Strateji hədəfləri fəth edən
yeni təfəkkürlü lider
15 oktyabr 2012-ci ildə ötən prezident seçkilərinin dörd ili, ümumilikdə isə cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin doqquz ili tamam oldu. "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam deməklə" fəaliyyətə başlayan cənab İlham Əliyev ötən illər ərzində öz praktiki fəaliyyətində, sözün əsl mənasında, hər bir kəsin prezidenti olduğunu sübut edərək, ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən sabitliyin qorunub saxlanması, Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, sosial həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində çoxlu mühüm bənzərsiz və analoqu olmayan addımlar atmışdır.
Ümummilli liderin iqtisadi strategiyasının "Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə bir müddət əvvəl qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir....." söyləyən cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilməsinin nəticəsi olaraq Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı və davamlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və əldə edilən iqtisadi uğurları ilə dünyanın aparıcı dövlətinə, eləcə də beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilmişdir. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla müasir dövrün tələbləri səviyyəsində qurulmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Əlbəttə, bütün bunlar ölkə başçısının ardıcıl və qətiyyətli addımlarının real nəticəsidir. Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin fikirləri ilə desək: "Tarixi təcrübə göstərir ki, bir ictimai-iqtisadi formasiyadan digərinə keçid qeyri-sabitliklə, qarşıdurma və iğtişaşlarla səciyyələnir. Məhz bu mərhələdə ölkənin, xalqın taleyində həlledici addımlar atılır, onun gələcək inkişaf perspektivləri təyin edilir. Buna görə də siyasi hakimiyyətin qətiyyəti, uzaqgörənliyi önəmli amil kimi nəzərdən keçirilir". Məhz belə bir yolu keçən Azərbaycanda ümummilli lider tərəfindən atılmış qətiyyətli addımların, bünövrəsi qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilməsi ölkəmizin müasir davamlı və dinamik inkişafının əsasını təşkil edir.
Qeyd
olunduğu kimi, ölkə başçısı İlham Əliyevin
təşəbbüsü və rəhbərliyi ilə
reallaşan iri yerli və regional layihələr sayəsində
Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə
aparıcı dövlətlər sırasındadır. 2003-cü
ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti
iqtisadi islahatların dərinləşdirilməsi, mövcud
potensialın gücləndirilməsi və ondan istifadənin
səmərəliliyinin yüksəldilməsi əsasında
ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığının təmin olunmasına, bu sahədə
artıq əldə olunmuş nailiyyətlərin daha da
möhkəmləndirilməsi və artırılmasına
xidmət etmişdir. Akademik Ramiz Mehdiyevin sözləri ilə
ifadə etsək, "Azərbaycanın keçid
dövrünü uğurla başa vurması, yalnız
zamanın tələblərinə uyğun həyata
keçirilən çevik siyasət, vaxtında atılan
addımlar, bu işləri görə bilmək
üçün tələb olunan lider keyfiyyətləri sayəsində
mümkün olmuşdur". Ümumilikdə isə, ulu
öndər Heydər Əliyevin layiqli davamçısı
olan Prezident İlham Əliyevın 2003-2012-ci illəri əhatə
edən prezidentlik dövründə əldə edilmiş
iqtisadi uğurlara makroiqtisadi sabitliyin qorunub saxlanılması
və davamlı iqtisadi artımın təmin edilməsi,
iqtisadi idarəetmənin səmərəliliyinin yüksəldilməsi,
qeyri-neft sektorunda inkişafın sürətləndirilməsi,
investisiya mühitinin yaxşılaşdırılması və
regionlarda sahibkarlığın, istehsal, sosial
infrastrukturların inkişafı, bu sahədə
stimullaşdırıcı addımların atılması,
ölkədə yoxsulluğun səviyyəsinin əhəmiyyətli
şəkildə azaldılması, məşğulluğun təmin
edilməsi, milli iqtisadiyyatın dünya təsərrüfat
sisteminə səmərəli inteqrasiyası istiqamətində
fəaliyyətin gücləndirilməsi və s. kimi məsələləri
aid etmək olar. Bu uğurlu
siyasətin sosial-iqtisadi nəticələrini statistik məlumatlar
da bir daha təsdiq edir.
