Elnur ASLANOV: Ölkəmizin tövsiyələri
2015-ci ildən sonrakı dövr
üçün qlobal gündəliyin
razılaşdırılması prosesinə mühüm
töhfə olacaqdır
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov
AzərTAc-a müsahibə vermişdir.
-
Keçən həftə Bakıda 2015-ci ildən sonrakı
dövrdə davamlı inkişaf məqsədlərinə
dair Azərbaycan ilə BMT arasında milli məsləhətləşmələrin
yekunlarına həsr edilmiş konfrans keçirilmişdir. Həmin
tədbirdə qeyd edilmişdir ki, Azərbaycan BMT-nin
Davamlı inkişaf məqsədlərinə dair milli məsləhətləşmələr
aparılması üçün seçilmiş 88 dövlət
sırasına daxildir. Siz bu proqramın mahiyyətinin nədən
ibarət olmasını və ölkəmizin həmin proqrama
nə töhfə verməsi nəzərdə
tutulduğunu izah edə bilərdinizmi?
- Problemlərin və vəzifələrin spesifikasını aydınlaşdırmaq üçün ilk növbədə bu proqramın tarixinə ekskurs etmək zəruridir. Məlum olduğu kimi, 2000-ci ildə BMT "Minilliyin inkişaf məqsədləri" adlı geniş miqyaslı və yetərincə mürəkkəb bir proqram qəbul etmişdir. Həmin proqramın həyata keçirilməsini 2015-ci ildə başa çatdırmaq nəzərdə tutulurdu. Dünyanın bütün ölkələri və inkişafı müəyyənləşdirən bütün aparıcı təşkilatlar tərəfindən qəbul edilmiş bu proqramda Minilliyin Bəyannaməsində ifadə olunmuş səkkiz məqsəd dəqiq göstərilmişdir. Prioritet məqsədlər arasında yoxsulluğun və aclığın aradan qaldırılması, ümumi ibtidai təhsilin təmin edilməsi, uşaq ölümünün azaldılması, HİV/QİÇS və digər xəstəliklərə qarşı mübarizə problemləri qeyd edilmişdi.
Lakin 2015-ci ildə BMT-nin "Minilliyin inkişaf məqsədləri" proqramı xeyli mürəkkəb danışıqlar prosesi və problemin addım-addım həlli fonunda başa çatır. Buna baxmayaraq bir sıra sosial məsələlər əvvəlki kimi qlobal xarakter daşıyır, bəşəriyyətin üzləşdiyi təbii problemlərin spektri genişlənir. BMT-nin 2012-ci ilin iyununda Rio-de-Janeyroda keçirilmiş "Rio+20" konfransı bu faktı nəzərə alaraq davamlı inkişafın məqsədlərinin ifadə edilməsi prosesinə start vermişdir. Bu prosesdə sosial problemlərin həlli ilə yanaşı, ekologiya və energetika məsələlərinə də toxunulacaq, hamı üçün daha təhlükəsiz, ədalətli, ekoloji təmiz və firavanlaşan dünyaya aparan yol müəyyən ediləcəkdir.
Bu gün Azərbaycan BMT-nin Davamlı inkişaf məqsədlərinə dair Milli Məsləhətləşmələr aparılması üçün seçilmiş 88 dövlət sırasına daxildir. Davamlı inkişaf məqsədlərinə dair təkliflər formalaşandan sonra yaradılacaq vahid sənədə Birləşmiş Millətlər Təşkilatının 193 üzvünün hamısının iştirakı ilə Baş Məclisin 68-ci sessiyasının iclasında (2013-2014-cü illər) baxılacaqdır.
Bu o deməkdir ki, ölkəmizin tövsiyələri 2015-ci ildən sonrakı dövr üçün qlobal gündəliyin razılaşdırılması prosesinə mühüm töhfə olacaqdır. Ölkəmizin təcrübəsi və inkişafın Azərbaycan modeli həmin qərarın qəbul edilməsinə imkan verən bir amil kimi əyani şəkildə nümayiş etdirir ki, davamlı inkişaf gənclərin inkişafı və təhsil şəraitinə, layiqli iş yerləri yaradılması məsələsinə xüsusi diqqət yetirilməklə problemin siyasi, iqtisadi, sosial və ekoloji aspektlərinin qarşılıqlı əlaqələrinə əsaslanır.
