Bakıda Qarabağ müharibəsi veteranı olan rəssamların sərgisi açılmışdır

 

İyunun 24-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına Sərgi salonunda Bakıda Qarabağ müharibəsi veteranı olan rəssamların əsərlərinin I Respublika sərgisi açılmışdır.

AzərTAc xəbər verir ki, "Qorqud" Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Ehtiyatda olan zabitlər birliyi və Rəssamlar İttifaqı tərəfindən təşkil olunmuş sərgiyə dörd rəssam - Pərnisə Əsgərova, Tərlan Eyvazov, İntiqam Ağayevİlqar Əkbərov öz işlərini təqdim etmişlər.

Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov qeyd etmişdir ki, bu, Qarabağ müharibəsi iştirakçılarının ilk sərgisidir. Sərgi Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində açılmışdır.

Ekspozisiyada nümayiş etdirilən bütün rəsmlər  müharibə iştirakçılarının əsərləridir.  Müəlliflər öz hisslərini əks etdirmişlər. Onların hamısı peşəkar rəssamlardır. Belə ki, miniatürçü rəssam Pərnisə Əsgərova 1992-ci ildə könüllü olaraq cəbhəyə getmiş, tibb  bacısı olmuşdur. Ekspozisiyaya tarixi səhnələri əks etdirən miniatürlər təqdim etmişdir.

Qarabağ müharibəsinin iştirakçısı olan qrafika ustası-illüstrasiyaçı, "Qorqud" Araşdırmalar Mərkəzinin rəhbəri Tərlan Eyvazov Rəssamlar İttifaqının sədri Fərhad Xəlilova təşəkkür məktubu və illüstrasiyalarının müəllifi olduğu  mərhum Zakir Sadatlının "Əfqanıstan uçurumu" kitabını təqdim etmişdir. Bu yaxınlarda keçirilmiş Milli kitab müsabiqəsində o, birinci yeri tutmuşdur.

İntiqam Ağayev Qarabağ müharibəsinin iştirakçısıdır, ikinci qrup əlildir, Rəssamlar İttifaqının üzvüdür. Onun rəsmlərində döyüş əməliyyatları səhnələri təsvir olunmuşdur.

İlqar Əkbərov Qarabağ müharibəsində könüllü  iştirak etmişdir, Rəssamlar İttifaqının üzvüdür. Sərgiyə ermənilər tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının mənzərələrini təqdim etmişdir.

Sərginin bütün iştirakçılarına Rəssamlar İttifaqının diplomları təqdim olunmuşdur.

Sərgi iyunun 27-dək davam edəcəkdir.

 

Azərbaycan.-2013.- 25 iyun.- S.12.