Strateji hədəfləri fəth edən yeni təfəkkürlü lider

 

2003-2011-ci illər ərzində əsas kapitala yönəldilən investisiyaların həcmi əhəmiyyətli şəkildə artmış, 2010-cu ildə 2003-cü illə müqayisədə 2,9, o cümlədən daxili investisiyalar üzrə 7,7 dəfə çoxalmışdır. Təhlil olunan dövrdə daxili investisiyaların ümumi investisiyalarda xüsusi çəkisi 24,8 faizdən 75,7 faizə qədər artmış, xarici investisiyaların payı isə müvafiq olaraq 75,2 faizdən 24,3 faizə qədər enmişdir. Yalnız 2003-2010-cu illər ərzində Azərbaycan iqtisadiyyatına yönəldilmiş 84,3 milyard dolların 45,1 milyardı xarici sərmayələr olmuşdur ki, bunun da yalnız üçdəiki hissəsi birbaşa xarici investisiyalardır. Xarici investisiyalar cəlb etməklə yanaşı, Azərbaycan eyni zamanda sərmayə ixrac edən ölkəyə çevrilmiş və son 8 ildə başqa dövlətlərə 5,7 milyard dollarlıq və ya hər il orta hesabla 711 milyon dollar sərmayə yatırmışdır. Bu müddət ərzində ölkəmizdə 161 sənaye müəssisəsi və obyekti, Bakı-Tbilisi-Ceyhan neft boru və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin Azərbaycan hissəsi, 490 kilometr uzunluğunda avtomobil yolları, 4 Beynəlxalq Hava Limanı, 3 metro stansiyası, Bakı Beynəlxalq Avtovağzal Kompleksi, 737 kilometr uzunluğunda qaz kəmərləri istifadəyə verilmiş, 1,3 milyon nömrəlik avtomat telefon stansiyaları tikilmiş və ya yenidən qurularaq istismara verilmişdir. Eyni zamanda, bu dövr ərzində ümumi sahəsi 13,2 milyon kvadratmetr olan 101,3 min yeni mənzil, 3,9 min çarpayılıq xəstəxana, növbədə 5,1 min xəstəni qəbul edən ambulatoriya-poliklinika müəssisələri, 323,2 min şagird yerlik ümumtəhsil məktəbi, 7,9 min yerlik məktəbəqədər uşaq müəssisələri, 23 Olimpiya İdman Kompleksi və digər mühüm sosial-mədəni obyektlər tikilib istifadəyə verilmişdir.

Aparılan təhlil və araşdırmalardan aydın olur ki, 2003-2011-ci illərdə büdcə və vergi (fiskal) siyasətinin əsas məqsədi dövlət büdcəsini əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, gəlirlərinin və məşğulluq səviyyəsinin yüksəldilməsinə, ölkə iqtisadiyyatının idarə olunmasına, neft sektorundan yüksək gəlirlilik əldə edildiyi orta və uzunmüddətli perspektivdə vəsaitlərdən maksimum səmərəli istifadə edilməsinə, maliyyə intizamının gücləndirilməsinə, həmçinin qeyri-neft sektorunun dayanıqlı inkişaf tempinə, ölkənin makroiqtisadi vəziyyətinin sabit saxlanılmasına, maliyyə və iqtisadi böhranın, həmçinin inflyasiya təzyiqlərinin mümkün qədər azaldılmasına ölkənin dinamik inkişafının stimullaşdırılması üçün əsas maliyyə mənbəyinə və iqtisadi alətinə çevirmək olmuşdur.

