Azərbaycanın Silahlı Qüvvələrinin
95 illiyi münasibətilə
Bakıda təntənəli hərbi parad keçirilmişdir
Prezident, Ali Baş Komandan İlham Əliyev
hərbi paradda olmuşdur
İyunun 26-da Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 95 illiyi münasibətilə Bakının
Azadlıq meydanında təntənəli hərbi parad
keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev hərbi paradda
olmuşdur.
Dövlət
və hökumət rəsmiləri, Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva,
deputatlar, xarici ölkələrin respublikamızdakı səfirləri,
beynəlxalq təşkilatların əməkdaşları,
müharibə veteranları və paytaxt ictimaiyyətinin
nümayəndələri hərbi paradı izləmişlər.
Hərbi paradda Silahlı Qüvvələrin bütün
qoşun növlərinin, hərbi birlik və birləşmələrin,
xüsusi təyinatlı təhsil müəssisələrinin,
həmçinin qanunvericilikdə nəzərdə tutulan
başqa silahlı birləşmələrin 5 min nəfərlik
şəxsi heyəti, 300-dək hərbi texnika və silah
sistemləri, 100-dən çox döyüş təyyarəsi
və vertolyot, 40-dək gəmi iştirak etmişdir.
Meydana toplaşanlar Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevi sürəkli alqışlarla
qarşıladılar.
Müdafiə
naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı, Ali Baş
Komandan İlham Əliyev əsgərləri salamladı.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi
orkestrinin müşayiəti ilə Azərbaycanın Dövlət
himni ifa edildi.
Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev təntənəli paradda nitq söylədi.
Azərbaycan Prezidenti, Ali Baş
Komandan İlham Əliyevin nitqi
- Əziz əsgərlər, zabitlər, generallar.
Əziz hərbçilər.
Hörmətli qonaqlar.
Mən sizi və bütün Azərbaycan xalqını
Silahlı Qüvvələr Günü münasibətilə
təbrik edirəm, Silahlı Qüvvələrin bütün
şəxsi heyətinə yeni uğurlar arzulayıram.
Bugünkü hərbi parad ordumuzun 95 illik yubileyinə həsr
olunur. Bugünkü paradda Azərbaycan dövləti öz
hərbi qüdrətini nümayiş etdirəcəkdir.
Ordu quruculuğu bizim üçün ən
başlıca, ən prioritet məsələdir. Bu, hər bir
ölkə üçün belə olmalıdır. Çünki hər bir ölkə özünü
müdafiə etməlidir. Xüsusilə
müharibə şəraitində yaşayan ölkələr
üçün bu, çox böyük əhəmiyyətə
malik olan məsələdir.
Azərbaycan müharibə şəraitində
yaşayır.
Müharibə hələ bitməyib. Müharibənin birinci mərhələsi başa
çatmışdır. Bizim ordumuz hər an hazır olmalıdır ki, öz ərazi
bütövlüyünü istənilən yolla bərpa
etsin. Uzun illərdir ki, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi həllini
tapmır. Uzun illərdir ki, bu ədalətsizlik
davam edir. Ölkəmizin beynəlxalq birlik
tərəfindən tanınmış torpaqları
işğal altındadır. Azərbaycanlılara
qarşı etnik təmizləmə siyasəti
aparılmışdır. Xalqımıza
qarşı Xocalı soyqırımı törədilmişdir.
Bütün beynəlxalq təşkilatlar Azərbaycanın
mövqeyini müdafiə edir. Bütün
mötəbər beynəlxalq təşkilatlar bu məsələ
ilə bağlı qərar və qətnamələrini qəbul
etmişlər. Ancaq Ermənistan beynəlxalq
hüquq normalarına məhəl qoymur və işğal
davam edir. Əfsuslar olsun ki,
danışıqlar nəticə vermir. Belə
olan halda, əlbəttə ki, ordu quruculuğuna böyük
ehtiyac vardır.
Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan
torpağıdır. Əsrlər boyu xalqımız bu
torpaqlarda yaşamış, yaratmışdır. Bu gün də Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsidir, dünya birliyi ölkəmizin ərazi
bütövlüyünü tanıyır və dəstəkləyir.
