Azərbaycan Prezidenti
İlham Əliyevin və Avropa Komissiyasının sədri
Xose Manuel Barrozunun birgə mətbuat konfransı
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
- Cənab sədr, şərhlərinizə görə çox sağ olun. İcazə verin Brüsselə səfər etmək üçün dəvətə görə minnətdarlığımı bildirim. Bu mənim Avropa Komissiyasına beşinci səfərimdir. Bu fakt münasibətlərimizin nə qədər intensiv və sıx olduğunu göstərir. Biz münasibətlərimizi yüksək dəyərləndiririk. Cənab sədrin qeyd etdiyi kimi, onlar müştərək maraqlara və dəyərlərə söykənir. Biz dost kimi əməkdaşlığımıza aid məsələləri, eləcə də regional əhəmiyyət daşıyan məsələləri müzakirə etdik. Mən, cənab sədr, şəxsən Sizə və Komissiyanıza demokratik inkişaf məsələlərində, insan hüquqlarının müdafiəsi sahəsində və siyasi islahatlarda Azərbaycana verdiyiniz davamlı dəstəyinizə görə təşəkkürümü bildirmək istəyirəm. Verdiyiniz tövsiyələr, məsləhətlər və aramızdakı təmaslar olduqca əhəmiyyətlidir və Azərbaycanda dəyişikliklərə yardım edir. Dəyişikliklər prosesi çox sürətlə gedir. Bu proses siyasi və əlbəttə ki, iqtisadi islahatları əhatə edir. Hər iki istiqamət bir-birini tamamlayır. Bizim həmçinin iqtisadi əməkdaşlığımız vardır. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır. Üzv dövlətlərlə ticarət dövriyyəmiz artmaqdadır. Həmçinin "Şərq tərəfdaşlığı" proqramı bu çərçivədə irəli sürülən təşəbbüslərə dəstək vermək imkanı yaradır. Biz bu təşəbbüsləri yüksək dəyərləndiririk. Fikrimcə, Avropa təsisatlarının keçmiş sovet respublikalarını bu əməkdaşlıq çərçivəsinə cəlb etməsi mühüm addım oldu. Azərbaycan "Şərq tərəfdaşlığı" qrupunun fəal üzvüdür. Hazırda biz Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın yeni formatı üzərində işləyirik. Gündəliyimiz genişdir, bir çox sahələri əhatə edir. Azərbaycan Avropa ölkələrində artıq sərmayə qoymağa başlayır. Sərmayələrimizin quruluşuna baxsaq, görərik ki, bu sərmayələr yalnız enerji sahəsi ilə bağlı deyildir. Burada həmçinin qarşılıqlı maraq doğuran digər sahələr də vardır. Bir çox illərdir ki, Avropa da bizim ölkəmizə böyük sərmayələr yatırır. Bu investisiyalar bizə iqtisadiyyatımızı şaxələndirməyə və ölkəmizi müasirləşdirməyə yardım edir.
Cənab sədrin vurğuladığı kimi, biz münaqişənin həllinə aid məsələləri müzakirə etdik və bu baxımdan Avropa İttifaqının göstərdiyi səyləri yüksək dəyərləndiririk. Azərbaycan prosesdə ən maraqlı tərəfdir, çünki bizim torpaqlarımız işğal altındadır, nəinki Dağlıq Qarabağ, o cümlədən Dağlıq Qarabağın ətrafında yerləşən yeddi rayon da iyirmi ildən çoxdur ki, Ermənistanın işğalı altındadır. Biz buna son qoymalıyıq.
ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkə prezidentlərinin bu yaxınlarda Şimali İrlandiyada verdiyi bəyanat bizi çox həvəsləndirdi. Qeyd edildi ki, məsələnin həlli Helsinki Yekun Aktına əsaslanmalıdır. Hər iki tərəf danışıqlar prosesini sual altına çəkə biləcək hərəkətlərdən çəkinməlidir. Azərbaycan münaqişənin beynəlxalq hüququn prinsipləri əsasında mümkün qədər tez həllini və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən Ermənistanın işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinin həyata keçirilməsini istəyir.
