Silahlı Qüvvələrin Baş Klinik
Hospitalının ikinci müalicə korpusunun açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyev
açılışda iştirak etmişdir
İyunun 25-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalının yeni inşa edilmiş ikinci müalicə korpusunun açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev açılışda iştirak etmişdir.
Müdafiə
naziri, general-polkovnik Səfər Əbiyev Silahlı Qüvvələrin
Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport
verdi.
Dövlət
başçısı ulu öndər Heydər Əliyevin
hospitalın həyətindəki abidəsi önünə
gül dəstəsi qoydu.
Məlumat
verildi ki, son illərdə Azərbaycanda bütün sahələrdə
olduğu kimi, səhiyyə sahəsinin də maddi-texniki
bazasının möhkəmləndirilməsi istiqamətində
mühüm tədbirlər həyata keçirilir. Azərbaycan
Silahlı Qüvvələrinin Baş Klinik Hospitalının
yeni tikilmiş ikinci müalicə korpusunun ən müasir
avadanlıqla təchiz edilməsi bu sahəyə göstərilən
dövlət qayğısının nümunəsidir.
Yarandığı gündən bu hərbi səhiyyə
müəssisəsi zabit və əsgər heyətinə, həmçinin
hərbi qulluqçuların ailə üzvlərinə
yüksək səviyyədə tibbi xidmət göstərmişdir.
Ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş
Komandan İlham Əliyev bu hospitalın fəaliyyətini daim
diqqət mərkəzində saxlamışlar. Ulu öndərin
1993-cü ildə burada müalicə alan hərbçilərə
baş çəkməsi, dövlət
başçısının isə 2006-cı ildə
Silahlı Qüvvələrin Baş Klinik Hospitalının
birinci müalicə korpusunun açılışında
iştirakı bunun əyani təsdiqidir. Məhz ulu öndər
Heydər Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində
Azərbaycan hərbi sistemində xidmətin beynəlxalq
standartlar səviyyəsində təşkilinin əsası
qoyulmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin hərbi
qulluqçulara olan qayğısı, habelə ordu
quruculuğu sahəsinin müasir dünya standartlarına
uyğun təşkilinə dair qəbul etdiyi mühüm qərarlar
isə şəxsi heyətin peşəkarlıq səviyyəsini
artırmış, onların sosial müdafiəsini,
yaşayış və iş şəraitini, struktur
qurumların maddi-texniki bazasını
yaxşılaşdırmışdır. Silahlı Qüvvələrin
Baş Klinik Hospitalının ikinci
müalicə korpusunun inşası da bu tədbirlərin
ardıcıl xarakter aldığını göstərir.
Sonra
Prezident İlham Əliyev hospitalın baş planını əks
etdirən stendə baxdı.
Dövlət
başçısı müalicə korpusunun rəmzi
açılışını bildirən lenti kəsdi,
burada yaradılmış şəraitlə tanış oldu.
Binanın
foyesində ulu öndər Heydər Əliyevin büstü
qoyulmuşdur.
Diqqətə
çatdırıldı ki, bu korpus ən son elmi-texniki nailiyyətlərə
əsaslanan avadanlıqla təchiz edilmişdir. Burada ürək-damar
cərrahiyyəsi, invaziv kardiologiya, nevrologiya və digər bölmələr
yaradılmışdır. Bölmələr ən müasir
tibbi avadanlıq və cihazlarla təchiz edilmişdir. Bölmə
və şöbələrdə yaradılan şərait xəstələrə
ən yüksək səviyyədə tibbi xidmət göstərməyə
imkan verir. Səkkizmərtəbəli yeni korpusun tikintisi də
yüksək səviyyədə aparılmışdır.
Tikinti işlərini qısa müddətdə və keyfiyyətlə
yerinə yetirmək üçün maksimum səy göstərilmişdir.
