Heydər Əliyev Azərbaycanda müasir
dövlət qulluğu sisteminin banisidir
Ölkəmizdə dövlət qulluğunun tarixi qədim dövrlərdən başlayır. Xalqımızın müxtəlif dövrlərdə yaratdığı hər bir dövlətin özünəməxsus idarəçilik sistemi olmuşdur. Kadrların sistemli şəkildə hazırlanmasına ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dönəmində başlansa da, 28 aprel 1920-ci ildə Xalq Cümhuriyyətinin süqut etməsi ilə bu proses başqa bir müstəviyə keçmişdir.
Dövlət qulluğunun inkişafı və kadrların yetişməsi sovet imperiyasının tərkibində mövcud olmuş Azərbaycan Respublikasında da başqa bir formada davam etmişdir. Bu dövrün dövlət qulluğu sistemi olduqca ağır mərhələlərdən keçsə də, onun tariximizə inkişaf illəri kimi daxil olmuş mərhələsi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi ilə sovet hakimiyyəti dönəmində dövlət idarəetmə sisteminin milliləşməsi və milli kadr potensialının hazırlanması prosesi başladı. Həmin dövrdə Azərbaycan Respublikasının dövlət və partiya strukturlarında rus, erməni və digər millətlərin nümayəndələri üstünlük təşkil edirdilər. Lakin Heydər Əliyev dövlət qulluğunun milliləşməsi prosesini cox məharətlə həyata keçirməyə başladı. Ulu öndər dövlət qulluğu vəzifələrində azərbaycanlıları irəli çəkməklə yanaşı, milli kadr potensialının sistemli şəkildə hazırlanması prosesini həyata keçirməyə başladı. Ölkəyə lazım olan mütəxəssis kadrlar yetişdirmək məqsədilə Azərbaycanın ali məktəblərində yeni-yeni ixtisaslar üzrə fakültələr açılır, hər il 900-dən artıq gənc Sovet İttifaqının qabaqcıl ali məktəblərində təhsil almağa göndərilirdi. Həmin dövrdən etibarən Heydər Əliyev Azərbaycan dilini dövlət, sovet və partiya orqanlarında işlək dilə çevirməyə başladı. Məhz Heydər Əliyevin sayəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dili rəsmən dövlət dili elan olundu. Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdən başlayaraq Azərbaycanın böyük milli kadr potensialı yaradıldı və 1991-ci ildə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra onlar ölkənin idarə edilməsinə öz dəyərli töhfələrini verməyə başladılar.
Təəssüf ki, Heydər Əliyev Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra onun yetişdirdiyi milli kadrlar da müxtəlif bəhanələrlə dövlət qulluğundan uzaqlaşdırıldılar. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının parlamenti "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etdikdən sonrakı ilk iki ildə ölkədə hökm sürən hərc-mərclik və xaos dövlət idarəetmə sistemində özünü göstərdi.
Xalqın ağır günlərində onun köməyinə çatan ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdığı gündən yanaşı, müstəqil və müasir dövlət qulluğu sisteminin yaradılmasını da önə çəkdi. Həmin dövrdən düşünülmüş, elmi cəhətdən əsaslandırılmış, Avropa ölkələrinin dövlət idarəetmə sisteminin üstünlüklərini və milli dövlətçilik ənənələrini özündə cəmləşdirən dövlət qulluğu siyasətinin aparılmasına başlandı.
1995-ci ildə Heydər Əliyevin sədrliyi ilə Konstitusiya layihəsi hazırlandı və həmin il noyabr ayının 12-də Konstitusiya layihəsi ümumxalq səsverməsi yolu ilə qəbul edilərək noyabrın 27-də qüvvəyə mindi. Bununla da müasir dövlət idarəçiliyi və dövlət qulluğu sisteminin yaradılmasının hüquqi özülü qoyuldu. Həmin dövrdə hələ dövlət qulluğu ilə bağlı ayrıca qanun qəbul edilməmişdi. Lakin Azərbaycan Respublikasının Konstitusiyasında dövlət qulluğunun konstitusional prinsiplərinin əsasları əks olunmuşdur. Konstitusiyada Azərbaycan vətəndaşlarına dövlətin idarə edilməsində iştirak və dövlət qulluğuna qəbul hüququnu verən ayrıca maddə var. Məhz Konstitusiyanın 55-ci maddəsində "Dövlətin idarə olunmasında iştirak etmək hüququ" təsbit edilmişdir.
