Vətənə, xalqa və Prezidentə sədaqət rəmzi

 

Mən Azərbaycanın Prezidenti kimi, Ali Baş Komandan kimi Azərbaycan polisinə etibar edirəm, sizə inanıram, sizə arxalanıram. Bu güc və bu qüvvə ilə də biz müstəqil Azərbaycanı günü-gündən inkişaf etdirəcəyik və gələcək nəsillərə daha da gözəl Azərbaycan bəxş edəcəyik.

 

                                                                                 Heydər ƏLİYEV

 

 Azərbaycan polisinin çox böyük və şərəfli yolu var. Bu yol Azərbaycan dövlətçiliyinin yoludurE Bu gün Azərbaycan polisi öz vəzifə borcunu ləyaqətlə icra edir, Azərbaycanın hərtərəfli inkişafında öz rolunu oynayır. Azərbaycanda ictimai asayişin qorunmasında, sabitliyin saxlanmasında çox önəmli rol oynayır.

 

                                                                            İlham ƏLİYEV

 

 Azərbaycan polisi 95 illik yubileyini böyük nailiyyətlər, xidməti uğurlar və ən əsası dövlətimizin və xalqımızın ona bəslədiyi yüksək etimad, etibar və inam işığında qeyd edir. Ölkədə sabitliyin əldə edilib möhkəmlənməsində, dövlətçiliyin qorunmasında, cinayətkarlıqla mübarizədə, kriminogen durumun nəzarətə götürülməsində müstəsna xidmətlər göstərmiş daxili işlər orqanları həm də milli maraqların ifadəçisi olmuşdur. Qarabağ savaşında sıralarından yüzlərlə şəhid vermiş, asayişin mühafizəsində və konstitusion-dövlət quruluşunun qorunmasında fədakarlıqlar göstərmiş, hər zaman qətiyyətli mövqeyi, vətəninə, xalqına, Prezidentinə sədaqətliliyi ilə seçilmişdir. Daha effektli xidmət, xalqa sıx bağlılıq, vəzifə andının layiqli icrası peşə bayramını qeyd edən polisimizin əsas fəaliyyət göstəricisidir. Bu gün vətəndaşlarımızın tam əminliklə "Mənim polisim məni qoruyur" - deməyə əsası var.

 

 

 

 Şərəfli tarix, layiqli xidmət, fədakar fəaliyyət

 

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı olan daxili işlər orqanlarının keçdiyi şərəfli, eyni zamanda çətin, ziddiyyətli və fədakar yol tariximizin şanlı səhifələrini təşkil edir. Müxtəlif ictimai formasiyalarda, siyasi quruluşlarda daxili işlər orqanları rəsmən fərqli adlar daşısa da, qanunun aliliyinə və vəzifə səlahiyyətlərinin icrasına yönələn fəaliyyəti dəyişməz qalmışdır. Xalq Cümhuriyyətinin, ulu öndərimizin və Milli Qurtuluş tariximizin yubileylərinin məntiqi davamı olan 95 illik ildönümlərini daxili işlər orqanları onlara bəslənən etimadı layiqincə doğruldaraq qeyd edirlər.

Dövlətçilik tariximizin istiqlal rəmzlərindən olan, fəaliyyəti ilə böyük ictimai və dövləti əhəmiyyət kəsb edən polisin peşə bayramı onun ən yaxşı ənənələrinə, gecəli-gündüzlü gərgin əməyinə, xidməti vəzifə borcunu yerinə yetirərkən qəhrəmancasına həlak olan əməkdaşlarının əziz xatirəsinə ehtiramın əyani təcəssümüdür. Ölkədə ictimai təhlükəsizliyi, əhalinin dincliyini, qanunçuluğu və hüquq qaydasını qorumaq kimi çətin və eyni zamanda məsul vəzifələri yerinə yetirən Azərbaycan polisi, bu tarixi günü qanuna, xalqa, dövlətə, öz Prezidentinə sədaqətli xidməti ilə qarşılayır.

