Paraddan parada!
Azərbaycan Silahlı Qüvvələri
"Biz
hər an öz torpaqlarımızı azad etməyə
hazır olmalıyıq və bu məqsədlə biz
güclü ordu yaratmışıq."
İlham
ƏLİYEV
Azərbaycan ordusunun tarixində bir
neçə hərbi parad olub. Onun üçü müstəqilliyimizin
son 20 ilinə təsadüf edir. Sonuncu - 2011-ci il 26 iyun tarixdə
Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının
93-cü ildönümünə həsr olunan hərbi parad isə
bir çox parametrinə görə onlardan fərqlənirdi.
Bu, Azərbaycanın dünyada artıq söz sahibi olduğu,
bölgədə lider dövlətə çevrildiyi bir
dövrün paradı, güc nümayişi idi. Artıq bu
ordunun maddi-texniki bazası hər bir azərbaycanlının
sinəsini qürur hissi ilə doldurur. Bunu paradın
keçirildiyi həmin gün daha yaxşı hiss etmək
mümkün idi. Şəhərin müxtəlif yerlərinə
toplaşmış insanlar, maşınlarını yol kənarında
saxlayıb başımız üstdən, lap
aşağıdan uçan təyyarə və
vertolyotları seyr edən sürücülər bu ordunun -
uçan, yeriyən güclü atəş açmağa
qadir olan texnikanın, bu əsgərin ona nə qədər
yaxın olduğunu bir daha göstərdi. Növbəti parad
isə daha möhtəşəm və qalibiyyətə
yaxın olacaq. Azərbaycan əsgəri 1920-ci ildə Səməd
bəy Mehmandarovun başçılığı ilə
Qarabağda göstərdiyi şücaəti bir daha
nümayiş etdirmək əzmindədir. O döyüşdən
sonra Səməd bəy üzünü əsgərlərə
tutub fəxrlə demişdi: "Övladlarım, mən
rusların apardığı çox döyüşdə
olmuşam. Port-Arturda döyüşmüşəm, amma belə
qəhrəmanlıq, belə şücaət görməmişəm".
Bu
parad bir daha göstərəcək ki, belə bir vaxta, belə
bir günə çox az qalıb.
Bütün
münaqişələrin tarixi elə ordunun tarixidir. Bizdə
də əsgər adını şərəflə
daşıyan Azərbaycan oğullarına ehtiyac həmişə
olub. Əldə silah düşmən üstünə yeriməkdən,
eli-obanı düşməndən qorumaqdan şərəfli
nə ola bilər ki? 1918-ci ildə Azərbaycan Xalq
Cümhuriyyətinin yaranması ilə erməni-rus müdaxilələri,
demək olar ki, üst-üstə düşdü və Azərbaycan
xalqı növbəti dəfə Vətənini,
torpağını qorumaq üçün öz ordusunu
yaratdı. Qarşıya qoyulan məqsəd qısa və
aydın idi - 1919-cu ilin əvvəllərində 25 min, 1920-ci
ildə isə 40 minlik ordu yaratmaq. Ordunu peşəkar kadrlarla
təchiz etmək məqsədilə elə həmin il Gəncədə
hərbi məktəb yaradıldı və məktəbin
üç şöbəsində - ümumi, mühəndislik
və topçuluq şöbələrində ilk vaxtlarda 250
dinləyici vardı. Böyük Üzeyir bəy hələ
1918-ci ildə yenicə təşəkkül tapmağa
başlayan dövlətimizin qarşısında duran ən
mühüm məsələlərdən danışarkən
ordu quruculuğunu, təhlükəsizlik məsələlərini
önə çəkirdi: "Biz hər halda
özümüzü qorumalıyıq və hüdudumuzu elə
möhkəm bir vəziyyətə salmalıyıq ki, hər
dəli, qudurmuş soxulub bildiyini, istədiyini yapa bilməsin.
Ümumi əhalimizin baxüsus hüdud və
yaxınlığında olanların müdafiə və
mühafizəsi üçün əlimizdə vasitələr
lazımdır ki, hərəkətcə sürətə və
fəaliyyətcə də qüvvətə malik olmaqla
xalqımızı məinülqəlb etsin".
O
dövrdə ordunun tərkibinə iki artilleriya briqadası,
bir yüngül artilleriya diviziyası, üç bronlu poezd,
beş aeroplan, bir neçə hidroaeroplan, altı ağır
və yüngül bronlu avtomobil daxil idi. Qısa müddətdə
yaranan bu ordunun gücünü düşmənlər dərhal
hiss etdilər. 1920-ci ildə Qarabağda baş qaldıran erməni
qiyamı ordumuzun xüsusi bölmələri tərəfindən
dərhal yatırıldı, qiyama başçılıq edən
Dəli Qazar məhv edildi.
Bolşevik
Rusiyasına zorla qatıldıqdan sonra Azərbaycanın ordu
hissələri tədricən ləğv edildi. Yalnız
İkinci Dünya savaşında hər iki cəbhədə
vuruşan Azərbaycan diviziyaları yenidən meydana
çıxır, lakin qısa bir müddətə.
Müharibənin bitməsi ilə bu proses dayanır, 1991-ci ilə
SSRİ-nin çökməsi və Qarabağda başlayan
separatçı erməni hərəkatı güclü ordu
məsələsini bir daha gündəmə gətirdi. İlk
illərdə əsasən könüllülərdən təşkil
olunan ordu hissələri amansızlıqla mübarizə
aparsa da, düşmənin yaxşı təşkil
olunmuş, silahlanmış qüvvələri
qarşısında çətinliklə dayanırdı.
