Demokratik inkişafın Azərbaycan modeli
Avropa Komissiyasının sədri Xose Manuel BARROZU: "Prezident Əliyev suveren Azərbaycanın rəhbəri kimi ölkəsinin müasirləşdirilməsinə olduqca sadiqdir. O bu ölkənin imici və nüfuzuna xüsusi diqqətlə yanaşır. Ölkə isə həqiqətən çox mühüm irəliləyişə nail olub"
"Demokratiyanın müdafiəsi" bayrağı altında ölkələrin daxili işlərinə kobudcasına qarışmaq, onlara siyasi təzyiq göstərmək, seçki proseslərinin, vətəndaş hüquqları və azadlıqlarının vəziyyətinin qiymətləndirilməsində ikili standartları zorla qəbul etdirmək cəhdləri demokratik dəyərləri universallaşdırmaq işinə ziyan vurur. Beləliklə, sual doğur: indən belə sivilizasiyalılığı və barbarlığı, təqsirin dərəcəsini və cəzanın həddini müəyyən etmək hüququ kimə və hansı prinsiplər əsasında verilmişdir?"
Akademik Ramiz MEHDİYEV
Obyektiv zərurətdən irəli gələrək zamanın diktəsi ilə şərtlənən mühüm siyasi qərarların qəbulu, ilk növbədə, cəmiyyətdəki mütləq çoxluğun arzu və istəklərini, sosial gözləntilərini özündə ifadə edir. Xalqın tarixi keçmiş, bu gün və gələcəklə bağlı düşüncələrindən qaynaqlanan həmin qərarlar həm də dövlətin uğurlu sabahı, davamlı tərəqqisi üçün möhkəm təmələ çevrilir. Yeni Azərbaycan Partiyasının V qurultayında ölkə başçısı İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarına da məhz bu prizmadan yanaşmaq lazım gəlir.
Mövcudluq tarixinin ən qüdrətli Azərbaycanı
Bu qərar, təkcə iqtidarda olan, 600 min insanı sıralarında birləşdirən, ictimai-siyasi proseslərdə dominant qüvvə kimi çıxış edən hakim partiyanın deyil, ilk növbədə, müstəqil Azərbaycanın son 20 ildə keçdiyi qərinələrə bərabər inkişaf yolunun uğurlarını obyektiv dəyərləndirən, davamlı tərəqqi, yüksək sosial rifah və demokratikləşmə baxımından hazırkı siyasi kursun alternativsizliyini dərk edən, sabahına biganə olmayan insanların azad iradəsindən qaynaqlanır. Son 10 il ərzində əldə olunan yüksək inkişaf trendi - cəmiyyətin daha sürətli mənəvi-intellektual tərəqqi yoluna qədəm qoyması, dövlətin heyrətamiz iqtisadi uğurlara imza atması, yürüdülən müstəqil xarici siyasət və digər çoxsaylı uğurlar orta statistik azərbaycanlının 2013-cü ilin prezident seçkiləri ilə bağlı seçimini də dəyişməz edir. Bu seçim, ilk növbədə, onunla şərtlənir ki, Azərbaycan dövləti özünün mövcudluq tarixində heç zaman indiki kimi qüdrətli, güvənli, istiqrarlı olmamışdır.
Dünyanın
siyasi arxitekturasını müəyyən edən dövlətlər
özlərinin yüzilliklərlə, hətta minilliklərlə
ölçülən mövcudluq tarixlərində heç
də sabit və davamlı inkişaf yolu keçməmiş,
bəzən hətta tənəzzül və iflas həddinə
çatmış, böyük faciələrin astanasından
geri dönmüşlər. Bu fikri zəngin dövlətçilik
ənənələrinə, qədim tarixə malik Azərbaycan
haqqında da söyləmək olar. Xalqımız müxtəlif
əsrlərdə daxildən gələn yüksək potensiya
ilə müstəqil dövlət qurmaq, azad yaşamaq istəsə
də, bəzən buna nail olmamış, bəzən də
qanı, canı bahasına əldə etdiyi müstəqilliyini
qoruyub saxlaya bilməmişdir. Dövlətçilik
yaddaşımızda xoş xatirə kimi parlayan, Şah
İsmayıl Səfəvinin müəllifliyi ilə
xalqın milli maraqlarının, azərbaycanlı etnosunun
yaradıcılıq potensialının ifadəsi kimi ortaya
çıxan Səfəvilər dövləti də erkən
itirdiyimiz ilk belə şansımız olmuşdur. Belə bir
imkanın itirilməsinə, Səfəvilər dövləti
modelində geniş ərazi hüdudlarına malik qüdrətli
Azərbaycan dövlətinin gələcəyini təmin edə
biləcək vasitələrin hazırlanmamasına, bu gün
sadəcə, təəssüflənə bilirik. Fəqət,
böyük tarixi şəxsiyyət olan I Şah
İsmayılın hərbi-siyasi fəaliyyəti nəticəsində
mərkəzləşmiş Səfəvi dövlətinin
yaranması ilə Azərbaycanda milli dövlətçilik təfəkkürünün
formalaşması prosesi bir qədər də sürətlənmişdir.
Xalqın ilk dəfə olaraq vahid dövlətin tərkibində
birləşməsi, mərkəzləşdirilmiş
iqtisadi-təsərrüfat sisteminin yaranması dövlətçilik
təfəkkürünün formalaşmasına əhəmiyyətli
dərəcədə təsir göstərmişdir. Səfəvilərin
hakimiyyəti dövründə dövlətçiliklə
bağlı bütün məsələlər millilik zirvəsinə
ucalmışdır.