Ümummilli liderin müstəqillik dövründə dövlət qulluğunun təkmilləşdirilməsi məqsədilə atdığı addımlar sayəsində "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu da daxil olmaqla dövlət qulluğuna dair bir sıra qanunvericilik aktları qəbul edildi. Məhz həmin dövrdə "dövlət qulluğu" və "dövlət qulluqçusu" anlayışları gündəmə gəldi.
Dövlət qulluğuna və dövlət qulluğunda çalışanlara xalqın inamının bərpa ediməsi, habelə milli və müasir dövlət qulluğu sisteminin qurulması məqsədilə Heydər Əliyevin siyasəti aşağıdakı istiqamətləri əhatə edirdi:
- səmərəli, məsuliyyətli və demokratik idarəçiliyin yaradılması;
- dövlət orqanlarının fəaliyyətində çevikliyin və şəffaflığın gücləndirilməsi;
- vətəndaşların qayğı və ehtiyaclarının daha dolğun təmin edilməsi;
- dövlət orqanlarının üzərinə düşən funksiyaların səmərəli şəkildə yerinə yetirilməsinə xidmət edən təcrübəli və peşəkar dövlət qulluqçusu korpusunun formalaşdırılması.
Məlum olduğu kimi, konstitusional prinsiplər dövlətin Konstitusiyasında əks olunur və digər normativ aktlarda konkretləşdirilir. Bunu nəzərə alaraq, dövlət qulluğu sahəsində Azərbaycanda islahatların, xüsusilə hüquq sahəsində islahatların aparılması çox vacib idi. Dövlət qulluğu isə dövlət idarəçiliyinin bir hissəsi olduğu üçün dövlət idarəçilik sistemində kompleks islahatların aparılması daha məqsədəuyğun hesab edildi.
Beləliklə, müstəqil Azərbaycan dövlətində cəmiyyətin demokratikləşdirilməsi və bazar münasibətlərinin daha da inkişaf etdirilməsi üçün dövlət idarəetməsində köklü islahatların aparılması prinsipial əhəmiyyət kəsb etdiyi üçün ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 29-da "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə dövlət komissiyasının yaradılması haqqında" fərman imzaladı. Fərmanda islahatların həyata keçirilməsi ilə müəyyən nəticələrə nail olmaq qarşıya məqsəd kimi qoyulurdu. Ümumi olaraq dövlət idarəetməsi sistemində aşağıdakı dörd istiqamət üzrə islahatların aparılması nəzərdə tutulmuşdu:
1) dövlət xərclərinin idarə olunması sisteminin yenidən qurulması;
2) audit
sisteminin islahatı;
3)
dövlət idarəetmə sisteminin islahatı;
4)
hüquq və məhkəmə sisteminin islahatı.
Dövlət
idarəetmə sisteminin islahatı dövlət qulluğu
islahatlarını da nəzərdə tutur. Fərmanda qeyd
olunduğu kimi, bu islahatların bir hissəsi normativ hüquqi
aktların qəbul edilməsi ilə bağlı idi. Dövlət
qulluğunun səmərəliliyinin artırılması,
dövlət aparatının təkmilləşdirilməsi,
dövlət qulluqçularının hüquqi statusunun
müəyyən edilməsi, onların sosial müdafiəsinin,
maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin
artırılması üçün 2000-ci il iyulun 21-də
respublikamızda ilk dəfə olaraq "Dövlət
qulluğu haqqında" qanun qəbul edildi.
Bu qanunun
çox böyük əhəmiyyəti oldu. Belə ki,
qanunun qəbul edilməsi ilə Azərbaycan Respublikasında
dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin
formalaşdırılmasının əsası qoyuldu. Qanunun
qəbul edilməsinin əsas səbəbi Heydər Əliyevin
1998-ci ildə dövlət idarəçilik sistemində
islahatların aparılması ilə bağlı fərmanda nəzərdə
tutulmuş işlərin həyata keçirilməsi idi.
Respublikamızda
dövlət qulluğu sistemində islahatların həyata
keçirilməsi prosesi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin dövlət
qulluqçularına təbrikində dolğun şəkildə
göstərilmişdir: "Müstəqil Azərbaycan
Respublikasında müasir dövlət qulluğu sisteminin
formalaşdırılması və inkişafı ümummilli
liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.
