Biz qalib gələcəyik!
Xaricdə təhsil
alan və məzun olmuş
azərbaycanlı gənclərin namizədi
cənab İlham Əliyevdir
Müstəqil
Azərbaycan dövlətinin uğurlarının təməlində
əsası Heydər Əliyev tərəfindən qoyulan və
bu gün də Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilən siyasi kurs dayanır. Bu
uğurların nəticəsidir ki, Azərbaycan regionun lider
ölkəsi olmaqla yanaşı, qloballaşan dünyada
aparıcı dövlətlərdən birinə
çevrilmişdir. Ölkə rəhbərliyinin uğurlu
siyasəti nəticəsində dünya birliyi Azərbaycanı
sürətlə inkişaf edən, modernləşən,
yeniləşən dövlət və vacib tərəfdaş
kimi tanıyır.
Bu
gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
ilə hər bir sahədə uğur qazanmaqdadır. Son illərin
ən möhtəşəm uğurlarından biri Azərbaycanın
BMT kimi nüfuzlu beynəlxalq təşkilatın Təhlükəsizlik
Şurasına üzv seçilməsidir. Bu, ölkəmizin
beynəlxalq aləmdə artan nüfuzunun bilavasitə göstəricisidir.
Fərəhlə qeyd etməliyik ki, ölkəmiz iqtisadi
inkişaf göstəricilərinə görə bir çox
ölkələri qabaqlayır. Azərbaycan xarici investorlar
üçün cəlbedici olmaqla yanaşı, artıq xaricə
yatırım edən bir ölkəyə çevrilmişdir.
Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasətin uğurla həyata keçirilməsinin nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai-siyasi həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir. Dövlət tərəfindən həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların fəallığının artmasına kömək etmişdir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilmişdir. Gənclər siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində, demokratikləşmə prosesində fəal iştirak edir, parlaq nailiyyətlər qazanır, öz fəaliyyətlərində dövlətçilik ənənələrini uca tutur, çoxşaxəli islahatların reallaşdırılmasına öz töhfələrini verirlər. Bütün bunlar ondan xəbər verir ki, Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanları müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir.
2011-ci il aprelin 6-da Prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzalamışdır. Bu sərəncama əsasən, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı layihəsi hazırlanıb və dövlət başçısı tərəfindən təsdiq edilib. Dövlət proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir. Bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, əgər 2005-2009-cu illər üçün Azərbaycan Gəncliyi Dövlət Proqramına büdcədən 8 milyon 375 min manat ayrılmışdısa, yeni proqrama 80 milyon manat vəsait ayırmaq planlaşdırılır. Bu, əvvəlki proqrama nisbətən təxminən 10 dəfə artıq göstəricidir.
Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almasıdır. Bu da Prezident İlham Əliyevin ölkəmizdə "qara qızılın insan kapitalına" çevrilməsi təşəbbüsünün real həyata vəsiqə almasının bariz nümunəsidir. Hazırda "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" uğurla icra olunur. Proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. İndiyədək 2000-ə yaxın azərbaycanlı gənc ölkəmizin ehtiyac duyduğu sahələr üzrə müxtəlif təhsil səviyyələri üzrə dünyanın ən qabaqcıl universitetlərinə göndərilmişdir.
Bəli, məhz Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində azərbaycanlı tələbələrin səsi dünyanın ən nüfuzlu universitetlərindən gəlir. Xaricdə təhsil alan gənc ilk öncə peşəkar kadr kimi formalaşır ki, bu da Azərbaycanın inkişafına hər cür töhfə verməyə hazır olan gənclərin yetişməsi deməkdir. İkincisi, təhsil alan hər gənc Azərbaycanın gənc səfiridir. Məhz onlar xaricdə təhsil aldıqları müddətdə ölkəmiz haqqında müsbət imicin formalaşmasında yaxından iştirak edirlər. Bir məsələni də unutmaq olmaz ki, xarici universitetlərdə təhsil alan gənclərimiz məhz həmin ölkənin gələcək elitasını formalaşdıracaq gənclərlə bir yerdə oxuyurlar. Artıq bir neçə illər sonra onlar həmin ölkədə söz sahibi olan zaman, təbii ki, Azərbaycan haqqında kifayət qədər dolğun informasiyaya malik olacaqlar. Bu baxımdan hər zaman qeyd edirik ki, xaricdə təhsil Azərbaycanın təkcə bu günü üçün deyil, gələcəyinə qoyulmuş ən yaxşı sərmayədir. Bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən, Azərbaycanın gələcəyinə hesablanmış siyasətinin nəticəsidir.
Məhz bu kimi uğurların nəticəsidir ki, qarşıdan gələn prezident seçkilərində gənclər Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verəcəklər. Çünki Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi olan cənab İlham Əliyevin ölkəmizə uğurlu rəhbərliyi nəticəsində ötən 10 ilə yaxın müddətdə qazandığımız hər bir uğur bu siyasətin davam etdirilməsini zəruri edir.
Fərəhlə qeyd etməliyəm ki, gənclər təşkilatları arasında ilk dəfə olaraq "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyi (ASAİF) bu ilin mart ayında İtaliyanın paytaxtı Roma şəhərində keçirilən forumunda qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan etdi. Dünyanın dörd bir yanından - Avstraliyadan, Yaponiyadan, Amerika Birləşmiş Ştatlarından, Kanadadan, ümumilikdə 45 ölkədən gələn 450-dən çox gəncin iştirak etdiyi forumda Prezident İlham Əliyevin vətənimiz naminə yürütdüyü məqsədyönlü siyasət alqışlanaraq bu siyasətin davam etdirilməsi üçün Azərbaycan gəncliyinin qarşısında duran vəzifələr müəyyənləşdirildi. Əminəm ki, qədirbilən xalqımız qarşıdan gələn prezident seçkilərində yekdil olaraq dahi Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevi dəstəkləməklə müstəqil Azərbaycanın gələcək inkişafına səs verəcək. Bu mənada hər zaman xaricdə təhsilə xüsusi üstünlük verən, xaricdə təhsil alan və məzun olmuş gənclərə qayğı ilə yanaşan cənab İlham Əliyevin növbəti prezident seçkiləri ilə bağlı namizədliyinin ilk dəfə məhz ASAİF-in beynəlxalq forumunda dəstəklənməsi bizə ayrıca qürur verən bir amildir.
Bu gün sürətlə inkişaf edən Azərbaycanda yaradılan bünövrə bir neçə ildən sonra elmli, təhsilli, müasir dünyagörüşü ilə seçilən gənclər tərəfindən daha da möhkəmləndiriləcək. Prezident İlham Əliyevin "qara qızılı insan kapitalına çevirmək" prinsipi də məhz bunlara hesablanıb. Son 10 ilə yaxın müddətdə bu istiqamətdə vacib addımlar atılmaqla mühüm uğurlar əldə edildiyi göz önündədir. Artıq bəlli olan gələcək isə ondan xəbər verir ki, cənab İlham Əliyevin növbəti prezidentliyi dövründə ölkəmiz daha böyük uğurlar qazanacaq. Gələcək uğurların əldə edilməsində isə cəmiyyət həyatının hər bir sahəsində fəallığı ilə seçilən bugünkü Azərbaycan gəncliyinin də mühüm töhfələri olacaq.
Vüsal QURBANOV,
ASAİF-in ("Xaricdə
Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq
Forumu" İctimai Birliyi) baş katibi
Azərbaycan.-2013.- 25 iyun.- S.5.