Azərbaycanın
tarix, fəlsəfə, politologiya elmlərində Əliyevşünaslıq
irsini elmi cəhətdən sistemləşdirən, onun tədqiqat
təmayüllərini müəyyənləşdirən
görkəmli dövlət xadimi və alim Ramiz Mehdiyevin ilk Mərkəzləşmiş
Azərbaycan dövləti olan Səfəvilər dövləti
haqda qələmə aldığı fundamental elmi əsərlər
- "Şah İsmayıl ali məramlı tarixi şəxsiyyət
kimi" və "Tarixi idrakın elmiliyi problemlərinə
dair" məqalələr özünün yüksək
ideya siqləti, elmiliyi, tarixi-ensiklopedik səciyyə
daşıması ilə diqqət çəkir. Milli tarixə,
Azərbaycan xalqının tarixi şəxsiyyətlərinə
maraqlı münasibətin yaranmasına təkan verən, cəmiyyətdə
böyük rezonansa, faydalı müzakirə və
diskussiyalara səbəb olan bu dəyərli əsərlərdə
hörmətli akademik Azərbaycanın ən yeni tarixində
Heydər Əliyev dühası ilə Şah İsmayıl Səfəvi
fenomeni arasında paralellər aparır, hər iki şəxsiyyətin
xalq qarşısındakı xidmətlərinin oxşar cəhətlərini
böyük peşəkarlıqla göstərir. Azərbaycan
Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz
Mehdiyev haqlı olaraq yazır: "Formalaşmaqda olan
informasiya cəmiyyətində zaman gələcəyə
istiqamətlənmişdir. Bizim gələcəklə
maraqlanmağımızın əsas səbəbi budur. Lakin gələcəyi
öncədən görmək üçün bu
günümüz barədə aydın təsəvvürümüz
olmalıdır, eyni zamanda, keçmişin dərslərini
unutmamalıyıq. Biz bunu istəsək də, istəməsək
də hər birimiz keçmiş dövrün
yükünü daşıyırıq və bu yükdən
yaxa qurtarmaq qeyri-mümkündür. Zaman isə insan
şüuruna xas olan dəyişikliklərin - yaranma, təşəkkül,
cərəyan etmə və yoxolma mərhələlərinin
- qavranılması formasından başqa bir şey deyildir.
Buna görə də deyə bilərik ki, insan həm təbiətdə,
həm də bəşər tarixində baş vermiş hadisələrdən
asılıdır".
Yeni ictimai-iqtisadi münasibətlər sisteminə
uğurlu transformasiya
Tarixən
Azərbaycanı vahid ərazi hüdudlarında birləşdirməyə
çalışan, hətta qısa müddətə buna
müvəffəq olan dövlətlərdən heç biri
hazırkı müstəqil respublikamızla müqayisə
edilmək imkanında deyillər. Əlbəttə,
danılmaz reallıqdır ki, ötən əsrin əvvəllərində
yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müsəlman
Şərqində ilk demokratik respublika kimi 23 aylıq
mövcudluğu ilə bugünkü müstəqil Azərbaycan
dövlətinin sələfinə çevrilərək gələcək
müstəqilliyimizin zəruri şərtlərini təmin
etmişdir. Lakin obyektiv səbəblərdən ölkəmizin
nəinki tarixi coğrafiyasına, hətta Qərbinə,
Şimalına belə tam nəzarət etmək, müxtəlif
etnosları vahid ideologiya ətrafında birləşdirib superetnos
yaratmaq gücündə olmayan Cümhuriyyəti milli dövlətçilik
təfəkkürümüzün daha çox metaforik təzahürü
kimi nəzərdən keçirənlər, bu mənada, kifayət
qədər haqlı görünürlər.
Tarixi
reallıqlar sübut edir ki, hazırkı müstəqil,
suveren, qüdrətli Azərbaycan xalqımızın ən
böyük şansı - özünüifadə və
özünütəsdiq imkanıdır. Ötən əsrin
90-cı illərinin əvvəllərində dünyada soyuq
müharibənin başa çatması, məşhur sosioloq
Alvin Tofflerin təbirincə desək, "demokratiyanın
üçüncü dalğası" fonunda meydana
çıxan mürəkkəb proseslərin, o cümlədən
mili-azadlıq hərəkatının nəticəsi kimi
istiqlaliyyətini bərpa etmək şansı qazanmış
Azərbaycan müstəqilliyin ilk illərində məhz Heydər
Əliyev fenomeninin rəhbərliyi altında böyük faciələrdən,
məşəqqətlərdən qurtularaq özünün
milli inkişaf yoluna qədəm qoymuşdur.
Müasir
Azərbaycanın 1993-cü ilin 15 iyunundan başlanan yeni
inkişaf tarixi - respublikanın böyük iqtisadi, siyasi,
hüquqi, sosial, mədəni islahatlar həyata keçirməsi,
özünəməxsus milli inkişaf modelini
formalaşdırması, dünya miqyasında layiqli yerini
tutması, müstəqil siyasət yürütməsi ilə
səciyyəvidir. Bu tarixin cənab İlham Əliyevin
prezidentliyi dövrünə təsadüf edən son 10 ilində
isə respublikamız zamanı qabaqlayan inkişaf tempi ilə
dünyanı heyrətləndirmişdir. 2003-cü ildə xalqın
böyük dəstəyi ilə hakimiyyət estafetini
götürən cənab İlham Əliyevin ötən illərdəki
çoxşaxəli fəaliyyətinin qayəsində məhz
milli ideyaların gerçəkləşdirilməsi
dayanır. Dövlət başçısı ulu öndər
Heydər Əliyevin irəli sürdüyü inkişaf
strategiyasını inamla davam etdirməklə yanaşı,
yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş,
sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin
paralel şəkildə aparılmasına, birinin digərini
tamamlamasına çalışmışdır. Cənab
İlham Əliyevin prezidentliyi dövründə məhz bu
postulat əsas götürülmüş, iqtisadiyyat həyata
keçirilən çoxşaxəli islahatların əsas
ağırlıq mərkəzini, nüvəsini təşkil
etmişdir.
Başqa
sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik
möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə
Azərbaycanın müasir dövlətə çevrilməsini
və tam müstəqil siyasət yürütməsini milli
ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.
İqtisadi məsələlərə xüsusi diqqətin
ayrılması da əsaslı yanaşma olaraq dövlət
müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin
davamlı inkişafı üçün zəmin
hazırlamaq məqsədindən irəli gəlmişdir.
Ötən illərdə respublika iqtisadiyyatında islahatlar
kursu inamla davam etdirilmiş, xüsusən də regional
inkişafa, qeyri-neft sektorunun yüksəlişinə,
infrastrukturun müasirləşdirilməsinə, neft amilindən
asılılığın azaldılmasına,
sahibkarlığın inkişafına və güclü insan
kapitalının formalaşdırılmasına xidmət edən
mühüm addımlar atılmışdır.