Fiskal siyasətin yuxarıda qeyd olunan hədəflərinin reallaşdırılması nəticəsində 2003-2010-cu illərdə dövlət büdcəsinin gəlirləri və xərcləri əhəmiyyətli şəkildə artmışdır. Təhlili aparılan dövrdə büdcə gəlirlərinin orta artım tempi 40,4 faiz, xərcləri isə 40,1 faiz təşkil etmişdir. Dövlət büdcəsi gəlirlərinin ÜDM-ə faiz nisbəti 2003-cü ildə 17,1 faiz, xərclərinin isə 17,3 faiz təşkil etdiyi halda, 2010-cu ildə müvafiq olaraq bu nisbət 27,4 faiz və 28,3 faizə bərabər olmuşdur. 2003-cü illə müqayisədə gəlirlər 9,3, xərclər isə 9,5 dəfə artmışdır. Büdcə göstəricilərinin ÜDM-ə faiz nisbətinin və əvvəlki dövrlərlə müqayisədə artımı 2003-2011-ci illər üzrə Azərbaycan Respublikasının büdcə-vergi siyasətinin əsas istiqamətləri son nəticədə əhalinin maddi rifah halının yaxşılaşdırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının stimullaşdırılmasına xidmət etmişdir. Büdcənin əsas gəlir mənbəyi olan vergilərin vaxtında və tam ödənilməsinin təmin edilməsi, vergi bazasının genişləndirilməsi, vergi ödəyicilərinə xidmətin beynəlxalq standartlara uyğunlaşdırılması, həmçinin vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin daha da təkmilləşdirilməsi məqsədilə qəbul edilmiş, 2005-2007-ci illəri əhatə edən "Vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində dövlət büdcəsi gəlirlərinin əhəmiyyətli artımı təmin edilmişdir. Eyni zamanda, büdcə gəlirlərinin artmasını şərtləndirən səbəblərdən biri də "Azərbaycan Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına dair Dövlət Proqramı"nın qəbul edilməsi və uğurla reallaşdırılması olmuşdur.

Büdcə gəlirlərinin artımı sosial proqramların da maliyyələşdirilməsində öz bəhrəsini vermişdir. Eyni zamanda, sosial xarakterli proqramlarla yanaşı, ölkə iqtisadiyyatı üçün əhəmiyyətli hesab olunan digər mühüm sənədlər təsdiqlənmişdir ki, həmin sənədlərin maliyyə mənbəyi kimi dövlət büdcəsi çıxış etmişdir. Bu sənədlərdən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın icrası məqsədilə 2009-cu ildə 22,7, 2010-cu il dövlət büdcəsindən 106,0 milyon manat vəsait ayrılmışdır. O cümlədən, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi məqsədilə Sahibkarlığa Kömək Milli Fondundan 2003-cü ildə 10,7, 2004-cü ildə 18,5, 2005-ci ildə 36,3, 2008-ci ildə 87,8, 2009-cu ildə 129,5, 2010-cu ildə 44 milyon manat həcmində vəsait ayrılmışdır. Ümumilikdə 2003-2010-cu illərdə ayrı-ayrı xərc komponentləri üzrə götürdükdə ümumi dövlət xidmətləri xərcləri orta hesabla 31 faiz, müdafiə 38,4 faiz, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq 28,4 faiz, təhsil 26,2 faiz, səhiyyə 33,8 faiz, sosial müdafiə və sosial təminat 26,4 faiz, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid olmayan sahədə fəaliyyət 28,7 faiz, mənzil və kommunal təsərrüfatı 35,1 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq, ətraf mühitin mühafizəsi 32,7 faiz, sənaye, tikinti və faydalı qazıntılar 2,2 dəfə, nəqliyyat və rabitə 10,2 faiz, iqtisadi fəaliyyət 3,2 dəfə, əsas bölmələrə aid edilməyən xidmətlər üzrə 56,3 faiz artmışdır.

Bütün bunlarla yanaşı, ölkədə kredit sisteminin və kreditləşdirmə prosesinin təkmilləşdirilməsi, əhalinin banklara olan inamının bərpa edilməsi istiqamətlərində atılan addımlar və həyata keçirilən islahatlar nəticəsində kredit təşkilatları tərəfindən qoyulan kreditlərin həcmi 2003-cü ildəki 670 milyon manatdan, 2010-cu ildəki 9163,4 milyon manatadək və ya 13,7 dəfə artmışdır. Əhalinin bank sektoruna olan inamının artmasının əsas göstəricisi kimi 2003-cü ildə bank sektoruna 644,4 milyon manat depozit qoyulmuşdursa, 2010-cu ilin sonuna bu rəqəm 5448,8 milyon manat təşkil etmişdir ki, bu da 8,5 dəfə artım deməkdir.