Belə
ki, yalnız 2003-2010-cu illərdə ÜDM real ifadədə
3,o cümlədən qeyri-neft sektoru üzrə 2, xarici ticarət
dövriyyəsi 5,4, strateji valyuta ehtiyatları 19 dəfə
artmışdır. Eyni zamanda, adambaşına düşən
ÜDM-in həcmi 2003-cü ilin göstəricisi (872,7 manat) ilə
müqayisədə nominal ifadədə 5,3, real ifadədə
isə 2,7 dəfə artaraq 2010-cu ilə 4653,3 manat təşkil
etmişdir. Bu müddət ərzində ölkə üzrə
işsizlik səviyyəsi 1,6, yoxsulluq səviyyəsi isə
4,9 dəfə azalmış, son 7 ildə əhali gəlirlərinin
artımı (4,5 dəfə) inflyasiya səviyyəsini (1,9 dəfə)qabaqlaması
nəticəsində əhali gəlirləri real ifadədə
2.3 dəfə artmışdır.
Bütün bunların beynəlxalq təşkilatlar tərəfindən dəqiqliklə qiymətləndirilməsi və Dünya Bankı kimi nüfuzlu bir beynəlxalq təşkilatın Azərbaycanı "Doing Business" proqramında (2008-ci il) bir nömrəli islahatçı ölkə kimi tanıması, dünyanın ən mötəbər qurumlarından olan Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastruktur təminatının və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlməsi onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli, sabit və dinamikdir. Məlumat üçün qeyd edək ki, adı çəkilən hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir. Eyni zamanda, Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) "Doing Business 2011: "Sahibkarlıq üçün şəraitin yaxşılaşdırılması" birgə hesabatının nəticələrinə əsasən, Azərbaycan sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində 183 ölkə arasında 54-cü yeri tutub. Bu isə, təbii ki, ölkəmizdə aparılan islahatların, düşünülmüş siyasət və atılan düzgün addımların real nəticəsidir və cənab İlham Əliyevin hakimiyyətinin çoxsaylı uğurlarının real bir nümunəsidir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Dünya İqtisadi Forumunun hazırladığı "Qlobal rəqabətlilik 2010-2011-ci illərdə hesabatında" 57-ci yeri tutmuşdur. Bu nəticəyə görə ölkəmiz MDB məkanında liderliyini qorumuş, postsovet məkanında isə yalnız Estoniya (33) və Litvaya (47) güzəştə getmişdir. Azərbaycan makroiqtisadi sabitlik göstəricisinə görə isə bütün MDB ölkələrini qabaqlayaraq 13-cü yerdə qərarlaşmışdır. Bu il isə aprelin 7-8-də Davos İqtisadi Forumunun Bakıda keçirilməsi ilə Azərbaycan regionda aparıcı ölkə olduğunu bir daha təsdiqlədi. Davos Forumu ilk dəfə olaraq Xəzər sahillərinə gətirildi. Bu forumu təşkil etməklə ölkəmiz, sadəcə, regionun iqtisadi cəhətdən aparıcı ölkəsi olduğunu beynəlxalq arenada təsdiq etdirmədi, eyni zamanda, Azərbaycanın Cənubi Qafqaz ilə Orta Asiyanın inteqrasiyasında həlledici ölkə olduğunu göstərdi. Məhz bu inteqrasiyanın əhəmiyyətini yüksək qiymətləndirən cənab İlham Əliyev forumun açılış mərasimində bildirmişdir ki: "Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarının, Cənubi Qafqazın böyük potensialı vardır. Ola bilsin, bu gün həmin potensialın yalnız bir hissəsini təqdim edə bildik. Lakin əminəm ki, gələn illər ərzində biz bu müzakirələrə daha çox diqqət ayıracağıq və onlar, eyni zamanda, ideyaları formalaşdırır, rəyləri və gözləntiləri, o cümlədən narahatlıq doğuran, bəzən məyus edən məsələləri söyləmək üçün mühit yaradır. Lakin regionda müşahidə olunan əsas meyil inteqrasiya və əməkdaşlıqdır".