Məhz onun ali siyasi hakimiyyətə
qayıdışından sonra ölkədə xaos və
anarxiyanın qarşısı alındı, dövlət
nizamı və sabit dövlət idarəçiliyi bərpa
edildi, demokratik hüquqi dövlət quruculuğu prosesi
başlandı. Onun rəhbərliyi altında həyata
keçirilən idarəçilik fəaliyyəti insanlarda
dövlətçilik şüurunu möhkəmləndirdi,
hakimiyyət və idarəetmə orqanlarının işinə
inamı artırdı. Son illərdə dövlət idarəetmə
orqanlarının işinin dövrün tələblərinə
uyğun yenidən qurulması, keyfiyyətli kadr korpusunun
yaradılması, nazirlik və komitələrin müvafiq
istiqamətər üzrə vahid dövlət siyasətini həyata
keçirən hakimiyyət orqanlarına çevrilməsi
istiqamətində zəruri tədbirlər
görülmüşdür. Həyata keçirilən
islahatlar nəticəsində dövlət orqanlarının səlahiyyətləri
dəqiqləşdirilmiş, onların öz vəzifələrini
daha dəqiq və dürüst icra etmələri
üçün imkanlar genişləndirilmiş və məsuliyyət
artırılmışdır. Dövlət qulluğunun
qanunvericilik bazası yaradılmış, "Dövlət
qulluğu haqqında" qanun və digər normativ-hüquqi
sənədlər qəbul edilmişdir".
Müasir
dövrdə dövlətlərin beynəlxalq aləmə
inteqrasiya prosesinin sürətləndirilməsi
üçün hər bir dövlətin idarə edilməsinin
təşkili işinin yüksək səviyyədə
olması çox əhəmiyyətlidir. Azərbaycan
Respublikası da müasir dünyada qəbul edilmiş dövlət
idarəetmə sistemlərinə uyğun milli dövlət
quruculuğu istiqamətində islahatlarını davam etdirir.
Aparılan islahatların əsas məqsədi çevik
dövlət idarəçilik sisteminin
formalaşdırılması, insan və vətəndaş
hüquq və azadlıqlarının yüksək dövlət
təminatına nail olunması və bütövlükdə
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası
prosesinin sürətləndirilməsindən ibarətdir.
Bu məqsədlə
ölkəmizdə müstəqillik illərində idarəetmə
sahəsində milli kadrların hazırlanması
üçün bir neçə yeni elm və təhsil
ocaqları yaradılmış, mövcud ali məktəblərdə
yeni dövrün tələb etdiyi mütəxəssislərin
hazırlanmasına başlanmışdır. Burada
ümummilli lider Heydər Əliyevin 3 yanvar 1999-cu il fərmanı
ilə yaradılan Azərbaycan Respublikasının Prezidenti
yanında Dövlət İdarəçilik
Akademiyasını xüsusi qeyd etmək lazımdır. Fərmanda
Dövlət İdarəçilik Akademiyasının
yaradılmasının məqsədi "Dövlət
İdarəçilik sahəsi üçün mütəxəssislər
hazırlanması işinin müasir tələblərə uyğun
qurulması, onların peşəkarlıq səviyyəsinin
artırılması, dövlət idarəçiliyi sahəsində
elmi-tədqiqatların təşkili və həmin sahənin
analitik-informasiya təminatının möhkəmləndirilməsi"
kimi müəyyən edilmişdir. Akademiyanın
yaradılması dövlətimizin möhkəmləndirilməsi
və elmi əsaslarla idarə olunması, yeni idarəetmə
mədəniyyətinin formalaşması və inkişafı
baxımından xüsusi əhəmiyyətə malikdir.
Dövlət qulluğu üçün kadrların
hazırlanması, yenidən hazırlanması və
ixtisasının artırılması məsələləri
üzrə əsas elmi-metodiki və tədris mərkəzi
olan Dövlət İdarəçilik Akademiyasının
üzərinə Azərbaycanın böyük siyasi və
iqtisadi potensialını reallaşdıra biləcək
dövlət qulluqçularının yeni nəslinin
yetişdirilməsi kimi çox məsul vəzifə
qoyulmuşdur.