- Konfransda xatırladıldı ki, bu proqram hazırlanarkən 2000-ci ildən sonrakı dövrdə dünyada baş vermiş qlobal dəyişikliklər, habelə 2030-cu ilə qədər proqnozlaşdırılan dəyişikliklər nəzərə alınacaqdır. Qlobal inkişaf məsələləri ilə Azərbaycanın milli inkişaf proqramları arasında müəyyən paralellər vardırmı?
- Azərbaycan öz gələcəyini qlobal çağırışları və meylləri nəzərə almaqla qurur. Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyasının əsas məqamlarının BMT-nin Davamlı inkişaf məqsədlərinə uyğun olması buna dəlalət edir. Son illərdə Azərbaycanda sosial problemlərin səmərəli həlli istiqamətində böyük tərəqqi əldə edilmiş, əhalinin sosial müdafiəsi sistemi qabaqcıl beynəlxalq standartlara uyğun olaraq yenidən qurulmuşdur. Məsələn, Şərqi Avropa və MDB ölkələrinin əksəriyyətində inkişaf sürəti, bərabərlik və ekologiya arasında optimal tarazlığa çətinliklə nail olunduğu halda, Azərbaycanın bütün inkişaf proqramlarında belə bir ideya dəqiq ifadə olunmuşdur ki, Azərbaycanın gələcək inkişafı insan kapitalı təməli üzərində, ölkəmizdə formalaşmaqda olan innovasiyalı iqtisadiyyat fonunda qurulur.
Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, yaxşı hazırlıq keçmiş, mükəmməl təhsil almış gənc kadrlar Azərbaycanın biliklərə və innovasiyalara əsaslanan, müasir dünyanın tələblərinə və çağırışlarına cavab verən iqtisadi siyasətinin özəyini təşkil edəcəklər. Nəticə etibarilə inkişafın Azərbaycan modelində qlobal çağırışlar və regional meyllər nəzərə alınır. Beynəlxalq ekspertlər BMT-nin Davamlı inkişaf məqsədlərinə dair Milli Məsləhətləşmələr üçün seçim parametrlərindən söhbət açanda məhz bu məqamı vurğulayırlar.
Müstəqilliyin ilk dövründə Azərbaycanın vətəndaş müharibəsi və dərin iqtisadi böhranla üzləşməsinə, Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin ərazisinin beşdə bir hissəsinin işğal edilməsinə, bir milyondan çox azərbaycanlının öz torpaqlarından zorla qovulmasına və etnik təmizləmələrə baxmayaraq, ölkəmiz postsovet məkanında Minilliyin inkişaf məqsədlərinə nail olmuş ilk dövlətlər sırasındadır.
Məsələn, İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan insan potensialının inkişafında çox sanballı uğurlar qazanmışdır. BMT-nin İnsan potensialının inkişaf indeksi (Human Development Index) üzrə 2005-ci ildə 101-ci yeri tutan ölkəmiz qısa müddətdə xeyli irəliləyərək, 2010-cu ildə 67-ci mövqeyə çatmışdır. Bu, hesabatın əhatə etdiyi 169 dövlət arasında həmin indeks üzrə ən yaxşı göstəricidir.
Ötən on il ərzində
görülmüş işlərə nəzər salsaq,
görərik ki, 2003-cü ildə Azərbaycanın dövlət
büdcəsinin həcmi cəmi 2 milyard manat təşkil
etdiyi halda, bu gün müvafiq göstərici 24 milyard manat
civarındadır. 2003-cü ildə Azərbaycanda
adambaşına ÜDM cəmi 86 dollar olduğu halda, bu
gün həmin göstərici 7490 dollara bərabərdir. Digər tərəfdən,
son onillikdə Azərbaycan iqtisadiyyatına 130 milyard dollar
investisiya qoyulmuşdur.
Azərbaycanın
sürətli iqtisadi inkişafında neft sektoru mühüm
rol oynasa da, qeyri-neft sektoru ümumi iqtisadi artımda getdikcə
irəli çıxır. Belə ki, 2013-cü ilin yanvar-may
aylarında Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna
investisiyaların həcmi 3,917 milyard manat və ya ölkə
iqtisadiyyatına investisiyaların ümumi həcminin 68 faizi qədər
olmuşdur.
Yadda
saxlamaq lazımdır ki, ölkəmizə xarici investisiyalar
axını Azərbaycanın öz üzərinə
götürdüyü öhdəlikləri yerinə yetirən
etibarlı tərəfdaş imici ilə birbaşa
bağlıdır.