Korpusun tikintisi müasir texnologiyalar və qabaqcıl təcrübələr
əsasında həyata keçirilmişdir. Korpusun 600 yerlik
yeməkxanasının mətbəxində yaradılan şərait
1700 nəfərə yemək hazırlamaq üçün
imkan verir. Bu tibb müəssisəsinin 60
çarpayılıq mobil səhra cərrahiyyə
hospitalı da ən müasir tibbi avadanlıqla təchiz
olunmuşdur. Səyyar hospital fəal döyüş əməliyyatları
zamanı yaralılara və xəstələrə
ixtisaslı tibbi yardımın göstərilməsi
üçün nəzərdə tutulmuşdur. Bu cür
müəssisələrin inşası, burada ən müasir
avadanlığın quraşdırılması, ilk növbədə,
Azərbaycan dövlətinin hərbçilərin
sağlamlığına və onların sosial məsələlərinin
həllinə həssaslıqla yanaşdığını
nümayiş etdirir. Bu tədbirlər həm də Azərbaycan
dövlətinin iqtisadi cəhətdən qüdrətləndikcə
ordumuzun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi
istiqamətində olduqca mühüm işlər həyata
keçirdiyini göstərir.
Diqqətə çatdırıldı ki, bu hərbi tibb müəssisəsi 1000 çarpayı fonduna malik olmaqla Silahlı Qüvvələrin hərbi qulluqçularına, istefaya və ehtiyata buraxılmış zabitlərə, onların ailə üzvlərinə yüksək ixtisaslı tibbi yardım göstərir. 25,4 hektar sahəni əhatə edən, 8 müalicə və digər yardımçı korpuslardan ibarət olan hospitalda 6 şöbə, 47 müalicə-diaqnostika bölməsi vardır. Hospitalda 300 çarpayılıq birinci müalicə korpusu, 60 çarpayılıq yoluxucu xəstəliklər korpusu, müasir sanitar avtomobillərlə təmin edilmiş avtomobil parkı fəaliyyət göstərir.
Dövlət başçısına məlumat verildi ki, ümumi sahəsi 30 min kvadratmetr olan ikinci müalicə korpusu 560 çarpayılıqdır. Burada 27 müalicə-diaqnostika bölməsi yerləşir. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilmiş və beynəlxalq standartlara cavab verən avadanlıq və cihazlarla təchiz olunmuşdur.
Prezident İlham Əliyev yeni korpusun ürək-damar bölməsində yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, burada ürək çatışmazlığı zamanı uzun müddətə ürəyin fəaliyyətini stimullaşdıran xüsusi qurğu quraşdırılmışdır. Korpusun palataları və əməliyyat blokları da ən yüksək səviyyədədir. Blokların layihələndirmə və quraşdırma işlərini bu sahədə dünyada böyük nüfuza malik şirkətlər həyata keçirmişdir. Burada quraşdırılan avadanlıq istənilən növ ağır əməliyyatları aparmağa imkan verir. Bölmənin intensiv-terapiya otaqları da dünya tibb sahəsinin ən son avadanlığı ilə təchiz edilmişdir. Korpusda invaziv kardiologiya bölməsi də fəaliyyət göstərəcəkdir.
Bölmənin avadanlıq və cihazları xəstələrə yüksək səviyyədə, həmçinin qısa vaxtda keyfiyyətli tibbi xidmət göstərməyə şərait yaradır. Buradakı cihazlar müalicə və diaqnostika işini dəqiqliklə yerinə yetirməyə imkan verir.
Diqqətə çatdırıldı ki, tibb ocağının dörd blokunda 10 əməliyyat otağı yaradılmışdır. Otaqlarda burun-qulaq, ginekoloji, oftalmoloji və ümumi cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Yüksək rütbəli zabitlər üçün yaradılmış tibb xidməti sahəsi də ən müasir tələblər səviyyəsində qurulmuşdur. Burada gözləmə, konfrans, yataq, yemək otaqları yaradılmış, intensiv terapiya və tibbi heyət üçün bölmələr fəaliyyət göstərir. Ümumi sahəsi 540 kvadratmetr olan bu xidmət sahəsində xəstələrin müalicə işini tibbin ən son tələbləri əsasında aparmaq üçün geniş imkanlar mövcuddur.
