Azərbaycanlı deputat AŞ PA-nın
sessiyasında ölkəmizin maraqlarını qətiyyətlə
müdafiə etmişdir
Avropa
Şurası Parlament Assambleyasının yay sessiyası davam
edir. Hüquqi işlər və insan hüquqları komitəsinin
iyunun 25-də keçirilən iclasında hazırlanmaqda olan
bir sıra məruzələrlə yanaşı, italiyalı
deputat Renato Farinanın təqdim etdiyi "Məhkum edilmiş
şəxslərin verilməsi haqqında Konvensiyadan sui-istifadənin
qarşısını almaq üçün təkliflər"
adlı sənəd də müzakirə edilmişdir.
Konvensiyanın
müəyyən bəndlərinin sərtləşdirilməsi
təklifini irəli sürən R.Farina məruzəsini
bütövlüklə 2004-cü ilin yanvarında Budapeştdə
ingilis dili kursları keçən Azərbaycan ordusunun zabiti
Ramil Səfərovla erməni zabiti Qurgen Marqaryan arasında
baş verən insidentə həsr etmişdir. Məruzəçi
Macarıstanda məhkum edilmiş R.Səfərovun Azərbaycana
qaytarılmasını və sonradan azadlığı
buraxılmasını tənqid edərək məhz bununla
bağlı Konvensiyada dəyişiklik aparılması məsələsini
qaldırmışdır.
Hüquqi
işlər və insan hüquqları komitəsinin
üzvü Rafael Hüseynov italiyalı deputatın təqdimatını
və məruzəsinin mətnini kəskin tənqid edərək
demişdir: "Vaxtilə hazırlanmış və işləməkdə
olan konvensiyaların hər birini diqqətlə təhlil edəsi
olsaq, müəyyən korrektələr, düzəlişlər,
təkmilləşdirmələr üçün yer olduğunu
görərik. Bu, təbiidir. Dəyişən həyat öz
təkliflərini daim irəli sürməkdədir. Lakin belə
dəyişmələr və təkmilləşdirmələr
bu cür tələskənliklə və qərəzli
iddialar əsasında deyil, dərin araşdırmalar üzərində
aparılmalıdır. Təqdim olunan məruzə sırf
emosional səciyyə daşıyır, faktları təhrif
edərək birtərəfli qaydada tərtib edilmişdir və
layiqli hüquqi sənəd olmaq səviyyəsindən
çox uzaqdır".
Azərbaycanlı
deputat illərdən bəri işləməkdə olan
konvensiyada dəyişiklik etmək təşəbbüsünü
qaldıran şəxsin ilk növbədə hərtərəfli
araşdırmalara əsaslanmasının, belə bir dəyişikliyi
zəruri edən qanunauyğunluğu zəngin faktlar əsasında
sübuta yetirməsinin zəruriliyini diqqətə
çatdıraraq demişdir: "Burada isə bircə Ramil Səfərov
məsələsinə əsaslanaraq konvensiyada dəyişiklik
edilməsi israr olunur. Belə təşəbbüslər
Avropa Şurasının nüfuzuna ziyan gətirir.
Çünki açıqca hiss olunur ki, bu qəbil təşəbbüslərin
arxasında təmiz olmayan maraqlar durur. Biz aylar öncə
Parlament Assambleyasında Ramil Səfərov hadisəsini müfəssəl
müzakirə etmiş, bütün real faktları ortaya
qoymuşuq. Kimsə güman edirsə ki, belə təşəbbüslərlə
Ramil Səfərov məsələsi ilə əlaqədar
indi nəyəsə nail olmaq mümkündür, çox
yanılır. Hüquqda qanunun geriyə işləməməsi
müddəası var və mövcud konvensiya əsasında
Ramil Səfərovun Azərbaycana təhvil verilməsi tamamilə
qanun çərçivəsində həyata
keçirilmiş, heç bir pozuntuya yol verilməmişdir.
Ramil Səfərovun Azərbaycanda əfv edilməsi isə Azərbaycan
xalqının istəyi və Azərbaycan Prezidentinin iradəsi
ilə baş vermişdir ki, bu da dövlət
başçısının konstitusion hüququdur. Ona görə
də sadəlövh etirazları bir kənara qoymaq
lazımdır".
R.Hüseynov
belə bir məsələnin məruzə çərçivəsində
qaldırılmasının digər zərərli cəhətinə
də toxunaraq qeyd etmişdir ki, Avropa Şurası iki üzv
dövlət arasında olan münaqişənin, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə
həlli yolunda səylər göstərdiyi bir vaxtda kimlərsə
belə qızışdırıcı məruzələrlə
qurumun prinsiplərinə və yeritdiyi xəttə zidd gedir. Təqdim
olunmuş məruzənin hüquqi baxımdan əsassız,
siyasi nöqteyi-nəzərdən çox ziyanlı
olduğunu bir daha vurğulayan azərbaycanlı deputat onu qətiyyətlə
rədd etdiyini bildirmişdir.
Qeyd edək
ki, hələ tamamlanmamış bu məruzəni
hazırlayan R.Farinanın deputat səlahiyyətləri avqust
ayında bitir. R.Farina həmin məruzənin digər deputat tərəfindən
davam etdirilməsi, Rafael Hüseynov isə məruzənin
dayandırılması təklifini irəli
sürmüşdür. Hüquqi işlər və insan
hüquqları komitəsi bu məruzənin gələcək
taleyini payız sessiyasında nəzərdən keçirəcəkdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi müxbiri
Strasburq
Azərbaycan.-2013.- 26 iyun.- S.7.