Bugünkü Ermənistan da tarixi Azərbaycan
torpaqlarında yaradılmışdır. İrəvan
xanlığı, Göyçə, Zəngəzur
mahalları bizim tarixi diyarlarımızdır. Azərbaycan dövləti və xalqı Azərbaycan
ərazisində ikinci erməni dövlətinin
yaradılmasına heç vaxt imkan verməyəcəkdir.
Biz çalışacağıq ki, məsələ
tezliklə həllini tapsın. Məsələnin
həlli, əlbəttə ki, siyasi yollardan keçir. Danışıqlar prosesi hələ də davam
edir. Ancaq güclü ordumuz, güclü potensialımız
mövqeyimizi möhkəmləndirir. Bizim
mövqeyimiz tarixi ədalət üzərində qurulubdur.
Çünki bir daha demək istəyirəm ki,
Dağlıq Qarabağ Azərbaycan torpağıdır və
Azərbaycan torpağı kimi qalacaqdır. Bizim mövqeyimiz beynəlxalq hüquq normaları tərəfindən
dəstəklənir. BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsi vardır ki, erməni
işğalçı qüvvələrinin işğal
edilmiş torpaqlardan qeyd-şərtsiz
çıxarılmasını tələb edir.
Bizim mövqeyimiz güclü ordu ilə tamamlanır. Bu məqsədlə
son illər ərzində ordu quruculuğuna çox
böyük diqqət göstərilmişdir. Ordumuz inkişaf edir. Bu inkişaf
daimi prosesdir. Mən hərbi hissələrə tez-tez
gedirəm, vəziyyətlə tanış
oluram və görürəm ki, ordumuzun döyüş
qabiliyyəti artır. Nizami ordumuz vardır.
Ordumuzun peşəkarlığı artır.
Bütün cəmiyyətdə olduğu kimi,
orduda da vətənpərvərlik ruhu yüksək səviyyədədir.
Orduda xidmət edənlərin mütləq əksəriyyəti
gənclərdir. Mən çox şadam
ki, Azərbaycan gəncləri vətənpərvərlik
ruhunda tərbiyə alırlar. Orduda xidmət
edənlər Vətəninə, xalqına bağlı olan, Vətənini
sevən insanlardır. Bu amillər ordumuzu
daha da gücləndirir. Eyni zamanda, son illər
ərzində ordumuzun texniki təchizatında da çox
böyük inkişaf vardır. Son illər
ərzində ən müasir texnika, silah-sursat
alınmışdır. Son illər ərzində
alınan və Azərbaycanda istehsal olunan texnikanın bir hissəsi
bugünkü paradda nümayiş etdiriləcəkdir. Burada mövcud texnikanın, sadəcə olaraq,
cüzi bir hissəsi göstəriləcəkdir.
Azərbaycan son illər ərzində hərbi məqsədlər
üçün çox böyük vəsait xərcləmişdir. Müqayisə üçün
deyə bilərəm ki, 2003-cü ildə hərbi büdcəmiz
163 milyon dollar idi, keçən il bu rəqəm 3,6 milyarda, bu
il isə 3,7 milyard dollara çatmışdır. Yəni, bu, özlüyündə onu göstərir
ki, ordu quruculuğu prioritet məsələdir. Büdcəmizin ən böyük xərcləri
orduya sərf olunur. Bu da təbiidir. Biz son illər ərzində ən müasir
texnikaları almışıq. XXI əsrdə
müharibələr daha çox texnologiyalar, biliklər
üzərində qurulacaqdır. Bu, zəmanənin
tələbidir. Azərbaycanın son illər
ərzində əldə etdiyi silahlar müasir silahlardır.
Yüksək dəqiqliyə və çox
böyük məhvetmə gücünə malik olan
silahlardır. Son illərdə yüzə
yaxın döyüş və nəqliyyat helikopteri
alınmışdır. Onlarca
döyüş təyyarəsi, hava hücumuna qarşı ən
müasir qurğular alınmışdır. Bu zirehli maşınlar, ən müasir tanklar, ən
müasir artilleriya qurğuları düşmənin istənilən
nöqtəsini məhv etməyə qadirdir. Bu proses davam
etdirilir.