Tarixi inkişaf yolunu çox çətin bir şəraitdə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 2 iyul 1918-ci il tarixli qərarı ilə yaradılmış asayişi mühafizə dəstələrinin fəaliyyətindən başlayan polis orqanları ilk müstəqil dövlətimizin formalaşmasında, milli maraqlarının qorunmasında mühüm rol oynamışdır. Polisi dövlətin zəruri təsisatlarından, mühüm sütunlarından biri adlandıran, onun xalq və Vətən qarşısındakı xidmətlərini həmişə yüksək dəyərləndirən əbədiyaşar rəhbərimiz Heydər Əliyev məhz bu tarixi faktı nəzərə alaraq iyulun 2-ni "Azərbaycan Polisi günü" elan etmişdir. Cümhuriyyətin süqutundan sonra SSRİ dövründə fəaliyyət göstərən milis sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan dövlət təsisatı olsa da, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları böyük təcrübə qazanmış, yüksək bilik və peşəkarlıq əldə etmiş, təşkilati cəhətdən möhkəmlənmişdir. İkinci Dünya müharibəsi illərində Azərbaycan milisinin 800-ə yaxın əməkdaşı ön cəbhədə vuruşmuş, onların həmkarları isə respublikada asayişi və təhlükəsizliyi mərdliklə qorumuşlar. Göstərdikləri igidlik və qəhrəmanlıqlara görə minlərlə milis işçisi dövlətin orden və medallarına layiq görülmüşdür. Müharibədən sonrakı illərdə də asayiş keşikçiləri cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin keşiyində qətiyyət nümayiş etdirmiş, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirmişlər.

Bütün bunlarla bərabər, Azərbaycanın daxili işlər orqanlarının əsl inkişafı, sözün tam mənasında, milliləşməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun 1969-cu ildə respublikaya rəhbər seçilməsindən sonra Daxili İşlər Nazirliyinə də dövlət qayğısı güclənmiş, sıralarının saflaşdırılmasına, xalqa, vəzifə borcuna sədaqətli kadrların irəli çəkilməsinə, əməkdaşların vətənpərvərlik, milli-mənəvi dəyərlər əsasında təlim-tərbiyəsinə, peşəkarlığının yüksəldilməsinə xüsusi önəm verilmişdir.

Şəxsi heyətin milli dövlətçilik ideologiyasına söykənən prinsiplər əsasında formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə müasir silah və texnika ilə təchiz edilmiş erməni hərbi birləşmələrinə qarşı Vətənin müdafiəsinə ilk olaraq qalxan və uzun müddət rəşadətlə vuruşan yeganə nizami qüvvə məhz polis, sonrakı illərdə isə Daxili İşlər Nazirliyinin Daxil Qoşun hissələri oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə rəşadət, qəhrəmanlıq, igidlik və şücaət nümunələri göstərən 1695 əməkdaş və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalmışdır.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş, öz tarixinin mürəkkəb dövrünə qədəm qoymuş Azərbaycanda, məlum olduğu kimi, qeyri-sabit ictimai-siyasi vəziyyət, insan hüquqlarının kütləvi şəkildə pozulması, hərc-mərclik, özbaşınalıq və s. bu kimi hallar dözülməz həddə çatmışdı. Qanunla nəzərdə tutulmayan çoxsaylı silahlı dəstələr və ayrı-ayrı silahlı şəxslər kriminogen durumu xeyli gərginləşdirmiş, əhalidə vahimə və qorxu yaratmışdı. Vəziyyəti daha təhlükəli edən məqam - respublikanın rəhbərliyinə təsadüfi, siyasi iradəsi, qətiyyəti olmayan şəxslərin gəlməsi, onların yaranmış vəziyyətdən çıxış yolu tapa bilməməsi və bunun məntiqi nəticəsi kimi xalqın dövlət orqanlarına inamını itirməsi idi.

Ümumi dağıdıcı proseslər daxili işlər orqanlarında da cərəyan edirdi. Əslində, cinayətkarlıqla mübarizə aparmalı, hüquq qaydasını qorumalı olan bu dövlət qurumu siyasi oyunlara cəlb edilmiş, belə anormal vəziyyətə etiraz edən peşəkarlar işdən kənarlaşdırılmışdı. Polisə səriştəsiz, yararsız, onun adına ləkə gətirən, cinayətkarlığa qarşı mübarizədə heç bir təcrübəsi və bacarığı olmayan şəxslər qəbul edilərək rəhbər vəzifələrə irəli çəkilmişdi. Onların arasında qanunlara hörmətsizlik, insanları incitmək və qorxu içində saxlamaq, günahsız vətəndaşlara qarşı silah işlətmək və cinayət törətmək adi hal almışdı. Nəticə etibarı ilə dövlətin digər institutları kimi, daxili işlər orqanlarının nüfuzu da heçə enmiş, respublikada cinayətkarlıq kəskin surətdə artmışdı.

Siyasi-kriminal proseslərin kulminasiya nöqtəsinə çatdığı bir zamanda, artıq səbr kasası dolmuş xalq düçar olduğu fəlakətli vəziyyətdən qurtulmaq üçün öz yeganə ümidgahı Heydər Əliyevə üz tutaraq onu təkidlə Azərbaycana rəhbərliyə dəvət etdi. 1993-cü il iyunun 15-də respublikaya qayıdışı ilə xalqın və ölkənin gələcəyi naminə ağır bir məsuliyyəti öz çiyinlərinə götürən Heydər Əliyev qüdrətli və sarsılmaz iradəsi, siyasi uzaqgörənliyi, böyük nüfuzu ilə dağılmaq və az qala tarixin səhnəsindən silinmək təhlükəsi ilə üzləşmiş müstəqil Azərbaycanı xilas etdi, dövləti və xalqı qaranlıqdan aydınlığa çıxartdı, ona qurtuluş gətirdi.

