Arzular gerçəyə dönür
Prezident İlham Əliyevin
Şamaxıya səfəri elmin
inkişafına və milli-mənəvi
dəyərlərə diqqət baxımından da əhəmiyyətlidir
Avtomobil
magistralındakı yoxuşu enən kimi Şamaxı
bütün gözəlliyi ilə aydın görünür. Dağlar qoynuna
sığınmış bu qədim diyar da digər bölgələrimiz
kimi tikilir, qurulur, yenilənir. Görülən işlərdə
isə Şamaxının tarixilik və milli memarlıq
xüsusiyyətlərinə həssaslıqla
yanaşılır.
Yolların
çəkilişindən, səkilərin düzəldilməsindən,
hasarların naxışlanmasından tutmuş, fasadların
yenilənməsinə qədər hər şeydə qədimliklə
müasirliyin vəhdətinə çalışırlar.
Bütün bu tədbirlərin həyata keçirilməsi,
layihələrin gerçəkləşdirilməsi isə
Prezident İlham Əliyevin diqqəti, qayğısı ilə
şərtlənir.
Enişli-yoxuşlu
Şamaxı şəhərindəki qədər yolların
kəsişməsini başqa yerdə görməmişik.
Ötən aylardakı narahatlıq indi yoxdur - yollara asfalt
çəkilib, səkilər hamarlanıb. Su-kanalizasiya xətlərinin
yenilənməsi ilə əlaqədar yarımçıq
işlər başa çatan kimi, digər yerlərdə də
təmir-bərpa işləri davam etdiriləcək. Digər
bölgələrdə də şahidi olmuşuq - abadlıq,
tikinti-quruculuq işləri insanların ovqatını yüksəldir,
aktiv həyat tərzinə,
işgüzarlığının artmasına müsbət təsir
edir.
Şamaxı
ağsaqqallarından olan Ağarza Bayramovun təbirincə desək,
hər gün insanların rastlaşdığı tikinti,
yenidənqurma, abadlıq işləri dövlətin
qayğısının birbaşa ifadəsidir: - Bilirik ki,
dövlət başçısı bizi
düşünür, şəhərimizin, kənd və
rayonlarımızın daha gözəl, daha müasir, həyatımızın
daha firavan olmasına çalışır. Elə Prezident
İlham Əliyevin rayonumuza səfəri bir daha onu göstərdi
ki, dövlət başçısı hər hansı bir
işin görülməsi ilə bağlı
tapşırıq verməklə kifayətlənmir, həmin
işin gedişini, nəticəsini yoxlayır, insanların
fikrini, münasibətini öyrənir. Ehtiyac olanda maddi dəstək
üçün əlavə sərəncam imzalayır.
Prezident İlham Əliyevi xalqa, insanlara sevdirən keyfiyyətlərdən
biri də məhz budur. Bu gün hər birimiz dövlət
başçısı ilə keçirilən səfər
görüşlərində arzumuzu, təklifimizi ölkə
rəhbərinə birbaşa deyə bilirik. O da böyük təmkinlə
bizi dinləyir. Ötən qısa müddət ərzində
müraciətimizin müsbət nəticəsini də
görürük. Bu, bir daha onu sübut edir ki, Prezident
İlham Əliyev hər bir vətəndaşa yüksək həssaslıqla,
diqqət və qayğı ilə yanaşır.
Şamaxıda
olarkən bənzər fikirləri digər sakinlərdən də
eşitdik. Rayonun ağsaqqallarından və
ziyalılarından Aydın Alcanov, Mayıl Alıcanov, Həbibə
Eldarova, Eyvaz Eminalıyev, Hacıbala Şıxıyev də
söhbət zamanı da dedilər ki, Şamaxıda
görülən abadlıq-quruculuq işləri,
Şamaxı Cümə məscidinin, Şamaxı Astrofizika Rəsədxanasının
əsaslı bərpası və yenidən qurulması
Prezident İlham Əliyevin yüksək
qayğısının təzahürü olmaqla
yanaşı, həm də elmə, milli-mənəvi dəyərlərə
verdiyi qiymətin əyani göstəricisidir.