Davos İqtisadi Forumu özü də Bakıda təşkil edilən tədbiri məhz regionda, xüsusən də Azərbaycanda müşahidə edilən iqtisadi artım aspektindən xarakterizə etmişdir. Forumun gəldiyi qənaət belədir ki, bu region dünya üzrə istifadə olunmamış ən böyük təbii ehtiyatlar rezervinə və kontinental tranzit yolu kimi strateji əhəmiyyətə malikdir. Bu inkişaf və artım potensialından maksimal dərəcədə yararlanmaq üçün regionun əsas ölkələri güclü iqtisadiyyatlarını qurmalı və onun uzunmüddətli perspektivdə davamlı inkişafını təmin etməlidir. Davos İqtisadi Forumunun Azərbaycanda keçirilməsi həm ölkənin regionda bu günə qədər əldə etdiyi iqtisadi irəliləyişlərinə bir beynəlxalq dəstəkdir, həm də gələcək strateji planlamada ölkənin mühüm rol oynayacağı deməkdir.
Təbii ki, ümumi iqtisadi inkişaf ayrı-ayrı sahələrin tərəqqisi əsasında əldə edilir. Belə ki, ölkə iqtisadiyyatının əsasını təşkil edən və ÜDM-də xüsusi çəkisi 50 faizdən yüksək olan (2010-cu ildə 52,5 faiz) sənaye sahəsində 2003-2011-ci illər ərzində davamlı inkişaf müşahidə olunmuş məhsul istehsalının real artımı orta hesabla 14,7 faizə çatmışdır. Neft və qaz hasilatı üzrə ölkəmizdə qazanılmış tarixi rekord nəticələr hər il təzələnməkdədir. Belə ki, Azərbaycanda neft hasilatı tarixində ən yüksək göstərici 1941-ci ilə (23,5 milyon ton), qaz hasilatında isə 1982-ci ilə (14,9 milyard kubmetr) təsadüf etmişdisə, 2007-ci ildə hasil edilmiş neftin həcmi 42,6 milyon ton, təbii qazın həcmi 16,9 milyard kubmetr, 2008-ci ildə müvafiq olaraq 44,5 milyon ton və 23,4 milyard kubmetr, 2009-cu ildə 50,4 milyon ton və 23,6 milyard kubmetr, 2010-cu ildə bu rəqəmlər 50,8 milyon ton və 26,3 milyard kubmetrə çatmışdır. Bu illər ərzində "Azəri" və dərinsulu "Günəşli" yataqlarından neftin, "Şah Dəniz" yatağından qazın hasilatına başlanmışdır. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin, Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) tikintisi tamamlanmış və kəmərlər istismara verilmişdir.
Bütün bunlarla yanaşı, 2010-cu ildə yeni "Ümid" qaz yatağı kəşf edilmişdir. Yatağın təxminən 200-250 milyard kubmetr qaz ehtiyatına malik olduğu ehtimal edilir. Yataqdan qazla bərabər 30-40 milyon ton qaz kondensatının da hasil edilməsi gözlənilir. Ümumiyyətlə, ölkənin qaz ehtiyatlarının həcmi 2 trilyon kubmetrdən çoxdur. Qaz hasilatında yaranmış belə uğurlu vəziyyət ölkənin təbii qazla tam təmin edilməsinə və hətta qazın bir hissəsinin ixracı üçün əlverişli imkan verir. Məhz bunların əsasında Azərbaycan Respublikasının əsas inkişaf strategiyasına uyğun olaraq, son illər iqtisadiyyatı ən çox gücləndirən amil olan enerji təhlükəsizliyi təmin edilmişdir. O cümlədən "Azərbaycan Respublikasının yanacaq enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı"na uyğun olaraq ölkədə müasir və səmərəli elektrik stansiyalarının, yüksək gərginlikli elektrik xətlərinin və yarımstansiyalarının tikintisi, paylayıcı şəbəkə təsərrüfatında əsaslı islahatlar və texniki yenidənqurma işləri üzrə layihələr həyata keçirilmişdir. Mühüm enerji layihələri reallaşdırılmış, yeni elektrik stansiyalarının tikilib işə salınması, elektrik enerjisi şəbəkələrinin infrastrukturunun yeniləşdirilməsi əhalinin və iqtisadiyyatın elektrik enerjisinə olan tələbatının daha etibarlı və tam ödənilməsinə imkan vermişdir.
