Qara dəniz Ticarət və İnkişaf
Bankının Rəhbərlər
Şurasının 15-ci illik toplantısı
keçirilmişdir
İyunun 23-də Bakıda Azərbaycan Respublikasının sədrliyi ilə Qara dəniz Ticarət və İnkişaf Bankının Rəhbərlər Şurasının (QTİB) 15-ci illik toplantısı keçirilmişdir.
AzərTAc xəbər verir ki, açılış mərasimində çıxış edən bankın Rəhbərlər Şurasının sədri, Azərbaycanın maliyyə naziri Samir Şərifov QTİB-in 15-ci yubiley toplantısının Bakıda keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirmişdir. Artıq üçüncü gündür ki, QTİB-nin illik toplantısı çərçivəsində müxtəlif tədbirlərin, o cümlədən Biznes Forumun keçirildiyini xatırladan nazir qeyd etmişdir ki, bütün bu tədbirlərdə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, investisiya potensialı və biznes imkanları təqdim olunmuş, regional əməkdaşlığın yeni istiqamətləri, o cümlədən özəl sektorun inkişafı, iqtisadi strategiyanın təşkili mövzularında vacib müzakirələr aparılmış, müxtəlif ölkələrin təcrübələrini bölüşmək imkanları araşdırılmışdır. Rəhbərlər Şurasının bu gün keçirilən sessiyasında isə bölgə iqtisadiyyatında QTİB-in rolu, quruma üzv ölkələrin birgə əməkdaşlığının maliyyə institutları və özəl sektorun inkişafına müsbət təsiri, avrozonada iqtisadi böhranın bankın üzv ölkələrinə mənfi təsirləri və onların qarşısının alınması, eyni zamanda, hazırkı iqtisadi şəraitdə bankda təmsil olunan ölkələrin şirkətlərinə daha çox maliyyə resurslarının ayrılması məsələləri müzakirə olunmuşdur.
Bu gün iqtisadi çətinliklərlə üzləşən bəzi QTİB üzv ölkələrində iqtisadiyyatın dirçəlməsi üçün əməli tədbirlər həyata keçirdiyini qeyd edən S.Şərifov bunun nəticəsinin əsasən həmin ölkələrdə kiçik və orta sahibkarlığın maliyyələşdirilməsində özünü göstərdiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, bu müzakirələr üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın genişləndirilməsi üçün çağırışların həllinə effektiv təsir göstərmək baxımından böyük əhəmiyyət daşıyır.
QTİB-in prezidenti Andrey Kondakov isə bankın 2012-ci ildəki fəaliyyəti, əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələri barədə hesabat vermişdir.
İllik iclasın açılış sessiyasında banka üzv olan ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, Qara Dəniz İqtisadi və Əməkdaşlıq Təşkilatı baş katibinin müavini, Qara Dəniz İqtisadi Əməkdaşlığın Biznes Şurasının baş katibi, habelə QTİB-də müşahidəçi qismində iştirak edən beynəlxalq maliyyə qurumlarının - Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Beynəlxalq İnvestisiya Bankı, Avstriya İnkişaf Bankı, KFW İnkişaf Bankı, Nordic İnvestisiya Bankı və Vneshekonombankın təmsilçiləri və sessiyada qonaq qismində iştirak edən ECO Ticarət və İnkişaf Bankının prezidenti QTİB-in Qara dəniz regionu ölkələrinin inkişafında rolunu qeyd edərək birgə əməkdaşlığın əhəmiyyətindən və nəticələrindən söz açmışlar.
İclasın açılış sessiyasının iştirakçıları tədbirin yüksək səviyyədə təşkilinə, yaradılan şəraitə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan hökumətinə minnətdarlıqlarını bildirmişlər, eyni zamanda, Azərbaycanda gedən sürətli inkişaf, iqtisadi dirçəliş və böyük quruculuq işlərini yüksək qiymətləndirmişlər.
İclasın
biznes sessiyasında QTİB-in Rəhbərlər Şurası
2012-ci il üzrə illik hesabatı və illik audit olunmuş
maliyyə hesabatlarını təsdiq etmiş, xalis gəlirin
istifadəsinə dair qərar qəbul olunmuşdur. Bununla
yanaşı, bankın Rəhbərlər Şurasında sədrliyin
Bakı toplantısından sonra Bolqarıstana keçməsi
və bankın Rəhbərlər Şurasının
16-cı illik iclasının Sofiyada keçirilməsi qərara
alınmışdır.
Azərbaycan.-2013.- 25 iyun.- S.7.