Üç əsrin
tarixi
Azərbaycan
teatrı-140
Bu il Azərbaycan
teatrının 140 yaşı tamam olur. 140 il ərzində
milli teatrımız müxtəlif siyasi-ictimai, mədəni
hadisələrdən keçib. İtkiləri də olub,
qazandıqları da. Amma bu gün Azərbaycan teatrı
müstəqillik dövrünün gözəl nemətlərini
dadır və özünün fəaliyyətində
artıq milli teatr sənətini ölkənin
hüdudlarından kənara çıxarır. Milli
teatrımız nailiyyətlərini təbii olaraq öz
demokratik yaradıcılıq təbiətinə uyğun tərzdə
dünyaya bəyan edir. Bu çox mühüm məsələdir.
İllər öncə biz bunları ancaq arzulaya bilərdik.
Bütövlükdə Azərbaycan teatrı həmişə
cəmiyyətin fəal cinahlarından olub. Bugünün
özündə də ölkəmizin teatr sahəsində
çalışan insanları Azərbaycan dövlətçiliyinin
möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun
artmasına və bütövlükdə bir xalq olaraq yeni
inkişaf mövqelərinə çıxmasına
çalışır.
Bu gün
140 illiyini qeyd etdiyimiz Azərbaycan teatrının tarixi
çox qədim zamanlardan başlayır. Araşdırmalara
görə, teatr sənətinin rüşeymləri olan
rituallar, mərasimlər, xalq oyun-tamaşaları, şəbih
mərasimlərinin yaşı illərlə yox, əsrlərlə,
qərinələrlə ölçülür.
Amma Azərbaycanda
institusional teatrın yaranma tarixi, bir qayda olaraq, 1873-cü ilin mart ayının
10-dan - realnı məktəbin tələbələrinin
ifasında göstərilən M.F.Axundzadənin təxminən
iyirmi il əvvəl yazdığı eyniadlı komediyası əsasında
hazırlanmış "Sərgüzəşti-vəziri-xani-Lənkəran"
tamaşasından hesablanır. Azərbaycan teatrı rus səhnə
mədəniyyəti vasitəsilə Avropa teatr modelini mənimsəyib
və yerli şəraitə uyğunlaşdırıb. Daha dəqiq
desək, Azərbaycanda teatr sənəti Avropa teatrının
nailiyyətləri ilə milli mədəniyyət
düşüncəsinin qovşağında yerləşir.
Azərbaycan
teatrına xas olan özəlliklərdən biri ondan ibarətdir
ki, ilk baxışda qəribə səslənsə də, Azərbaycanda
dramaturgiya da, tənqid də peşəkar teatrdan daha əvvəl
yaranmışdır. Belə ki, teatr tənqidinin
yaranmasından danışarkən, adətən, M.F.Axundzadənin
"Mirzə Ağanın pyesləri haqqında kritika"
adlı məqaləsi xatırlanır. Milli
dramaturgiyamızın təməli isə M.F.Axundzadənin
1850-1855-ci illərdə yazdığı 6 komediya ilə
qoyulub.
Təbii
ki, həmin dövrdə fəaliyyət göstərən
teatrı, sözün əsl mənasında, peşəkar
adlandırmaq düzgün olmazdı. Həmin dövrdə
yenicə yaranan teatr ilk kövrək addımlarını
atır, daha çox həvəskar aktyorların xidmətindən
yararlana bilirdi. Amma zaman keçdikcə milli teatr sənətimizdə
peşəkarlıq səviyyəsi yüksəlir, teatr
vüsəti daha geniş ərazini əhatə edirdi.
Azərbaycanda
əvvəlcə dramaturgiyanın, bir müddət sonra isə
teatrın yaranması milli mədəniyyət
üçün mühüm tarixi hadisə olmaqla bərabər,
Yaxın Şərqdə, bəlkə də daha geniş -
müsəlman Şərqində qüvvətli bir əks-səda
doğurmuşdur. Tarixi faktlara əsaslanıb demək olar ki,
Azərbaycandan əvvəl nə Türkiyədə, nə
İranda, nə də bir sıra ərəb ölkələrində
pofessional dünyəvi teatr olmuşdur. 1873-cü ildə Bakıda göstərilən
ilk milli tamaşa yalnız Azərbaycanda deyil, həmçinin
Qafqazda yaşayan bütün azərbaycanlılar arasında,
böyük ruh yüksəkliyi yaratmış, teatr hərəkatının
yayılmasına səbəb olmuşdur. Sonralar Ermənistanda,
Gürcüstanda Azərbaycan teatrları yaranmağa
başlamış və geniş fəaliyyət göstərmişdir.