Növbəti illərdə də hərbi xərclər
ümumi büdcəmizdə üstünlük təşkil
edəcəkdir. Müqayisə üçün deyə
bilərəm ki, yoxsul Ermənistanın bütün büdcəsi
iki milyard dollara yaxındır. Yəni,
ancaq hərbi məqsədlər üçün istifadə
olunan vəsaitimiz Ermənistanın bütövlükdə
bütün xərclərindən təxminən iki dəfə
çoxdur.
Güclü Azərbaycan gücsüz Ermənistan ilə
istənilən dildə danışa bilər. Biz, sadəcə
olaraq, bölgədə, regionda sabitliyi qorumaq
üçün hələ ki, danışıqlar yoluna
üstünlük veririk. Çünki Azərbaycan
bölgədə sabitləşdirici ölkədir. Azərbaycan bölgədə çox böyük
nüfuza malik olan bir ölkədir. Azərbaycanın
razılığı olmadan bölgədə heç bir təşəbbüs,
heç bir layihə icra edilə bilməz. Ona görə sabitliyi qorumaq, məsələni
sülh yolu ilə həll etmək üçün biz hələ
ki, siyasi yollara üstünlük veririk.
Ancaq sirr deyil ki, Azərbaycan gündən-günə
güclənir, Ermənistan gündən-günə zəifləyir. Bizim iqtisadi
gücümüz müqayisəedilməz dərəcədə
artmışdır. Düşməni istənilən
istiqamət üzrə bir neçə dəfə, bəzi
istiqamətlər üzrə 10 dəfədən çox
üstələyirik və bu fərq getdikcə böyüyəcəkdir.
Çünki bizim açıq-aydın gələcəyimiz,
perspektivlərimiz, inkişaf yolumuz vardır. Azərbaycan dünya miqyasında ən sürətlə
inkişaf edən ölkədir. Son 10 il
ərzində dünyada iqtisadi inkişaf baxımından Azərbaycan
kimi inkişaf edən ikinci ölkə yoxdur. Bu
amillər, - bir daha demək istəyirəm, tarixi amillər,
beynəlxalq hüquq normaları, siyasi amillər və
iqtisadi-hərbi gücümüz, - Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində,
ədalətli həll edilməsində öz
sözünü deyəcək və Azərbaycan ərazi
bütövlüyünü bərpa edəcəkdir.
Dağlıq Qarabağda, digər işğal edilmiş
torpaqlarda, Xankəndidə, Şuşada Azərbaycan bayrağı
dalğalanacaqdır.
Eyni zamanda, biz yerli istehsala da böyük diqqət
göstəririk. Son 8 il ərzində Azərbaycanda
yerli hərbi istehsal inkişaf etmişdir, çoxlu hərbi
zavodlarımız vardır. Bu zavodlarda 750 adda məhsul
istehsal edilir. Biz bütün növ patronları
istehsal edirik. Tapançalar, avtomatlar,
pulemyotlar, qumbaraatanlar, minaatanlar, aviasiya bombaları, zirehli
maşınlar, snayper tüfəngləri, pilotsuz təyyarələr
- bütün bunlar Azərbaycanda istehsal olunur. Gələcəkdə yerli istehsalın gücləndirilməsi
ilə bağlı bizim böyük planlarımız
vardır. Biz artıq çox güclü
hərbi sənayeyə malikik. Azərbaycan
məhsulları dünya sərgilərində nümayiş
etdirilir və eyni zamanda, bizim ixrac imkanlarımız da
artmaqdadır. Bu, onu göstərir ki, istənilən
vəzifə öz həllini tapa bilər. Təki iradə, düşünülmüş
siyasət olsun. Biz həm xaricdən ən
müasir hərbi texnika alırıq, eyni zamanda, daxili
istehsalı da gücləndiririk və gücləndirməliyik.