Bu baxımdan ötən ilin əhəmiyyətli iqtisadi uğurları sırasında iyun ayının 26-da İstanbulda Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı imzalanmış iki saziş xüsusi əhəmiyyətə malikdir. Hesab edirik ki, bu cənab Prezidentin Azərbaycan xalqına və gələcək nəsillərə töhfəsidir. Bunun müvəffəqiyyətli olacağına inanırıq.
Ölkə başçısı regionlarda mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadəni təmin etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı və aqrar sektorda islahatları sürətləndirmək, yeni iş yerləri açmaq, məşğulluq səviyyəsini və insanların yaşayış şəraitini yüksəltməklə yoxsulluğu azaltmaq, infrastruktur sahələrini təkmilləşdirmək və yeniləşdirmək, əlverişli investisiya şəraiti formalaşdırmaqla ölkənin, xüsusilə regionların investisiya cəlbediciliyinə nail olmaq, mövcud potensiala və yerli şəraitə uyğun müasir müəssisələr yaratmaq və beləliklə də tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər üzrə) Dövlət Proqramı"nı təsdiq etmişdir. Eyni zamanda, ölkə başçısı son beş ildə Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran, Aran, Gəncə-Qazax və s. iqtisadi rayonlarına daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə sərəncamlar da imzalamışdır.
Azərbaycan hökumətinin sosial məsuliyyət prinsipinə ciddiliklə riayət edərək, fəaliyyəti ilə bağlı vaxtaşırı xalq qarşısında hesabat verməsi artıq ənənə halını almışdır. Məhz bunun nəticəsidir ki, yalnız 2003-2008-ci illər ərzində ölkə başçısı regionların bütün rayonlarını əhatə etməklə 127 səfər etmiş, o cümlədən 6 dəfə Naxçıvan Muxtar Respublikasında olmuş, yerlərdə görülən işlərlə, xalqımızın həyat səviyyəsi ilə maraqlanmış, tapşırıq və tövsiyələrini vermiş, "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər üzrə) Dövlət Proqramı"nda nəzərdə tutulmuş vəzifələrin icrası ilə tanış olmuş, ölkəmizin abadlaşması və inkişafı üçün əhəmiyyətli olan 500-dək müəssisə və obyektin təməlqoyma və açılış mərasimlərində şəxsən iştirak etmişdir. Sumqayıt şəhərində, Quba, Şəki, Astara və Xaçmaz rayonlarında elektrik stansiyaları, Gəncədə "Kəpəz" markalı avtokran, "Belarus" tipli traktor və "Maz" tipli ağır tonnajlı yük avtomobili istehsal edən avtomobil zavodu, İmişlidə şəkər zavodu, Şamaxıda müasir standartlara cavab verən televizorlar, kondisionerlər istehsal edən zavod, Naxçıvanda "Lifan" markalı minik avtomobilləri istehsal edən avtomobil zavodu, müxtəlif regionlarda asfalt-beton zavodları, Abşeron rayonunda duz zavodu, Lənkəran rayonunda yağ-süd, dondurma və pivə zavodları, Masallı rayonunda mebel zavodu, Biləsuvar rayonunda konserv zavodu, Hacıqabul rayonunda kərpic zavodu, Xaçmaz rayonunda konserv və pivə zavodları, Qəbələ rayonunda meyvə şirələri istehsal edən zavod, Gədəbəy rayonunda qızıl-mis emalı zavodu və s. yüzlərlə yeni sənaye müəssisələri yaradılmış və istehsal edilən məhsul növlərinin çeşidi xeyli artmışdır. Nəticədə regionlarda mövcud potensialdan səmərəli istifadə etməklə istehsal müəssisələrinin fəaliyyəti daha da genişləndirilmiş, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, məşğulluğun artırılması və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin edilməsi istiqamətində müəyyən uğurlar əldə edilmişdir. Hansı ki, bu uğurlar 2009-2013-cü illərdə də davam etdirilməkdədir.