Ayrı-ayrı illərdə bu proses daha geniş miqyas
almış, azərbaycanlı əhalinin
yaşadığı Orta Asiya ölkələrində,
xüsusən Türkmənistanda Azərbaycan teatr
truppaları yaranmışdır. Azərbaycandan kənardakı
teatr truppalarının ifasında milli dramaturgiya nümunələri
də tamaşaya qoyulur və əhali tərəfindən
sevilirdi. Bundan başqa, Rusiyanın və İranın fars əhalisi
yaşayan bir çox şəhərərində, hətta kəndlərində
də Azərbaycan dilində tamaşalar verilmiş, təkcə
"Nadir şah" tamaşası ölkəmizdən kənarda
34 şəhərdə Azərbaycan dilində
oynanmışdır.
XX əsrin
əvvəllərində Azərbaycan
teatrında institusioanallaşma meyli daha da gücləndi və
peşəkarlıq səviyyəsi xeyli yüksəldi. Bu dövrdə "Müsəlman
Dram Artistləri Şirkəti", "Nicat", "Səfa",
"İttifaq" kimi cəmiyyətlər yarandı və
teatr prosesinin hərəkətverici qüvvəsinə
çevrildi. Azərbaycan teatrının təsisatlanma meyilləri
1919-cu ildə Dövlət Teatrının (indiki Akademik Milli
Dram Teatrı) yaranması ilə nəticələndi. O vaxtdan
bu günə qədər teatrın adı, strukturu dəfələrlə
dəyişikliklərə məruz qalmışdır. Dəyişməyən
və önəmli olan teatrın cəmiyyət həyatında
mühüm rol oynamasıdır. Dövrün siyasi-ictimai,
sosial-mədəni hadisələrinin ab-havası teatr sənətinin
mahiyyətinə, mövqeyinə və fəaliyyət
yönünə müəyyən təsir göstərmişdir.
Yuxarıda
qeyd etdik ki, Azərbaycanda dramaturgiya teatr sənətindən əvvəl
yaranıb. M.F.Axundzadənin komediyaları ilə təməli
qoyulan milli dramaturgiyamız həmişə teatr sənətini
təmənnasız olaraq qidalandırmışdır.
M.F.Axundzadə,
H.Cavid, Ə.B.Haqverdiyev, N.Nərimanov, C.Cabbarlı və
başqa dramaturqların əsərləri uzun illər
teatrlarımızın repertuarını bəzəyib.
Sonralar onlardan estafeti qəbul edən Mirzə İbrahimov,
Mehdi Hüseyn, Səməd Vurğun, Süleyman Rüstəm,
İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı,
Sabit Rəhman, Cabbar Məcnunbəyov, İmran Qasımov kimi
dramaturqlarımız da milli teatra böyük ədəbi
töhfələr bəxş etmişlər.
Azərbaycan
teatrının Cəfər Cabbarlıdan, Hüseyn Caviddən,
Əbdürrəhim bəy Haqverdiyevdən sonrakı dövrdə
müşahidə edilən dramaturji qıtlıq vəziyyətindən
çıxış yolu kimi teatrın rəhbəri Adil
İsgəndərovun yazıçılara müraciəti sayəsində
dövrün görkəmli şair və nasirlərinin səyi
ilə teatrda repertuar bolluğunun yaranması teatr tariximizin əlamətdar
hadisəsidir.
XX əsr
Azərbaycan dramaturgiyasından danışarkən İlyas Əfəndiyevin
adını xüsusi vurğulamaq lazımdır.
Çünki Azərbaycan teatrının inkişafına, ona
yeni nəfəs, yeni mövzu, problematika, ifadə vasitələri,
fərqli üslub gətirməklə
teatrın repertuar zənginliyini təmin edən məhz İ.Əfəndiyev
olmuşdur.
Bu gün
Elçin, Afaq Məsud, Kamal Abdulla, Əli Əmirli kimi
yazarlarımız teatr-dramaturq əməkdaşlığı
ənənələrini uğurla davam və inkişaf etdirir,
teatrlarımızın repertuarının zənginləşməsi
işinə dəyərli töhfələr verirlər.
