Bakıda akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans işə başlamışdır

 

İyunun 27-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə tanınmış şərqşünas alim, akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş "Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları" mövzusunda ikigünlük beynəlxalq elmi konfrans işə başlamışdır. 

AzərTAc xəbər verir ki, konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, İran, Qazaxıstan, Özbəkistan və Türkmənistandan  alimlər iştirak edirlər.

Əvvəlcə tədbir iştirakçıları foyedə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkil etdiyi "Vasim Məmmədəliyev-70" mövzusunda sərgi ilə tanış olmuşlar.

Konfransın plenar iclasında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanda tanınmış elm xadimlərinin yubileylərinin qeyd edilməsinin ənənəyə çevrilməsindən, alimlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şəraitin yaradılmasından söz açmışdır. Hazırda ölkəmizdə elm və təhsilin inkişafı sahəsində uğurlu strategiyanın, müxtəlif layihələrin həyata keçirildiyini qeyd edən İ.Həbibbəyli ümummilli lider Heydər Əliyevin Azərbaycan elminə, təhsilinə xüsusi diqqət və qayğısından, onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışmışdır.

İ.Həbibbəyli akademik Vasim Məmmədəliyevin həyatı, elmi və ictimai fəaliyyəti haqqında geniş məlumat vermiş, Azərbaycan şərqşünaslıq elminin inkişafında, bu sahədə elmi kadrların hazırlanmasında alimin müstəsna xidmətlərindən danışmışdır. İ.Həbibbəyli V.Məmmədəliyevin universal dünyagörüşü və çoxcəhətli elmi-pedaqoji fəaliyyəti ilə digər alimlərdən fərqləndiyini qeyd etmişdir.

Akademik V.Məmmədəliyevin ərəb dilçiliyinə həsr olunmuş əsərlərinin keçmiş sovetlər məkanında elmi hadisə səviyyəsində qəbul olunduğu, onun hələ 32 yaşında müdafiə etdiyi "Müasir ərəb ədəbi dilinin felin zaman, şəxs və şəkil kateqoriyaları" mövzusunda doktorluq dissertasiyasının ərəb dilçilik aləmində birinci sistemli tədqiqat kimi dəyərləndirildiyi vurğulanmışdır.

Bildirilmişdir ki, Bakı Dövlət Universitetinin (BDU) ilahiyyat fakültəsinin dekanı, akademik V.Məmmədəliyev Azərbaycanda islam dininin elmi əsaslarla öyrənilməsinin təbliği məsələsinin təşəbbüskarlarındandır. Alimin elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunur. 1991-ci ildə müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin mərhum akademik Ziya Bünyadov və akademik V.Məmmədəliyev tərəfindən Azərbaycan dilinə tərcümə edilməsi ölkəmizin və bütövlükdə islam dünyasının elmi-mədəni həyatında mühüm hadisə idi.

Akademik İ.Həbibbəyli yubilyarı təbrik etmiş, ona cansağlığı, elmi-pedaqoji fəaliyyətində uğurlar arzulamışdır.

AMEA-nın vitse-prezidenti Azərbaycan alimləri ilə yanaşı, xarici ölkə mütəxəssislərinin də iştirak etdikləri tədbirin böyük elmi və siyasi əhəmiyyətini vurğulamış, konfransın işinin uğurla nəticələnəcəyinə əminliyini bildirmişdir.

Konfransda Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, professor Gövhər Baxşəliyevanın "Azərbaycan şərqşünaslığının ağsaqqalı" mövzusunda məruzəsi dinlənilmişdir.  Qeyd olunmuşdur ki, akademik V.Məmmədəliyev kökləri orta əsrlərin dərinliklərinə gedib çıxan Azərbaycan şərqşünaslığının ən layiqli davamçısı, müasir şərqşünaslıq elmimizdə Mirzə Kazım bəy ənənələrinin daşıyıcısıdır. Əsas tədqiqat sahəsinin ərəb dilçiliyi olmasına baxmayaraq, onun əsərlərində Şərq filologiyası və poeziyası, islam tarixi, kəlam, fəlsəfə, təfsir, quranşünaslıq və leksikoqrafiyanın ən mühüm məsələləri tədqiq edilmişdir. Alim bu sahələrdə də qiymətli əsərlərin müəllifidir.