Hərbçilərin sosial müdafiəsi məsələləri
də uğurla həllini tapır. Mən dünən hərbi
hospitalın yeni korpusunun açılışında
iştirak etmişəm, iki gün bundan əvvəl hərbçilərin
maaşları qaldırılmışdır. Artıq
orduda 20 il qüsursuz xidmət etmiş hərbçilərin
məişət problemləri də həllini tapmaqdadır. Bu kateqoriyadan olan hərbçilərə dövlət
tərəfindən pulsuz mənzillər verilir. Artıq
200-ə yaxın mənzil verilmişdir və bu proses gələcək
illərdə daha da geniş vüsət alacaqdır.
Yəni, hərbçilərin sosial-məişət
problemləri həllini tapmaqdadır.
Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti
ordu quruculuğuna çox böyük əhəmiyyət
verir. Bu, bizim
başlıca vəzifəmizdir və gələcək illərdə
bu proses daha da sürətlə gedəcəkdir.
Bizim gücümüz bizim birliyimizdədir. Azərbaycan
müstəqil dövlət kimi böyük zirvələrə
çata bilmişdir, dünya miqyasında çox
böyük nüfuza malikdir. Biz dünyanın
ən mötəbər təşkilatına - BMT Təhlükəsizlik
Şurasına üzv olmuşuq və bu təşkilatda
öz mövqeyimizi müdafiə edirik. Azərbaycan
nəinki regionda, dünya miqyasında çox etibarlı tərəfdaşa
çevrilmişdir. Bizim xarici siyasətimizlə
bağlı olan bütün təşəbbüslərimiz
sülhə, əmin-amanlığa, beynəlxalq əməkdaşlığa
istiqamətləndirilibdir.
Eyni zamanda, Azərbaycanda daxili sabitlik mövcuddur. Bu da
inkişaf üçün başlıca amildir. Azərbaycanda xalq ilə iqtidar arasında birlik
vardır. Bizim bütün təşəbbüslərimiz
Azərbaycan xalqı tərəfindən dəstəklənir.
Azərbaycanda iqtisadi inkişafla bağlı
çox böyük işlər aparılmışdır.
Beynəlxalq maliyyə qurumları bu sahədəki
fəaliyyətimizi yüksək qiymətləndirir. Hətta böhranlı illərdə - hələ
ki, bu böhran dünyada davam edir, - Azərbaycan inkişaf
edir, iqtisadiyyat inkişaf edir.
İqtisadiyyatımızın bütün sahələri
inkişaf edir.
Bu ilin beş ayında qeyri-neft sektorumuz 11
faiz, ümumi iqtisadiyyat təxminən 5 faiz
artmışdır. Azərbaycanda işsizlik,
yoxsulluq problemləri aradan qaldırılır, böyük
infrastruktur layihələri icra edilir. O cümlədən
bütün hərbi şəhərciklər bərpa edilir və
qarşıya vəzifə qoymuşdum ki, növbəti iki il ərzində bir dənə də təmirsiz
hərbi hissə, hərbi şəhərcik və hərbi
baza olmasın. Müvafiq göstərişlər
verilmişdir, vəsait ayrılmışdır və bu proses
uğurla gedir. Yəni, biz bütün istiqamətlər
üzrə öz fəaliyyətimizi uğurla, inamla
aparırıq. İnsanların rifah
halı yaxşılaşır, ölkənin nüfuzu
artır, iqtisadiyyat, sənaye inkişaf edir və Azərbaycan
çox dinamik şəkildə qabağa gedir.
Cəmi 20 ildən bir qədər çox müstəqillik
yaşı olan Azərbaycan sübut edib ki, azad, müstəqil
ölkə kimi yaşaya, müstəqilliyini, öz
seçimini qoruya bilər. Bizim güclü siyasi
iradəmiz, güclü iqtisadiyyatımız, güclü
ordumuz vardır. Ordu dövlətçiliyi,
bizim seçimimizi, müstəqil siyasətimizi qoruyur. Xalq isə ordunu qoruyur və qorumalıdır.
