Döyüş cəngisi

 

Müharibə insan faciələrinin, ölümlərin labüd statistikaya çevrildiyi bir dövrdür. Böyük dəyərlər cılızlaşır, döyüşlərdən keçən insan ruhu bərkiyərək sərtləşir, qəddarlaşır. Hərbin amansız qanunları mənəviyyatı sıxışdırıb arxa plana keçirir. Lakin məhz belə anlarda insanın qeyri-adi müsbət keyfiyyətləri üzə çıxır, döyüş bölgəsində elə inanılmaz səhnələrin şahidi olursan ki, gördüklərin yaddaşına əbədi həkk olunur, zaman-zaman xəyalında döyüş cəngisi kimi canlanaraq səni yenidən keçmişə qaytarır, təkrarən ötənləri yaşamağa sövq edir.

Əsgər təbiəti döyüşlərdən keçdikcə cilalanır, o, yağışın altında, qışın şaxtasında kürəyini səngərə söykəyib dincini ala bilir. Küsmür, taleyindən gileylənmir, döyüşə atılanda kimsədən çox daxili cəsarətinə güvənir. Bir addımlığında partlayan mərmilər, başının üstündən uçan güllələr  onu xoflandırmır. Mən belə döyüşlərdə dəfələrlə əsgərlərimizi silaha sarılıb qəzəblə irəli atılan görmüşəm.  Binəqədi polisindən Ağdərədə Kamil adlı döyüşçü əlində avtomatla salto vurub ayaqları yenidən yerə toxunanadək "Cücələrim" mahnısından bir neçə notu avtomatın tətiyi ilə "cala" bilirdi. Onun üçün döyüş zərurət idi. Və o, vuruşduğu anları ömrünün ən gözəl və qiymətli vaxtları sanırdı. Yalnız səngər, yalnız hücum üçün yaşayıram, deyirdi.

Bizi, jurnalistləri döyüşdə görən əsgərlər sevinirdilər, bir tikə çörəyini bizimlə bölüşürdülər, qoruyurdular bizi. Dəfələrlə elə olub ki, onların ayağının altında uzanmışam, gözlərimin qarşısındakı bir cüt əsgər çəkməsi də mənə arxasında qorunduğum bir qala qədər əzəmətli görünüb.

Bir dəfə gecə Ağdərəyə gəldik, Yüsif Mirzəyev onda döyüşən orduda arxa cəbhə üzrə komandir müavini olsa da, Ağdərədə - döyüşlərin içində idi. O, yerindən qalxıb məni qarşıladı, yatmağa öz yerini verdi, özü isə başqa çarpayıda əsgərlərdən birinin yanında uzandı. Səhər açılanda gördüm ki, yatdığım çarpayı Yusifin əsgərlə yatdığı çarpayıdan iki dəfə enlidir. Pərt oldum, axı heç olmasa bu çarpayıda ikiniz yata bilərdiniz, dedim. Gülümsədi, narahat olmayın, dedi, biz daşın üstündə də yata bilirik, sizi qonaq kimi qarşılamaq borcumuzdur.  Ondan sonra Yusifi görmədim, döyüşlərdən birində qəhrəmancasına həlak oldu, Milli Qəhrəman adına layiq görüldü. Bir də heç vaxt onun xəcalətindən çıxa bilməyəcəyimə təəssüfləndim.

1992-ci il yazı aylarının sonunda Ağdərə istiqamətində döyüşlər tədricən vüsət alırdı. Biz səhər tezdən Tərtərin aşağısından Marquşavan istiqamətində döyüşən əsgərlərin səngərinə gəldik. Avtomatla başlayan atışmaya əvvəl pulemyotlar, sonra isə bizim tərəfdən piyadaların bir neçə döyüş maşını qoşuldu. Bizimlə bir səngərdə iki jurnalist çəkiliş aparırdı. Biri döyüşlərə çoxdan gəldiyindən sakit işləyirdi, digəri isə ilk dəfə səngərə ayaq basdığından videokameranı qucaqlayıb səngərin dibinə çökmüşdü. Ayaq üstə duran səngərin dibinə qısılana dedi ki, dursun çəksin. O isə yazıq-yazıq dilləndi: Atırlar axı!

- Rəhmətliyin oğlu, bəs ara sakitləşəndə nəyi çəkəcəksən? - deyə o birisi təəccübləndi.

Doğrudan da, müharibəyə o saat alışmaq olmur. Vaxt lazımdır. Döyüş isə getdikcə ağırlaşırdı, ara-sıra səngərin adda-buddasında ermənilərin qranatomyotlardan atdığı mərmilər partlamağa başladı. Komandir əmr verdi:

- Jurnalistləri çıxardın! Vəziyyət ağırlaşır. Onların ölməyi mənə lazım deyil!

Döyüş maşınlarından birini səngərin yaxınlığına çəkib bizim müdafiəmizi qurdular. Başa saldılar ki, PDM-in arxasından düz xətlə yana çıxmadan Tərtərə doğru sürətlə qaçmalıyıq. Beş-altı dəqiqəlik interval saxlamaqla hər birimiz iki əsgərin müşayiəti ilə səngərdən tapşırılan istiqamətdə götürüldük. Növbə mənə çatanda başa saldılar ki, möhkəm qaçmaq lazımdır, dayansam, o saat vuracaqlar. Məni  irəli buraxdılar. Arxamca qaçan əsgərlər boylu-buxunlu, qorxusuz-ürküsüz uşaqlar idi. Mən narahat olsam da, onlar sakit, təlatümsüz idilər:

- Dayı, qorxma, - dedilər. Günəş şüaları dərilərini qovurub yandırmışdı. Həyəcanlı idim, qaçanda da fikirləşirdim ki, görəsən düzmü qaçıram? Uşaqlar da məni ötmürdülər, yenə biri irəli keçsəydi, arxasınca qaçmaq rahat olardı. Əksinə, bir-iki yerdə arxadan dizləri ilə vurub qışqırdılar: Dayanma, tələs, bir az da bərk qaç! Tez, tez...

