Azərbaycan ilə Böyük Britaniya
arasında əməkdaşlıq yüksək səviyyədədir
İyunun 25-də Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Böyük Britaniyanın müdafiə nazirinin Parlamentar Beynəlxalq Təhlükəsizlik Strategiyası üzrə birinci müavini Endrü Morrisonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Xələf Xələfov Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud səviyyəsindən məmnunluğunu ifadə etmişdir. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoqun olduğunu, iqtisadi sahədə hərtərəfli əməkdaşlığın getdikcə genişləndiyini qeyd edən Xələf Xələfov mədəni, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndiyini vurğulamışdır. Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşdırılmış regional enerji layihələrində Böyük Britaniya şirkətlərinin mühüm rolunu vurğulayan nazir müavini formalaşmış qarşılıqlı faydalı əməkdaşlığın gələcək üçün yeni imkanlar və perspektivlər açdığını diqqətə çatdırmışdır.
Xələf Xələfov Azərbaycanın təhlükəsizlik və müdafiə sahələrində beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirak etdiyini, Böyük Britaniya ilə bu istiqamətdə faydalı əməkdaşlığın mövcudluğunu, hərbi-texniki sahədə ölkələrimiz arasında birgə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu bildirmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini demişdir ki, problemin davam etməsi regionda sülh və sabitliyin bərqərar olunmasına əsas əngəldir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının zəruriliyini qeyd edən Xələf Xələfov işğalçı dövlətə qarşı beynəlxalq ictimaiyyətin təzyiqinin artırılmasının vacibliyini vurğulamışdır.
Endrü Morrison Azərbaycanda müşahidə etdiyi dinamik iqtisadi inkişafın onda xoş təəssürat yaratdığını diqqətə çatdırmışdır. Böyük Britaniyanın Azərbaycan ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayan Endrü Marrison bu münasibətlərin gələcəkdə daha da genişləndirilməsi istiqamətində böyük imkanların mövcudluğunu qeyd etmişdir. Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında oynadığı fəal rolunu və xüsusilə də NATO-nun Əfqanıstandakı sülhyaratma fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirən qonaq bu dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirmişdir.
Görüşdə,
həmçinin regional və qarşılıqlı maraq
doğuran digər məsələlər ilə bağlı
fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.-2013.- 26 iyun.- S.4.