Mən həmişə deyirəm ki, güclü
dövlətin güclü ordusu olmalıdır. Hesab edirəm
ki, Azərbaycan qısa müddət ərzində
güclü dövlətlərin sırasına daxil edilibdir.
Biz indi böyük layihələri icra edirik, həm
ölkəyə, həm də başqa ölkələrə
böyük investisiyalar qoyuruq. Bir daha demək
istəyirəm ki, biz beynəlxalq müstəvidə çox
böyük nüfuza malikik. Əlbəttə
ki, Azərbaycan ordusu bu gün nəinki bölgədə,
dünya miqyasında güclü ordular sırasındadır
- həm hərbi potensialına, həm döyüş qabiliyyətinə,
həm də təchizata görə. Əminəm
ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcəkdir.
Ordumuz istənilən vəzifəni həll etməyə
hazırdır, buna qadirdir. Mən Ali
Baş Komandan kimi bundan sonra da ordu quruculuğuna, ordunun
inkişafına öz dəstəyimi verəcəyəm.
Mən əminəm ki, Azərbaycan qarşıda duran
bütün vəzifələri uğurla icra edəcəkdir. Bu gün demək
olar ki, Dağlıq Qarabağ problemindən başqa heç
bir məsələ həll olunmamış qalmır. Bütün istiqamətlər üzrə inkişaf,
konkret siyasət, proqram və gözəl nəticələr
vardır. Əminəm ki, biz münaqişənin həllində
də istədiyimizə nail olacağıq, tarixi ədaləti
bərpa edəcəyik, doğma torpaqlarımıza
qayıdacağıq! Bunun başqa yolu yoxdur! Tarixin
inkişafı, tarixin gedişatı, dünyada gedən proseslər,
güclənən Azərbaycan, zəifləyən,
yoxsullaşan Ermənistan - bütün bunlar reallıqdır
və bu reallıqları biz yaratmışıq, öz siyasətimizlə,
öz iradəmizlə. Biz Ermənistanı
bundan sonra da bütün beynəlxalq və regional layihələrdən
təcrid edəcəyik. Azərbaycanı
bundan sonra da gücləndirəcəyik. Güclü
dövlətimiz bu münaqişənin həllində öz
sözünü deyəcək və bir daha demək istəyirəm
ki, Azərbaycan ordusu Ali Baş Komandanın əmrini icra edəcəkdir.
Eşq
olsun, Azərbaycan ordusuna!
Yaşasın,
Azərbaycan!
* * *
Sonra Silahlı Qüvvələrin şəxsi heyətinin
və hərbi texnikanın təntənəli keçidi
başladı.
Meydana əvvəlcə Azərbaycan Respublikasının
Dövlət bayrağı gətirildi.
Uzun illərdən sonra ulu öndər Heydər Əliyevin
yenidən dalğalandırdığı Azərbaycan Xalq
Cümhuriyyətinin şanlı üçrəngli
bayrağı bu gün də etibarlı əllərdədir. Prezident, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyev demişdir: "Bizim
bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir.
Bu gün Azərbaycanın hər bir yerində Dövlət
bayrağı dalğalanır... Bizim
bayrağımız Dağlıq Qarabağda, Xankəndidə,
Şuşada da dalğalanacaqdır".
Dövlət bayrağının ardınca quruda, dənizdə
və havada müqəddəs Vətənin keşiyini çəkən
Silahlı Qüvvələrin qoşun növlərinin
döyüş bayraqlarını aparan hərbçilər
addımlayırdılar.
Azərbaycan əsgəri şücaət və rəşadət
rəmzi olan bu bayraqlar altında daha böyük qələbələr
qazanmaq əzmindədir.
Sonra
ümummilli lider Heydər Əliyevin 42 il öncə
yaratdığı və Azərbaycanın hərb tarixində
xüsusi yeri olan Cəmşid Naxçıvanski adına Hərbi
Liseyin kursantları, quru qoşunlarının, hərbi hava və
hərbi dəniz qüvvələrinin zabit bölükləri,
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin,
Ali Hərbi Təyyarəçilik və Ali Hərbi Dənizçilik
məktəblərinin kursantları tribunanın önündən
vüqarla keçdilər.