Azərbaycanı
nəinki Cənubi Qafqaz regionunda, ümumilikdə Avratlantika
geosiyasi arealında öz sözü və mövqeyi olan, səmərəli
iqtisadi təşəbbüslərin müəllifi kimi
tanınan dövlətə çevirən cənab İlham Əliyevin
yürütdüyü siyasət dövlət
başçısının xalqın, dövlətin gələcək
inkişafı ilə bağlı aydın baxışlara
malik olduğunu göstərir. İqtisadi-siyasi
liberallaşmaya və demokratikləşməyə xidmət
edən islahatların dərinləşdirilməsi, hər bir
vətəndaşın layiqli, yüksək həyat şəraitinin
təmin edilməsi milli ideyanın mahiyyətində qərarlaşmış
praktik məqsədlərdir. Prezident İlham Əliyev daxildə
möhkəm ictimai-siyasi sabitliyə, qanunçuluğa nail
olmadan, hüquqi dövlət və vətəndaş cəmiyyəti
quruculuğu yolunda kompleks addımlar atmadan xarici siyasət sahəsində
hansısa uğurlu nəticələr əldə etməyin
qeyri-mümkünlüyünü dəfələrlə
bildirmişdir.
İyunun
21-də Bakıda BMT-nin təşkilatçılığı
ilə keçirilmiş "Azərbaycanda 2015-ci ildən
sonrakı dövr üçün milli məsləhətləşmələrin
nəticələrinin təsdiqi" mövzusunda konfransda
çıxış edən Prezident Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin bildirdiyi kimi, son illər Prezident İlham Əliyevin
rəhbərliyi altında əldə edilən sosial, iqtisadi və
siyasi uğurlar Azərbaycanı beynəlxalq sistemin vacib amilinə
çevirmişdir. Azərbaycanın həyata keçirdiyi
siyasi strategiyanın mahiyyəti və məqsədləri
milli çərçivəni aşaraq bəşəriyyətin
gələcəyi naminə uzunmüddətli inkişafın
təmin edilməsinə xidmət edir. Prezident İlham Əliyevin
inam və əzmkarlıqla həyata keçirdiyi siyasi xətt,
davamlı islahatlar Azərbaycan iqtisadiyyatının rəqabətə
davamlılığını artırmış, insan
inkişafı indeksində yüksəlişini təmin
etmiş, sürətlə irəliləyən azsaylı
dünya ölkələrindən birinə
çevirmişdir. Bu siyasət 2015-ci ildən sonra da indiki
sosial-iqtisadi inkişaf tempini qorumaqla Azərbaycanın
sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələyə
qədəm qoymasını təmin edir.
Akademik
Ramiz Mehdiyev haqlı olaraq vurğulamışdır ki,
Minilliyin İnkişaf Məqsədlərinə nail olmaqla Azərbaycan
insan kapitalını yüksək inkişaf səviyyəsinə
çatdıra bilmişdir: "2015-ci ildən sonrakı
dövrdə Azərbaycanın inkişafının əsasını
insan kapitalı təşkil edəcəkdir. Bu o demək
deyildir ki, Azərbaycan enerji dövləti kimi əhəmiyyətini
itirəcəkdir. Əksinə, ölkəmiz
inkişafının yeni əsaslarını təyin edərək
biliklərə və innovasiyalara əsaslanan, qloballaşan
dünyanın müasir tələb və
çağırışlarına cavab verən
iqtisadiyyatını təkmilləşdirəcəkdir".
Prezident
Administrasiyasının rəhbəri həmçinin qeyd
etmişdir ki, Azərbaycanda qurulan iqtisadi model öz humanizmi ilə
sosial bazar konsepsiyasına, insan kapitalına əsaslanan bilik
iqtisadiyyatı fəlsəfəsinə, əhatəliliyinə,
davamlı inkişaf prinsiplərinə və maraqların
uzlaşdırılmasına görə isə sosial korporatizmə
uyğun gəlir. Bu model qeyri-adiliyi ilə sosial-iqtisadi və
mədəni inkişafı balanslı və əhatəli
şəkildə təmin edir, ekoloji tarazlığı
qoruyur və cəmiyyətin siyasi sabitliyi üçün zəmin
kimi çıxış edir. Bunun nəticəsidir ki, Azərbaycan
Davamlı İnkişaf Məqsədləri (DİM) üzrə
Milli Məsləhətləşmələr aparmaq
üçün seçilən 80 ölkədən biridir.
2012-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü
ilə qəbul edilmiş "Azərbaycan 2020: gələcəyə
baxış" İnkişaf Konsepsiyası və BMT-nin
Davamlı İnkişaf Məqsədləri arasında
uyğunluğun olması onu göstərir ki, Azərbaycan
dövləti öz inkişafını qlobal
çağırışlar və təmayüllər nəzərə
alınmaqla qurur. Minilliyin İnkişaf Məqsədləri
çərçivəsində Azərbaycan dövləti əldə
etdiyi uğurları 2015-ci ildən sonra Davamlı
İnkişaf Məqsədlərinə uyğun şəkildə
daha da irəli aparacaqdır.
Böhran yaşayan Avropanın
"göz dağı"
Azərbaycan müstəqillik illərindəki
yüksək iqtisadi, siyasi, hüquqi və mədəni
inkişafı ilə ona "geridə qalmış Şərq
ölkəsi" yarlığını yapışdırmaq
istəyən qüvvələrin məkrli niyyətlərini
hər zaman puç etmiş, sivil Avropa dəyərlərinə
sadiqliyini sübuta yetirmişdir. Fəqət,
respublikamızın regionda tam müstəqil siyasət yeritməsi
və əsas söz sahiblərindən birinə çevrilməsi,
Avropanın enerji təhlükəsizliyində aparıcı
ölkələrdən olması, qlobal böhrandan sarsılan
ölkələrin iqtisadiyyına sərmayə qoyaraq
onları labüd iflasdan sığortalaması bu geosiyasi məkanda
müəyyən dairələri, o cümlədən bəzi
dövlətləri bərk narahat edir. Onlar ərazi və əhali
baxımından nisbətən kiçik olan Azərbaycanın
Avropa məkanında yeni iqtisadi və siyasi fenomenə
çevrilməsini, inkişaf etmiş ölkələrlə
bir cərgədə dayanmaq iddiasını qətiyyən
"həzm edə" bilmirlər.
Regionda
müstəqil siyasət yürüdən, geosiyasi təzyiqləri
inamla dəf edən respublikamıza təzyiq
"rıçaqlarını" itirmələri ilə
barışa bilməyən müəyyən əcnəbi
qurum və təşkilatlar "demokratiya bayrağı"
altında ənənəvi spekulyasiyalarından əl çəkmək
istəmirlər. Son 10 ildə "Amnesty İnternational",
"Fredoom House", "Article-19", "Human Rights
Watch", "Norveç İnsan Haqları Evi" kimi təşkilatların
hesabatlarında Azərbaycanla bağlı ifrat qərəzin
yer alması, kiçik nöqsanların həddən artıq
şişirdilməsi ölkə ictimaiyyəti
üçün, müəyyən mənada, adiləşmişdir.