Şamaxıya
səfəri çərçivəsində Prezident İlham
Əliyev Şamaxı Olimpiya Kompleksində yenidənqurmadan
sonra yaradılan şəraitlə tanış olub, Uşaq
Yaradıcılığı Mərkəzinin
açılışında iştirak edib. Şamaxı
Olimpiya Mərkəzində yeni idman zallarının və
qurğularının tikintisinə 2010-cu ilin fevralında
başlanılıb. Layihəyə əsasən 2500 kvadratmetr
olan binaların fasadı dəyişdirilib, müasir
dizaynlı materiallar və şüşələrlə
örtülüb. Mərkəzin bütün havalandırma,
işıqlandırma sistemləri yenilənib.
Üzgüçülük hovuzunun dam
örtüyünün metal konstruksiya hissələri də dəyişdirilib.
Kompleksdə görülən işlərlə ətraflı
tanış olan dövlət başçısı
razılığını bildirib.
Şamaxı
Uşaq Yaradıcılıq Mərkəzi musiqi məktəbi
kimi 1959-cu ildə fəaliyyətə başlayıb. 1995-ci
ildə həmin məktəbin bazasında Uşaq İncəsənət
Məktəbi yaradılıb. 1984-cü ildən fəaliyyət
göstərən bu məktəb uzun illər əsaslı təmir
olunmadığından tam yararsız vəziyyətə
düşmüş və sökülmüşdü. Məhz
elə həmin ünvanda Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Şamaxı Uşaq Yaradıcılıq Mərkəzi
üçün üçmərtəbəli yeni müasir
bina inşa edilib. Burada 384 şagird musiqi təhsili alır və
70 müəllim çalışır.
Açılışda iştirak edən Prezident İlham Əliyev
kollektivə uğurlar arzulayıb.
Dövlət
başçısının Şamaxıya səfərini məzmun
etibarı ilə üç istiqamət üzrə də səciyyələndirmək
olar: Dövlət proqramında nəzərdə tutulan tədbirlər
və sosial infrastruktur layihələri uğurla icra olunur,
elmin inkişafına dövlət qayğısı strateji
meyardır və milli-mənəvi dəyərlərə diqqət
tolerantlığı şərtləndirməklə
yanaşı, dövlət siyasətinin prioritetlərindəndir.
Bu
bir həqiqətdir ki, son illərdə Azərbaycanda
astronomiya elminin inkişafı istiqamətində mühüm
tədbirlər həyata keçirilir. Bu baxımdan
Şamaxı Astrofizika Rəsədxanasında aparılan təmir
və yenidənqurma işləri böyük əhəmiyyətə
malikdir.
Rəsədxana
1959-cu ildə Azərbaycanın tanınmış alimləri
Həsən Əliyevin və Yusif Məmmədəliyevin təşəbbüsü
ilə yaradılıb və 1960-cı ildə fəaliyyətə
başlayıb. Dəniz səviyyəsindən 1500 metr
hündürlükdə yerləşən rəsədxana
çətin müşahidə edilən cənub
göyünün öyrənilməsində dünyanın
bir çox rəsədxanası ilə müqayisədə
müəyyən üstünlüklərə malikdir. Mütəxəssis
rəyinə görə, burada aydın gecələrin
sayı il ərzində 200-ə çatır.
Azərbaycanda
elmin inkişafına böyük diqqət göstərən
Prezident İlham Əliyevin 2008-ci ilin sentyabrında və
2009-cu ilin iyulunda imzaladığı sərəncamlarla
Şamaxı Astrofizika Rəsədxanasının maddi-texniki
bazasının gücləndirilməsi və əsaslı təmir-tikinti
işlərinin aparılması üçün dövlət
büdcəsindən və Prezidentin Ehtiyat Fondundan ümumilikdə
8 milyon manat vəsait ayrılıb. Həmin sərəncamlara
əsasən artıq xeyli iş görülüb, yeni binalar
inşa edilib və müasir qurğular işə
salınıb.