Enerji əməkdaşlığı təbii ki, münasibətlərimizin ən mühüm hissələrindən biridir. Çox şadam ki, 2011-ci ilin əvvəlində sədr Barrozu ilə Bakıda enerji sahəsində strateji əməkdaşlıq haqqında Bəyannaməni imzaladıqdan sonra hazırda onun praktiki nəticələrini görürük. Bu Bəyannamə qaz dəhlizinin həyata keçirilməsində əsas rol oynadı. Mən bu prosesdə çox fəal iştirakına və əlaqələndirməyə görə şəxsən sədr Barrozuya və onun heyətinə təşəkkürümü bildirmək istəyirəm. Bu layihə Avropa ilə Azərbaycan arasında daha güclü əlaqələr yaradacaqdır. Bu vəziyyətdə hər tərəf udur. Azərbaycan Avropada proqnozlaşdırılan sabit bazarı tapacaq, Avropa isə Azərbaycandan alternativ qaz mənbəyi əldə edəcəkdir.
Ümidvarıq ki, Azərbaycandan Avropaya ixrac edilən qazın həcmi sırf "Şahdəniz-2" layihəsi ilə məhdudlaşmayacaqdır. Çünki bizim 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş qaz ehtiyatlarımız vardır. Artıq qeyd etdiyim kimi, Avropa Azərbaycan qazı üçün mühüm bazara çevriləcəkdir. "Cənub" qaz dəhlizi enerji təhlükəsizliyinə xidmət edən layihədir. Bu layihə Avropanın enerji xəritəsini dəyişəcək və ölkəmizin, eləcə də region ölkələrinin iqtisadi əməkdaşlıqdan yararlanması üçün əlavə imkanlar açacaqdır. Fikrimcə, müəyyən etdiyimiz məsələlər gündəliyimizin nə qədər məzmunlu olduğunu aydın şəkildə göstərir: regional əməkdaşlıq, təhlükəsizlik, siyasi islahatlar, demokratik proses və enerji əməkdaşlığı. Bütün bu elementlər münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılması üçün əsaslar yaradır. Azərbaycan bunda maraqlıdır. Biz mümkün qədər Avropaya yaxın olmaq istəyirik. Çox şadıq ki, Avropa tərəfindən də eyni yanaşmanı görürük.
Cənab sədr, bir daha dəvətinizə və qonaqpərvərliyinizə görə sağ olun.
* * *
Çox sağ olun. İndi isə biz sual və cavablara keçirik. Buyurun.
Azad Avropa radiosunun əməkdaşı Riçard Jozviak: Sualım cənab Əliyevədir. Siz necə əmin ola bilərsiniz ki, bu ilin oktyabrında keçiriləcək seçkilər azad, ədalətli və şəffaf olacaq, nəzərə alsaq ki, sizin siyasi opponentlərinizdən biri cənab Məmmədov həbs olunub?
Digər sualım Barrozuyadır. Azərbaycanda demokratiya və insan hüquqlarına dair vəziyyəti nəzərə alsaq, fikrinizcə, bu ölkə ilə Avropa İttifaqı arasında
Assosiativ Müqavilə imzalanmalıdırmı?
