin edilməsi əsas istiqamətlərdəndir.

2020-ci ilədək adambaşına düşən ÜDM-in 13.000 dollara çatdırılması, başqa sözlə, iki dəfəyədək artımı, həmin artımın da əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilməsi nəzərdə tutulur. Bu məqsədin reallaşdırılması, habelə regional inkişaf tədbirlərinin davamı olaraq 2014-2023-cü illəri əhatə edən yeni dövlət proqramı hazırlanır. Sənəddə əsasən kənd təsərrüfatının, o cümlədən qeyri-neft-qaz sektorunun inkişafının stimullaşdırılması ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulur. Bundan başqa, ümumi daxili məhsulun 2 dəfəyədək artımına nail olmaq məqsədilə turizmin və informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən sənayenin innovasiyayönümlü sahələrinin inkişafının diqqət mərkəzində olacağı gözlənilir.

Qeyri-neft sektorunun son illərdəki dinamik inkişaf tempi özünü ilk növbədə vergi daxilolmalarının həcmində və ümumi daxili məhsulun artım səviyyəsində təcəssüm etdirir. Respublikamızda son 10 il ərzində ÜDM-in səviyyəsi 7 milyard 146,5 milyon manatdan 53 milyard 995 milyon manata çatmışdır. Buna müvafiq olaraq büdcə daxilolmaları son 10 ildə 1 milyard 225,5 milyon  manatdan 17 milyard 281,6 milyon manata, vergi daxilolmaları isə 823,4 milyon manatdan 6 milyard 25,5 milyon manatadək artmışdır.

Azərbaycanın iqtisadi inkişafının əsas meyilləri neft sektorundan əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün investisiya istiqamətində yönəldilməsi və qeyri-neft sektorunun çoxşaxəli formada inkişaf etdirilməsidir. 2007-ci ildə qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 37,3 faiz olduğu halda, 2012-ci ildə bu göstərici 52,7 faiz olmuşdur.

Qeyri-neft sektorunda ÜDM və vergi daxilolmalarına nəzər yetirsək görərik  ki, hər iki göstəricinin artımında yüksək dinamiklik müşahidə edilir. Qeyri-neft sektoru üzrə ÜDM 2003-cü ildə 4 milyard 447,6 milyon manat olduğu halda, 2012-ci ildə bu göstərici 28 milyard 474,9 milyon manata çatmışdır. Qeyri-neft sektoru üzrə vergi daxilolmaları isə 2003-cü ildə 443,7 milyon manatdan 2012-ci ildə 3 milyard 286,6 milyon manatadək yüksəlmişdir. Həmçinin ÜDM-də qeyri-neft sektoru üzrə vergi daxilolmalarının xüsusi çəkisi 2003-cü ildəki 10 faizdən 2012-ci ildə 11,5 faizə yüksəlmişdir.

Qeyri-dövlət sektoru üzrə ÜDM isə 2003-cü ildəki 5 milyard 238,4 milyon manatdan 2012-ci ildə 41 milyard 300,1 milyon manata yüksəlmişdir. Qeyri-dövlət sektorunda vergitutma bazasının genişləndirilməsi nəticəsində bu sektordan vergi daxilolmaları son 10 ildə 12,5 dəfə artmış, 2003-cü ildəki 346,4 milyon manatdan 2012-ci ildə 4 milyard 330,2 milyon manata çatmışdır. Qeyri-dövlət sektorunda vergi daxilolmalarının ümumi vergi daxilolmalarındakı xüsusi çəkisi isə son 10 ildə 42,1 faizdən 71,9 faizə yüksəlmişdir.

Qeyri-neft sektoru üzrə ÜDM-in artım faizi ilə vergi daxilolmalarının artım faizi göstəriciləri əsasında 2011-2012-ci illər üzrə elastiklik əmsalının 1-dən yüksək olması vergi daxilolmalarının artımının daha çevik olduğunu göstərir. Belə ki, qeyri-neft sektoru üzrə ÜDM-in artımı 2011-ci ildə 9,4, 2012-ci ildə 9,7 faiz olduğu halda, qeyri-neft vergi daxilolmalarının həcmi 2011-ci ildə 21,9, 2012-ci ildə 14,5 faiz təşkil etmişdir. Bu da müvafiq olaraq elastiklik əmsalının 2011-ci ildə 2,3 və 2012-ci ildə 1,5 olması deməkdir. Başqa sözlə, qeyri-neft sektorunda vergi daxilolmalarının artım sürəti qeyri-neft sektorunda ÜDM-in real artımını 2011-ci ildə 2,3, 2012-ci ildə 1,5 dəfə qabaqlamışdır.

Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının qeyri-neft sektoru üzrə büdcə gəlirlərində xüsusi çəkisi bu sektorun əsas göstəricilərindən biridir. Dövlət büdcəsi gəlirlərindən neft gəlirlərinin transferləri və neft sektorunun vergi daxilolmaları çıxıldıqdan sonra bu göstərici 2012-ci 70,9 faiz təşkil etmişdir. Halbuki 2003-cü ildə həmin rəqəm 52,5 faiz idi.

Son 10 ildə mənfəət vergisinin dərəcəsi 25 faizdən 24 faizə, 2010-cu ildən isə 20 faizə endirilmişdir. Burada məqsəd müəssisələrin mənfəətinin daha çox hissəsinin onların sərəncamında saxlanılması ilə müəssisələrin investisiya imkanlarını artırmaqdır. Qeyri-neft sektorunda mənfəət vergisi üzrə daxilolmalar 2003-cü ildəki 119,4 milyon manatdan 2012-ci ildə 677,4 milyon manata qədər yüksəlmişdir.

Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclasında səslənən fikirlər də bir daha göstərdi ki, hökumətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin prioritetə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlılığı təmin etmək məqsədindən irəli gəlir. Hesabat dövründə tarazlı və davamlı regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrasrukturun müasirləşdirilməsinə, sahibkarlıq mühitinin liberallaşdırılmasına, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, güclü insan kapitalının formalaşdırılmasına xidmət edən tədbirlər hökumətin diqqət mərkəzində olmuşdur.

Hesabat dövrünün sosial-iqtisadi göstəricilərindən söz açan Prezident İlham Əliyev ümumi daxili məhsulun 3,1, iqtisadiyyatın qeyri-neft sektorunda 11,4 faiz artımın olduğunu diqqətə çatdırmaqla, bunu son illərin ən yaxşı göstəricisi kimi dəyərləndirmişdir: "2013-cü ilin birinci rübündə iqtisadi inkişaf özünü bir daha göstərdi. Xüsusilə qeyri-neft sektorundakı inkişaf məni çox sevindirir. Bu ilin birinci rübündə ümumi daxili məhsul 3,1 faiz artmışdır. Hesab edirəm ki, bu, çox yaxşı göstəricidir. Biz bu artımı qeyri-neft sektorunun hesabına əldə etmişik. Bu ilin birinci rübündə qeyri-neft sektorunun inkişafı 11,4 faiz olmuşdur".

Neft-qaz gəlirlərindən asılılığın ilbəil azaldılması məqsədilə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər son 2 ildə qeyri-neft sektorunun ümumi daxili məhsuldakı xüsusi çəkisinin artmasına səbəb olmuşdur. Rəqabətədavamlı istehsal və emal müəssisələrinin yaradılması, yerli istehsalın stimullaşdırılması, sahibkarlara güzəştli maliyyə yardımı mexanizmlərinin gücləndirilməsi, habelə sənaye potensialının möhkəmləndirilməsi tədbirləri inkişaf dinamikasını qeyri-neft sektorunun xeyrinə dəyişmişdir. Bu sahədə inkişaf tempinin neft-qaz sənayesini əhəmiyyətli dərəcədə üstələməsi bir sıra beynəlxalq təşkilatlar və maliyyə qurumları tərəfindən də müsbət dəyərləndirilir. Asiya İnkişaf Bankının "Asiyanın inkişafına nəzər - 2013" adlı nəşrində yer almış iqtisadi icmal bu baxımdan xüsusi maraq doğurur. Bankın ekspertlərinin fikrincə, Azərbaycanda 2011-ci ildə müşahidə olunan durğunluqla müqayisədə 2012-ci ildə iqtisadiyyatın 2,2 faiz artımı ölkədə qeyri-neft sektorunun inkişafının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir: "2012-ci ildə neft sektoru azalsa da, digər sahələr sürətlə inkişaf etmişdir. Neft ixracı tədiyə balansında cari hesabın daralmasına səbəb olmuş, lakin əsasən neft və qaz sektoruna qoyulan birbaşa xarici investisiyalar artmışdır".