Əsaslı
bərpa və yenidənqurmadan sonra istifadəyə verilən
Şamaxı Cümə məscidi sovet dövründə məlum
səbəblərdən təyinatı üzrə istifadə
edilməyib və dağılıb məhv olmaq təhlükəsi
ilə üzləşib. Bütün sahələr kimi, Azərbaycanda
milli-mənəvi dəyərlərin qorunmasına
böyük diqqət və qayğı ilə yanaşan ulu
öndər Heydər Əliyevin təşəbbüsü və
tapşırığı ilə 1980-ci ildə təmir
olunub.
Şamaxı
Cümə məscidində əsaslı bərpa və yenidənqurma
işləri isə Heydər Əliyev Fondunun
"Tolerantlığın ünvanı: Azərbaycan"
layihəsi çərçivəsində aparılıb.
Prezident İlham Əliyev 2009-cu ilin noyabrında
Şamaxıya səfər edərkən Cümə məscidində
olub, böyük tarixi dəyəri və xalqımızın
mənəvi dünyasında xüsusi yeri olan bu abidənin bərpasına
qərar verib. Dövlət başçısının
2009-cu ilin dekabrında və 2013-cü ilin fevralında
imzaladığı sərəncamlarla məsciddə əsaslı
bərpa və yenidənqurma işləri aparılması
üçün müvafiq maliyyə vəsaiti ayrılıb.
Görülən
işlərdən sonra məscid tamamilə dəyişərək
bənzərsiz bir tarixi abidəyə çevrilib. Artıq
burada eyni vaxtda 1500 nəfər ibadət edə bilər.
Prezident
İlham Əliyevin Şamaxıya səfərindən bir aydan
çox vaxt ötsə də,
rayon sakinləri hələ də dövlət
başçısı ilə görüşün xoş
ovqatı ilə yaşayırlar. Çuxuryurd kəndindən
olan malakan Mariya Kojevnikova Prezident təqaüdçüsüdür.
Sinəsini "Şöhrət" ordeni bəzəyir.
Sovetlər dönəmində "İliç" kolxozunun
sədri işləyərkən ulu öndər Heydər Əliyevlə
dəfələrlə görüşüb. Ulu öndər
6 dəfə "İliç" kolxozunda olub: - O
böyük insanla görüşləri, onun söz-söhbətini,
insanlara diqqətini, dəyərli tövsiyə və məsləhətlərini
heç vaxt unutmaram. Bu gün mənim ən böyük
sevincim bilirsiniz nə ilə bağlıdır? İlham Əliyevlə!
Ulu öndərdən sonra Azərbaycana ancaq İlham Əliyev
rəhbərlik etməliydi. Elə də oldu! İndi hər
şey göz qabağındadır. Prezident İlham Əliyev
ölkəmizi gücləndirib, dünyada tanıdıb. Elə
Şamaxının özü. Rayonumuzu tanımaq olmur,
müasir şəhərə çevrilib. Buna görə cənab
İlham Əliyevə minnətdarıq. Şamaxılılar
mənim xətrimi çox istəyir, onların da adından
deyə bilərəm - biz uğurlarımızın
davamını görmək üçün İlham Əliyevi
yenidən prezident seçəcəyik. İnanmıram ki, Azərbaycanı
sevən, Azərbaycanın sabahını, gələcəyini
düşünən bir insan bu məsələdə tərəddüd
etsin.
Mariya
xanımla sağollaşanda şüşə kimi asfalt yolu
göstərib dedi: - Görürsünüz necə
rahatdır, beş dəqiqəyə rayon mərkəzinə
çatacaqsınız. Xahiş edirəm bunu da
yazın...
Telman NƏZƏRLİ
Azərbaycan.-2013.- 25 iyun.- S.4.