Prezident İlham ƏLİYEV: İlk növbədə, qeyd etmək istəyirəm ki, mənim siyasi opponentlərimdən heç biri həbsdə deyildir. Bu, tamamilə yanlış məlumatdır. Eyni zamanda, qeyd etmək istərdim ki, Azərbaycanda siyasi məhbus yoxdur. Əgər yanvar ayında Azərbaycanda siyasi məhbuslar haqqında hesabatı qəbul etməkdən imtina etmiş Avropa Şurası Parlament Assambleyası tərəfindən verilmiş şərhləri diqqətlə oxusanız anlayarsınız ki, bu mövzu bağlanıb. Azərbaycanda heç kəs siyasi zəmində həbs olunmayıb. Sərbəst toplaşma hüququ tamamilə təmin olunub, eyni vəziyyət media azadlığına da aiddir. Bizim azad internetimiz vardır. Azərbaycanda internet istifadəçilərinin sayı 70 faizdən çoxdur, senzura yoxdur, bütün siyasi partiyalar açıq və azad şəkildə fəaliyyət göstərirlər. Azərbaycan on ildən artıqdır ki, Avropa Şurasının üzvüdür. Cənab sədrin də dediyi kimi, gələn il biz bu mühüm təşkilata sədrlik edəcəyik. Biz demokratik inkişafa, insan hüquqlarına və azadlıqlarına dair bütün öhdəliklərimizi tam şəkildə yerinə yetiririk. Bununla da sualınızda verdiyiniz qiymətləndirmə ya yanlış məlumata, ya mənfi rəyə, ya da ki, sizdə süni şəkildə Azərbaycan haqqında yaradılmış təəssürata əsaslanır. Azərbaycan demokratik, sürətlə inkişaf edən, siyasi islahatlar həyata keçirən, Avropa Şurası və Avropa İttifaqı ilə yaxın əməkdaşlıq edən ölkədir. Prezident seçkilərinə gəlincə, hələ seçkilərə çox vaxt vardır. Seçki kampaniyası hələ başlamayıb. Azərbaycan Avropadan, Avropa təsisatlarından beynəlxalq müşahidəçiləri dəvət edəcək və bütün namizədlər üçün Azərbaycan xalqına öz proqramlarını, özlərini təqdim etmək üçün lazımi şərait yaradılacaqdır. Əminəm ki, bu seçkilər tamamilə Azərbaycan xalqının iradəsini əks etdirəcəkdir. Dövlət buna nail olmaq üçün əlindən gələni edəcəkdir.
Xose Manuel BARROZU: Sağ olun. Demokratiya və insan hüquqları məsələsi Avropa İttifaqının bütün beynəlxalq tərəfdaşları ilə münasibətlərində əsas yer tutur. Biz bu məsələni çox səmimi və açıq şəkildə müzakirə etdik. Bunu dünyanın bütün ölkələri ilə edirik. Yaxşı bilirik ki, demokratiya gündəliyimizdə duran daimi məsələdir. Yeri gəlmişkən, bu, bizə də, Avropaya da aiddir. Bir çox hallarda beynəlxalq tərəfdaşlara dediyim kimi, Avropa da kamil deyildir. Biz bütün üzv dövlətlərdə və tərəfdaş ölkələrdə ən yüksək standartların təmin edilməsində diqqətli olmalıyıq. Bu dəyərlər Avropa siyasətinin və "Şərq tərəfdaşlığı" proqramının əsas hissəsidir. Prezident Əliyevin qeyd etdiyi kimi, Azərbaycan "Şərq tərəfdaşlığı"nda fəal iştirak edir. Bu dəyərlər bütün tərəfdaşlar tərəfindən onların siyasətində qəbul olunub və Praqa Zirvə Görüşündə qəbul edilmiş "Şərq tərəfdaşlığı" proqramına daxil edilib. Beləliklə, hesab edirik ki, ölkələr bu dəyərlərə hörmətlə yanaşmalıdır. Faktiki olaraq, biz bu məsələni tərəfdaşlarımızla, o cümlədən Azərbaycanla müzakirə edirik. Artıq qeyd etdiyim kimi, bu məsələni bu gün Prezident Əliyevlə çox açıq şəkildə nəzərdən keçirdik. Bu, "Şərq tərəfdaşlığı" çərçivəsində münasibətlərimizin dərinləşdirilməsi üçün çox əhəmiyyətlidir. Mən bu şərhə bir məsələni əlavə etmək istərdim. Azərbaycan bir neçə il öncə Sovet İttifaqının hissəsi olub. Totalitar rejim hökm sürürdü. O vaxt azadlıq, ümumiyyətlə, yox idi.