Hakimiyyətə gəlişinin ilk günlərindən ümummilli lider qanunçuluq və dövlətçilik prinsiplərini ön plana çəkdi, ölkədə hökm sürən hərc-mərcliyə və özbaşınalıqlara qarşı mübarizənin möhkəm təməlini qoydu. Özünün dahiyanə siyasi gedişləri ilə qısa zaman kəsiyində dövlətin taleyüklü problemlərini həll edərək vətəndaş müharibəsinin, separatçılıq təzahürlərinin, erməni təcavüzünün genişlənməsinin qarşısını aldı. Cəbhə xəttində atəşkəsə nail oldu, cəmiyyətin demokratik və bazar iqtisadiyyatı prinsipləri əsasında inkişafı üçün zəmin yaratdı.

Sözsüz ki, müstəqil Azərbaycanın tarixində Heydər Əliyev mərhələsinin, böyük quruculuq dövrünün başlanması daxili işlər orqanlarının fəaliyyətində də öz əksini tapdı. İlk növbədə şəxsi heyətin sıraları təmizləndi, əsl peşəkarlar xidmətə qaytarıldı, ölkədə tüğyan edən cinayətkarlığa qarşı ixtisaslı mübarizənin aparılması üçün zəruri olan kadr potensialı, işgüzar ab-hava yaradıldı. Ulu öndərimizin hakimiyyətə gəlişi ilə kriminogen durumda köklü müsbət dəyişikliklər baş verdi.

 

 Dönüş mərhələsi

 

 Ötən dövrdə qazanılan nailiyyətləri bərpa etmək üçün ulu öndərin sədrliyi ilə 1994-cü ilin aprelin 29-da DİN-də xüsusi müşavirə keçirildi və Heydər Əliyev bu qurumda özünü göstərən mənfi təzahürləri rəhbər şəxslərin səriştəsiz fəaliyyəti, onların işində şəxsi maraqların vəzifə məsuliyyətindən önə keçməsi ilə əsaslandırdı. Fəaliyyətində böyük problemlər olan daxili işlər orqanlarında köklü islahatlara başlamaq və vəziyyətin qaydaya salınması məqsədilə DİN rəhbərliyində əsaslı kadr dəyişiklikləri məqsədilə Ramil Usubovu Azərbaycan Respublikasının daxili işlər naziri təyin etdi. Aprel müşavirəsindən sonra daxili işlər orqanlarının fəaliyyətində əsl inqilabi dəyişikliklər baş verdi. Ulu öndərin tapşırıqlarına uyğun olaraq bütün şəxsi heyət vəzifə səlahiyyətlərini layiqli formada həyata keçirməyə səfərbər oldu. Azərbaycan polisi qısa müddət ərzində dövlət və millət qarşısında peşəkarlıq imicini yenidən yaratdı, ümumxalq etimadını bərpa etdi, ən əsası isə ulu öndərin inamını doğrultdu. Heydər Əliyev 1994-cü ildə imzaladığı "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" fərmanla ölkədəki mütəşəkkil cinayətkarlıqla mübarizənin başlanğıcını qoydu.

Məhz Heydər Əliyevin rəhbərliyi və nəzarəti altında görülən qətiyyətli tədbirlərlə hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkarlığa, sabitlik üçün təhlükə doğuran zərərli meyillərə, qanunsuz silahlı birləşmələrə qarşı uğurlu mübarizəyə başladılar. İctimai-siyasi proseslər, həmçinin kriminogen durum nəzarət altına alındı. Bunun bariz göstəricilərindən biri o oldu ki, asayişin etibarlı təmini, cinayətkarlıqla mübarizənin nəticələri baxımından Azərbaycan artıq uzun illərdir ki, nəinki MDB, həmçinin Şərqi Avropa məkanında ən təhlükəsiz və cinayətkarlıqla mübarizədə ən yüksək göstəriciləri olan ölkələrdən biridir.