"Demokratiya çətiri" altında hələ də
özünün imperialist ekspansiya siyasətini yürüdən,
geosiyasi və iqtisadi maraqları ətrafında reveranslar edən
bəzi aparıcı dövlətlərin, eləcə də
müəyyən təşkilatların "ikili
standartları" isə nəinki demokratik ideallara kölgə
salmış, hətta beynəlxalq hüququ iflic duruma gətirmişdir.
Müstəqil Azərbaycan belə ədalətsiz təsirləri,
təzyiq cəhdlərini daim öz üzərində hiss etsə
də, onları əzmlə neytrallaşdırmış,
demokratik inkişafın yalnız hüquqi, siyasi və iqtisadi
islahatların paralelliyi şəraitində, təkamül nəticəsində
mümkünlüyünü öz təcrübəsində
sübuta yetirmişdir.
Azərbaycan
əleyhinə ənənəvi çirkin kampaniyaya son illərdə
Avropa və dünya miqyasında müəyyən nüfuza
malik təşkilatların da qoşulması, sadəcə, təəssüf
hissi doğurur. Xüsusən də Avropa
İttifaqındakı məlum dairələrin nümayiş
etdirdiyi nihilist mövqenin erməni lobbisinin maraqları ilə
tam uzlaşdığı aydın sezilir. Xatırladaq ki, hələ
2012-ci ilin mayında təşkilatın Azərbaycanla
bağlı qəbul etdiyi "İnsan hüquqları,
demokratiya və hüququn aliliyinin pozulmasına dair" qətnamə
ölkə ictimaiyyətinin haqlı narazılığı
ilə qarşılanmışdı. Sənəddə Azərbaycanda
guya "Söz və mətbuat, sərbəst toplaşmaq
azadlıqlarının həyata keçirilməsi ilə
bağlı problemlərin mövcudluğu"
vurğulanırdı. Məsələnin absurd tərəfi həm
də ondan ibarət idi ki, Avropa Parlamentinin 5
fraksiyasının üzvlərinin iştirakı ilə
keçirilən toplantıda qurumun 754 deputatından cəmi
56-sı iştirak etmiş, onların isə 49 nəfəri sənədin
lehinə səs vermişdi. Avropa Parlamentinin təxirəsalınmaz
prosedurları çərçivəsində, təxminən
30 dəqiqə davam edən dinləmələr nəticəsində
tələm-tələsik qəbul edilmiş qətnamədə
çoxsaylı yanlışlıqların,
yoxlanılmamış müddəaların əksini
tapması onun qərəzliliyinə şübhə yeri
qoymurdu.
Azərbaycanla
bağlı qərəzli qətnamənin "təxirəsalınmaz
məsələ" kimi gündəmə gətirilməsinin
özü də normal məntiqə sığmırdı. Əslində,
iqtisadi böhranın dərinləşdiyi, sosial problemlər
səbəbindən kütləvi iğtişaşların
baş verdiyi, aksiyaların son zərurət həddini aşan
vasitələr - rezin güllələr, "bibər
qazı" ilə dağıdıldığı
Yunanıstan, İspaniya, İtaliya, Almaniya və digər
Avropa ölkələrindən fərqli olaraq Azərbaycanda
qeyri-adi, "təxirəsalınmaz" müzakirəyə
ehtiyac duyulan hansısa fövqəlhadisə baş verməmişdi.
Avropa İttifaqının həmin "qətnaməsi",
sadəcə, "Evrovizon-2012" musiqi yarışması ərəfəsində
respublikamızın nüfuzuna zərbə vurmaq, onu ləkələmək
cəhdindən savayı nəsə deyildi. 20 ildən
artıq müddətdə bir milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkünün
hüquqlarının pozulmasına biganə mövqe
nümayiş etdirən bir qurum ciddi araşdırma aparmadan əsassız
bir qətnamə qəbul etmişdi.
Sirr deyil
ki, bu gün də Avropa dövlətlərinin əksəriyyətində
iqtisadi böhranla əlaqədar insanların sosial və
mülki hüquqlarının təminatına qarşı
yönəlmiş tədbirlər həyata keçirilir.
İnsanlar iş yerlərini itirir, dövlət
qulluqçularının maaşları azaldılır,
pensiya yaşı yüksəldilir. Bütün bunların
fonunda Azərbaycanın analoqu olmayan dinamik iqtisadi inkişaf
yolu keçməsi, görünür, Avropada bəzi dövlətləri,
qüvvələri əməlli-başlı
qayğılandırır. Onlar ənənəvi olaraq insan
hüquq və azadlıqları mövzusunda
manipulyasiyalarını davam etdirirlər. Halbuki, hazırda əksər
Avropa ölkələrində insan hüquq və
azadlıqlarının təminatı ilə bağlı ciddi
və total problemlər mövcuddur, bu dövlətlərdə
korrupsiyanın tüğyan etməsi də inkaredilməz həqiqətdir.
Hətta Avropanın bu gün də ən nüfuzlu liderlərindən
sayılan Jak Şirak, Nikola Sarkozi, S.Berluskoni və onlarla belə
dövlət xadimi korrupsiyada ittiham olunur, sonuncu barəsində
isə hətta məhkəmə hökmü də
çıxarılmışdır.
Azərbaycanın
tolerantlığın və multikultirializmin ən mükəmməl
modelinə çevrildiyi zamanda Avropada siyasi, milli-etnik və
dini dözümsüzlüyün özünü qabarıq
göstərməsi bu ölkələrdə mənəviyyat
problemlərini də kəskinləşdirmişdir.