Son illər sürətlə inkişaf edən sahələrdən biri də həm regionların sosial-iqtisadi inkişafında, həm regionlarda məşğulluğun təmin olunmasında, həm də ölkənin ərzaq təhlükəsizliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edən aqrar sektordur. Statistik məlumatlardan aydındır ki, yalnız 2003-2008-ci illər ərzində aqrar bölmədə real artım 4,5 faiz olmuş, 1191 kollektiv, 156 kənd təsərrüfatı istehsal kooperativləri, 2651 kəndli-fermer təsərrüfatı yaradılmışdır. Eyni zamanda, ölkə başçısının sərəncamı ilə kənd təsərrüfatı istehsalçılarına məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin, təqribən 50 faizinin dövlət tərəfindən ödənilməsi, "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, ASC tərəfindən kənd təsərrüfatı texnikalarının və texnoloji avadanlığın lizinqlə verilməsi, ödəmə müddətinin 5 ildən 10 ilə qədər artırılması, buğda istehsalçılarına əkilən hər hektar sahəyə görə 40 manat miqdarında yardım verilməsi və s. tədbirlərin nəticəsidir ki, aqrar bölmədə bütün zəruri məhsulların istehsalı üzrə müvafiq uğurlar təmin edilmişdir.
Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi və "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli sərəncamına uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində əhalinin normal yaşayışı üçün xüsusi əhəmiyyət kəsb edən aqrar sektor sürətlə inkişaf etməkdədir. Aqrar sektorun inkişafı istiqamətində atılan addımlara misal olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin 50,0 faizinin dövlət tərəfindən ödənilməsi, buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalçılarının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına əkilən hər hektar üçün 40 manat yardımın verilməsi, məhsuldarlığa təsir göstərən reproduksiyalı toxum materialının satışına görə hər kiloqrama 30-40 faiz əlavə maliyyə vəsaitinin ayrılması, həmçinin 2009-cu ilin yanvar ayının birindən "Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvədə olma müddətinin 5 il müddətinə uzadılması, müntəzəm olaraq kənd təsərrüfatı məhsullarının satışı üzrə yarmarkaların təşkil edilməsi, kənd təsərrüfatı istehsalçılarına yardım etmək məqsədilə "Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 23 oktyabr 2004-cü il tarixli sərəncam əsasında "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin yaradılması, meyvə və tərəvəz məhsullarının saxlanılması üçün xüsusi anbarların tikilməsi kimi məsələləri göstərə bilərik.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında demişdir: "Bununla bilavasitə bağlı olan ərzaq təhlükəsizliyi məsələləri də daim diqqət mərkəzindədir. Mən çox şadam ki, biz qarşıya qoyulmuş hədəfə yaxanlaşırıq. Keçən dəfə sahibkarlarla görüşdə qeyd etmişdim ki, indi biz özümüzü əsas ərzaq malları ilə təmin edirik. Amma, əlbəttə, istərdim ki, biz özümüzü 100 faiz təmin etmək səviyyəsinə çataq. Artıq görülən işlər, xüsusilə iri fermer təsərrüfatlarının yaradılması, meliorativ tədbirlərin görülməsi, kreditlərin verilməsi, infrastruktur, yolların və s. məsələlərin həlli hesabına biz buna nail olacağıq ki, Azərbaycan özünü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin etsin. Bu, tarixi nailiyyət olacaqdır".