Aydındır ki, həyata keçirilən bütün tədbirlərin başlıca məqsədini ölkədə insanların yaşayış şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi və s. kimi sosial məsələlər təşkil edir. 2003-cü ildən etibarən bu istiqamətlərdə çoxsaylı tədbirlər, islahatlar həyata keçirmək, normativ-hüquqi sənədlər qəbul etməklə yanaşı, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, habelə bununla bağlı BMT-nin qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndən irəli gələn vəzifələrin ölkə xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsini təmin etmək məqsədilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" (YADİDP) qəbul edilmişdir. Proqramda əsas strateji məqsədlər müəyyənləşdirilmiş və konkret müsbət nəticələr əldə edilmişdir. Məsələn, makroiqtisadi sabitliyi saxlamaqla və qeyri-neft sektorunu tarazlı inkişaf etdirməklə davamlı iqtisadi artımın təmin edilməsi istiqaməti üzrə 2009-cu ildə ümumi daxili məhsulun (ÜDM) artım tempi 9,3 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 3,7 faiz təşkil etmiş, adambaşına ÜDM-in həcmi 4033,2 manata (5018,2 ABŞ dolları) bərabər olmuşdur. 2010-cu ildə ölkə üzrə ÜDM-in həcmi 41,6 milyard manat olaraq ötən ilə nisbətən 5 faiz və ya müqayisəli qiymətlərlə 1,8 milyard manat artmışdır. İl ərzində ÜDM-in adambaşına düşən həcmi isə 3,7 faiz artaraq 4653,3 manat (5797,8 ABŞ dolları) təşkil etmişdir. 2010-cu ildə qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 18,4 milyard manat təşkil etmiş və ötən ilin müvafiq dövrünə nisbətən 7,9 faiz artmışdır, eləcə də ÜDM-də sahənin xüsusi çəkisi 44,4 faiz təşkil etmişdir. Bütün bunlarla yanaşı, 2009-cu ildə əhalinin nominal gəlirləri 9 faiz artmış və 22,6 milyard manat təşkil etmişdir. 2010-cu ildə əhalinin nominal gəlirləri 13,3 faiz artaraq 25,6 milyard manata çatmışdır. Əhalinin sərəncamında qalan gəlirlər adambaşına 2619,6 manat təşkil etmiş və 2009-cu ilə nisbətən 12,9 faiz artmışdır. Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı 325 manat təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,1 faiz artmışdır.

Təbii ki, yoxsulluğu yaradan əsas amillərdən birinin işsizlik olduğunu nəzərə alaraq, yoxsulluqla mübarizədə ölkədə əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin olunması sahəsində tədbirlərin həyata keçirilməsi önəmli yer tutur. 2009-cu ildə ölkə üzrə 73,6 min, 2010-cu ildə 52,7 min daimi olmaqla 73 mindən çox yeni iş yeri açılmışdır. Ölkə vətəndaşlarının rifah halını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən, 2003-2010-cu illər ərzində yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği zaman-zaman artırılmışdır. Bu sahədə daha sistemli tədbirlərin reallaşdırılması, ölkədəki pensiyaçıların pensiya təminatını yaxşılaşdırmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin  2008-ci il 30 dekabr tarixli sərəncamı ilə "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" qəbul edilmişdir.