2013-cü
ilin birinci rübündə Azərbaycan iqtisadiyyatına xarici
investisiyaların həcmi 2,8 milyard dollar və ya keçən
ilin müvafiq dövrünün göstəricisindən 17,7
faiz çox olmuşdur. Bununla yanaşı, dünya
geoiqtisadiyyatında və geosiyasətində xarici
investisiyaların mühüm rolunu nəzərə alan Azərbaycan
müxtəlif ölkələrin iqtisadiyyatının
perspektivli sahələrinə bilavasitə sərmayə qoymaq
məsələlərini fəal araşdırır. Məsələn,
Yunanıstanın DESFA qaz nəqletmə sistemi operatorunun
özəlləşdirilməsi nəticəsində Azərbaycan
Avropanın inkişaf etmiş ölkələrindən birinin
qaz bazarına nəzarət edəcək, eyni zamanda öz
qazını Yunanıstana ixrac etmək imkanı
qazanacaqdır.
Bu
baxımdan Türkiyənin energetika və neft-kimya seqmentlərinə
sərmayə qoyulmasını da qeyd etməliyik. Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2018-ci
ilə qədər bu ölkəyə təqribən 17 milyard
dollar sərmayə qoymağı, bununla da qardaş Türkiyənin
ən iri xarici sərmayədarlarından birinə çevrilməyi
planlaşdırır. Bu vəsait TANAP Transanadolu qaz kəmərinin
çəkilişinə, neftayırma zavodu, 1000 meqavat
gücündə elektrik stansiyası, habelə Türkiyədə
ən iri limanın tikilməsinə sərf ediləcəkdir.
Nəticədə Türkiyənin ən iri neft-kimya şirkəti,
səhmlərinin nəzarət paketi ARDNŞ-ə məxsus
olan Petkim Avropaya neft-kimya məhsulları ixracını xeyli
artırmaq imkanı əldə edəcəkdir.
Həyata
keçirilən iqtisadi siyasət, neft gəlirlərinin səmərəli
idarə edilməsi nəticəsində artan iqtisadi göstəricilər
və onlardan qeyri-neft sektorunun inkişafı üçün
istifadə olunması ölkə əhalisinin sosial
rifahının artmasına təsir edir. Azərbaycanın
humanitar yardım alan dövlətdən donor dövlətə
çevrilməsi üçün zəmin yaradır. Ölkəmizin
iqtisadi vəziyyətinin əsaslı şəkildə
yaxşılaşması, iqtisadi artımın sabit sürətinin
və deməli, maliyyə imkanlarının əhəmiyyətli
dərəcədə genişlənməsinin təmin edilməsi
Azərbaycanın beynəlxalq inkişafa kömək edə
bilməsi üçün ən mühüm şərtdir.
- Azərbaycan
regionda lider dövlətə, qlobal əhəmiyyətli
regional layihələri birləşdirən aparıcı
iqtisadi qüvvəyə çevrilmişdir. Müxtəlif
analitik agentliklərin statistik məlumatları da bu faktı təsdiqləyir.
Lakin bəzi sosial problemlərin həll edilmədiyi,
torpaqlarımızın 20 faizinin işğal altında
olduğu, bu ərazilərin azad edilməsi və bərpası
üçün milyardlarla vəsait ayrılması zəruri
olduğu bir şəraitdə Azərbaycanın humanitar
yardımın resipiyentindən donora çevrilmək istəyi
nə dərəcədə əsaslıdır?
- Bu məsələ
vəziyyətin təhlil edilməsi və əsaslandırılmış
qərar qəbul edilməsi məqsədilə
aparılmış çoxsaylı diskussiya və məsləhətləşmələrin
ahəngini əks etdirir. Təbii ki, uğurlarla yanaşı
problemli məqamlar da vardır. Bununla əlaqədar qeyd etmək
lazımdır ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin bu günə qədər
nizamlanmaması ölkəmizin inkişafında ən
böyük problemdir. Lakin ilk növbədə, bir məsələni
aydınlaşdırmaq lazımdır ki, humanitar
yardımın resipiyentindən donora çevrilmək Azərbaycanın
milli maraqlarına aidiyyəti olmayan kor-koranə
"filantropiya" fəaliyyətinin həyata keçirilməsi
kimi başa düşülməməlidir.
Əslində
biz ondan danışırıq ki, Azərbaycan məhz
özünün sosial-iqtisadi inkişafı naminə xarici
şəraitə əlverişli təsir göstərmək
üçün sanballı resurs imkanlarını akkumulyasiya
etmək iqtidarındadır.
