Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin yaradılmasının 95-ci
ildönümü xarici ölkələrdə geniş qeyd
edilmişdir
Vaşinqton
Ölkəmizin
ABŞ-dakı səfirliyi Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin yaradılmasının 95-ci
ildönümü münasibətilə Vaşinqtonda ziyafət
təşkil etmişdir.
Mərasimə
ABŞ Müdafiə Departamentinin yüksək rütbəli
zabitləri, Vaşinqtonda akkreditə olunmuş diplomatik
korpusun nümayəndələri və müdafiə
attaşeləri, yerli ictimaiyyət, eləcə də Azərbaycan
diasporunun təmsilçiləri qatılmışlar.
Tədbirin
əvvəlində Azərbaycan Respublikası və
ABŞ-ın Dövlət himnləri səsləndirilmişdir.
Azərbaycanın
ABŞ-dakı müdafiə attaşesi Ağaverdi Quliyev, səfir
Elin Süleymanov və Müdafiə Departamenti adından Birləşmiş
Ştatların nəqliyyat komandanı, general Vilyam Freyzer
çıxış etmişlər.
Müdafiə
attaşesi A.Quliyev qonaqları Azərbaycan Silahlı Qüvvələrinin
yaranmasının tarixi və qısa müddətdə əldə
etdiyi nailiyyətlər barədə məlumatlandırmış,
müstəqilliyimizin bərpasından sonra üzləşdiyimiz
hərbi işğal və iqtisadi böhrana baxmayaraq, Azərbaycanın
ordu quruculuğunda həyata keçirilən tədbirlərdən
danışmış və ordumuzun etibarlı bir müttəfiq
kimi beynəlxalq əməkdaşlığından söz
açmışdır.
Ölkəmizin
ABŞ-dakı səfiri Elin Süleymanov mərasimin əsas
qonağı general Freyzeri təqdim etməklə
yanaşı, müdafiə və təhlükəsizlik sahəsində
Azərbaycan və ABŞ arasında mövcud əməkdaşlığa
toxunaraq iki ölkənin ordusunun müxtəlif bölgələrdə
sülh və əmin-amanlığın bərqərar
olması naminə birgə fəaliyyətlərini qeyd
etmiş və əsgərlərimizin İraqda, Balkanlarda və
Əfqanıstanda çiyin-çiyinə xidmət etdiklərini
xatırlatmışdır.
Səfir
Azərbaycanın qısa müddətdə öz təhlükəsizliyi
üçün digərlərinin yardımını istəyən
ölkədən regional təhlükəsizliyə töhfə
verən bir dövlətə çevrildiyini
vurğulamışdır.
General
Vilyam Freyzer əlamətdar gün münasibətilə Azərbaycan
Silahlı Qüvvələrinə təbriklərini
çatdırmış, müdafiə və təhlükəsizlik
sahəsində ABŞ-Azərbaycan əməkdaşlığını
yüksək qiymətləndirmişdir. O, ölkəmizi
ABŞ-ın çox mühüm və etibarlı tərəfdaşı
kimi xarakterizə edərək "qaynar nöqtə"lərdə
xidmət edən Azərbaycan əsgərləri barədə
xoş sözlər demişdir. General həmçinin Azərbaycana
səfərlərinə istinad edərək ölkəmizin
nail olduğu inkişafı yüksək qiymətləndirmişdir.
V.Freyzer
müttəfiq qüvvələrin Əfqanıstan ilə nəqliyyat
əlaqəsinin təmin edilməsində Azərbaycanın
xüsusi rolunu təqdir etmiş və ölkəmizin göstərdiyi
dəstək sayəsində müttəfiqlər ordusunun əhəmiyyətli
sayda hərbçisinin həyatının xilas edilməsindən
minnətdarlıq hissi ilə danışmışdır.
Pakistan
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaradılmasının 95-ci ildönümü münasibətilə
İslamabadda təntənəli mərasim
keçirilmişdir.
Tədbirdə
Pakistan Hərbi Hava Qüvvələri Komandanının
müavini, aviasiya marşalı Athar Buxari ali qonaq qismində
iştirak etmişdir.
Mərasimdə
Pakistan Senatının xarici əlaqələr komitəsinin sədri
Hacı Adil, Pakistan Silahlı Qüvvələrinin ali və
yüksək rütbəli zabitləri, səfirlər, hərbi attaşelər,
dövlət və hökumət rəsmiləri,
tanınmış ziyalılar, jurnalistlər və Pakistanda
yaşayan azərbaycanlılar iştirak etmişlər.