Baxılan müddət ərzində ölkədə məşğulluğun təmin edilməsi istiqamətində də mühüm addımlar atılmışdır. Eyni zamanda, atılan ən mühüm addımlar ölkə başçısı tərəfindən qəbul edilmiş bir sıra mühüm sənədlərin icrası nəticəsində mümkün olmuşdur. Belə ki, 2003-2011-ci illər ərzində əməkqabiliyyətli əhalinin məşğulluğunu təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 may tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında məşğulluq strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" təsdiq edilmiş və proqram çərçivəsində əmək bazarının təkmilləşdirilməsi, onun institusional inkişafı, məşğulluq sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsi tədbirləri həyata keçirilmişdir. Bu istiqamətdə başqa bir mühüm sənəd isə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"dır. Araşdırmalar göstərir ki, uyğun strategiya və proqramların icrası nəticəsində 2004-2010-cu illər ərzində ölkə üzrə 912,9 min yeni iş yeri açılmışdır.

Ümumiyyətlə, son illər həm də Dövlət Neft Fondu və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxsaylı layihələrlə yadda qalmışdır. Sosial sahələrin inkişafında Heydər Əliyev Fondu tərəfindən təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə həyata keçirilən proqram və layihələr müstəsna əhəmiyyət kəsb edir. Bu nəticələr beynəlxalq qurumlar tərəfindən də müsbət qiymətləndirilmişdir. Məhz bunun nəticəsidir ki, BMT-nin İnkişaf Proqramının əhalinin rifah səviyyəsini əks etdirən İnsan İnkişafı Hesabatına əsasən, Azərbaycan 2005-2010-cu illərdə 34 pillə irəliləyərək 169 ölkə arasında 2005-ci ildə tutduğu 101-ci yerdən 2010-cu ildə 67-ci yerə yüksəlmişdir. 2000-2010-cu illər üzrə ölkəmiz insan inkişafı indeksinin orta illik artım tempinə görə MDB məkanında birinci yerə layiq görülmüş və "orta insan inkişafı" ölkələri qrupundan "yüksək insan inkişafı" qrupuna keçmişdir.