Yüksək peşəkarlığa malik kadr
çatışmazlığı, maddi-texniki bazanın zəifliyi
də bura əlavə olunsa, o dövrkü mənzərə
tam aydın olar.
Belə
bir vaxtda ölkəyə qayıdan ümummilli lider Ali Baş
Komandan kimi bütün məsuliyyəti öz üzərinə
götürdü və cəbhənin müxtəlif sahələrində
- Füzulidə, Beyləqanda qısa müddət ərzində
düşmən layiqli cavabını alaraq xeyli geri oturduldu.
Ümummilli liderlə xalq, ordu arasında bu birlik,
yaxınlıq hələ də davam edir, Azərbaycan
xalqı, ordusu durduqca bu mənəvi varislik əlaqələri
yaşayacaqdır.
O
vaxtlar xocavəndli iki şəhid anası Sevil Əliyeva
yazırdı: "Yaxşı xatırlayıram,
Qarabağda, əzəli torpaqlarımızda itirdiklərimiz,
qeyb etdiklərimiz o qədər oldu ki, bütün bu müsibətlərdən
sonra bir də yaşayacağıma, yaşamaq istəyəcəyimə
inana bilmirdim. Mən tək deyildim, eyni ağrını və
itkini, eyni taleyi mənimlə bölən həmvətənlərim
çox idi. O illərdə həm cəmiyyətdə, həm
də hakimiyyətdəki xaos və özbaşınalıq
isə ümidsizliyimizi daha da artırır, sanki dərd
üstə dərd gətirirdi. Şəhidlər
vermişdik, qanı yerdə idi. Torpaqlar itirmişdik -
yağı əlində idi, o, nə vaxt qayıdacaq, necə
qayıdacaq - nə deyən vardı, nə sanki bu barədə
düşünən vardı. Hara baxırdın üzlərdə
sərtlik və ümidsizlik, ürəklərdə boşluq
vardı... Yəqin bu, tarixin hökmüdür: xalqın həyatının
ən ağır günündə elə xalqın öz
bağrından doğan oğulları köməyə gəlir.
1993-cü ildə ümummilli liderin hakimiyyətə gəlişi
tarixin hökmü idi - desək yanılmarıq..."
Bu
sözlərdəki həqiqət çox böyükdür.
Çünki o gəlişlə hər şey dəyişdi
- ölkə də, ordu da, vətəndaşlar da. Onda ordunun
özünə kömək lazım idi... Elə həmin il -
1993-cü il noyabrın 18-də Prezident Heydər Əliyevin təcili
göstərişi ilə Milli Məclisdə müdafiə və
təhlükəsizlik məsələləri müzakirə
edildi, bir sıra qanunlar qəbul olundu, ordu quruculuğunda, demək
olar ki, yeni bir dövr başladı. "Silahlı Qüvvələr
haqqında", "Hərbi xidmət haqqında",
"Müdafiə haqqında", "Hərbi
qulluqçuların statusu haqqında" və sair qanunlar dərhal
qüvvəyə mindi. Ordu sürətlə qurulmağa
başladı.
Bu
dövrdən başlayaraq, eyni zamanda, Azərbaycan
iqtisadiyyatı əmin-amanlıq şəraitində güclənməyə
və ordunun problemləri də ölkənin artan
gücünə və nüfuzuna uyğun olaraq sürətlə
öz həllini tapmağa başladı. Bu inkişaf
dinamikasını müşahidə etmək üçün
yalnız bir fakta nəzər salmaq kifayətdir. Əgər
2003-cü ildə Azərbaycan Silahlı Qüvvələrinə
ayrılan vəsait 150 milyon dollar idisə, artıq indi
dövlət büdcəsində bu rəqəm milyard dollarla
ölçülür. Bir sözlə, bölgənin hərtərəfli
inkişaf etmiş ən güclü, ən müasir, ən
çevik ordusu Azərbaycandadır. Bunu iki il əvvəl təşkil
olunan, 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının
93-cü ildönümünə həsr olunmuş hərbi
parad bir daha nümayiş etdirdi. Bu, artıq reallıqdır,
tarixi faktdır. Sevinən sevinsin, sevinməyən
başının çarəsini qılsın. Azərbaycanla
əvvəlki illərdə olduğu kimi, artıq heç bir
dövlət zor dili ilə danışa bilməz, xüsusilə
Ermənistan və onu dəstəkləyən qüvvələr.
Dövlətimizin başçısının
apardığı maraqlı bir müqayisəyə nəzər
yetirmək kifayətdir: "Azərbaycanın bugünkü
büdcə xərcləri Ermənistanın büdcə xərclərindən
10 dəfə artıqdır. Azərbaycanın müdafiə
büdcəsi Ermənistanın bütün büdcəsini
üstələyir. Reallıq belədir. Zaman keçdikcə
də iki ölkə
arasındakı bu fərq yalnız artacaqdır.
Düşünürəm ki, bu da "münaqişə həll
olunmalıdır" anlayışının yaranması
üçün möhkəm rol oynayır. Status-kvo bundan
sonrakı illər ərzində davam edə bilməz".
Bəxtiyar QARACA
Azərbaycan.-2013.- 26 iyun.- S.5.