2003-cü
ildə cənab İlham Əliyevin dövlət
başçısı seçilməsi Heydər Əliyevin
bütün sahələrdə, o cümlədən dövlət
qulluğunun təkmilləşdirilməsi istiqamətində
başladığı işlərin uğurlu
inkişafını sürətləndirdi. Respublikamızda
dövlət qulluğunun daha yaxşı təşkili və
idarə olunması məqsədilə Prezident İlham Əliyevin
2005-ci il 19 yanvar tarixli fərmanı əsasında Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiya yaradıldı.
Komissiya birbaşa Azərbaycan Respublikasının Prezidentinə
tabedir və onun qarşısında hesabat verir.
2006-cı
ilin oktyabrından fəaliyyətə başlayan
komissiyanın əsas məqsədi dövlət qulluğu sahəsində
qəbul edilmiş normativ hüquqi aktların tətbiqinin təşkil
edilməsi, dövlət qulluğu üçün
kadrların müsabiqə və şəffaflıq əsasında
seçilməsi, dövlət qulluqçularının əlavə
peşə təhsilinin əsaslarının müəyyən
edilməsi, həmçinin dövlət qulluğu ilə
bağlı digər məsələlər barədə
qanunvericilikdə nəzərdə tutulmuş siyasətin həyata
keçirilməsini təmin etməkdən ibarətdir. 2007-ci
ildən başlayaraq vətəndaşların dövlət
qulluğuna qəbulu müsabiqə əsasında
aparılır və vətənpərvər, yüksək
ixtisaslı və yeniliklərə meyilli kadrların dövlət
qulluğuna cəlb edilməsinə üstünlük verilir.
Prezident
İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və
qayğı sayəsində Dövlət Qulluğu Məsələləri
üzrə Komissiyanın fəaliyyəti xeyli genişlənmişdir.
Ötən
dövr ərzində dövlət qulluğunu tənzimləyən
"Dövlət qulluğu haqqında" Qanuna dövrün
tələblərinə uyğun olaraq, o cümlədən
idarəetmə sisteminin təkmilləşdirilməsi ilə əlaqədar
bir sıra dəyişikliklər və əlavələr
edilmişdir. Əlavə və dəyişikliklərin
böyük əksəriyyəti dövlət qulluğunun
kateqoriyalarının və vəzifələrin təsnifatının
dəqiqləşdirilməsi, eyni zamanda, inzibati və
yardımçı vəzifələrin tutulması, dövlət
qulluğuna xitam verilməsi şərtləri və
qaydaları, dövlət qulluqçularının
attestasiyadan keçirilməsi, onlara ixtisas dərəcələrinin
verilməsi, dövlət qulluqçularının sosial
müdafiəsinin yaxşılaşdırılması,
onların mükafatlandırılması, maddi və mənəvi
həvəsləndirilməsi, dövlət
qulluqçuları üçün orden və medalların, fəxri
adların təsis edilməsi və başqa vacib məsələləri
əhatə etmişdir.
"Dövlət
qulluğu haqqında" Qanuna edilmiş 2012-ci il 20 aprel
tarixli dəyişikliklərə əsasən, dövlət
orqanlarının statusu, iyerarxiyası və yurisdiksiyası nəzərə
alınmaqla onların kateqoriyalarının sayı
azaldılmış, əvvəlkindən fərqli olaraq
dövlət orqanları üçün 7 kateqoriya deyil, 6
kateqoriya müəyyən edilmiş, ali kateqoriya dövlət
orqanlarına Azərbaycan Respublikası Konstitusiyasının
7-ci maddəsinin III hissəsinə əsasən müəyyən
edilən qanunvericilik, icra və məhkəmə hakimiyyətinin
ən yüksək dövlət orqanları, habelə
yuxarı icra orqanı - dövlət
başçısının fəaliyyətini bilavasitə təmin
edən və icra səlahiyyətlərini həyata keçirən
orqanlar, Milli Məclis və Konstitusiya Məhkəməsi də
aid edilmişdir. Sonrakı kateqoriyalar üzrə bir çox
dövlət orqanlarının kateqoriyası yüksəldilmiş,
bununla paralel olaraq inzibati vəzifələrin ali, 1-ci - 7-ci təsnifatları
müəyyən edilmişdir. Bu təsnifatlarda hər bir
dövlət orqanında hansı vəzifənin hansı təsnifata
daxil olduğu konkret müəyyən edilmişdir.