Onların ardınca cəbhə bölgələrindəki
hərbi birlikləri təmsil edən motoatıcılar
addımlayırdılar. Ölkəmizin müstəqilliyinin və
ərazi bütövlüyünün qorunub saxlanmasında
xüsusi xidmətlərinə görə Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə orden və
medallarla təltif olunmuş döyüşçülərimiz
onların sıralarında idi.
Doğma
Azərbaycanımızın qorxmaz, igid övladları -
Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli
Qvardiyasının, Milli Təhlükəsizlik Nazirliyinin,
Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə
Qoşunlarının bölmələri, Dövlət Sərhəd
Xidmətinin hərbi qulluqçuları, Daxili İşlər
Nazirliyi Daxili Qoşunlarının xüsusi təyinatlıları,
Hərbi Dəniz Qüvvələrinin dəniz piyadaları,
beynəlxalq təhlükəsizliyin qorunmasında fəal
iştirak edən Silahlı Qüvvələrimizin sülhməramlıları,
Müdafiə Nazirliyinin xüsusi təyinatlıları da
nizami addımlarla tribunanın önündən keçdilər.
Azadlıq meydanındakı hərbi paradda mətin
addımlarla Ali Baş Komandanın qarşısından
keçən igidlərimiz ötən qısa müddətdə
Azərbaycanda ordu quruculuğu sahəsində əldə olunan
inkişafı əyani nümayiş etdirdilər. Prezident
İlham Əliyevin dəfələrlə
vurğuladığı kimi, Milli Ordumuzda minlərlə, on
minlərlə Mübariz kimi, Fərid kimi qəhrəmanlar
vardır. Onlar Ali Baş Komandanın əmrini
gözləyirlər. Onlar öz doğma
torpaqlarını azad etməyə hər an
hazırdırlar. Azərbaycan ordusu Cənubi
Qafqazda ən qüdrətli, ən peşəkar, ən
mübariz ordudur.
Daha sonra müqəddəs Azərbaycan bayrağı
altında hərbi texnikanın keçidi başladı.
Azadlıq
meydanına əvvəlcə düşmənin canlı
qüvvəsini və zirehli texnikasını məhv etmək
üçün nəzərdə tutulmuş, üzərində
müxtəlif silah sistemləri quraşdırılmış
"Gürzə", "Bəbir" və "Əqrəb"
xüsusi avtomobilləri daxil oldu.
Onların
ardınca meydandan üzərində müxtəlif
çaplı pulemyotlar quraşdırılmış "Land
Rover" avtomobilləri, döyüş zamanı şəxsi
heyətin daşınması və yüngül zirehli
texnikaların, sığınacaqlardakı canlı qüvvələrin,
eləcə də zirehli texnikaların məhv edilməsi
üçün nəzərdə tutulmuş "Kobra"
yüngül zirehli döyüş maşınları, şəxsi
heyətin döyüş meydanında
daşınmasını təmin edən transportyorlar, ZPT,
"Storm-Sofa" markalı zirehli maşınlar və 107
millimetrlik reaktiv buraxıcı qurğular keçdi.
Ölkəmizdə istehsal olunan "Şahin" və
"Qaranquş" pilotsuz uçuş aparatlarının
nümayişi hərbi parada tamaşa edənlərdə daha
böyük maraq doğurdu. Bu aparatlar düşmənin
taktiki dərinliklərində kəşfiyyat aparılması
üçün istifadə edilən ən müasir və səmərəli
texnikadır. Həmin aparatlar ən
geniş ərazilərdə mühüm obyektlərin kəşfiyyatını
aparmağa imkan verir.
Sonra
meydandan Azərbaycanın müdafiə sənayesinin
istehsalı olan və beynəlxalq sərgilərdə
böyük maraqla qarşılanan "Maral" və
"Maral-1" zirehli döyüş maşınları
keçdi. Düşmənin canlı qüvvə
və hərbi texnikasını məhv etmək
üçün nəzərdə tutulmuş bu
maşınlar yüksək keçid manevrinə malikdir.