Azərbaycan
teatrı daha çox aktyor teatrı kimi məşhur
olmuşdur. Yarandığı gündən ötən əsrin
ortalarına qədər milli teatrımızda rejissor
aparıcı simaya çevrilə bilməmiş, bir qədər
qəribə səslənsə də, deməliyik ki, daha
çox təşkilatçı qismində
çıxış etmişdir. Aktyor sənəti isə həvəskarlıqdan
yüksək peşəkarlığa qədər yüksəliş
yolu keçmiş, fitri istedada, yüksək
ifaçılıq texnikasına, gözəl səhnə
görkəminə, mahir səhnə
danışığına malik aktyor şəxsiyyəti
milli teatrın "döyünən ürəyi"
olmuşdur. Yarandığı gündən etibarən
teatrımızın aparıcı qüvvəsi olan aktyorlar -
Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Mir Mahmud
Kazımovski, Hüseynqulu Sarabski, Əbülfət Vəli,
Hacağa Abbasov, Səməd Mənsur, Abbas Mirzə Şərifzadə,
Mirzağa Əliyev, Sidqi Ruhulla, Ülvi Rəcəb, Mərziyə
Davudova və sonrakı dövrlərdə Ağasadıq Gəraybəyli,
Kazım Ziya, Rza Təhmasib, Möhsün Sənani, Ələsgər
Ələkbərov, Barat Şəkinskaya, Fatma Qədri, Rza Əfqanlı,
Hökumə Qurbanova, Leyla Bədirbəyli, Nəcibə Məlikova,
Məlik Dadaşov kimi yüzlərlə sənətkarımız
yüksək ifaçılıq məharəti, ifa etdikləri
maraqlı obrazlarla tamaşaçı rəğbəti
qazanmağa müvəffəq olmuşlar.
Milli teatr
mədəniyyətimizin formalaşmasında, bir sənət
sahəsi kimi bərqərar olmasında dramaturqlarla, aktyorlarla
yanaşı rejissorların da böyük xidmətləri
var. Teatr tariximizin bütün
dönəmlərində ayrı-ayrı teatr xadimləri, o
cümlədən H.Ərəblinski, M.Kirmanşahlı,
A.M.Şərifzadə, İ.Hidayətzadə, C.Cabbarlı,
R.Təhmasib, H.Abbasov və başqaları rejissor kimi fəaliyyət
göstərmişdilər.
Ötən
əsrin ortalarında rejissorluğun müstəqil sənət
növü kimi konseptuallaşması prosesi rejissor şəxsiyyətini
teatr sənətinin əsas simasına çevirdi. Yəni bu
zaman aktyor sənəti və dramaturgiya hadisələrin
istiqamətini öz xeyrinə həll edə bilmədi, nəticədə
liderliyini itirdi.
Dünya
teatr sənətini bürüyən proseslər Azərbaycan
teatr mədəniyyətindən də yan keçmədi.
Öz nüfuz dairəsini, tamaşaçı
auditoriyasını genişləndirmək təmənnası
ilə milli teatr, rejissor sənətinə daha çox
ümid bəsləməli, daha çox etibar etməli oldu. Bu
isə uzun müddət müəlliflərin və
aktyorların şıltaqlıqlarına dözmək məcburiyyətində
qalan rejissor sənətinə müstəqil fəaliyyət
imkanı yaratdı. Və rejissor sənəti həmin
imkanı əldən vermədi.
Teatr mədəniyyəti
tariximizin ən önəmli hadisələrindən biri milli
rejissor kadrlarının - Yusif Ulduzun, Adil İsgəndərovun,
Ələsgər Şərifovun, Şəmsi Bədəlbəylinin,
Məhərrəm Haşımovun, Mehdi Məmmədovun,
Tofıq Kazımovun, Zəfər Nemətovun fəaliyyət
dövrü ilə əlamətdardır.
Azərbaycan
milli rejissor sənətinin əsl uğurları, estetik məna
səviyyəsi daha çox üç rejissorun - A.İsgəndərovun,
M.Məmmədovun və T.Kazımovun
yaradıcılığı nümunəsində
dövrün teatr mədəniyyəti cizgiləri kimi əlamətdar
oldu.
Ötən
əsrin 60-70-ci illərində milli teatr mədəniyyətimizdə
rejissor sənətinin mütləq yeri bərqərar oldu, M.Məmmədov
və T.Kazımov səhnə sənətimizin inkişaf
meyillərini təsdiq edə bildilər. Bir zamanlar öz
şəxsiyyəti ilə "rejissor kimdir?", "onun
teatrda və tamaşanın hazırlanması prosesində yeri
nədir?" kimi neçə-neçə sualı
cavablandırmaqda olan rejissura uzun illər boyu öz "mən"ini
hər dəfə, hər tamaşa ilə sübuta yetirməli
oldu. Teatr adlanan can və ruh karxanasından bütöv estetik
qayə, bərkimiş mövqe ilə çıxan rejissor sənəti
hegemonluğu ələ keçirdi.
70-ci illərdə
Sovet İttifaqının başqa teatrlarında olduğu kimi,
Azərbaycan teatrında da bu və ya digər dərəcədə
özünü göstərən aktyor və rejissor
münasibətləri probleminin yeni aspektləri yaranır,
ifadə vasitələrinin, eləcə də
ifaçılığın daha mütərəqqi prinsiplərinin
formalaşması, tamaşanın bədii
bütövlüyü, onun bütün komponentlərinin eyni
niyyətə tabe edilməsi rejissor sənətinin poetika
axtarışlarının əsas məsələsinə
çevrilir, aktyor və rejissor sənətlərinin
müştərək axtarışlarında yeni tendensiyalar təsdiqlənir,
tamaşanın dünyagörüşü, ideya və estetik
prinsipləri vəhdəti əldə edilirdi.