Tədbirin
keçirildiyi salon Azərbaycan və Pakistanın
bayraqları, ümummilli lider Heydər Əliyev və Pakistan
dövlətinin banisi Məhəmməd Əli Cinnahin portretləri
ilə, habelə ulu öndər Heydər Əliyev və
Prezident İlham Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətini,
Silahlı Qüvvələrimizin döyüş
hazırlığını və maddi-texniki bazasını əks
etdirən fotolarla bəzədilmişdir.
Azərbaycanın
Pakistandakı hərbi attaşesi Mehman Novruzov mərasimdə
çıxış edərək Silahlı Qüvvələrimizin
yaranma tarixindən və inkişaf yolundan
danışmışdır. Bildirilmişdir ki, müasir
silahlarla təchiz edilən Silahlı Qüvvələrimiz
hazırda Cənubi Qafqazın ən güclü ordusudur.
Silahlı Qüvvələrimiz Ali Baş Komandanın əmrlərini
yerinə yetirməyə hər an hazırdır.
Azərbaycan-Pakistan
münasibətlərindən danışan M.Novruzov
demişdir ki, ölkələrimizin silahlı qüvvələri
arasında əməkdaşlıq ildən-ilə inkişaf
edir.
Mərasimin
keçirildiyi salonun girişində Silahlı Qüvvələrimizin
inkişafını əks etdirən videokadrlardan ibarət
DVD-lər və jurnallar sərgilənmiş, iki böyük
ekranda Silahlı Qüvvələrimizin hazırkı
döyüş qabiliyyətini, maddi-texniki bazasını
göstərən videoçarx təqdim olunmuş, milli hərbi
marşlar səsləndirilmişdir.
Bundan
əlavə, ingilis dilində nəşr olunmuş "Azərbaycan
Silahlı Qüvvələri" və "Azərbaycan
Sülhməramlı Qüvvələri" adlı jurnallar və
Azərbaycan Silahlı Qüvvələrinin hərbi təlimlərini
və hərbi paradı özündə əks etdirən
videomateriallar (DVD) tədbir iştirakçılarına
paylanmışdır.
Sonda
qonaqlara Azərbaycan mətbəxinin nümunələri təqdim
olunmuşdur.
Koreya
Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin
yaranmasının 95-ci ildönümü münasibətilə
Koreya Respublikasının paytaxtı Seulda təntənəli
mərasim keçirilmişdir.
Tədbirdə
Koreya Respublikasının Müdafiə Nazirliyinin, Quru
Qoşunlarının, Hərbi Dəniz Qüvvələrinin,
Hərbi Hava Qüvvələrinin nümayəndələri,
Koreyada akkreditə olmuş xarici ölkələrinin hərbi
attaşeləri, eləcə də bu ölkənin müdafiə
sənayesi şirkətlərinin rəhbərləri
iştirak etmişlər.
Mərasimdə
Koreya tərəfindən ali qonaq qismində Koreya Müdafiə
Nazirliyinin idarə rəisinin müavini, briqada generalı Moon
Yonq Seok iştirak etmişdir.
Azərbaycanın
Koreya Respublikasındakı hərbi attaşesi Elçin Cəfərov
çıxış edərək Azərbaycan ordusunun yaranma
tarixindən, inkişaf yolundan, hazırkı döyüş
qabiliyyətindən danışmışdır.
Bildirilmişdir
ki, müsəlman Şərqində ilk demokratik, dünyəvi
dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti
dövründə yaradılmış Silahlı Qüvvələrimiz
ötən müddətdə çətin və şərəfli
döyüş yolu keçmiş, təkmilləşmişdir.
1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan
Respublikasında ordu quruculuğu prosesi qonşu Ermənistanın
hərbi təcavüzü nəticəsində müharibə
şəraitində başlamışdı. Ulu öndər
Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra başqa sahələrdə olduğu
kimi, ordu quruculuğu prosesində də dönüş
baş vermişdir. Azərbaycan ordusunun maddi-texniki bazası
gücləndirilmiş, döyüş
hazırlığının səviyyəsi yüksəlmişdir.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev
Silahlı Qüvvələrimizin döyüş qabiliyyətinin
yüksəldilməsi, müasir silahlarla təchiz edilməsi
prosesini daim diqqətdə saxlamış, ölkədə
milli müdafiə sənayesi kompleksi
yaradılmışdır. Azərbaycanda istehsal olunan bəzi
silah və sursat növləri xarici ölkələrə də
ixrac olunur.