Korpusun 36 otaqdan ibarət laboratoriya şöbəsi də dünya standartları səviyyəsindədir. Burada ən müasir laborator müayinə üsullarını özündə birləşdirən və tibbi tələblərə tam cavab verən dünyanın aparıcı şirkətlərinin avadanlığı quraşdırılmışdır. 1500 kvadratmetr sahədə yerləşən şöbədə genetik, mikrobioloji, immunoloji, biokimyəvi və kliniki laborator qurğular vardır. Tibb müəssisəsinin radiologiya bölməsində rentgen, maqnit-rezonans tomoqrafiya, kompyuter tomoqrafiyası, flüoroqrafiya aparatları quraşdırılmışdır.
Tibb ocağında yaradılan videomüşahidə otağında quraşdırılan monitorlar vasitəsilə əməliyyat otaqlarından görüntü nümayiş olunur. Xəstənin yaxınları, eləcə də tibb sahəsində təhsil alanlar bu otaqda aparılan əməliyyatları istər birbaşa, istərsə də sonradan izləyə bilərlər.
Yeni korpusun qarşısında ümumi sahəsi beş hektar olan ərazidə geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq sahələri salınmışdır.
Səhiyyə ocağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti hospitalın kollektivi ilə görüşdü.
Kollektivi təbrik edən Prezident İlham ƏLİYEV dedi:
- Hərbi hospitalın yeni binasının açılışı münasibətilə sizi ürəkdən təbrik edirəm. Bu açılış onu göstərir ki, Azərbaycanda səhiyyə sahəsində işlər yüksək səviyyədə aparılır. Son on il ərzində Azərbaycanda 500-dən çox tibb ocağı tikilmiş və təmir edilmişdir. Bakıda və bütün bölgələrdə yeni müasir xəstəxanalar, diaqnostika mərkəzləri açılır və insanlara yüksək səviyyədə tibbi xidmət göstərilir. Bu, çox vacib məsələdir. Çünki insanların sağlamlığı dövlət üçün prioritetdir. Son illər ərzində bu sahədə görülən işlər, doğrudan da yüksək qiymətə layiqdir.
Bu hospitalın tikintisi
özlüyündə bir
göstəricidir. Mən bir neçə il bundan
əvvəl hospitalın
birinci korpusunun açılışında iştirak
etmişdim. O vaxt da çox böyük
işlər görülmüşdü.
Bu bina və
burada quraşdırılmış
avadanlıq, əlbəttə
ki, dünya səviyyəsindədir. Dünyanın aparıcı klinikalarında
olan şərait və texniki təchizat burada vardır.
Bu, belə də
olmalıdır. Çünki Azərbaycanda hər
bir sahədə - iqtisadiyyatın, xidmətin
hər bir sahəsində ən yüksək standartlar olmalıdır. Biz bunu gözəlləşən
şəhərlərdə yeni infrastruktur layihələrinin yaradılmasında
və eyni zamanda, vətəndaşlara
göstərilən tibbi
xidmətdə görürük.
Burada bütün
şərait vardır. Şadam ki,
burada çalışan
mütəxəssislər də
böyük peşəkarlığa
malikdir, xarici klinikalarda təlim keçmişlər. Görürəm ki, burada işləyənlərin
əksəriyyəti gənclərdir.
Bu da məni
çox sevindirir.
Çünki indi dünyada
tibb elmi o qədər sürətlə
inkişaf edir ki, bu inkişafı
daim izləmək lazımdır. Ən mütərəqqi
texnologiyalar tətbiq edilməlidir. Nəzərə alsaq ki, burada
indi ən müasir avadanlıq vardır, əsas məsələ bu avadanlıqdan səmərəli
şəkildə istifadə
etmək və insanlara yüksək tibbi xidmət göstərməkdir.