Nəşrdə qeyd olunur ki, Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər və davamlı dövlət investisiyaları, eləcə də 2014-cü ildə nəzərdə tutulan neft hasilatı 2013-cü ildə 3,1, 2014-cü ildə isə 4,8 faiz iqtisadi artıma səbəb olacaq: "Qeyri-neft sektorunda inkişafı təşviq etmək və neft gəlirlərindən asılılığın azaldılması kimi hədəflər uzunmüddətli inkişafa əsas yaradır. 2013-cü  və sonrakı illərdə inkişafın aparıcı qüvvəsinin qeyri-neft sektoru olacağı gözlənilir".

Asiya İnkişaf Bankının ekspertləri hesab edirlər ki, planlaşdırılan büdcə xərcləri dövlət investisiyalarını dəstəkləyəcək, habelə banklarda kapitalın artırılması ilə bağlı Mərkəzi Bankın qərarı potensial olaraq özəl sektorun kreditləşməsinin artmasına təkan verəcəkdir. Eləcə də icra edilməkdə olan regional inkişaf layihələri və özəl təşəbbüslər tikinti, kənd təsərrüfatı və xidmət sektorlarında illik artıma müsbət təsir göstərəcəkdir. Qeyri-neft sektoru hesabına 2013-cü ildə ÜDM artımının 5,3 faiz təşkil edəcəyi gözlənilir. Bu il ÜDM istehsalı 71 milyard dollar səviyyəsində proqnozlaşdırılır ki, bu da 2009-cu ilin göstəricisindən 29 milyard dollar çoxdur. Bu artımın 55 faizinin məhz qeyri-neft sektorunun hesabına təmin edilməsi qarşıya məqsəd qoyulmuşdur.

2013-cü ilin ilk rübündə qeyri-neft sektoru üzrə vergi daxilolmalarının həcminin əsaslı şəkildə yüksəlməsi də müsbət gözləntilərə əsas yaradır. Bu mərhələnin əsas fərqləndirici xüsusiyyəti də məhz iqtisadiyyatın şaxələndirilməsi tədbirlərinin sürətləndirilməsi olmuşdur. Əgər əvvəlki illərdə iqtisadi yüksəliş əsasən mədənçıxarma sənayesi hesabına əldə edilirdisə, hazırda bu, qeyri-neft sektorunun inkişafı sayəsində baş verir. Qeyri-neft sənayesindəki yüksək artım yeni müəssisələrin yaradılmasına, mövcud olanların fəaliyyət dairəsinin genişləndirilməsinə əsaslanan davamlı sənayeləşmə prosesinin əyani göstəricisidir.

Ümumilikdə infrastrukturun müasirləşdirilməsi, iş adamlarına istehsalyönümlü müəssisələrin açılması üçün güzəştli kreditlərin verilməsi, investisiya qoyuluşlarına maneçilik yaradan bürokratik amillərin aradan qaldırılması, elektron xidmətlərin həcminin genişləndirilməsi tədbirləri qeyri-neft sektorunun yüksəlişinə təkan verən müsbət amillər sırasında xüsusi vurğulana bilər. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər səmərəliliyi ilə diqqəti çəkir. Sahibkarlığa Kömək Milli Fondu sahibkarların dövlətin maliyyə imkanlarından əlverişli şərtlərlə bəhrələnməsinin, xüsusilə qeyri-neft sektorunda investisiya layihələrinin reallaşdırılması məqsədilə uzunmüddətli kreditlər almasının səmərəli modelinə çevrilmişdir. Bu ilin yanvar-may aylarında fondun xəttilə sahibkarlara 160 milyon manat güzəştli kreditlər verilmişdir.