G.Baxşəliyeva akademik V.Məmmədəliyevin mənalı həyat yolundan, zəngin elmi fəaliyyətindən danışmış, böyük alimin "Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları", "Bəsrə qrammatika məktəbi", "Kufə qrammatika məktəbi", "Ərəb dilçiliyi"  əsərləri ilə ərəb dilçiliyinin ən ümdə məsələlərinin kamil tədqiqatçısı kimi şöhrət qazandığını qeyd etmişdir. Bildirmişdir ki, azərbaycanlı alim  ilk dəfə  ərəb qrammatika məktəblərini sistemli şəkildə tədqiq etmiş, məşhur Bağdad, Əndəlus, Bəsrə, Kufə, Misir qrammatiklərinin əsaslandıqları nəzəri və metodoloji prinsipləri yüksək səviyyədə öyrənmişdir. Bir çox qədim ərəb mənbələrindən faydalanan alim ərəb dilçilik elminin əsas inkişaf yollarını izləməklə, bu mühüm qrammatika məktəblərinin təlimlərini müqayisəli şəkildə şərh etmişdir. V.Məmmədəliyev  "Ərəb dilçiliyi" adlı fundamental əsərində ilk dəfə  "ərəb dilçiliyinin Azərbaycan məktəbi" ifadəsini işlətmiş və Azərbaycanda dilçilik ənənəsinin çoxəsrlik tarixə malik olduğunu sübut etmişdir.

Tədbirdə BDU-nun şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov  akademik V.Məmmədəliyevin pedaqoji fəaliyyətindən danışmışdır.  Akademikin rəhbərlik etdiyi ilahiyyat fakültəsinin ölkəmizdə ilahiyyat və islamşünaslıq üzrə hərtərəfli savadlı mütəxəssislərin hazırlanmasında böyük rol oynadığı, eləcə də V.Məmmədəliyevin mərhum akademik Ziya Bünyadovla birgə Azərbaycan dilinə tərcümə etdiyi müqəddəs Qurani-Kərimin ölkəmizdə islama, bu dinin tarixinə, fəlsəfəsinə və mədəniyyətinə dair araşdırmalara güclü təkan verdiyi vurğulanmışdır.

Daha sonra Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Lalə Bayramovanın "Zirvələri fəth etmiş müəllim", BDU-nun ərəb filologiyası kafedrasının müəllimi Könül Eyvazovanın "Akademik V.Məmmədəliyevin elmi fəaliyyəti" mövzusunda məruzələri dinlənilmişdir.

AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, akademiyanın müxbir üzvü Kamal Abdullayev, Milli Məclisin İqtisadi  siyasət komitəsinin sədri, akademik  Ziyad Səmədzadə V.Məmmədəliyevin Azərbaycan elmi və mədəniyyəti tarixində, ərəb filologiyası və ilahiyyat elmlərində görkəmli yer tutan, milli şərqşünaslıq elmimizə böyük töhfələr verən, onu beynəlxalq aləmdə tanıdan və həmişə ən yüksək səviyyədə təmsil edən böyük alim olduğunu söyləmişlər. Natiqlər  tanınmış alimin  hələ uzun müddət öz tədqiqatları ilə şərqşünaslıq elmini zənginləşdirəcəyini, onu yeni-yeni zirvələrə doğru aparacağını əminliklə vurğulamışlar.

İraqın Azərbaycandakı səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak,   Türkiyənin Karabük Universitetinin dosenti Əli Əskər, Rusiya Elmlər Akademiyası Dağıstan Regional Etnosiyasi Araşdırmalar Mərkəzinin əməkdaşı Aslanbek Adiyev, İranın Zəncan Universitetinin müəllimi Moctəba Şoai, AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor İsa Alıyev, Şərqşünaslıq İnstitutunun  şöbə müdiri Vilayət Cəfərov  və başqaları yubilyarı təbrik etmiş, ona yeni yaradıcılıq uğurları arzulamışlar.

Akademik V.Məmmədəliyev bu zirvəyə görkəmli alimlərdən dərs alaraq çatdığını vurğulamış, müəllimlərini  hörmət və ehtiramla yad etmişdir. Yubilyar tədbirin təşkilatçılarına və iştirakçılarına   təşəkkürünü bildirmişdir.

Sonra konfrans işini AMEA-nın Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam etdirmişdir.

Beynəlxalq konfrans iyunun 28-də başa çatacaqdır.

 

Azərbaycan.-2013.- 28 iyun.- S.10.