Beləliklə, bu gün böyük hörmət etdiyimiz Azərbaycanda, müstəqil suveren ölkədə olan vəziyyətə baxsanız, görərsiniz ki, Azərbaycan nə qədər yol keçib və biz əldə edilmiş çox böyük irəliləyişi etiraf etməliyik. Lakin bu o demək deyildir ki, bütün standartlar gözlədiyimiz kimi yerinə yetirilib və bu baxımdan bizim Prezident Əliyevlə çox yaxşı fikir mübadiləmiz oldu. Əlbəttə ki, Azərbaycan bizim tərəfdaşımızdır. Mən səmimiyyətlə inanıram ki, hər iki tərəfin bütün mümkün vasitələrlə açıq şəkildə müzakirələri məsələnin həllinin ən yaxşı üsuludur. Əlbəttə ki, bütün demokratik islahatlara dəstək verilməlidir. Şəxsən əminəm ki, - bu, mənim şəxsi fikrimdir, - Prezident Əliyev suveren Azərbaycanın rəhbəri kimi ölkəsinin müasirləşdirilməsinə olduqca sadiqdir. O bu ölkənin imici və nüfuzuna xüsusi diqqətlə yanaşır. Ölkə isə həqiqətən çox mühüm irəliləyişə nail olub.
Hesab edirəm ki, vətəndaş cəmiyyətinin inkişafı olmadan müasirləşməyə nail olmaq mümkün deyildir. Bu, bizim Azərbaycan və digər tərəfdaşlarla apardığımız daimi dialoqun bir hissəsidir. Görürsünüz ki, hər ölkənin tarixi, coğrafiyası və üzləşdiyi çağırışlar baxımından spesifik durumu vardır. Səbəblər çoxdur. Bu baxımdan, fikrimcə, Azərbaycanla apardığımız tərəfdaşlıq, həmçinin sualınızda qeyd olunan narahatlığı da aradan qaldırmaq üçün düzgün tərəfdaşlıqdır. Bu, bizi də narahat edir. Azərbaycandakı dostlarımızla və bu gün Prezident Əliyevlə müzakirə etdiyimiz prioritet məsələlərin ən önündə gedən mövzudur.
"1news"
informasiya agentliyinin əməkdaşı Rəhman Hacıyev:
Zati-aliləri
qeyd etdiyi kimi, heç kəs kamil və səhvsiz deyildir. Biz
bunu, həmçinin dövri olaraq Avropada görürük.
Avropada da dinc nümayişlərin
qarşısı polis qüvvələri tərəfindən
qəddarlıqla alınır. Bu, iki yerdə baş verib:
Frankfurtda və Londonda. Bundan öncə Yunanıstanda və
bir sıra digər ölkələrdə də baş verib.
Sualım ondan ibarətdir ki, Avropa təsisatları və rəsmilərinin
oxşar məsələlərlə bağlı belə bir
selektiv, ikili standart əsasında verdiyi qətnamə və bəyanatlarını
necə şərh edərdiniz? Əlavə edərdim ki, bu,
Avropa sərhədlərindən kənarda baş verəndə
reaksiya dərhal, yubanmadan gəlir. Lakin bu, Avropada baş verəndə,
həmin şəxslər sakit dayanırlar. Sağ olun.
Xose Manuel
BARROZU: Siz çox fərqli bəyanat verdiniz. Əslində
bu, sualdan çox bəyanata oxşayır. Mən
aşağıdakıları söyləyə bilərəm.
Avropa Komissiyası adından danışaraq deyə bilərəm
ki, Avropa Komissiyası insan hüquqları və qanunun aliliyinə
aid məsələlərə gəldikdə mümkün qədər
obyektiv olmağa çalışır. Biz bu sahədəki
nüfuza xüsusi diqqət veririk. Biz obyektiv olmağa
çalışırıq. Son illər ərzində biz bu
işi o cümlədən Avropa İttifaqı daxilində aparırıq.