Aradan 21 il keçir. İndi də o məsafənin nə qədər olduğunu yadıma sala bilmirəm. Amma elə bil ki, on-iyirmi kilometr qaçmışdım. Əslində, o yol bir-iki kilometrdən artıq olmazdı. Çünki Marquşevan kəndi Tərtərə lap yaxın idi. Tərtərin kənarındakı alçaq diki aşan kimi hasarın dibində uzandıq. Buna heç dik də demək olmazdı. Arxasına uzanmışdıq, bizi düşməndən qoruyurdu, ona görə bir qarışlıq təpə də adama dağ kimi gəlir. Ürəyim bərk döyünürdü. Elə tərləmişdim ki, bütün paltarım suyun içində idi.

Bir az nəfəsimi dərən kimi əsgərlərdən soruşdum ki, niyə məni arxadan vururdunuz? Sakit adlı oğlan gülümsəyib dedi ki, dayı, orada 5-10 metrlik bir yer var, asta qaçanı erməni snayperləri o saat yerə sərirlər. Ona görə o aranı güllə kimi keçmək lazımdır.

- Biriniz qabağa keçsəydiniz, arxanızca rahat qaçardım, - dedim.

- Gülləni arxadan atırlar, qabağa keçsəydik, sizi vura bilərdilər. - Əsgərlər gülümsəyərək suallarıma elə mehriban cavab verirdilər ki, sanki uşağı başa salırdılar.

- Axı iki nəfər idiniz, biriniz yenə qalırdınız arxada.

- Mümkün deyil, dayı. Güllə birinci adamdan keçib ikincini də yaralayır. Ona görə ikimiz də arxanızca qaçmalı idik ki, güllə birimizi vurub ikinciyə dəysə də, sizə heç nə olmasın.

Sanki beynimdə ildırım çaxdı. Mən onların nə dediyini, necə böyük cəsarət və ürək sahibi olduqlarını yalnız indi anladım:

- Neçə yaşındasınız? - deyə soruşdum.

Birinin 19, digərinin 21 yaşları var idi. Qəfildən qəhər məni boğdu, gözlərim yaşardı, səsim titrədi:

- Axı sizin nə yaşınız var ki, kimə görəsə öləsiniz?! Ölüm sizdən çox mənə yaraşır. Evim, eşiyim, ailəm, oğlum, qızım var. Ölsəm, izim qalacaq, dünyadan da nisgilli getməyəcəyəm. Barı istədiyiniz qız, nişanlınız varmı?

- Yox, dayı, vaxt olmadı. İndi bizim sevgilimiz bu torpaqlardı, səngərlərdir, - deyib gülümsədilər. - Ona görə də bizdən daha çox sizin sağ qalıb yaşamağınız daha vacibdir.

- Yox, yox. Mən ölsəm elə də ağrılı olmaz, amma sizin toyunuz-büsatınız var qabaqda.

- Elə deyil, dayı. Biz döyüşdəyik, güllə vıyıltısına adət etmişik. Ancaq sizin kimi yaşlı adamların bizimlə döyüşə girməsi böyük işdir. Komandirimiz elə olub ki, cəbhəyə gələn jurnalistləri döyüşə götürməzdən əvvəl səngərə salıb başlarının üstündən atəş açdırıb, bərkə-boşa çəkib ki, görüm qorxanı olacaqmı? Avtomat səsini eşidəndə rəngi kağız kimi ağaran da olub. Ona görə də səngərə girə bilən jurnalist bizim üçün igiddir. İgidə də igid yolunda ölmək halaldır...

Bu gün də tanımadıqları, kimliyini bilmədikləri adamların yolunda çəkinmədən ölümə gedən Azərbaycan əsgərinin möhtəşəm surəti ürəyimdə müqəddəs bir abidə kimi ucalır. Onların mərdliyi, cəsarəti və nəcibliyi  qarşısında ehtiramla baş əyib diz çökürəm. Həyatda da çox görmüşəm ki, kimsə dostu, tanışı, qohumu üçün malından, pulundan və vaxtından  keçib. Ya da tamamilə yad adamlar tanımadıqları insanlara yardım ediblər, əl uzadıblar. Lakin heç vaxt ağlıma gəlməyib ki, adını belə bilmədiyim, ilk məhəbbətin nə olduğunu bilməyən 20 yaşlı bir gənc mənim yolumda ölümə gedər, canından keçər! Müharibələrə nifrət edirəm, çünki bütün savaşlar insanları vəhşi və sərt edir. Qədim yunan filosofu Sokrat deyərdi ki, yalnız təsadüfi məqamlar insan xarakterinin əsl mahiyyətini açır. Bu döyüşlərdə Azərbaycan əsgərinin mərdliyinin, bütövlüyünün və qənirsiz nəcibliyinin şahidi oldum.

İndi babayam, 6 yaşlı nəvəmin ən çox sevdiyi geyim, əsgər paltarıdır. Əyninə geyən tək kişi kimi qürrələnir, çiyinlərini tarıma çəkir, sinəsini irəli verib deyir ki,  general olacağam, qoşunum  olacaq, özüm də Mübariz kimi qəhrəman olacağam.

Nəvəmin qanında qaynayan döyüş ruhu müharibədə gördüyüm qəhrəmanları yadıma salır...

 

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.-2013.- 26 iyun.- S.8.