Əksər
Avropa dövlətlərində müsəlmanlar
açıq-aşkar təqib olunur, dini inanclarına görə
təhqir edilir, sıxışdırılırlar. Bir
sıra terror aktlarının məhz müsəlmanlara
qarşı həyata keçirilməsi bu geosiyasi arealda
ekstremist millətçilik və "islamafobiya" əhval-ruhiyyəsinin
gücləndiyini təsdiqləyir. Müxtəlif insanlar və
dövlətlər tərəfindən törədilən
analoji hadisələrə əks münasibətlərin sərgilənməsi
də özünü "ikili standart"ların bariz
nümunəsi kimi göstərir. Məsələn, ötən
il Norveçdə 77 nəfəri qətlə yetirən, məhkəmədə
öz çirkin əməlindən peşman
olmadığını və daha çox insanı, habelə
müsəlmanı öldürə bilmədiyindən təəssüfləndiyini
bildirən Anders Breyvik cəmi 21 il müddətinə
azadlıqdan məhrum edildiyi halda, güclü affekt vəziyyətində
bir erməni zabitini qətlə yetirdiyinə görə
Macarıstanda ədalətsiz olaraq ömürlük həbs cəzasına
layiq görülmuş Ramil Səfərovun Azərbaycana
ekstradisiya olunması və qanuni prosedurlar çərçivəsində
əfv edilməsi Avropa İttifaqının növbəti qərəzli
bəyanatı ilə qarşılanmışdı. Ötən
il sentyabr ayının 13-də Avropa Parlamentinin 754
üzvündən cəmi 76 nəfərinin iştirakı ilə
(onlardan da 58 nəfərin sənədin lehinə, 13 nəfərin
isə əleyhinə) qəbul olunmuş qətnamədə
"Ramil Səfərovun Azərbaycanda qəhrəman kimi
qarşılanması, ona mayor rütbəsi verilməsi və
8 illik maaşının ödənilməsindən, onun gələcək
nəsillərə qoyacağı nümunədən"
narahatlıq ifadə olunurdu. Lakin nədənsə Avropa
parlamentariləri Azərbaycan torpaqlarının 20 faizinin hələ
də işğal altında olmasını, bir milyondan
artıq azərbaycanlının qaçqın və məcburi
köçkün vəziyyətində yaşamasını,
Xocalıda və digər ərazilərdə törədilmiş
soyqırımı aktlarını, bütün
dünyanın terrorçu kimi tanıdığı
M.Melkumyanın azadlığa buraxılaraq Ermənistanın
"milli qəhrəmanı" adına layiq görülməsini
"gələcək nəsillərə nümunə"
hesab etməmişdilər.
Nəhayət,
2013-cü il iyunun 13-də Avropa İttifaqı Azərbaycana
qarşı növbəti qərəzli qətnaməsini qəbul
etmişdir. Cəmi 32 ermənipərəst deputatın səsverməsi
ilə qəbul olunmuş bu qətnamənin prezident
seçkiləri ərəfəsində respublikamıza
qarşı şantaj və təhdid niyyəti
güddüyünü xüsusi vurğulamağa ehtiyac yoxdur.
Qarabağdakı separatçı rejimi "müstəqil
dövlət kimi tanıyan", Azərbaycanın
işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərlər
edən, Xocalıda cəmi 6 azərbaycanlının
öldürüldüyünü deyən bir neçə ermənipərəst
deputatın iştirakı ilə qəbul olunan bu qətnamənin
reallıqdan tamamilə uzaq olduğunu isə xüsusi
vurğulamağa ehtiyac yoxdur. "Qətnamə" yalnız
və yalnız suveren dövlətin daxili siyasətinə
kobud müdaxilə, hüququn aliliyinə hörmətsizlik
kimi dəyərləndiririlə bilər.
Azərbaycan
isə bəzi Avropa ölkələrindən fərqli olaraq,
bu gün həm də sivilizasiyaların qovuşduğu,
multikulturalizmin mövcud olduğu məkan kimi tanınır. Məşhur
siyasi xadim Mahatma Qandi deyirdi ki, "Günümüzün
ehtiyacı yalnız bir din deyil, müxtəlif dinlərin tərəfdarlarına
qarşı qarşılıqlı hörmət və
dözümlülükdür". Bu gün Azərbaycan
tolerantlıq səviyyəsinə görə Almaniya, Fransa,
Böyük Britaniya, ABŞ, Hollandiya və s. kimi dövlətlərə
nümunə ola bilər. Yeri gəlmişkən, may ayında
Bakıda keçirilmiş İkinci Mədəniyyətlərarası
Dialoq Forumu da Azərbaycanda yüksək
tolerantlığın və multikulturalizmin mövcud
olduğunu təsdiqləmişdir.
Uğursuz "Ərəb
baharı" və Türkiyə ilə bağlı
puça çıxmış məkrli niyyətlər
2011-ci ildən
başlayaraq işsizlik, səfalət, yoxsulluq, eləcə də
elementar insan hüquqlarının pozulması və bu qəbildən
olan digər ciddi problemlər zəminində bir sıra ərəb
dövlətlərində baş qaldırmış
inqilabların uğursuz sonluğu regiona zor gücünə
"İnkişaf və demokratiya gətirməyə
çalışan" bir sıra Qərb dövlətlərinin
əslində, imperialist mövqedən çıxış
etdiklərini təsdiqləyir. Hər halda, neftlə zəngin
olmayan Suriyadakı qanlı hadisələrə 2 il ərzində
seyrçi münasibətin mövcudluğu düşünmək
üçün ciddi əsaslar verir.
Demokratiya
çətiri altında yürüdülən ekspansiya siyasəti
bundan əvvəl İraq və Əfqanıstanda süquta
uğramışdı. İraqda on ildən artıq müddətində
"kimyəvi silah istehsalı zavodlarının
axtarışı" heç bir nəticə vermədi.
Liviya, Tunis, Misir "inqilablar"ının nəticələri
isə göz qabağındadır. İnqilabların baş
verdiyi, hakimiyyətlərin əvəzləndiyi ərəb
ölkələrinin sonu görünməyən qeyri-sabitlik,
iqtisadi tənəzzül, xaos və anarxiya girdabına
sürüklənməsi "demokratiya
ixracatçıları"nın növbəti fiaskosu kimi dəyərləndirilə
bilər. Həmin ölkələrdə yoxsulluq, səfalət
daha geniş miqyas almış, humanitar fəlakətin
miqyası böyümüşdür. Bir sözlə, bu
inqilablar faktiki olaraq xalqlara çoxsaylı problemlər gətirmişdir.
İmprelializmin
tarixi göstərir ki, dünyada hegemonluğa can atanlar bu və
ya digər ölkənin sərvətini talamaq
üçün hədəf olaraq seçdikləri ölkələrdə
marionet hakimiyyətlərin formalaşmasına xüsusi diqqət
yetiriblər. Bu, de-fakto həyata keçirilən istilaya
hüquqi don geyindirmək baxımından zamanın
sınağından çıxarılmış taktika hesab
olunur. Məhz elə bu baxımdan da ərəb
dünyasında cərəyan edən məlum hadisələrə
əslində yeni bir dalğa yox, Əfqanıstan və
İraqda reallaşdırılmış ssenarilərin
davamı kimi baxmaq daha düzgündür. Həmin ssenarilərin
dirijoru qismində çıxış edənlər isə
yeni-yeni müsəlman ölkələrini "inqilablara"
- xaosa, tənəzzülə, parçalanmaya sürükləməyə
çalışırlar.