Söhbət burada bəzi üzv dövlətlərimizdə
qanunun aliliyindən gedir. Avropa Komissiyası çox
güclü və aydın şəkildə öz
narahatlığını ifadə edir. Bəzi hallarda
İttifaq qanunları pozulduqda biz Ədalət Məhkəməsinə
üzv dövlət barədə müraciət edirik. Səmimi
desək, siz Avropa Komissiyasını ikili standartlarda ittiham edə
bilməzsiniz.
O ki
qaldı sizin və sizin kimi şəxslərin mediada və
ictimai rəydə təəssüratlarına, mən bunu qismən
anlayıram. Reallıq ondan ibarətdir ki, stereotiplər
vardır. Bu, bütün dünyada belədir. Nəinki
Avropada, bütün dünyada. Bu cür stereotiplər aradan
qaldırılmalıdır. Siz bunu bilirsiniz. Bəzi cəmiyyətlərin
digərlərindən üstün olması, bir dövlətin
digərindən vacib olması ideyalarına gəldikdə,
bilirsiniz, mənim üçün dünyanın bütün
ölkələri eyni ləyaqətə malikdir. Demokratiya və
qanunun aliliyinə qayıdaq, siz bəzi ölkələrin
adını çəkdiniz. Səmimi danışsaq, Avropada
və Avropa İttifaqında fundamental azadlıqların və
qanunun aliliyinin təmin edilməsində yüksək
standartlarımız vardır. Fikrimcə, heç kəs buna
şübhə etmir. Burada və digər yerlərdə bəzi
problemlər vardır. Heç kəs kamil deyildir. Lakin biz fərəh
hissi ilə qeyd etməliyik ki, Avropa İttifaqında lazımi
şəkildə formalaşmış demokratiyamız
vardır. Mən bunu tam əminliklə deyirəm. Mən elə
bir ölkədən çıxmışam ki, orada demokratiya
yox idi. 18 yaşa çatanda mən 48 ildən çox
hökm sürən avtoritar rejimin süqutunun şahidi oldum.
Biz sonra demokratiya qurmağa başladıq. Bu, mənim ölkəmdə
tam demokratiyaya çevrildi. İspaniyada və digər ölkələrdə,
eləcə də Mərkəzi və Şərqi Avropa
ölkələrində də demokratiya vardır. Orada da əvvəllər
demokratiya yox idi. Öncə onlar sovet təsiri altında idi.
İndi isə orada demokratiya vardır. Gəlin düz
danışaq, Avropa və Avropa İttifaqı ölkələrində
insan hüquqları və demokratiya yüksək səviyyədə
təmin edilir. Lakin bu o
demək deyildir ki, problem yarananda biz diqqətli
olmamalıyıq. Tərəfdaşlarımıza gəldikdə,
fikrimcə, bu, qlobal dəyərlərdir və
Ümumdünya insan hüquqları bəyannaməsində, həmçinin
mühüm beynəlxalq konvensiyalarda öz əksini tapıb.
Biz bu məsələni açıq şəkildə
müzakirə etməliyik. Mən tamamilə əminəm ki,
insanlar dövlətə deyil, dövlət insanlara, hər
insana - kişiyə, qadına və uşağa xidmət etməlidir.
Bunu xatırlamaq çox vacibdir. Bu, ideologiya deyildir. Siz
solçu, sağçı və mərkəzçi ola bilərsiniz.
Vacib odur ki, insanlara - kişi, qadın və uşaqlara xidmət
edilməlidir və dövlət onların maraqlarına xidmət
etməlidir. Tərəfdaşlarımızla bu cür
müzakirələr aparırıq və şadam ki,
hazırda Azərbaycanda, həmçinin siyasi islahatlara,
demokratiyaya və qanunun aliliyinə sadiqlik vardır və
Prezident Əliyev indicə bunu öz
çıxışında qeyd etdi.
AzərTAc
Azərbaycan.-2013.- 23 iyun.- S.1,2.