Milli Məclisin Sədri Vyetnama dəvət edilmişdir

 

İyunun 27-də Milli Məclisin Sədri Oqtay Əsədov Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Vyetnam parlamentinin üzvlərini Azərbaycanda görməkdən məmnun olduğunu bildirən O.Əsədov iki ölkə arasındakı əlaqələri bütün sahələr üzrə genişləndirməyin vacibliyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycan Vyetnamda öz səfirliyini açmışdır. Səfirlik diplomatik münasibətlərin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Lakin bununla yanaşı, parlamentlərarası əlaqələrin də gücləndirilməsi zəruridir.

Qeyd olunmuşdur ki, Azərbaycan öz müstəqilliyini əldə etməsindən ötən qısa müddətdə böyük inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan Avropanın enerji təminatında mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri vasitəsilə Azərbaycan özünün karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə nəinki Cənubi Qafqaz bölgəsinin, ümumilikdə, Şərqin iqtisadi inkişaf tempinin artmasına yaxından kömək göstərəcəkdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat verən Milli Məclisin Sədri demişdir ki, Ermənistan bütün beynəlxalq qanunlara zidd olaraq Azərbaycan torpaqlarını işğal altında saxlayır.

Uonq Çu Lu səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlıq edərək bildirmişdir ki, səfərinin məqsədi iki ölkə arasında iqtisadi əməkdaşlıq əlaqələrini genişləndirməklə yanaşı, xalqların da yaxınlaşmasına zəmin yaratmaqdır.

Azərbaycan ilə enerji sahəsində əməkdaşlığın Vyetnam üçün mühüm olduğunu nəzərə çatdıran qonaq yüzlərlə neft mühəndisinin məhz Azərbaycanda təhsil alaraq mütəxəssis kimi yetişdiklərini qeyd etmişdir.

Uonq Çu Lu Vyetnam Milli Məclisi sədrinin adından Azərbaycan Milli Məclisinin Sədri Oqtay Əsədovu ölkəsinə rəsmi səfərə dəvət etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 28 iyun.- S.4.