Növbəti
ekspansiya hədəfi kimi Avropada iqtisadi, siyasi, hərbi
qüdrəti ilə seçilən, demokratikləşmə
sahəsində uğurlara imza atan Türkiyənin seçilməsi
də qətiyyən təsadüfi görünmür.
Türkiyənin son 10 ildə yüksək tərəqqi yoluna
qədəm qoyması, sənayeləşmə sahəsində
böyük uğurlar qazanması, regional liderliyi ələ
alması və ən başlıcası, Qərbin imperialist
iddialarına qarşı cəsarətli, prinsipial,
barışmaz mövqe sərgiləməsi müəyyən
ölkələri qətiyyən razı salmır. Türkiyəni
Avropa İttifaqına buraxmamaq üçün dəridən-qabıqdan
çıxan həmin ölkələr qardaş ölkənin
geridə qalmış ərəb ölkələrindən
heç nə ilə fərqlənmədiyini sərgiləmək
üçün müəyyən təxribatçı
aksiyalara aşkar dəstək verdilər. Baş nazir Rəcəb
Tayyib Ərdoğan "Gəzi parkı" ətrafında cərəyan
edən məlum hadisələrlə bağlı "Siz
kimsiniz ki, mənim ölkəmlə bağlı qərar qəbul
edirsiniz?" deyəndə məhz həmin dövlətləri
nəzərdə tuturdu. Qərbin müəyyən dairələrinin
Gəzi parkı ətrafında kənar diktə ilə cərəyan
edən xaotik hadisələrə "ikili standartla
yanaşması" da qətiyyən təəccüb
doğurmurdu. Bunun nəticəsidir ki, ərəb ölkələrində
azğınlaşmış kütlə ABŞ səfirliyini
darmadağın edərək səfiri qətlə yetirəndə
ekstremist-islamçı qüvvələr, Türkiyədə
Gəzi parkında oxşar iğtişaşlar törədəndə
isə "demokratlar" kimi qələmə verilirlər. Fəqət,
xalqdan ciddi dəstək alan Türkiyə iqtidarı bu ölkənin
imicinə xələl gətirmək, burada zorakı yolla
hakimiyyət dəyişikliyinə nail olmaq istəyənlərin
çirkin niyyətlərini gözündə qoydu.
Ərəb
ölkələrindən başlayan ekspansiya siyasəti
Türkiyədə böyük uğursuzluqla üzləşdi.
Məlum qüvvələrə o da aydın oldu ki, bu cür məkrli
cəhdləri Azərbaycan kimi qüdrətli, güclü
dövlətdə də "sınaqdan" çıxarmaq
ümumiyyətlə mümkünsüzdür!
Azərbaycan
təzyiqləri inamla dəf edir
Türkiyədə
baş verən proseslər və Avropa İttifaqının Azərbaycanla
bağlı tələm-tələsik qərar qəbul etməsi
erməni lobbisi və antitürk şəbəkəsinin tam
gücü ilə fəallaşdığını deməyə
əsas verir. İki strateji müttəfiq ölkənin regionda
potensial güc kimi çıxış etmələri, habelə
türk dünyasını birləşdirmək səyləri
ermənipərəst dairələri, o cümlədən
Avropanın bir sıra dövlətlərini qətiyyən
razı salmır.
Avropa
İttifaqının Azərbaycanla bağlı qətnaməsinin
ölkə başçısı İlham Əliyevin
Brüsselə səfəri ərəfəsində qəbul
olunması faktını qətiyyən təsadüfi saymaq
olmaz. Aşkar görünür ki, Avropanın bəzi ölkələri
hələ də şantaj və təhdidlərlə
respublikamızı iqtisadi məsələlərdə guya
hansısa güzəştlərə məcbur edəcəklərinə
ümid bəsləyirlər. Halbuki, ölkə iqtidarı
milli məsələlərdə güzəşt mövqeyi
tutmadığını dəfələrlə nümayiş
etdirib və bunu Prezdent İlham Əliyevin Brüsselə son səfəri
bir daha təsdiqlədi.
Avropa
Komissiyasının sədri Xose Manuel Barrozu Azərbaycanın
Avropa İttifaqı üçün mühüm və etibarlı
tərəfdaş olduğunu vurğulamaqla yanaşı,
respublikamızın iqtisadi inkişaf, demokratikləşmə
və insan hüquqlarının təminatı sahəsindəki
uğurlarını etiraf etmişdir: "Azərbaycan bizim
üçün çox mühüm tərəfdaşdır.
Biz enerji sahəsində etibarlı əməkdaşlıq
qurmuşuq. Bunu rəhbər tutaraq, biz demokratiya və
ümumi dəyərlərə, xüsusən insan
hüquqları və fundamental azadlıqlara əsaslanan
uzunmüddətli əməkdaşlığa istiqamət
götürmüşük... Beləliklə, bu gün
böyük hörmət etdiyimiz Azərbaycanda, müstəqil
suveren ölkədə olan vəziyyətə baxsanız,
görərsiniz ki, Azərbaycan nə qədər yol
keçib və biz əldə edilmiş çox böyük
irəliləyişi etiraf etməliyik... Şəxsən əminəm
ki, Prezident Əliyev suveren Azərbaycanın rəhbəri kimi
ölkəsinin müasirləşdirilməsinə olduqca
sadiqdir. O bu ölkənin imici və nüfuzuna xüsusi diqqətlə
yanaşır. Ölkə isə həqiqətən çox
mühüm irəliləyişə nail olub".
Bununla belə,
Avropada müəyyən dövlətlərin və təşkilatların
Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbləri
kifayət qədər üzdədir: son illər
respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər
güclənərək regionda inkişafını məhz
daxili imkanları hesabına təmin edən yeganə dövlətə
çevrilmişdir. Qarşıya qoyduğu bütün hədəflərə
uğurla yetişən respublikamız özünəməxsus
milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi
fenomeninə çevrilmək əzmi nümayiş etdirir.
