Bakıda «Narkomanlıqla mübarizədə
gənclərin rolu» mövzusunda konfrans keçirilmişdir
İyunun 25-də Bakıdakı "Absheron Mariot JW" hotelində Gənclər və İdman Nazirliyinin dəstəyi, Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təşkilatçılığı ilə "Narkomanlıqla mübarizədə gənclərin rolu" mövzusunda konfrans keçirilmişdir.
AzərTAc xəbər verir ki, 26 iyun - Dünya Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş konfransda nazirlik, komitə, şirkət və icra hakimiyyətlərinin səlahiyyətli şəxsləri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunmuş səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Tədbirdə Narkotiklərə Qarşı Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev Dünya Narkotiklərlə Mübarizə Gününün 1987-ci ildə BMT-nin Baş Məclisi tərəfindən təsis olunduğunu, bununla əlaqədar 1996-cı ildə ölkəmizdə ümummilli lider Heydər Əliyev tərəfindən Dövlət Komissiyasının yaradıldığını, bu sahədə bir sıra dövlət proqramlarının həyata keçirildiyini bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş və 2007-2012-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqram"ın icrası ilə bağlı Dövlət Komissiyası, müvafiq nazirlik, komitə və təşkilatlar tərəfindən mühüm işlər görülmüşdür. Lakin Azərbaycanda son illərdə bu istiqamətdə aparılan işlərə baxmayaraq, narkomaniyaya meyilli insanların sayında artım müşahidə olunur. Hər il 10-15 insan narkotik istifadəçisinə çevrilir.
M.Əfəndiyev məlumat vermişdir ki, Azərbaycanda 2012-ci ildə hüquq-mühafizə orqanları tərəfindən qeyri-qanuni dövriyyədən 1 ton 371 kiloqram narkotik vasitə çıxarılaraq məhv edilmişdir. Bu gün ölkə üzrə narkotik istifadəçilərinin sayı 27 min 910 nəfər təşkil edir ki, onların da 21 min 999-u dispanser, 5 min 911-i profilaktik qeydiyyatda olanlardır. Anonim qeydiyyata alınanların sayı isə 567 nəfər təşkil edir. Rəsmi statistika son 5 ildə narkotiklərdən istifadədə yaş senzinin 30-dan 17-yə düşdüyünü göstərir. Aparılmış araşdırmalar zamanı isə regionlarda, xüsusilə cənub regionunda hətta 14-15 yaşlı yeniyetmələrin də narkotikdən istifadə etməsi hallarına rast gəlinmişdir.
M.Əfəndiyev vurğulamışdır ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi və 132 kilometrlik dövlət sərhədinin nəzarətdən kənarda qalması da narkotik cinayətkarlığı artıran səbəblərdəndir. Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında işğal altındakı Qarabağ ərazisindən tranzit kimi istifadə olunur. Ermənilər Azərbaycanın işğal olunmuş ərazisində yetişdirdikləri narkotik maddələri sataraq yüksək qazanc götürür və bunu Azərbaycanın əleyhinə yönəldir, 100 minlərlə gəncin həyatını zəhərləyirlər.
Azərbaycanda narkotikaya aludə olmuş şəxslərin 17 faizinin gənclər təşkil etdiyini bildirən gənclər və idman nazirinin müavini İntiqam Babayev demişdir ki, bu göstərici digər ölkələrlə müqayisədə aşağı olsa da, narahatlıq doğurmaya bilməz. Bu isə o deməkdir ki, heç bir xalq, dövlət bu bəla ilə təkbaşına mübarizə apara bilməz. Donor təşkilatlar və beynəlxalq qurumlar bu problemin həllinə vəsait ayırmalıdırlar.
Gələcəyimizi və bəşəriyyətin sağlamlığını qorumaq naminə narkomaniyaya qarşı birgə mübarizə aparmağın və maarifləndirmənin vacibliyini diqqətə çatdıran nazir müavini "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının ayrı-ayrı bəndlərinin bu məqsədə yönəldiyini bildirmişdir.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə narkomaniyanı demokratiyaya və iqtisadi inkişafa ən çox ziyan vuran amillərdən biri kimi qiymətləndirmişdir. O, Azərbaycan Respublikası Prezidentinin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncamını diqqətə çatdırmışdır. Demişdir ki, bu sərəncam narkomaniya ilə mübarizənin Azərbaycan dövlətinin diqqətində olduğunu göstərir.
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Broek isə çıxışında ötən il 230 milyon insanın, yəni, dünya əhalisinin 5 faizinin narkotiklərdən ən azı bir dəfə istifadə etdiyini demişdir.
Onun sözlərinə görə, narkotik istifadəçilərinin 15 milyonu narkotik asılılığı olanlardır. Ötən il dünya əhalisinin 1,3 faizi, təxminən 15-64 yaş arası insan narkotik istifadəsindən həyatını itirmişdir.
BMT rəsmisi demişdir: "Bu gün Azərbaycanın böyük narkotik tranzitinin üzərində yerləşməsi ölkədə narkotikdən istifadənin və alverinin artmasına ciddi təsir göstərir. Azərbaycan narkotik və onun istifadəçilərinə qarşı böyük mübarizə elan etmişdir. Hüquq-mühafizə orqanlarının atdığı addımlar bunu bir daha təsdiq edir".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycanda narkomaniya ilə mübarizə sahəsində mükəmməl qanunvericilik bazasının olduğunu demişdir. Bildirmişdir ki, ancaq bununla belə, bu təhlükəli xəstəliklə mübarizədə maarifləndirmə işlərinə, idmanın kütləviliyinin artırılmasına ehtiyac duyulur. Eyni zamanda orta və ali məktəblərdə bədən tərbiyəsi dərslərinin keyfiyyəti artırılmalıdır ki, yeniyetmələr zərərli vərdişlərdən uzaq dursunlar.
Sonda
Narkotiklərə Qarşı Təbliğat Ofisinin
hazırladığı Azərbaycanda
2012-ci il üçün narkotiklərlə bağlı vəziyyətə
dair Milli Hesabat təqdim olunmuşdur.
Azərbaycan.-2013.- 26 iyun.- S.7.