SSRİ
dağıldıqdan sonra sosialist ölkələrində
ideoloji təsir altında formalaşan sosialist incəsənətinin
süqutu başlandı. Burada sovet incəsənətinin və
ümumdünya teatr mədəniyyətinin təcrübələrindən
faydalanan, öz kökünü milli adət-ənənələrdən
götürən, müxtəlifliyi və özünəməxsusluğu
ilə seçilən, arxaik dövrə, kökə
bağlılıqla, arxetiplərə qayıdışla
xarakterizə olunan milli teatr fəlsəfəsi
formalaşmağa başladı. Xalqın həyat və fəaliyyətinin
tarixi, ölkənin müstəqil, demokratik dövlət
quruculuğuna aparan yolu, gələcək uğrunda müstəqilliyimizin və
ərazi bütövlüyümüzün qorunmasına
yönəldilmiş mübarizə müstəqillik
dövrü incəsənətinin, o cümlədən
teatrının məzmununu təşkil etdi.
Sonrakı
illərdə isə teatrda kommersiya meyilləri
formalaşdı. Yeni teatrlar açıldı, ölkənin
teatr şəbəkəsi yeni açılan dövlət, bələdiyyə
və özəl teatrlar hesabına genişləndi. Amma
özəl və bələdiyyə teatrları ilə müqayisədə dövlət
teatrları öz mövcudluqlarını qoruyub saxlaya bilsə
də, bir sıra ciddi problemlərlə üzləşdi.
Teatr
tariximizdə növbəti mərhələ
çağdaş müstəqillik dövründə
yaşadığımız mərhələdir. Məhz
müstəqillik dövrünün teatr sənəti poetika
baxımından bir sıra dəyişikliklərə məruz
qaldı, teatr prosesinin başlıca məqsədi dərin
analiz, müfəssəl təhlil nəticəsində əldə
olunan yeni mənəvi dəyərlərin ənənəvi mənəviyyat
sistemində öz mövqeyini
göstərməklə müəyyən olundu. Bir zamanlar
konyunktur basqılar nəticəsində ideya-estetik deformasiyaya
uğramış teatr poetikası yenidən bərpa
olunmağa başladı. Bu zaman teatr sənətinin dil-ifadə
vasitələrində də əhəmiyyətli dəyişikliklər
baş verdi, bütövlükdə milli teatr prosesi mədəniyyət
və incəsənətimizin milli mahiyyətini, milli-mədəni
ənənələrini qorumaq şərtilə dünya teatr
prosesinə tam açıq olmağa meyilləndi.
Müstəqillik dövrünün teatr sənəti ictimai-iqtisadi parametrlərlə bərabər poetika baxımından da bir sıra dəyişikliklərə məruz qaldı. Artıq teatr prosesinin başlıca məqsədi, dərin və müfəssəl təhlil nəticəsində əldə olunan yeni mənəvi dəyərlərin ənənəvi mənəviyyat sistemində mövqeyi müəyyən edildi.
Ötən dövrlərdən fərqli olaraq, müstəqillik dövründə Azərbaycan teatrında yeniləşmə meyilləri gücləndi, sənət düşüncəsi stereotiplərdən qurtulmağa çalışdı, rejissorlar yeni dövrün yeni məqsəd və vəzifələrinə uyğun yozumlar ortaya qoymağa, aktual səhnə əsərləri yaratmağa istiqamətləndilər.
Tamamilə təbiidir ki, yenicə yaranmaqda və özünü təsdiqləməkdə olan modern teatr prinsipləri dramaturgiya, aktyor yaradıcılığı və rejissor sənəti ilə bərabər teatrşünaslıq elmi qarşısında da yeni tələbləri və şərtləri ortaya qoydu. Müstəqillik dövründə 140 illiyini qeyd etdiyimiz bugünkü Azərbaycan teatrı artıq özünün, prinsipcə, yeni strateji hədəflərini müəyyən edib, yeni ideya-estetik məqsədlərə doğru irəliləməkdədir. Üç əsr ərzində toplanan tarixi-mədəni təcrübəyə malik milli teatrımıza, fədakar teatr xadimlərinə daha böyük uğurlar, tamaşaçı sevgisi və sürəkli alqışlar arzulayırıq.
İsrafil
İSRAFİLOV,
sənətşünaslıq
üzrə elmlər doktoru, professor
Azərbaycan.-2013.- 22 iyun.- S.12.