İqtisadi sahədə əldə olunan uğurlar Azərbaycanda
vətəndaşlarla iqtidarın mənəvi birliyini
gücləndirməklə yanaşı, həm də ölkənin
xarici siyasət sahəsində inamlı, qətiyyətli
mövqeyini təmin edir. Uzun illər regionda "siyasi
orbitr" rolunda çıxış etməyə iddialı
bəzi dövlətlərin hazırda respublikamıza bərabərhüquqlu
tərəfdaş kimi yanaşmaq məcburiyyətində
qalması, rəsmi Bakı ilə təzyiq dilində
danışmağın mənasızlığını dərk
etməsi də Azərbaycan diplomatiyasının mühüm
uğurlarından biridir. Respublikamız milli maraqları ilə
bağlı məsələlərdə heç bir dövlətə,
hətta ən yaxın müttəfiqlərinə də
güzəştə getmək niyyətində
olmadığını dəfələrlə sübuta
yetirmişdir. Bu prinsipial və qətiyyətli yanaşma
ölkənin daxili işlərinə kobud şəkildə
müdaxilə etməyə, bu yolla iqtisadi-siyasi
maraqlarını gerçəkləşdirməyə
çalışan bəzi dövlətlərə, beynəlxalq
qurumlara, transmilli korporasiyalara münasibətdə
özünü daha kəskin şəkildə göstərmişdir.
Ölkə rəhbərliyi bu gün də iqtisadi və siyasi
islahatları hansısa dövlətin və ya beynəlxalq
qurumun diktəsi altında deyil, elmi prinsiplərlə
reallaşdırdığı mükəmməl strategiya əsasında
aparır.
Təəssüf
doğuran haldır ki, bu gün
təəssübkeşliklə Ermənistanın beynəlxalq
hüquq normalarını kobud şəkildə pozaraq
işğalçılıq siyasəti yürütməsini
etiraf etmək istəməyən Qərbin "demokratiya
carçıları" Azərbaycandakı xırda
çatışmazlıqları süni şəkildə
şişirdir, təcavüzkar dövlətin daxilində cərəyan
edən antidemokratik proseslərə, antihumanist, zorakı
addımlara isə göz yumurlar. Ermənistanda 2008-ci ilin
prezident seçkilərini xatırlayaq: İrəvanda hakimiyyətdə
olan rejim seçkilərdə total saxtakarlığa yol verdi,
bu prosesə qarşı çıxan müxalifətçilərə
amansızcasına divan tutdu. Hökumət qüvvələri
odlu silahdan açılan atəşlə onlarla
nümayişçini qətlə yetirdi, yüzlərlə
müxalifətçi həbs edildi. Yerevanda fövqəladə
vəziyyət elan olundu, prezidentliyə ən real namizəd ev
dustağına çevrildi. Nəinki mətbuat, hətta
internet üzərində də senzura tətbiq edildi. Bu proses
bir neçə ay öncə yenidən təkrarlandı. Qərbin
demokratiya "təəssübkeşləri" isə
baş verənləri tez zamanda unutmağa və unutdurmağa
çalışdılar. Azərbaycan torpaqlarının 20
faizindən çoxunun Ermənistan tərəfindən
işğalını rəsmən etiraf edən BMT-nin Təhlükəsizlik
Şurasının 4 qətnaməsi isə Avropada nədənsə
"yada düşmür".
Azərbaycanın
bölgənin faktiki güc mərkəzinə çevrilməsi
ilə heç cür barışa bilməyən bədnam
qüvvələr narahatlıqlarını müxtəlif
formada izhar etdirir, ölkəmizə qarşı "təzyiq
rıçaqları" tapmağa çalışırlar.
"İkili standartlar"ın əsirinə çevrilən
bəzi dövlətlər və beynəlxalq təşkilatlar
ölkədə demokratik proseslərin dərinləşməsini,
vətəndaşların maddi rifah halının
yaxşılaşmasını qətiyyən arzulamırlar və
hələ də sadəlövhcəsinə ümid edirlər
ki, hansısa süni problemlər uydurmaqla ölkə rəhbərliyinə
"təsir imkanı" qazana bilərlər.
Demokratikləşmənin təkamül
yolu
Ötən
20 ildə inkarçı və qaragüruhçu mahiyyətini
dəyişməyən, yaxud seçki kimi mühüm siyasi
kampaniyaya "eksperiment" kimi yanaşan təsadüfi
adamların ictimai dəstək qazanması mümkün
deyildir. İddiaları ilə imkanları qətiyyən
uzlaşmayan, düşdükləri umsuq vəziyyətdən
psixoloji durumları tamamilə pozulan aqressiv müxalifət təmsilçiləri
bir həqiqəti də unudurlar ki, orta statistik azərbaycanlı
bütün məsələlərdə mövcud
reallıqdan çıxış edir. 90-cı illərin əvvəllərində
olduğu kimi, kimisə yalan vədlərlə aldatmaq, yaxud
populist çağırışlarla ələ almaq
qeyri-realdır. Azərbaycan gerçəkliyi budur ki, xalq
ölkənin son illərdə əldə etdiyi böyük
nailiyyətləri görmək istəməyən, radikalizm mərəzindən
qurtula bilməyən məlum qüvvələri dəstəkləmir.
Cılız şəxsi mənafeyi naminə dövlətin,
xalqın maraqlarını hər an ayaq altına atmağa
hazır olduqlarını nümayiş etdirənlər vətəndaşların
sərt qınağına, etirazlarına tuş gələrək
tarixin arxivinə atılır.
Fəqət,
nə etməli, aqressiv müxalifət məğlubiyyəti
asanlıqla etiraf etmək niyyətində deyil. Əksinə,
ağır psixoloji durumda olan bu qüvvələr növbəti
prezident seçkiləri ərəfəsində antiazərbaycançı
şəbəkənin bütün sifarişlərini
"cani-dildən" icra edərək Azərbaycanın
imicinə xələl gətirmək üçün dəridən-qabıqdan
çıxırlar. Ölkəmizin bölgədə müstəqil,
suveren dövlət kimi mövcudluğundan əndişələnən
müəyyən daxili və xarici qüvvələr
seçki ərəfəsində yenə bir araya gəliblər.
Hədəfdə yenə də Azərbaycan dövlətinin,
xalqın milli maraqlarıdır. Lakin Azərbaycanda hər
hansı inqilab gözləyənlərin bu
xülyalarının əbəsliyi ötən illərin
seçkiləri fonunda tam təsdiqini tapmışdır.
Azərbaycan
demokratik inkişafın yalnız təkamül yolunu qəbul
edir və bu istiqamətdə inamlı addımlar atır.