Azərbaycan
ordusunun beynəlxalq sülhyaratma əməliyyatlarda fəal
iştirakını vurğulayan E.Cəfərov iki ölkə
arasında müxtəlif istiqamətlərdə, o cümlədən
müdafiə sahəsində əlaqələrin inkişaf
etdiyini, bunun bariz nümunəsi kimi ötən il Azərbaycan
Respublikasının Koreya Respublikasında hərbi attaşe
aparatının fəaliyyətə
başladığını diqqətə
çatdırmışdır.
Sonra
Azərbaycan Silahlı Qüvvələri haqqında
videoçarx nümayiş olunmuşdur.
Qonaqlar
Azərbaycan ordusunun döyüş qabiliyyətini əks
etdirən fotosərgiyə baxmışlar.
Mərasimin
sonunda qonaqlara Azərbaycan mətbəxinin nümunələrin
təqdim olunmuşdur.
London
Ölkəmizin
Böyük Britaniyadakı hərbi attaşesinin təşkilatçılığı
ilə Londonda ilk dəfə Azərbaycan Silahlı Qüvvələrinin
95-ci ildönümü münasibətilə mərasim
keçirilmişdir.
Mərasimdə
Böyük Britaniya Müdafiə Nazirliyinin generalları,
Lordlar Palatasının üzvləri, parlamentin, Londonda akkreditə
olunmuş diplomatik korpusun nümayəndələri və hərbi
attaşelər, bu ölkədə fəaliyyət göstərən
Azərbaycan təşkilatlarının təmsilçiləri,
yerli və xarici ictimaiyyət nümayəndələri də
daxil olmaqla, 150-dən çox qonaq iştirak etmişdir.
Azərbaycanın
Londondakı hərbi attaşesi, polkovnik-leytenant Vüqar Əhmədov
ölkəmizdə Silahlı Qüvvələrin yaranması
tarixindən danışmış, müstəqilliyinin bərpasından
sonrakı dövrlərdə çətin ordu
quruculuğundan bəhs etmişdir. Qeyd edilmişdir ki, əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş zəngin dövlətçilik təcrübəsinə malik Azərbaycan hazırda ölkənin
ərazi bütövlüyünü tam təmin etməyə
qadir güclü orduya malikdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinə toxunan hərbi
attaşe, torpaqlarımızın 20 faizinin
işğalçı ermənilər tərəfindən zəbt
edildiyini diqqətə çatdırmışdır.
Vurğulanmışdır ki, bütün bunlara baxmayaraq, Azərbaycan
ordusu öz məramını göstərərək
dünyadakı sülhə və Avratlantik məkandakı
sabitliyə öz töhfəsini verməkdə davam edir.
Sonda
V.Əhmədov Azərbaycan ilə Birləşmiş
Krallıq arasındakı hərbi əlaqələrdən
danışmış, ölkələrimizin silahlı
qüvvələri arasında əməkdaşlığın
ildən-ilə inkişaf etdiyini diqqətə
çatdırmışdır.
Mərasim çərçivəsində Silahlı
Qüvvələrimizin hazırkı döyüş qabiliyyətini,
maddi-texniki bazasını göstərən videoçarx təqdim
olunmuş, milli hərbi marşlar səsləndirilmişdir.
Mərasimdən
sonra qonaqlar milli mətbəximizin ləziz təamlarından
dadmışlar.
Fransa
Azərbaycanın
Parisdəki Mədəniyyət Mərkəzində ölkəmizin
Fransadakı Hərbi Attaşelik Aparatı tərəfindən
Silahlı Qüvvələrimizin yaradılmasının 95-ci
ildönümü münasibətilə rəsmi qəbul təşkil
edilmişdir.
Azərbaycanın
Fransadakı səfirliyinin dəstəyi ilə
keçirilmiş tədbirdə qonaqları səfir
Elçin Əmirbəyov və hərbi attaşe, polkovnik Eldar İsmayılov
qarşılamışlar.
Qonaqlar
yubiley münasibətilə Azərbaycan xalqını, ölkə
rəhbərliyini və Azərbaycan Silahlı Qüvvələrinin
zabit və əsgər heyətini təbrik etmişlər.
Qəbulda
Fransa Senatının üzvləri, bu ölkənin Müdafiə
Nazirliyinin yüksək vəzifəli şəxsləri,
burada akkreditə olunmuş səfirliklərin hərbi
attaşeləri və diplomatları, Azərbaycan səfirliyinin
və UNESCO yanında nümayəndəliyimizin əməkdaşları,
diasporumuzun üzvləri, sakinlər iştirak etmişlər.
Qonaqlara
Azərbaycan mətbəxinin ən ləziz nümunələri
təqdim olunmuşdur.
