Azərbaycan Diplomatik
Akademiyası ilə Rumıniya
Diplomatik İnstitutu arasında əməkdaşlıq
haqqında Saziş imzalanmışdır
İyunun
27-də Azərbaycan Respublikası Baş nazirinin birinci
müavini Yaqub Eyyubov ölkəmizdə rəsmi səfərdə
olan Rumıniyanın Baş naziri Viktor Pontanın
başçılıq etdiyi nümayəndə heyəti ilə
görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə Yaqub Eyyubov Azərbaycan
ilə Rumıniya arasında dostluq əlaqələrindən
danışmışdır. Bildirmişdir ki, bu əlaqələr
ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birilərini
dəstəkləmələrinə və öz mövqelərindən
çıxış etmələrinə imkan yaradır.
Diplomatik əlaqələrimizin 1992-ci ildən etibarən
inkişaf etdiyini deyən Yaqub Eyyubov bildirmişdir ki,
Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ilk
ölkələrdəndir. Ölkələrimizin rəsmilərinin
qarşılıqlı səfərləri dostluq münasibətlərinin
bariz nümunəsidir.
Azərbaycan
ilə Rumıniya arasında ticari-iqtisadi əlaqələrdən
məmnunluğunu bildirən Yaqub Eyyubov
vurğulamışdır ki, ildən-ilə bu sahədə
artım müşahidə olunur. Gələcəkdə birgə
layihələrin həyata keçirilməsi münasibətlərimizin
daha da inkişaf etməsinə təkan verəcəkdir.
Azərbaycana
ilk dəfə səfər etdiyini bildirən Viktor Ponta ölkələrimiz
arasında münasibətlərdən
danışmışdır. Qeyd etmişdir ki, Rumıniya Azərbaycan ilə əməkdaşlığa
xüsusi önəm verir. Ölkəmiz Avropada Azərbaycanın
yaxın dostu kimi tanınır. Ölkələrimiz
arasında siyasi sahənin bütün istiqamətləri
üzrə əməkdaşlığın davam edəcəyini
vurğulayan Baş nazir bildirmişdir ki, "Şərq tərəfdaşlığı"
Proqramı çərçivəsində Azərbaycan həmişə
Rumıniyanın dəstəyinə arxalana bilər.
Ölkələrimiz
arasında iqtisadi münasibətlərdən danışan
Viktor Ponta Azərbaycanın, Rumıniyanın və
Gürcüstanın birgə həyata keçirdikləri
AGRİ layihəsinin reallaşmasının və Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti tərəfindən
Rumıniyaya sərmayə yatırılmasının əhəmiyyətini
vurğulamışdır.
Baş
nazir Azərbaycan ilə Rumıniya arasında bir çox
istiqamətlərdə, o cümlədən mədəniyyət
sahəsində əlaqələrin inkişaf etdiyini diqqətə
çatdırmışdır.
Sonda
Azərbaycan Diplomatik Akademiyası ilə Rumıniya Diplomatik
İnstitutu arasında əməkdaşlıq haqqında
Saziş imzalanmışdır.
Sənədi
Azərbaycanın xarici işlər nazirinin müavini Nadir
Hüseynov və Rumıniyanın Xarici İşlər
Nazirliyinin dövlət katibi Baqdan Auresku imzalamışlar.
Azərbaycan.-2013.- 28 iyun.- S.5.