Davamlı və tarazlı inkişafda sənayenin lokomotiv rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyevin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında bu sahənin müasirləşdirilməsi tədbirləri dolğun əksini tapmışdır. Konsepsiyada 2020-ci ilədək respublikanın bu sahədə tarixi ənənələri olan iri şəhər və rayonlarında yeni sənaye istehsalı müəssisələrinin yaradılması və həmin müəssisələrdə innovasiyayönümlü texnologiyaların tətbiqinin stimullaşdırılması, ixtisaslaşmış və ümumi təyinatlı sənaye şəhərciklərinin yaradılması qarşıya məqsəd qoyulmuşdur. Konsepsiyanın əhatə etdiyi dövrdə xüsusi iqtisadi zonaların yaradılması və iqtisadi potensial nəzərə alınmaqla Sumqayıtda neft-kimya, Balaxanıda məişət tullantılarının emalı, Gəncədə metal (alüminium) məmulatların istehsalı üzrə sənaye şəhərciklərinin qurulması nəzərdə tutulmuşdur. Qeyri-neft sənayesinin ənənəvi istehsal sahələrinin - kimya, metallurgiya, maşınqayırma, elektrotexnika, elektronika, yüngül sənaye, yeyinti və aqroemal sənayesinin və s. inkişafı və ixrac imkanlarının artırılması ilə yanaşı, rəqabətqabiliyyətli yeni istehsal sahələrinin yaradılması da dəstəklənir.

Ümumilikdə yeni sənaye sahələrinin yaradılmasına göstərilən diqqətin nəticəsi olaraq son 10 ildə qeyri-neft sənayesində əlavə dəyər istehsalı 1,8 dəfə artmışdır. Ötən dövrdə ölkədə metallurgiya sənayesi 2,2, metal məmulatlarının istehsalı 4, maşın və avadanlığın istehsalı 2,4, rezin və plastmas məmulatlar istehsalı 3,1, tikinti materialları istehsalı 2,1 dəfə çoxalmışdır. Respublikanın qara, əlvan və nadir metal filizləri ilə zəngin olması metallurgiyanın, hazır metal məmulatlarının, maşınqayırma və digər əlaqəli sahələrin inkişafına imkan verir. Yaxın 3 ildə Gəncə şəhərində dəmirin birbaşa reduksiyası, poladəritmə və pellet zavodlarından ibarət metallurgiya kompleksinin inşası nəzərdə tutulur. 3.800 nəfərin çalışacağı bu müəssisənin işə salınması ölkədə metallurgiya sahəsinin inkişafına yeni təkan verəcəkdir. Bundan əlavə, həmin regionda əlvan və qiymətli metallardan - qızıl, gümüş və mis hasilatı ilə məşğul olan daha bir müəssisənin işə salınması gözlənilir. Hazırda müxtəlif təyinatlı sənaye parklarının yaradılması ilə bağlı layihələr üzərində iş gedir.

Bütün bu tədbirlərin başlıca məqsədi, şübhəsiz, ölkənin ümumi daxili məhsulunun strukturunda, büdcə gəlirlərinin formalaşmasında və vergi daxilolmalarında təbii ehtiyatlar amilinin xüsusi çəkisinin qeyri-neft sənayesinin inkişafı hesabına azaldılmasıdır. Həyata keçirilən tədbirlər artıq müsbət nəticələrin əldə olunmasına imkan yaradır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2013-cü ilin yanvar-aprel aylarında 11,3 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 74,2 faizi mədənçıxarma, 19,3 faizi emal bölməsində, 6 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Sənayenin neft-qaz sektorunda 1,5 faiz azalma olduğu halda, qeyri-neft sektorunda məhsul istehsalı 2,8 faiz artmışdır.

Dövlət başçısı İlham Əliyevin 2011-ci il 21 dekabr tarixli sərəncamı ilə Sumqayıt şəhərinin sənaye zonasında Kimya Sənaye Parkının yaradılması ölkənin qeyri-neft sənayesinin inkişaf etdirilməsi baxımından ən ciddi layihələrdən biridir. Yeni müəssisənin inşası nəticə etibarilə ilə müasir texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulları istehsalına, əhalinin yeni iş yerləri ilə təmin edilməsinə imkan yaradır. Magistral və dəmiryol xətlərinin Sumqayıt Kimya Sənaye Parkına yaxın olması, şəhərcikdə yerləşəcək emal müəssisələrinin müasir və dünya standartlarına cavab verən texnoloji avadanlıqlarla, xammal və yarımfabrikat məhsullarla təmin edilməsi, son məhsulun Azərbaycanda istehsalı ölkə iqtisadiyyatının inkişafı üçün yeni və əlverişli perspektivlər açır.

Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı isə informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir. Sənayeləşmə siyasətinin davamı olaraq hökumət cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə başlamış, işə cəlb olunan şirkətləri 7 il müddətinə əsas vergilərdən azad etmişdir.

Qarşıdakı illərdə informasiya-kommunikasiya texnologiyalarının da inkişafı əsas hədəflərdən biri elan edilmişdir. Bir neçə gün əvvəl dünyanın nüfuzlu şirkətlərinin, elm xadimlərinin, ekspertlərinin iştirakı ilə təşkil olunmuş "Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neftsonrası iqtisadiyyatı" mövzusunda "Gələcəyə baxış" Bakı  Forumu respublikamızın rabitə və informasiya sahəsində ciddi potensiala malik olduğunu bir daha təsdiqləmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş tədbirlər çərçivəsində keçirilmiş forumda İKT-nin dünyada müasir inkişaf tendensiyaları, davamlı tərəqqi prosesindəki rolu və digər aktual məsələlər ətrafında səmərəli müzakirələr aparılmışdır.

Forumun yekunları bir daha göstərdi ki, XXI əsrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında ən prioritet sahələrdən biridir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin Cənubi Qafqaz bölgəsində bu sahədə liderlik etməsi kifayət qədər real zəminə əsaslanır. Azərbaycan neftdən əldə olunan gəlirləri qeyri-neft sektoruna, o cümlədən nanotexnologiyaların, informasiya-kommunikasiya infrastrukturunun inkişafına yönəltməyi qarşıda ciddi hədəflərdən biri kimi müəyyənləşdirmişdir.

İKT-nin inkişafı təkcə sosial-iqtisadi tərəqqinin sürətləndirilməsinə töhfələr vermir, eyni zamanda demokratikləşmə, insan hüquqlarının qorunması, vətəndaşların sosial müdafiəsi, sürətlə qloballaşan dünyaya inteqrasiya kimi digər mühüm sferaları əhatə edir. Zəngin enerji resurslarına, bir neçə onilliyə kifayət edəcək karbohidrogen yataqlarına malik olmasına rəğmən, Azərbaycanın ən yeni tarixi informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəriciləri ilə əlamətdardır. Qeyd edilən sahə üzrə artım dinamikası aydın göstərir ki, ölkəmizin yaxın bir neçə il ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən əldə etdiyi gəlirlərin miqyası neftdən qazanılan mənfəətə bərabər olacaqdır.

Respublikamız neft ehtiyatlarına görə dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkə olsa da, hazırda həyata keçirilən siyasətin məqsədi neftdənsonrakı inkişafın təməlini yaratmaqdır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında göstərildiyi kimi, qarşıdakı illərdə əsas hədəf qeyri-neft sektorunu iki, İKT sektorunu dördqat böyütməkdir. Hökumət hesab edir ki, 2020-ci ilədək ümumi daxili məhsulun artımını təmin edəcək ən prioritet sahə məhz informasiya-kommunikasiya texnologiyaları sektoru olacaqdır. "Gələcəyə baxış" Bakı Forumunda bildirildiyi kimi, hazırda Azərbaycanın İKT-dən illik gəliri 2 milyard manat təşkil edir və 2020-ci ildə bu məbləğin 9 milyard manata qaldırılması planlaşdırılır. Əsas məqsəd neftdənsonrakı inkişafın təməlini qoymaq, gələcək inkişafı təmin edəcək neftsiz iqtisadiyyatı irəliyə aparmaqdır. Bununla yanaşı, yaxın 8-10 ildə nanotexnologiyaların inkişafı da respublikamız üçün mühüm məqsədlərdən biri olaraq qalacaqdır.