Son illər ölkənin sürətlə inkişaf edən sahələrindən biri də nəqliyyat sektoru olmuşdur. Bu sahə istər yeni yol və yol ötürücülərinin tikilib istifadəyə verilməsi, istər sərnişin və yük daşımalarına dair müvafiq tədbirlərin həyata keçirilməsi, istərsə də daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və s. istiqamətlərdə atılan mühüm addımlarla yadda qalmışdır. Şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarına yeni komfort və iritutumlu avtobusların cəlb edilməsi, bütün ölkə boyunca yolların və yol infrastrukturlarının yenidən qurulması, yollarda hərəkətin təşkili və təhlükəsizliyi istiqamətində müvafiq tədbirlərin görülməsi və s. Azərbaycan hökumətinin bu istiqamətdə atdığı addımların bir nümunəsidir. Məhz ölkə başçısının qətiyyətliliyinin, verilən tapşırıqların icrasına birbaşa və ciddi nəzarətinin, eləcə də regional infrastrukturların inkişafına göstərdiyi diqqət və qayğının nəticəsidir ki, 2003-2008-ci illər ərzində ölkənin, həmçinin regionların inkişafında böyük rolu olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin inşası, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin yaradılması kimi möhtəşəm layihələr başa çatdırılmış, Bakı-Tbilisi-Qars dəmir yolunun inşasına başlanmış və beləliklə, Azərbaycan regionun mühüm iqtisadi güc mərkəzinə, eyni zamanda dünyanın enerji təhlükəsizliyində aparıcı mövqeyə malik güclü dövlətə çevrilmişdir. Nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə 2003-2008-ci illər ərzində regionlarda 1000 kilometrdən çox magistral yollar çəkilmiş və ya əsaslı təmir edilmiş, 600 kilometr respublika əhəmiyyətli və 2700 kilometr yerli əhəmiyyətli yollarda təmir işləri aparılmış, 69 yeni körpü tikilmiş, 34 körpü təmir edilmiş, eləcə də Naxçıvan, Gəncə, Lənkəran və Zaqatala şəhərlərində müasir standartlara uyğun yeni hava limanları tikilmişdir. Hal-hazırda da yolların abadlaşdırılması, yenidən qurulması, Ələt qəsəbəsində böyük terminalın yaradılması və Lənkəranda yeni dəniz limanının tikintisi və s. istiqamətlərdə işlər davam etdirilir. Həyata keçirilən tədbirlər nəticəsində, artıq Azərbaycan Respublikası Avropanın enerji təhlükəsizliyində aparıcı mövqeyə malik bir dövlətə çevrilmişdir.
Təbii
ki, bütün bunlar milli iqtisadiyyatın digər sahələri
ilə yanaşı, turizm, nəqliyyat və s. kimi xidmət
sahələrinə də təsirsiz ötüşə bilməzdi.
Xüsusilə dinamik artan yerli istehsal, sürətlə
genişlənən xarici əlaqələr, ölkəmizin əlverişli
coğrafi-strateji mövqeyi və s. səbəblərdən
daşıma xidmətlərinin keyfiyyətinin yüksəldilməsi,
daşımaların operativ, təhlükəsiz və
qısa zamanda təşkili artıq zərurətə
çevrilmişdir. Eyni zamanda, ölkəmizin qoşulduğu
beynəlxalq və regional layihələr Azərbaycanı zəngin
tranzit potensialına malik bir ölkəyə
çevirmişdir. Transmilli nəqliyyat proqramları və
layihələri çərçivəsində, o cümlədən
TRASEKA və Şimal-Cənub beynəlxalq dəhlizlərinin
Azərbaycan seqmentində avtomobil magistrallarının tikintisi
və yenidənqurulması, regionlarda, xüsusən dağ
rayonlarında yol şəbəkəsinin bərpası və
təkmilləşdirilməsi işləri həyata
keçirilmişdir ki, bütün bunlar da daşıma xidmətlərinin
kəmiyyət və keyfiyyət göstəricilərinin
artmasına təsir göstərmişdir. Əldə edilən
nailiyyətlər yalnız avtomobil daşımaları xidmətinə
deyil, bütün nəqliyyat xidmətlərinə təsir
edirdi. Məsələn, Azərbaycanda hasil edilmiş
karbohidrogenin dünya bazarlarına nəql edilməsi məqsədilə
illik layihə gücü 50 milyon ton olan Heydər Əliyev
adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəməri,
eləcə də Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz Boru
Kəməri istismara verilmişdir ki, bu da boru-kəməri
daşımalarını inkişaf etdirməklə
yanaşı, həm də ölkəmizi Avropanın enerji təhlükəsizliyində
aparıcı bir dövlətə çevirmişdir.