Vyana
İyunun
26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
ölkəmizin Avstriyadakı səfirliyinin nəzdindəki hərbi
nümayəndəliyi tərəfindən Vyanada Azərbaycan
Silahlı Qüvvələrinin yaradılmasının 95-ci
ildönümünə həsr olunmuş rəsmi ziyafət təşkil
edilmişdir.
Mərasimdə
Avstriya Müdafiə Nazirliyinin, ölkə parlamentinin,
Slovakiya Müdafiə Nazirliyinin rəsmiləri və nümayəndələri,
Azərbaycan ilə sıx əməkdaşlıq edən bir
sıra ölkələrin səfirləri, Avstriyada akkreditə
olunmuş ölkələrin hərbi attaşeləri, ATƏT-in
üzv dövlətlərinin hərbi nümayəndələri,
Avstriyadakı diaspor təşkilatlarımızın üzvləri,
eləcə də səfirliyin və Azərbaycan
Respublikasının Slovakiyadakı fəxri konsulluğunun əməkdaşları
iştirak etmişlər.
Tədbirdə
Azərbaycanın Dövlət himni səsləndirilmişdir.
Azərbaycanın
Avstriyadakı səfiri Qalib İsrafilov 1918-ci ildə müstəqilliyini
elan etmiş gənc Azərbaycan dövlətində qısa
zamanda bütün dövlət təsisatlarının
yaradıldığını, eləcə də ordu
quruculuğuna ciddi diqqət yetirildiyini nəzərə
çatdırmışdır. Azərbaycan ordusunun
keçdiyi tarixi yola nəzər salan Q.İsrafilov hazırda
Azərbaycanın ölkənin ərazi
bütövlüyünü bərpa etməyə qabil olan
qüdrətli orduya malik olduğunu qeyd etmişdir.
Bildirilmişdir ki, işğalçı Ermənistanın
tutduğu qeyri-konstruktiv mövqe nəticəsində
hazırda Azərbaycanın əraziləri hələ də
işğal altındadır. Lakin sülh və
danışıqlar yolu ilə münaqişəni
nizamlamağa çalışan Azərbaycan dövləti
tarixi və əzəli torpağımız olan Qarabağ
üzərində suveren hüquqlarını, ölkənin ərazi
bütövlüyünü bərpa edəcəkdir.
Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin ölkəmizin Avstriyadakı səfirliyi nəzdində
hərbi nümayəndəsi, polkovnik-leytenant Kamil Quliyev
1918-ci il iyunun 26-da ilk nizami hərbi
korpusun yaradılması ilə Azərbaycan Silahlı Qüvvələrinin
təməlinin qoyulduğunu diqqətə
çatdırmışdır. Milli ordumuzun tarixi, onun
keçdiyi şanlı yol və hazırkı
inkişafından danışan K.Quliyev 1998-ci ildə ulu
öndər Heydər Əliyevin müvafiq sərəncamı
ilə həmin günün rəsmi bayram statusu
aldığını bildirmişdir.
Qeyd
edilmişdir ki, material-texniki bazası son illərdə
gücləndirilmiş Azərbaycan ordusu Cənubi Qafqazda ən
qüdrətli və müasir hərbi gücə
çevrilmişdir. K.Quliyev Azərbaycanın Prezidenti, Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
ölkəmizdə bütün istiqamətlərdə,
xüsusilə də ordu quruculuğunda ciddi işlərin
aparıldığını bildirmiş, dövlətimizin
başçısının komandanlığı altında
Azərbaycanın ərazi bütövlüyünü təmin
etməyə, beynəlxalq sülh və təhlükəsizliyə
töhfə verməyə qadir güclü bir ordunun mövcud
olduğunu vurğulamışdır.
Mərasimdə
Azərbaycan Silahlı Qüvvələrinə həsr
olunmuş videoçarxlar, eləcə
də iyunun 26-da Bakıda keçirilmiş hərbi paradın
videoyazısı nümayiş etdirilmiş və tədbirin
sonunadək Azərbaycanın hərbi marşları səsləndirilmişdir.
Eyni zamanda, tədbirdə iştirak edən qonaqlara Silahlı
Qüvvələrimiz barədə tərtib edilmiş təbliğat
kitabçaları da təqdim edilmişdir.
Mərasim
ziyafətlə başa çatmışdır.
Tehran
Azərbaycan
Silahlı Qüvvələrinin yaradılmasının 95-ci
ildönümü münasibətilə ölkəmizin
İrandakı səfirliyində rəsmi qəbul təşkil
olunmuşdur.