Hazırda bu məqsədlərin reallaşdırılması baxımından əsas məqsəd Azərbaycanda yeni dövrün tələblərinə cavab verən müasir informasiya infrastrukturunun, habelə informasiya və kommunikasiya məhsulları sektorunun yaradılmasıdır. Ölkə rəhbərinin 2012-ci il 15 mart tarixli "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında" sərəncamı informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin stimullaşdırılmasına, bu sahədə innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə xidmət edir. İnformasiya texnologiyaları sahəsində istehsalyönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan verilməsi məqsədilə yaradılmış fond İKT sahəsində azad rəqabət mühitinin gücləndirilməsi, əmək resurslarının, habelə texnoloji parkların və insan resurslarının inkişafı istiqamətindəki layihələri maliyyələşdirir.

Azərbaycanın bu sahədəki uğurları müxtəlif beynəlxalq təşkilatların hesabatlarında da dolğun əksini tapır. Ümumdünya İqtisadi Forumunun (ÜİF) informasiya texnologiyalarının inkişafına dair 2012-ci il üzrə hesabatında (Global Information Technology Report 2012) dünyanın 142 ölkəsinin şəbəkə hazırlığı indeksi əksini tapmışdır. Azərbaycan həmin reytinq cədvəlində 3,9 balla 61-ci yerdə qərarlaşaraq, ötənilki mövqeyini 9 pillə yaxşılaşdırmışdır. İnternetdən İstifadə Üzrə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats - IWS) açıqladığı 2011-2012-ci illər üzrə hesabatında göstərilir ki, Azərbaycanda internetdən istifadə edənlərin sayı ümumi əhalinin 65 faizi səviyyəsindədir. Azərbaycan bu göstərici üzrə də region ölkələri arasında lider mövqeyə sahibdir. Hesabatda bildirilir ki, internetdən istifadə edənlərin sayı Rusiyada ümumi əhalinin 43, Qırğızıstanda 39,3, Qazaxıstanda 34,1, Ukraynada 33,9, Moldovada 30,9, Gürcüstanda 28,3,  Özbəkistanda 26,8, Türkmənistanda cəmi 1,6 faiz olmuşdur. Azərbaycanın göstəricisi Latın Amerikası və Karib bölgəsi, həmçinin Yaxın Şərq, Asiya və Afrika ölkələrindəki orta göstəricidən yüksəkdir.

"Gələcəyə baxış" Bakı Forumu bir daha göstərmişdir ki, ölkədə İKT-nin inkişafında başlıca məqsədlərdən biri neft gəlirlərini iqtisadiyyatın qeyri-neft sektoruna yönəltmək, tarazlı və davamlı inkişafı stimullaşdırmaq, "Holland sindromu"na yol verməməkdir. Strateji məqsəd, eyni zamanda, "Əsrin müqaviləsi" nümunəsində neftin gətirdiyi uğur estafetini davam etdirərək yüksək texnologiyalar üzrə xüsusi iqtisadi zona (texnopark) ideyasını reallaşdırmaq, Azərbaycanı informasiya texnologiyalarının istehsalı və ixracı üzrə regional mərkəzə çevirmək, xüsusi texnoloji tutumlu, elmi-texniki məhsulların və proqram məhsullarının hazırlanması, istehsalı üzrə regional bazar yaratmaq, həmçinin istehsal edilmiş məhsulları digər ölkələrə ixrac etməkdir.  Üç əsas şərt - regionda İKT-nin inkişafına diqqətin artırılması, uğurlu neft siyasəti sayəsində Azərbaycanın iqtisadi nüfuzunun artması və elmtutumlu məhsulların böyük nəqliyyat xərci tələb etməməsi okeana birbaşa çıxışı olmayan Azərbaycanda bu prioritet sahənin inkişafına əsas verir. Digər tərəfdən, Azərbaycanın əlverişli coğrafi mövqeyi və ölkə ərazisindən keçən Trans-Asiya-Avropa fiber-optik kabel magistralı region ölkələrinə informasiya xidməti göstərəcək infrastrukturun yaradılması ideyasını reallığa çevirmək imkanı verir.

Ümumilikdə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası cəmiyyətin bütün sahələri üzrə dinamik inkişafın təmin edilməsinin strateji hədəflərini  özündə ehtiva edir. İnanırıq ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində konsepsiya ilə qarşıya qoyulmuş məqsədlər reallığa çevriləcək, Azərbaycan qarşıdakı illərdə inkişaf etmiş ölkələrlə eyni cərgədə dayanmaq imkanı qazanacaqdır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 22 iyun.- S.8.