Bütün bunlar isə ölkəmizin dünya iqtisadi
sisteminə inteqrasiyasını şərtləndirən Heydər
Əliyevin ideyalarının reallaşmasının bariz
nümunələridir. Prezident İlham Əliyevin uğurla
davam etdirdiyi çevik və ardıcıl siyasət Azərbaycanı
Xəzər regionunda əsas multimodal nəqliyyat
qovşağına və beynəlxalq aləmdə əhəmiyyət
kəsb edən neft və qaz tranziti ölkəsinə
çevirmişdir. Həmçinin "Bakı şəhərində
nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə
Tədbirlər Planı" və "Bakı şəhərində
nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə
2008-2013-cü illər üçün əlavə Tədbirlər
Planı"nda yol infrastrukturu üzrə nəzərdə
tutulmuş işlərin icrası ilə bağlı olaraq son
illərdə yol qovşaqlarının və piyada keçidlərinin
inşası və yolların yenidən qurulması davam
etdirilmişdir. Azərbaycan, Gürcüstan və Türkiyə
arasında imzalanmış "Bakı-Tbilisi-Qars yeni dəmir
yolu xətti haqqında" sazişə müvafiq olaraq,
Türkiyə və Gürcüstanın ərazilərində
dəmir yolu xətlərinin inşası və yenidənqurulması
işlərinin aparılması nəticəsində Türkiyə
ilə Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsinin
yaradılması, eləcə də Qara dəniz və Xəzəryanı
ölkələrin Avropanın dəmir yolu şəbəkəsinə
qoşulması mümkün olacaqdır.
Son
illər İKT və poçt sektoru sürətlə
inkişaf edərək gəlirlərinin orta illik artım
tempi 30-35 faiz arasında dəyişmişdir və demək
olar ki, inkişaf tempinə görə bu sahə ölkə
iqtisadiyyatının bütün sektorlarını
qabaqlayır. Dünya təcrübəsi göstərir ki,
qeyri-neft sektorunun inkişafında informasiya
texnologiyalarının rolu xüsusilə əhəmiyyətlidir.
Daim texnoloji yeniliklərlə müşayiət olunan İKT
sektorunda həm yeni xidmət növlərinin
yaradılması, həm də mövcud xidmətlərin həcminin
genişlənməsi hesabına son illər ərzində
yaradılmış əlavə dəyərin qeyri-neft məhsul
istehsalında xüsusi çəkisi 4-5 faiz təşkil
etmişdir.
Davos
Dünya İqtisadi Forumunun "Global İnformation Technologies
2009-2010" hesabatında Azərbaycan, əvvəlki illərdə
olduğu kimi, MDB ölkələri arasında liderliyini qoruyub
saxlamış və bu dəfə "şəbəkə
hazırlığı indeksinə" (Networked Readiness Index)
görə dünyanın 133 ölkəsi arasında 64-cü
yeri paylaşmışdır. Azərbaycan bu reytinqin ilk
yarısına düşən yeganə MDB ölkəsidir.
Qeyd edək ki, Rusiya 80-cı, Qazaxıstan 68-ci, Ukrayna 82-ci,
Gürcüstan 93-cü, Ermənistan isə 101-ci yerdə qərarlaşmışdır.
Bu hesabata əsasən Azərbaycan nəinki MDB dövlətlərini,
həmçinin Türkiyə (69-cu yer), Polşa (65-ci yer),
Misir (70-ci yer), Meksika (78-ci yer) kimi ölkələri də
qabaqlaya bilmişdir. O cümlədən Beynəlxalq
Telekommunikasiya İttifaqının (BTİ) "Measuring the
Information Society - 2010" adlı hesabatında aparılan
"İKT İnkişaf İndeksi" üzrə qiymətləndirmə
159 ölkəni əhatə etmişdir ki, bu hesabata görə
Azərbaycan 2009-cu il üzrə 159 ölkə arasında
81-ci yeri tutmuş və ötən illə müqayisədə
öz mövqeyini 1 pillə daha da yüksəltmişdir.
Bütün bunlardan əlavə, Economist Intelligence Unit (EIU) tərəfindən
aparılan "2009-cu ildə İT-industriyada rəqabətqabiliyyətliliyin
müqayisəli təhlili" hesabatında ötən ilin
yekunlarına görə Azərbaycan informasiya
texnologiyaları sektorunda 63-cü yerdən 61-ci yerə qədər
yüksəlmişdir. Müsbət haldır ki, Azərbaycan
hesabatın nəticələrinə əsasən, MDB ölkələri
arasında Rusiya Federasiyası, Ukrayna və Qazaxıstandan
sonra 4-cü yeri tutmuşdur.
(Ardı var)
İsa ALIYEV,
AMEA İqtisadiyyat İnstitutunun
direktoru, iqtisad elmləri doktoru, professor
Azərbaycan.-2013.-
25 iyun.- S.6.