Bu gün elm və təhsil müəssisələrinin kompyuterləşdirilməsi, beləliklə də gənclərin müasir texnologiyalardan istifadə vərdişlərinə yiyələnmələrinə şərait yaradılması, onların virtual dünyaya çıxışının təmin edilməsi ölkədə müasir intellektual səviyyəyə malik gənclərin formalaşdırılması istiqamətində atılmış məqsədyönlü addımlardır. "İnkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq görərik ki, onlarda uğurun əsas səbəbi neft-qaz deyil, bilikdir, savaddır, müasirlikdir. Bizdə isə həm bu olmalıdır, həm də əlbəttə ki, təbii ehtiyatlar var. Bu amillərin sintezi Azərbaycanı çox qabaqcıl, müasir ölkəyə çevirəcəkdir" - deyən ölkə başçısının əsas məqsədi "qara qızılı insan kapitalına çevirməklə" Azərbaycan Respublikasında dayanıqlı və sabit sosial-iqtisadi inkişafa nail olmaqdan ibarətdir. Məhz bu baxımdan Prezident İlham Əliyevin 2006-cı il 19 oktyabr tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı" xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısının da vurğuladığı kimi, bu proqram 5, 10 ildən sonra, bəlkə də daha da gec bəhrə verəcəkdir, amma intellektual gələcəyə yönəldilən investisiya kimi mütləq özünü doğruldacaqdır. 2011-ci ilin aprel ayının məlumatlarına görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 740 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilmişdir. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (22,3 faiz), Türkiyə (16,9 faiz), Almaniya (15,1 faiz) və Fransanın (9,1 faiz) universitetlərində təhsil alırlar. Proqram çərçivəsində xarici ölkələrdə oxuyanların 309 nəfəri bakalavr, 307 nəfəri isə magistratura pilləsində təhsil alırlar. Xarici ölkələrin universitetlərində bakalavr (mütəxəssis) pilləsində təhsil alan tələbələrin əksər hissəsi idarəetmə (91 nəfər), tibb (70 nəfər), informasiya və kommunikasiya texnologiyaları (52 nəfər) sahələrində, magistratura pilləsində təhsil alanların əksəriyyəti bakalavr pilləsində olduğu kimi, əsasən iqtisadiyyat və idarəetmə (184 nəfər) sahəsində biliklərini artırırlar. Ali təhsilli kadrların hazırlanması istiqamətində atılan bu məqsədyönlü addımlar, həm də elm sahəsində görülən işlərlə, həyata keçirilən islahatlarla müşayiət edilir. Məhz bunun bariz nümunəsidir ki, Azərbaycan Respublikasında elmin inkişaf etdirilməsi məqsədilə 2009-cu il 4 may tarixində "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və bu strategiyanın həyata keçirilməsi ilə bağlı proqram" qəbul edilmişdir. Bu əsasda, 2009-cu ildə Azərbaycan Respublikası Prezidentı yanında Elmin İnkişafı Fondu yaradılmışdır. Fond elmin müxtəlif sahələri ilə bağlı qrant müsabiqələri keçirir ki, bu da ölkəmizdə elmin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Beləliklə, qeyd edilənlərdən aydın olur ki, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında artıq təbii-iqtisadi imkanlardan istifadə etməklə çox güclü və dayanıqlı bir iqtisadiyyat formalaşmışdır. İstər ümumi iqtisadi göstəricilərdə, istərsə də sənaye, kənd təsərrüfatı, sosial və s. sahələrə dair göstəricilərin dinamik formada dəyişməsi, ilbəil artması ölkəmizin iqtisadi qüdrətini və inkişaf tempini xarakterizə edir.  Eyni zamanda, dünyada davam edən maliyyə böhranı nəticəsində ayrı-ayrı ölkələrin iqtisadi vəziyyətinin pisləşdiyini, ÜDM həcminin azaldığını, investisiya qoyuluşları və kreditlərin cəlb edilməsi imkanlarının məhdudlaşdığını, bir çox ölkələrin milli pul vahidlərinin devalvasiya edildiyini, işsizlik səviyyəsinin artdığını və bütün bunların Azərbaycanda ciddi formada hiss edilmədiyini nəzərə alsaq, ölkəmizin iqtisadi qüdrətini təsəvvür etmək olar. Uzağa getmədən, MDB ölkələrinin timsalında iqtisadi böhranın ümumi mənzərəsi ilə tanışlıqdan aydın olur ki, bir çox qonşu respublikalarda iqtisadi vəziyyət kəskin şəkildə pisləşmiş və 2009-cu ilin əvvəlindən, ölkənin iqtisadi durumunu xarakterizə edən makroiqtisadi göstəricilər aşağı düşmüşdür. Konkret olaraq, bu ölkələrdə ÜDM 9 faiz, sənaye istehsalı 14 faiz, o cümlədən ölkələr üzrə, Rusiyada 14 faiz, Qazaxıstanda 1,5 faiz, Belarusda 4,6 faiz, Qırğızıstanda 12,7 faiz, Ukraynada 29,6 faiz və s. azalmışdır. Təsadüfi deyil ki, artıq öz iqtisadi inkişaf yolu olan, qlobal maliyyə böhranının təsirini minimum həddə endirməyi bacaran Azərbaycanın uğurları dünyada diqqətlə izlənilir və ölkəmizin inkişaf tempini təmin edən şərtlər geniş təhlil obyektinə çevrilir. Bunu son vaxtlar dünyanın aparıcı mətbu orqanlarında Azərbaycanın iqtisadi artımına dair dərc olunan yazılardan, beynəlxalq reytinq agentliklərinin ölkəmizə verdiyi qiymətlərdən də əyani görmək mümkündür. İnternet saytlarında aparılan araşdırmalardan aydın olur ki, Böyük Britaniyada nəşr edilən "Financial Times" qəzeti də Azərbaycanın investisiya imkanlarını şərh edərək yazır ki, qlobal maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərməyib. Ölkə iqtisadiyyatında son on ildə 900 faiz artım olduğunu qeyd edən qəzet bu inkişafda özəl sektorun böyük rol oynadığını xüsusi vurğulayıb. Məqalədə o da qeyd edilir ki, Mərkəzi Asiya regionunun digər ölkələri böhrandan çıxmaq üçün səylər göstərdiyi halda, Azərbaycanda sürətli dinamik iqtisadi artım müşahidə olunur. Ölkəmizdə əlverişli investisiya mühitinin olduğunu qeyd edən "Financial Times"ın beynəlxalq ekspertlərin fikirlərinə əsaslanaraq bundan sonra da Azərbaycana daha çox investisiya cəlb ediləcəyini xüsusi vurğulayır. Eyni zamanda, nüfuzlu "The Economist" yazır ki, beynəlxalq maliyyə böhranı hələ bir neçə illər boyu davam edəcəkdir, bununla belə, Azərbaycan sürətlə inkişaf edərək liderlər sırasında yer alacaq.

