Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin gənc liderləri bir araya gəlmişlər

 

İyunun 27-də Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin gənc liderlər forumu keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir Azərbaycan-Amerika Gəncləri İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə təşkil edilmişdir.

Forumda Azərbaycan ilə yanaşı, Türkiyə, Gürcüstan, Moldova, Ukrayna, Rumıniya, Bolqarıstan, Albaniya, Yunanıstan, Rusiya və Serbiyadan gənc liderlər, gənclər təşkilatlarının sədrləri, həmin ölkələrin Bakıdakı səfirliklərinin əməkdaşları, eyni zamanda, Azərbaycan Respublikasının Milli Məclisinin deputatları iştirak etmişlər.

Tədbirdə Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxış edərək "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının əhəmiyyətindən, proqram çərçivəsində ölkəmizdə gənclər üçün yaradılmış real imkanlardan, əldə olunmuş bir çox uğurlardan danışmışdır.

F.Hacıyev Prezident İlham Əliyevin gənclərə olan xüsusi diqqətini və etimadını, dövlət başçısının son  iki il ərzində gənclərlə 3 dəfə görüşərək onların fikirlərini dinlədiyini, gənclərə dəstək göstərməyin Azərbaycan dövlətinin prioritet məqsədlərindən biri olduğunu vurğulamışdır.

Azərbaycan-Amerika Gənclər İctimai Birliyinin sədri Vüqar Əhmədov  isə demişdir ki, forumun məqsədi ölkədə vətəndaş cəmiyyətinin inkişafında gənclərin rolunun artırılması və QDİƏT ölkələrinin gəncləri arasında dialoqun qurulmasıdır. Onun sözlərinə görə, bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin regionda  artan nüfuzunun göstəricisidir. Bildirmişdir ki, Azərbaycan bir sıra irimiqyaslı layihələrə ev sahibliyi etməklə yanaşı, regionu düşündürən problemlərin də həllinə çalışır.

Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev ilk vaxtlar iqtisadi əməkdaşlıq məqsədilə yaranan QDİƏT-nin indi bir çox sahələri əhatə etdiyini demişdir. Qeyd etmişdir ki, qurum çərçivəsində gənclərin fəal olmasının əhəmiyyəti böyükdür. Çünki Qara dəniz və  Xəzər bölgələrində sabitliyinin qorumasına gənclər də öz töhfələrini verə bilərlər.

Milli Məclisin deputatı Azay Quliyev də gənclər forumunun əhəmiyyətindən danışmışdır. O,  forumun azərbaycanlı gənclərin QDİƏT-nin strukturlarına integrasiyasını təmin edəcəyini və əməkdaşlıq imkanlarını daha da artıracağını bildirmişdir.

Sonda forum iştirakçıları tərəfindən Bakı Bəyannaməsi qəbul edilmişdir.

 

Azərbaycan.-2013.- 28 iyun.- S.5.