Keçid dövrünü yaşayan ölkələrdə
demokratiyanın tətbiqinin problematik cəhətləri
akademik Ramiz Mehdiyevin "Keçid dövrü cəmiyyətlərində
demokratiya" adlı elmi məruzəsində səhih şərhini
tapmışdır. Bir neçə il öncə Bakıda
eyniadlı mövzuda keçirilən beynəlxalq konfransda
çıxış edən akademik hesab edirdi ki, konkret məkanda
demokratiyanın səviyyəsini dəyərləndirən mərkəzlər
bəzən müəyyən standart meyarlardan
çıxış edirlər. Bu da həmin dövlətlərdə
demokratiyanı tətbiq edənlərlə dünyada demokratiyanın
səviyyəsini dəyərləndirən mərkəzlər
arasında müəyyən ziddiyyətlər yaradır. Eyni
zamanda bu meyarlar keçid dövrü cəmiyyətlərində
demokratiyanın səviyyəsini tam dolğun dəyərləndirməyə
imkan vermir.
Görkəmli
dövlət xadimi keçid dövrü cəmiyyətləri
üçün xarakterik olan bir məqama da xüsusi toxunaraq
qeyd etmişdir ki, həyata keçirilən hər hansı
siyasi-hüquqi islahat ictimai şüur səviyyəsi ilə
uzlaşmalı, təkamülə əsaslanmalı, anarxiya və
xaos mühitinin formalaşmasına gətirib
çıxarmamalıdır. Burada söhbət, ilk növbədə,
demokratiyanın süni şəkildə ixrac edilməsinin
doğura biləcəyi fəsadlardan gedir. Eyni zamanda demokratiya
limitinin həddindən çox aşılması nəticəsində
yaranmış hərc-mərclik, özbaşınalıq
mühiti demokratik təsisatlara və cəmiyyətin
özünə təhlükə doğurur. Demokratik ölkələrin
təcrübəsi də təsdiqləyir ki, kəskin
sıçrayışlarla müşayiət olunan
bütün islahatlar, təfəkkürün tez bir zamanda
yenidən formalaşması praktik olaraq
qeyri-mümkündür. Bütün bunları peşəkarlıqla
diqqətə çəkən akademik Ramiz Mehdiyev tamamilə
doğru olaraq demokratik cəmiyyətin yaradılmasında təkamül
yoluna üstünlük verilməsi ideyasını ön plana
çəkmişdir.
Azərbaycanda
dünya ölkələrinin heç birinə bənzəməyən,
özünəməxsus iqtisadi və siyasi inkişaf modelinin
formalaşması faktı tam təsdiqini tapmışdır.
Demokratik quruculuq yolu ilə gedən respublikamız həssas
bir bölgədə yerləşsə də, onun həm
iqtisadi, həm siyasi, həm də digər sahələrdə
milli inkişaf modeli formalaşmışdır. Bir sıra
postsovet dövlətlərində analoji tranzit "məxməri
inqilab" ssenarilərinə əsaslandığı halda, Azərbaycanda
demokratik inkişaf suverenlik və özünütəminetmə
prinsiplərinə söykənir.
Akademik
Ramiz Mehdiyev haqlı vurğulayır ki, əsrlər boyu təşəkkül
tapmış milli ənənələri bir anda məhv etmək
mümkün deyildir. Və əgər ölkənin həyatına
kənardan müdaxilənin nəyə gətirib
çıxaracağı barədə ümumi təsəvvür
yoxdursa, dövlətin tarixi inkişafının xüsusiyyətlərinə
və xalqın mentalitetinə, habelə dövlətdə
formalaşmış qaydalara məhəl qoymamaq tamamilə fəsadlı
və səhv yanaşmadır. Prezident Administrasiyası rəhbərinin
demokratiyanın inkişafının bütün cəmiyyətlərdə
eyni modelə, standart meyarlara əsaslana bilməməsi barədə
rəyi isə, necə deyərlər, əlavə şərhə
lüzum duymayan həqiqətdir: "ABŞ, İngiltərə,
Almaniya, Fransa, İsveç və digər dövlətlər
özlərinin yüksəlişinə görə demokratik
quruluşa və demokratiyanın konkret modelinə borcludur.
Ancaq hansı modelə? Heç bir ciddi tədqiqatçı
iddia etməz ki, bu dövlətlərin hamısı özlərində
formaca vahid demokratiya qurmuşdur. Bu dövlətlər də
demokratiyanın universal dəyərlərindən bəhrələnərək,
demokratik inkişafı hər bir ölkənin mədəni-tarixi
inkişafının xüsusiyyətləri ilə
uzlaşdırırlar".
Demokratik
dəyər və normaların cəmiyyətdə möhkəmlənməsi,
özünə möhkəm dayaqlar tapması
üçün, ilk növbədə, insanların maddi rifah
halı, yaşayış və düşüncə tərzi
mütərəqqi dəyişikliklərə məruz
qalmalıdır. Maddi sıxıntılar içərisində
yaşayan insan azad ola bilməz və iqtisadi baxımdan
inkişaf etməmiş hansısa cəmiyyətdə
demokratiya qurmaq mümkün deyildir. Demokratiyanın fundamental
şərti məhz azadlıqdır - insanın tam
azadlığı isə təkcə qanunun və hüquq
qaydalarının deyil, həm də iqtisadi müstəqilliyin
hökm sürdüyü cəmiyyətlərdə
mümkün ola bilər. Aforizmə çevrilmiş
"İqtisadi müstəqilliksiz, ümumiyyətlə
müstəqillik yoxdur" ifadəsi də bu fikri daha
aydın əks etdirir.
Liberal
demokratiyanın başlıca şərti sağlam və
güclü orta sinfin mövcudluğudur və bunsuz demokratik
inkişafdan söhbət belə gedə bilməz. Azərbaycan
da bu reallıqları nəzərə alır, demokratikləşmənin
iqtisadi tərəqqi prosesi ilə paralel şəkildə
aparılmasını təmin edir. Həyata keçirilən
iqtisadi, siyasi və hüquqi islahatlar ölkəmizin 2020-ci ilədək
qarşıya qoyduğu ən başlıca hədəfi
uğurla reallaşdıracağına - inkişaf etmiş
ölkələr səviyyəsinə yüksələcəyinə
hansısa şübhə yeri qoymur. Bu baxımdan
"İqtisadi inkişafın Azərbaycan modeli" ilə
yanaşı, "Demokratik inkişafın Azərbaycan
modeli" də milli ideyanın reallaşmasına xidmət
edir və dünyanın mütərəqqi inkişaf meyilləri
ilə tam uzlaşır.
İxtiyar HÜSEYNLİ
Azərbaycan.-2013.- 25 iyun.- S.3,4.