İran
Silahlı Qüvvələrinin və Müdafiə Nazirliyinin
generalları, digər yüksək rütbəli hərbçiləri,
Tehranda fəaliyyət göstərən hərbi attaşelər,
diplomatik korpusun və beynəlxalq təşkilatların, Azərbaycanın
İrandakı ayrı-ayrı dövlət qurumlarının
nümayəndələri, ölkə ictimaiyyətinin
nümayəndələri tədbirdə iştirak etmişlər.
Əvvəlcə
tədbir iştirakçıları ümummilli lider Heydər
Əliyevin büstü önünə əklil qoymuş, dahi
şəxsiyyətin xatirəsini ehtiramla yad etmişlər.
Sonra
Azərbaycanın və İranın Dövlət himnləri
səsləndirilmişdir.
Qonaqları
salamlayan Azərbaycan Silahlı Qüvvələrinin
İrandakı hərbi attaşesi, polkovnik Mehman Süleymanov
Azərbaycan ordusunun yaradılması, inkişaf yolları və
müasir vəziyyəti barədə məlumat vermişdir.
Sonra
İranda diplomatik fəaliyyətlərini başa
çatdıran Türkiyə, İtaliya və Rusiyanın hərbi
attaşelərinə Azərbaycan xalqının milli geyimləri
və digər hədiyyələr təqdim olunmuşdur.
Qəbulda
Azərbaycan Silahlı Qüvvələrinin yaradılması
və inkişafı haqqında sənədli film göstərilmiş,
kitab və jurnallardan ibarət guşələr
hazırlanmış, iştirakçılara ölkəmiz
barədə əyani vəsaitlər paylanmışdır.
Rəsmi
hissədən sonra iştirakçılara milli musiqilərimiz,
Azərbaycan mətbəxinin ləziz nümunələri təqdim
edilmişdir.
İsveç
İyunun 25-də Azərbaycan
Respublikasının Silahlı Qüvvələrinin
İsveç Krallığındakı Hərbi Attaşelik
Aparatı tərəfindən ölkəmizin İsveçdəki
səfirliyinin dəstəyi ilə Silahlı Qüvvələrimizin
yaradılmasının 95-ci ildönümünə həsr
olunmuş rəsmi ziyafət verilmişdir.
Azərbaycan
Respublikasının İsveç Krallığındakı səfirliyindən
AzərTAc-a bildirmişlər ki, tədbirdə İsveç
Müdafiə Nazirliyinin və Baş Qərargahının
yüksək səviyyəli nümayəndələri, bu
ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri,
parlament üzvləri və yerli diaspor fəalları
iştirak etmişlər.
Tədbiri
açan səfir Rafael İbrahimov Azərbaycan-İsveç
ikitərəfli əlaqələrinin
uğurla inkişaf etdirildiyini və Hərbi Attaşelik
Aparatının İsveçdə fəaliyyət göstərməsinin
həmin münasibətlərin inkişafına öz töhfəsini
verdiyini xüsusi qeyd etmişdir.
Romada
Ölkəmizin
İtaliyadakı səfirliyi və Hərbi Attaşe Aparatı
tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin
yaradılmasının 95-ci ildönümü münasibətilə
rəsmi qəbul təşkil edilmişdir.
Səfirlikdən
bildirmişlər ki, Azərbaycanın İtaliyadakı səfiri
Vaqif Sadıqov və hərbi attaşe polkovnik Ənvər
İbrahimov tədbir iştirakçılarına 1918-ci il
iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər
Şurasının qərarı ilə ilk nizami hərbi hissə
- əlahiddə Azərbaycan korpusunun yaradılması və
ordumuzun hazırkı vəziyyəti barədə ətraflı
məlumat vermişlər. Bildirilmişdir ki, müasir səviyyədə
inkişaf edən Azərbaycan Silahlı Qüvvələri
dövlətimizin müstəqilliyini və regionun təhlükəsizliyini
qorumaq iqtidarındadır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına
dair danışıqların müsbət nəticə vermədiyi
halda ordumuz hər an torpaqlarımızı azad etməyə
qadirdir.
Tədbirdə
İtaliyanın Xarici İşlər Nazirliyinin rəhbərliyi,
bu ölkənin müdafiə nazirliyinin və silahlı
qüvvələrinin baş qərargahının
generalları və zabitləri, Romada akkreditə olunmuş hərbi
attaşelər, diplomatik korpusun digər nümayəndələri
iştirak etmişlər.
AzərTAc
Azərbaycan.-2013.- 28 iyun.- S.6.