Zirehli
döyüş maşınlarının ardınca meydana
"Gürzə" haubitsaları, ilk dəfə hərbi
paradda nümayiş etdirilən "SANİ" minaatan sistemləri,
eləcə də "Cardom" tipli özüyeriyən
minaatanlar, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrinin
istehsalı olan 82 millimetrlik minaatanlar daxil oldu.
Ən
müasir reaktiv yaylım atəş sistemləri,
"Sakarya", "Qrad-1M", "Leysan",
"Ekstra", "Smerçlər",
"Toçka-U" raket kompleksləri tribunanın
önündən keçdi. Bu raket kompleksləri
ən uzaq dərinlikdə günün istənilən
vaxtında düşmənin hərbi təyinatlı strateji
obyektlərinə tələfat vermək üçün nəzərdə
tutulmuşdur.
Sonra Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin
Hava Hücumundan Müdafiə Qoşunlarının
döyüş texnikaları meydana daxil oldu.
Azərbaycanda yüksək dəqiqliklə
aparılmış modernləşdirmə nəticəsində
"Kaman-2T" zenit-raket kompleksinin maksimal vurma qabiliyyəti
35 kilometrə çatdırılmışdır. Yüksək
hündürlükdə uçan sürətli təyyarələri,
qanadlı raketləri vurmaq üçün təyin
edilmiş "Qalxan" zenit-raket kompleksinin hədəfi məhvetmə
zonasının uzaq məsafəsi 250 kilometrdir. "S-300-Favorit" zenit-raket kompleksi sonuncu və ən
müasir radar sistemidir. Bu radar sistemi eyni
anda 115 müxtəlif hədəfi müşahidə etməyə
qadirdir. S-300 PMU-2- "Favorit" zenit-raket sisteminin məhvetmə
zonasının məsafəsi isə hədəflərə
qarşı 200 kilometrdir.
Azərbaycanda
modernləşdirilmiş yüksək döyüş qabiliyyətinə
malik, hədəf üzrə ikikanallı "OSA-AK" mobil,
avtonom, yaxın məsafəli zenit raket kompleksinin məhvetmə
zonasının uzaq məsafəsi 12, hədəfləri vurmaq
hündürlüyü 7 kilometrə qədər artırılmışdır.
"BUK-1MB - 569" zenit-raket kompleksi ilk dəfə
olaraq Azadlıq meydanında təqdim edilir. Bu kompleks bütün növ döyüş fəaliyyətlərində,
həmçinin mühüm hərbi və iqtisadi geniş
hündürlük diapazonunda qorunması, uçan pilotlu,
pilotsuz hava hücumu vasitələri, qanadlı və ballistik
raketləri məhv etmək üçündür.
Daha sonra
yüksək atış sürətinə malik top və tank əleyhinə
idarəolunan raket sistemi ilə silahlanmış "BMP-2"
piyada döyüş maşınları, Azərbaycanda modernləşdirilmiş,
atəşi və döyüşü idarəetmə sistemləri
xeyli təkmilləşdirilmiş "T-72M-1" tankları,
piyadaların ən müasir və güclü
döyüş maşını "BMP-3"lər
tribunanın önündən keçdi. "T-90S"
tankları, "TOS-1A" ağır odatan sistemləri,
"MSTA-S" özüyeriyən artilleriya haubitsaları hərbi
paradda ilk dəfədir iştirak edir. "TOS-1A"
qurğusu yaylım atəşlə 4 hektar ərazidə hər
cür hədəfi məhv etmək imkanına malikdir.
Ağır artilleriyanın keçidi "Qvozdika",
"Akasiya" özüyeriyən haubitsalarının və
postsovet məkanında ən nəhəng, uzaqvuran və
strateji təyinatlı silah olaraq hazırda Azərbaycan
Silahlı Qüvvələrinin silahlandırılmasında
mövcud olan özüyeriyən "Pion" topları ilə
başa çatdı.