Bütün bunlar cənab İlham Əliyevin hakimiyyəti dövründə - 2003-2011-ci illərdə əldə edilən uğurların bir qismidir. Lakin ümumiləşdirsək görərik ki, Prezident İlham Əliyevin sayəsində:

- Azərbaycan regionun aparıcı dövlətinə çevrilmişdir. Belə ki, ölkəmiz hazırda regionun ümumi daxili məhsulunun 80 faizə qədərini verir;

- əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan özünəməxsus milli inkişaf modelimizi formalaşdırdı, onun elmi əsaslara söykənən milli, sosial-iqtisadi məzmunlu inkişaf modelini qurdu. Bu əsasda ölkədə enerji, nəqliyyat və ərzaq təhlükəsizliyi təmin edildi. Azərbaycan transmilli layihələrin təşəbbüscüsü, icraçısı və maliyyələşdiricisi oldu. Ölkə başdan-başa yenidən qurularaq abadlaşdırıldı. Zəruri infrastrukturlar yaradıldı. Azərbaycan Cənubi Qafqazın ən güclü və modern dövlətinə çevrildi;

- 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Ölkədə həyata keçirilən sosial siyasət öz bəhrəsini verir. Azərbaycanın inkişafı artıq dəfələrlə ölçülür.

Bu yüksəlişi rəqəmlərlə qeyd etdikdə görürük ki, ölkə iqtisadiyyatının həcmi 3 dəfə artıb. Azərbaycan ümumi daxili məhsul istehsalının illik artım tempinə görə dünyanın lider dövlətləri sırasında yer alıb; dövlət büdcəsi 17 dəfə artaraq 20 milyarda çatıb; ölkənin strateji valyuta ehtiyatları 25,3 dəfə artıb və hazırda valyuta ehtiyatlarımızın miqdarı 40 milyard dollardan çoxdur; nominal orta aylıq pensiya 6,1 dəfə artıb, orta pensiya 200 dollara çatıb; bank aktivlərinin həcmi 10,4 dəfə çoxalıb.

Baş verən bir sıra "enmələr" və "azalmalar" da əslində xalqın güzəranına müsbət təsir göstərib. Belə ki, yoxsulluq səviyyəsi 49 faizdən 7,6 faizə enib; son 3 ildə internet xidmətlərindən istifadə haqları 10 dəfədən çox aşağı salınıb; Azərbaycanın valyuta ehtiyatları xarici dövlət borcunu 10 dəfədən çox üstələyib.

Dünyanı maliyyə və iqtisadi böhranın bürüdüyü, bu səbəbdən Avropa İttifaqının dağılmaq təhlükəsi ilə üz-üzə qaldığı və Avropa dövlətləri əhalisinin sosial narazılığının artdığı, bəzi dövlətlərin kredit reytinqinin aşağı düşdüyü vaxtda Azərbaycanın "dəfələrlə"yə söykənən sürətli inkişafı fantastik təsir bağışlayır. Üstəlik, elə göstəricilərimiz var ki, dünyada analoqu yoxdur.