Bu hospitalın açılışı
Silahlı Qüvvələr
Günü ərəfəsində
baş verir. Sabah biz Silahlı Qüvvələrin
95 illiyini qeyd edəcəyik. Sabah hərbi parad keçiriləcəkdir. Azərbaycan hərbi
qüdrətini bir daha nümayiş etdirəcəkdir. Ordumuz
inkişaf edir, güclənir və hərbçilərin sosial məsələləri
də həll edilir. Dünən hərbçilərin vəzifə maaşlarının
artırılması ilə
bağlı sərəncam
imzalanmışdır. Bu gün bu gözəl hospital açılır.
Bildiyiniz kimi, 20 il qüsursuz
xidmət göstərmiş
hərbçilərə artıq
dövlət tərəfindən
mənzillər verilməyə
başlanmışdır. Artıq 187 mənzil
verilmişdir. Yəni, hərbçilərin
sosial müdafiəsi daim diqqət mərkəzindədir.
Bütövlükdə, sosial məsələlərin
həlli, yeni şəraitin yaradılması
işində uğurlar
var və bu hospitalın tikilməsi, açılması
bunun əyani sübutudur. Digər qurumların da
hospitalları, xüsusi
tibb mərkəzləri
açılmışdır. Son illər ərzində
Daxili İşlər
Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi,
Gömrük Komitəsi,
Xüsusi Mühafizə
Xidməti öz hospitallarını tikib istifadəyə vermişlər.
Yəni hesab edirəm ki, indi bütün
qurumlarda hüquq-mühafizə
orqanlarının işçilərinin
yüksək tibbi xidmət almaları üçün şərait
vardır. Eyni zamanda, qeyd etdiyim
kimi, bütün başqa yerlərdə də yeni tibb
müəssisələri açılır
və bu proses bundan sonra
da davam etdiriləcəkdir.
Burada yüksək
xidmət göstərilməlidir. Arzu edirəm
ki, hərbçilər
xəstələnməsinlər. Ancaq xəstələnəndə də
artıq yüksək
xidmət ala biləcəklər.
Burada çarpayıların sayı
minə qədərdir.
Yəni bu, Azərbaycanın ən böyük tibb müəssisəsidir.
Hesab edirəm ki, burada ən yüksək standartlar daim saxlanmalı və insanlara yüksək xidmət göstərilməlidir.
Bir daha bu gözəl hadisə və qarşıdan gələn
bayram münasibətilə
sizi ürəkdən
təbrik edirəm. Sizə uğurlar,
cansağlığı arzulayıram.
* * *
Sonra xatirə
şəkli çəkdirildi.
Daha sonra Prezident, Ali Baş Komandan İlham Əliyev ən müasir tibbi avadanlıqla təchiz edilmiş mobil səhra cərrahiyyə hospitalı
ilə tanış
oldu.
Qeyd edildi ki, hospital 2,5 min kvadratmetr sahədə açılır.
Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə
öz funksiyasını
tam yerinə yetirə
bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək
mümkündür. Hospital
yaralıların və
xəstələrin qəbulu,
qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə
tutulan çeşidləmə,
idarəetmə və
rabitə, həmçinin
diaqnostika çadırlarından
ibarətdir. Diaqnostika çadırında
müayinələr aparmaq
üçün rəqəmsal
rentgen, USM, 12 kanallı
elektrokardioqraf aparatları
və 24 göstəricini
eyni zamanda verən qan analizatoru mövcuddur.
Burada, həmçinin
2 əməliyyat, 2 intensiv
terapiya bloku və hər birində 8 çarpayı
olan 6 yaralı və xəstə çadırı vardır.
Hospitalın özəlliyi onun
konteyner və çadırlarının qısa
müddətə hazır
vəziyyətə gəlməsindədir.
Konteynerləri 5-7, çadırları isə 7-9 dəqiqəyə
hazırlamaq mümkündür.
Bu, isə hospitalın
daşınma prosesini
asanlaşdırır. Səyyar
hospital şəxsi heyətin
yataqxanası, aptek, səyyar mətbəx, hamam və sanitar
qovşaqla təchiz olunmuşdur. Bütün konteyner
və çadırlarda
işıq, mərkəzləşdirilmiş
isitmə-soyutma və
yanğın əleyhinə
xüsusi sistemlər quraşdırılmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 26 iyun.- S.1,2.