Ölkəmizin müdafiə potensialının əsaslı
şəkildə möhkəmləndirilməsində
Müdafiə Sənayesi Nazirliyinin yaradılması da
mühüm rol oynamışdır. Qısa müddətdə
rəqabətə davamlı müdafiə sənayesini
formalaşdıran Azərbaycan artıq NATO standartları səviyyəsində
məhsullar istehsalını qaydaya salır və beynəlxalq
müdafiə sənayesi sərgilərində uğurla təmsil
olunur. Hərbi paradda nümayiş etdirilən
texnikalar ən müasir elmi-texniki yeniliklər səviyyəsindədir
və istənilən döyüş
tapşırığını dəqiqliklə yerinə
yetirməyə hərtərəfli imkan verir.
Xəzər dənizinin sahilində, paradın
keçirildiyi Azadlıq meydanının
yaxınlığında Müdafiə Nazirliyinin Hərbi Dəniz
Qüvvələrinə məxsus 40-dək gəmi hərbi
reyddə sıralanmışdı.
Digər qoşun növləri kimi, Hərbi Dəniz
Qüvvələri də məhz ümummilli lider Heydər Əliyevin
uzaqgörən siyasəti sayəsində
formalaşmış və müasir nizami qüvvəyə
çevrilmişdir. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin
qarşısında Xəzər dənizinin Azərbaycana aid
hissəsində dövlətimizin maraqlarını qorumaq vəzifəsi
durur. Hərbi Dəniz Qüvvələri
Xəzər dənizinin Azərbaycan sektorunda əlverişli əməliyyat
rejiminin saxlanılması üzrə əməliyyat
planlarını mütəmadi olaraq təkmilləşdirir,
döyüş hazırlığının keyfiyyətini
yüksəldir. Artıq müasir
standartlara cavab verən hərbi donanmamız
formalaşdırılmış və peşəkar kadrlar
yetişdirilmişdir. Hərbi Dəniz
Qüvvələri istənilən döyüş
tapşırığını yüksək səviyyədə
yerinə yetirməyə qadirdir.
Sonra Azadlıq meydanı üzərində Azərbaycan
Hərbi Hava Qüvvələri döyüş təyyarələrinin
və vertolyotlarının uçuşu hərbi paraddakı
xüsusi əhval-ruhiyyəni daha da gücləndirdi. Hərbi
paradda 100-dən çox, o cümlədən
döyüş, təlim-məşq təyyarələri və
vertolyot iştirak edirdi.
Hərbi Hava Qüvvələrinin uçuş
nümayişini "Mi-17" tipli vertolyotun Azərbaycanın
dövlət bayrağını aparması açdı. Uçuş
nümayişini "L-39" təlim-məşq, modernləşdirilmiş
"MiQ-29" qırıcı-bombardmançı,
"SU-25" hücumçu təyyarə qrupları davam
etdirdi.
Sonra milli
şahinlərimiz "Mi-17" və "Mi-24"
vertolyotlarını da məharətlə idarə edərək
yüksək peşəkarlıq və döyüş
qabiliyyətinə malik olduqlarını bir daha təsdiqlədilər.
Yeni istehsal olunan və hərbi paradda ilk dəfə
iştirak edən, gecə və gündüz ən mürəkkəb
hava şəraitində uçmağa qadir "Mi-35M"
döyüş-hücum vertolyotları qrupu da Azadlıq
meydanı üzərindən keçdi.
Azərbaycanın milli şahinlərinin məharətlə
idarə etdikləri "SU-25" hücumçu təyyarə
qrupu səmada Azərbaycan bayrağının üzərindəki
üç rəngin təsvirini yaratdı.
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 95 illiyinə həsr
olunmuş təntənəli hərbi paradın bu cür rəmzi
sonluqla başa çatması müqəddəs
bayrağımızın tezliklə işğaldan azad ediləcək
Vətən torpaqlarında əzəmətlə
dalğalanacağına olan ümidlərimizi daha da artırdı,
xalqımızın bu yolda dönməzliyini və qətiyyətini,
ordumuzun güc və qüdrətini növbəti dəfə
təcəssüm etdirdi.
AzərTAc
Azərbaycan.- 2013.- 28 iyun.- S.1,2.