İnkişafın daha bir neçə analoqsuz məqamlarına nəzər salaq:

Davos İqtisadi Forumunun hazırladığı cədvələ görə, Azərbaycan rəqabət qabiliyyətinə əsasən MDB-də 1-ci, dünyada 18-ci yerdədir;

Hər il məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılmasına 300 milyon manat vəsait xərclənir;

Son 9 ildə qaçqınlar və məcburi köçkünlər üçün 71 yeni tipli qəsəbə salınmış, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evlərinə 23 mindən çox məcburi köçkün ailəsi köçürülmüşdür;

Həmin dövrdə daimi yaşayış yerini tərk etmiş insanlar üçün 129 məktəb, 43 uşaq bağçası, 47 tibb müəssisəsi, 34 rabitə evi tikilmişdir;

Qərb bölgəsində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılmasına, əhalinin uçmuş evlərinin yenidən tikilərək özlərinə verilməsinə 300 milyon manat xərclənmişdir.

Bundan əlavə, keçmiş SSRİ məkanında Azərbaycanda əhalinin batmış əmanətləri ən qısa müddətdə və ən yüksək əmsalla qaytarıldı.

Hazırda Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olması başlıca məqsəddir.

Ölkə rəhbərinin uzaqgörənliyi, düşüncəsi və yüksək idarəetmə qabiliyyəti nəticəsində ölkəmiz dünya maliyyə böhranından nəinki təsirləndi, hətta artımla çıxdı;

Ölkəmiz Cənubi Qafqazda söz yiyəsinə çevrildi;

İnvestisiya qoyulan ölkədən, investisiya qoyan ölkəyə çevrildi;

İnsan kapitalını canlandırmaq bir nömrəli vəzifə kimi gündəmə çıxarıldı;

Azərbaycanda  sosial-iqtisadi, inkişaf, sosial təminat, ordu quruculuğu baxımından işlər gücləndirildi;

Daha iri planda layihələrin həyata keçirilməsinə start verildi. Bu kimi ümumiləşmələri çox demək olar.

Hazırda ölkə iqtisadiyyatının şaxələndirlilməsi, biliklərə əsaslanan iqtisadiyyatın qurulması, innovasiyayönümlülüyü əsasında rəqabətqabiliyyətliliyin artırılması istiqamətləri üzrə işlər sürətlə getməkdədir.

Yekun olaraq bir faktı qeyd etmək kifayətdir ki, nəinki müstəqilliyini yeni qazanmış MDB respublikalarında, hətta dünyanın uzun illər ərzində sürətlə inkişaf etmiş ölkələrində ciddi tənəzzülün baş verdiyi bir vaxtda - istər 2003-2008, istərsə də 2009, 2010, 2011 və 2012-ci illərin milli iqtisadiyyatımız üçün nəzərəçarpacaq uğurlarla başa çatması, ölkə iqtisadiyyatının böhran "küləyindən" məharətlə qorunması, artıq dünyanın nüfuzlu beynəlxalq təşkilatlarını, aparıcı dünya universitetlərinin iqtisadçı alimlərini təəccübləndirməkdədir. Artıq bu alimlər və təşkilatlar əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən qurulmuş Azərbaycan Respublikasının iqtisadi inkişaf modelini öyrənmək və digər ölkələrdə də tətbiq etmək istiqamətində düşünürlər.

Bu, cənab Prezidentin mahir idarəçilik bacarığının nəticəsidir. ölkə rəhbəri İlham Əliyevin bu idarəçilik dəst-xətti nəinki ölkəmizdə, dünyada öyrənilməkdədir. Gələcəyə baxış 2020 - inkişaf konsepsiyasındakı hədəfləri uğurla fəth etmək üçün belə işi görməkdə bacarığı ilə dünyaya səs salan Prezident İlham Əliyevə çox ehtiyacımız var. Onu xalqımız sevir və uzun müddət ərzində Prezident görmək istəyir. Hesab edirik ki, bu, obyektiv zərurətdir.

 

 

İsa ALIYEV,

AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor

 

Azərbaycan.-2013.- 26 iyun.- S.6.