Sirr
deyildir ki, Azərbaycan ayrı-ayrı dövlətlərin
hakimiyyət orqanlarının təkbaşına öhdəsindən
gələ bilmədiyi təbii fəlakətlərin və
antropogen qəzaların nəticələrinin aradan
qaldırılmasına kömək göstərir. Məsələn,
keçən il Qəzzə bölgəsində hərbi
münaqişələr nəticəsində yaranmış
humanitar böhranın nəticələrinin aradan
qaldırılması məqsədilə Fələstin
xalqına maddi yardım göstərilmişdir. Azərbaycan
İordaniya ərazisində özlərinə
sığınacaq tapmış Suriya qaçqınlarına
da maliyyə yardımı göstərmişdir. İslam
İnkişaf Bankı ilə əməkdaşlıq şəraitində
Afrikanın 9 ölkəsində görmə qabiliyyətinin
itirilməsinə qarşı mübarizə kampaniyası
keçirilməsi haqqında saziş əldə
edilmişdir. Quraqlıqdan əziyyət çəkən
Burkina-Faso dövlətinə, habelə su və ərzaq ilə
bağlı problemlərlə üzləşmiş Komor
adaları sakinlərinə maliyyə yardımı
ayrılmışdır.
Azərbaycan
başqa dövlətlərə humanitar yardım göstərməklə
bərabər, dünya mədəni irsinin qorunması sahəsinə
də sanballı töhfə verir. Bu baxımdan ölkəmizin
münasib beynəlxalq imicinin formalaşmasına, habelə Azərbaycanın
mənafelərinin qorunmasına xidmət edən Heydər Əliyev
Fondunun xeyriyyəçilik diplomatiyasını xatırlatmaq zəruridir.
Məsələn,
bu fond xətti ilə dünya tarixi irsinin qorunması üzrə
bir sıra iri layihələr həyata keçirilmişdir.
Fransada bir neçə tarixi abidənin, o cümlədən
X-XII əsrlərə aid yeddi kilsənin, Versal sarayında iki
tarixi abidənin, Strasburqun mərkəzində yerləşən
kafedral kilsənin, habelə Roma katakombalarının bərpasına
maliyyə dəstəyi göstərilmişdir.
Lakin bu cür kömək fonunda Azərbaycanın mənafelərinə birbaşa aidiyyəti olan problemlərin həlli üçün dəstəyi də qeyd etmək lazımdır. Nümunə kimi, Əfqanıstanda sülhün və təhlükəsizliyin bərpası üçün səyləri göstərmək olar. Əfqanıstanda permanent siyasi, iqtisadi-sosial böhran vəziyyəti davam edərsə, bu, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda sabitliyi pozan çox ciddi amilə çevrilə bilər. Ölkəmiz bu faktı nəzərə alaraq öz hərbi kontingentinin köməyini də əsirgəmir. Azərbaycan silahlı qüvvələri İSAF proqramı çərçivəsində fəaliyyətini davam etdirir, hava və quru vasitəsilə nəzərəçarpacaq tranzit dəstəyi göstərir. Bundan əlavə, ərazilərin minalardan təmizlənməsi, təhsil sahəsində ikitərəfli humanitar proqramların həyata keçirilməsi fonunda fövqəladə vəziyyət şəraitində fəaliyyət göstərən kadrlar hazırlanması sahəsində də əməkdaşlıq davam edir.
Beləliklə, deyə bilərik ki, Azərbaycan qlobal tərəfdaşlığın ciddi və sabit iştirakçısı kimi dünya siyasi sistemində öz mövqelərini addım-addım möhkəmlədir. Yoxsulluğun miqyasının azaldılmasına, səhiyyə və təhsilin inkişafına, kişilərin və qadınların bərabərliyinə, ətraf mühitin qorunmasına nail olmaq üçün əlverişli şərait yaradır.
Nəticə etibarilə, yuxarıda göstərilən
problemlərin həlli sahəsində Azərbaycanın bu
gün malik olduğu təcrübə qlobal inkişaf məqsədləri
üçün qlobal tərəfdaşlığa unikal
töhfədir. Başqa dövlətlər üçün
maraq doğuran bu təcrübə beynəlxalq inkişafa
kömək tədbirlərinin milli mənafelərin təmin
edilməsi elementinə çevrilməsi mexanizmini
nümayiş etdirir.
Azərbaycan.-2013.- 25 iyun.- S.3.