Pakistanın nüfuzlu «Diplomatic Star» jurnalında Azərbaycan Silahlı Qüvvələri haqqında məqalə dərc edilmişdir

 

Pakistanın nüfuzlu ingilisdilli "Diplomatic Star" jurnalında "26 iyun, 2013: Azərbaycan Silahlı Qüvvələrinin 95 illik yubileyi" başlıqlı məqalə dərc edilmişdir.

Məqalədə Azərbaycanın yerləşdiyi geosiyasi məkana və zəngin təbii sərvətlərinə görə əsrlər boyu böyük imperiyaların hücumuna məruz qaldığı, lakin göstərdiyi böyük şücaət və qəhrəmanlıq nəticəsində bu xalqın öz milli mənsubiyyətini qoruyub saxladığı, müstəqil dövlətçilik uğrunda daim mübarizə apardığı bildirilmişdir. Çar Rusiyasının süquta uğramasından sonra, 1918-ci ildə müsəlman Şərqində ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaranmışdır. Xalq Cümhuriyyəti iyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılması da daxil olmaqla, müstəqil dövlətə xas olan bütün dövlət atributlarını təsis etmişdir. Vurğulanmışdır ki, istedadlı generallar Səmədbəy Mehmandarov və Əliağa Şixlinskinin komandanlığı ilə Azərbaycan Ordusu düşməni bütün cəbhələrdə darmadağın etmişdir. Orduda bir sıra struktur və qanunvericilik islahatları həyata keçirilmiş, sərhəd qoşunları yaradılmışdır.

Qeyd olunmuşdur ki, Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycan Ordusu ləğv edilmişdir. Sovet dövründə Azərbaycan zabitlərinin inkişafına süni maneələrin törədilməsinə baxmayaraq İkinci Dünya müharibəsi zamanı Azərbaycan milli diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçərək qəhrəmanlıq göstərmişlər.

Məqalədə ümummilli lider Heydər Əliyevin sovet dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli hərbçi kadrların hazırlanması istiqamətində gördüyü işlərə nəzər salınmış, Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, Azərbaycan gənclərinin SSRİ-nin hərbi məktəblərinə qəbulunun təmin edilməsi xüsusi vurğulanmış, bu təhsil müəssisələrində hazırlanmış zabitlərin müstəqil Azərbaycanın Silahlı Qüvvələrinin əsas kadr potensialını təşkil etdiyi bildirilmişdir.

Müəllif XX əsrin sonunda dövlət müstəqilliyini bərpa edən Azərbaycanın erməni işğalına məruz qaldığını, yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra Milli Ordunun yaranması prosesinin gücləndiyini, bu ordunun azğınlaşmış erməni qəsbkarlarının qarşısını almağa və hətta işğal altındakı bir çox əraziləri azad etməyə müvəffəq olduğunu qeyd etmişdir.

Bildirilmişdir ki, 1994-cü ildə atəşkəsin təmin olunmasından sonra Azərbaycan Ordusunda köklü islahatlara başlanılmış, Silahlı Qüvvələr üçün kadrlar hazırlayan təhsil ocaqları fəaliyyətə başlamış, Azərbaycan zabitlərinin dünyanın nüfuzlu hərbi məktəblərində təhsil alması üçün imkanlar yaradılmışdır.

Yazıda ulu öndər Heydər Əliyevin ordu quruculuğu siyasətinin onun layiqli davamçısı İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyi xüsusi vurğulanmışdır. Bu istiqamətdə Müdafiə Sənayesi Nazirliyinin yaradılması mühüm addımlardan biridir. Nazirliyin tabeliyində olan müəssisələrin istehsalı olan bir sıra silah, sursat və hərbi texnika nümunələri beynəlxalq sərgilərdə uğurla nümayiş etdirilmiş və artıq onların bir neçə çeşidinin ixracına başlanılmışdır.

Ümummilli lider Heydər Əliyevin, Prezident, Ali Baş Komandan İlham Əliyevin, habelə hərb tariximizdə yeri olan sərkərdə Babəkin, general-mayor Həzi Aslanovun fotolarının əks olunduğu məqalə "Yüksək peşəkarlığa və dəmir intizama malik şəxsi heyəti olan, ən müasir silahlarla silahlanmış, büdcəsi Ermənistanın dövlət büdcəsindən çox olan və Ali Baş Komandanın istənilən əmrini tərəddüdsüz yerinə yetirməyə hazır olan Azərbaycan Silahlı Qüvvələri Qafqazda ən güclü ordudur" sözləri ilə yekunlaşmışdır.

Məqalənin tam mətni ilə aşağıdakı linkdən tanış olmaq mümkündür: httr://www.dirlomaticstar.net/26th-yune-2013-95th-anniversary-of-azerbaiyan-armed-forces.html.

 

Azərbaycan.-2013.- 26 iyun.- S.5.