Ölkəmizdə
dövlət qulluğu sisteminin
təkmilləşdirilməsi təkcə "Dövlət
qulluğu haqqında" Qanuna edilmiş dəyişikliklərlə
məhdudlaşmır. Dövlət orqanlarının fəaliyyətinin
əsas prinsiplərini müəyyən edən digər
normativ hüquqi aktlar da müntəzəm olaraq təkmilləşdirilir.
Azərbaycan Respublikası Prezidentinin 2010-cu ilin dekabrında
imzaladığı "Normativ hüquqi aktlar haqqında"
Konstitusiya Qanunu ilə dövlət hakimiyyəti
orqanlarında sənədlərlə işin əsas müddəaları
təsdiq edilmiş, normativ hüquqi aktların
hazırlanması, qəbul edilməsi qaydaları, onların əsas
prinsipləri və tələbləri müəyyən
edilmişdir.
Bu gün
əhalinin rahatlığının təmin edilməsi və
dövlət orqanlarının işinin daha səmərəli
təşkili üçün elektron xidmətlərin
göstərilməsi də mühüm əhəmiyyət kəsb
edir. Bu məqsədlə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" 2011-ci il 23 may tarixli fərmanı, həmçinin
2012-ci il 18 aprel tarixli sərəncamı ilə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron
Hökumət üzrə Dövlət Agentliyi
yaradılmışdır. Elektron hökumətin tətbiqi
dövlət qulluğunda şəffaflığın daha da
artırılmasına və məmur-vətəndaş əlaqələrinin
minimuma endirilməsinə şərait yaradacaqdır.
Dövlət
qulluğunun tarixinə nəzər salarkən aydın olur ki,
dövlət qulluğu cəmiyyətin idarə edilməsində
həmişə mühüm rol oynamış və bundan
sonra da mühüm rol oynayacaqdır. Çünki Azərbaycanın
sürətli inkişafı dövlət orqanlarının
qarşısında böyük vəzifələr qoyur.
Dövlət qulluğunun təkmilləşdirilməsinin və
yeniləşdirilməsinin əsas məqsədi ölkə vətəndaşlarının
yaşayış səviyyəsini yüksəltmək və
onların sosial rifahını təmin etməkdir. Bu məqsədə
nail olmaq üçün dövlət
qulluqçularının özlərinin də sosial müdafiəsi
ildən-ilə gücləndirilir, onların peşəkarlığının,
ən başlıcası, cəmiyyət və xalq
qarşısında məsuliyyətinin artırılması
üçün müvafiq tədbirlər görülür.
Dövlət qulluqçularının sosial təminatının
yaxşılaşdırılması onların daha səmərəli
fəaliyyəti üçün şərait yaradır.
Fərəhli
haldır ki, bu gün dövlət qulluqçularının
böyük əksəriyyəti müasir texnologiyaları
yaxşı mənimsəyən, idarəetmə səriştəsinə
malik peşəkar işçilərdir. Ümummilli lider Heydər
Əliyev tərəfindən əsası qoyulan və bu
gün cənab Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilən kadr siyasəti dövlətçiliyimizin
bütün sahələrində yeni düşüncəli,
savadlı, işgüzar, bacarıqlı, saf mənəviyyatlı,
yüksək təşkilatçılıq və
informasiyadan istifadə etmək qabiliyyətinə malik olan
kadrların hazırlanmasına, onların cəsarətlə
seçilib irəli çəkilməsinə böyük zəmin
yaradır. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təsdiq etdiyi Dövlət Proqramına əsasən,
hər il yüzlərlə gənc inkişaf etmiş xarici
dövlətlərin qabaqcıl ali təhsil müəssisələrində
idarəetmə ixtisasları üzrə təhsil alaraq ölkəmizə
qayıdırlar. Dövlət qulluqçuları da ölkə
rəhbərinin göstərdiyi böyük diqqət və
qayğını yüksək qiymətləndirir və onlara
göstərilən etimadı doğrultmağa
çalışırlar.
Dürdanə MƏMMƏDOVA,
Azərbaycan Respublikası Konstitusiya
Məhkəməsinin Konstitusiya hüququ
şöbəsinin müdiri, Dövlət Qulluğunun
İdarəetmə Şurasının üzvü
Azərbaycan.-2013.- 23 iyun.- S.3.