Cinayətkarlığın dinamikasının statistik müqayisəsi bu sahədə baş verən müsbət dəyişiklikləri tam aydınlığı ilə əks etdirir. 1992-ci ildən 2003-cü ilədək ölkədə qeydə alınan cinayətlərin açılması 61 faizdən 94,2 faizə qədər yüksəlmişdi. Bununla yanaşı, bağlı qalmış cinayətlərin sayı 10,6 dəfə, ümumi cinayətkarlıq isə 32,3 faiz azalmışdı. Cinayətin ayrı-ayrı növləri - qəsdən adamöldürmələr 3,1 dəfə, quldurluq və soyğunçuluqlar 4,1 dəfə, oğurluqlar 4,6 dəfə, nəqliyyat vasitələrinin oğurluğu 13,4 dəfə, odlu silahın tətbiqi ilə törədilən cinayətlər 10,8 dəfə, yeniyetmələr arasında cinayətkarlıq 2,2 dəfə, yol-nəqliyyat hadisələri 24,1 faiz, o cümlədən, bu hadisələrdə ölənlərin sayı 42,8 faiz, xəsarət alanlar isə 21,6 faiz azalmışdı. Qeyd edilən müddətdə məhkəmə və istintaq orqanlarından gizlənən cinayətkarların tutulması 3,6 dəfə, qanunsuz dövriyyədən götürülmüş narkotik vasitələrin miqdarı 3,4 dəfə artmışdı. Təxminən 10 il ərzində daxili işlər orqanları tərəfindən əhalidə qanunsuz saxlanılan 30 mindən artıq silah yığılmışdı. Hər il orta hesabla 1000-dən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilmişdi.

Bütün bunlar yalnız Heydər Əliyevin polad iradəsi, fenomenal peşəkarlığı, qətiyyəti və yüksək idarəçlik bacarığı sayəsində mümkün olmuşdur. Daxili işlər orqanlarının fəaliyyətini düzgün istiqamətə yönəldən, onu xalqa və dövlətə xidmət üçün səfərbər edən ulu öndərimiz nəticədə istəyinə çatdı. Daxildən saflaşan, təmizlənən Azərbaycanın daxili işlər orqanları, onun ayrılmaz hissəsi olan Daxili Qoşunlar Prezidentin inamını doğrultdu və ölkədə həyata keçirilən uğurlu islahatlar siyasətinin təhlükəsizliyinin təminatçılarından biri oldu.

Cəmiyyətdə ictimai-siyasi sabitlik, əmin-amanlıq tam bərpa edilərək dönməz xarakter aldı, kriminogen durum nəzarətə götürüldü. İnsanların polisə və bütövlükdə dövlət strukturlarına inamı və etimadı artdı. Sonrakı dövrlərdə daxili işlər orqanlarının normativ-hüquqi bazasının və təşkilati əsaslarının yaradılması üçün qanunlar qəbul edildi, fərmanlar, sərəncamlar verildi. Nazirlik sistemində müasir dövrün tələblərinə uyğun islahatlar aparılaraq yeni struktur qurumlar yaradıldı, daxili işlər orqanları əməkdaşlarının sosial müdafiəsinə yönəlmiş bir sıra fərman və sərəncamlar imzalandı.

Əldə edilən nailiyyətləri polisin 80 illiyi münasibətilə şəxsi heyətə ünvanladığı təbrikdə dahi rəhbərimiz belə vurğulamışdı: "Azərbaycan polisi dövlətçiliyimiz əleyhinə yönəlmiş cinayətkar qəsdlərin və başqa qeyri-konstitusion əməllərin, vətəndaş qarşıdurmasının, kütləvi və mütəşəkkil cinayətkarlıq təzahürlərinin, cəzasızlıq mühitinin aradan qaldırılmasında önəmli xidmətlər göstərmişdir... Əlamətdar haldır ki, daxili işlər orqanlarının şəxsi heyəti bütün bu proseslərdə Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqlarını, özlərinin vətəndaşlıq borclarını və xidmətin mənafeyini hər şeydən üstün tutmuşdur".

 

 

 

Polisin dövlətçilik mövqeyi daim qətiyyətli və sarsılmazdır

 

 

Ümummilli liderin daxili işlər orqanlarının xidmətlərinə verdiyi bu yüksək qiymətin məsuliyyətini, eləcə də gələcəyə ünvanlanmış strateji vəzifələr olduğunu aydın dərk edən şəxsi heyət son 10 il ərzində də fədakarlıqla çalışmış, əldə olunmuş uğurları qoruyub-saxlamışdır. Danılmaz faktdır ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, müvəffəqiyyətlə davam etdirdiyi Heydər Əliyev inkişaf strategiyası ölkəmizin iqtisadi potensialını, əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yüksəltmiş, sosial tərəqqiyə xidmət edən mükəmməl proqramların yerinə yetirilməsində böyük uğurlar əldə edilmişdir.

Biz bu nəticələri təkcə statistik rəqəmlərdə deyil, real həyatda, xalqın rifahında, şəhər və rayonların abadlaşmasında, bölgələrdə yaradılan ən müasir infrastrukturlarda görürük. Bütün bunların əsasında isə ölkədə mövcud olan ictimai-siyasi sabitlik dayanır - onun qorunub-saxlanılması, möhkəmləndirilməsi və daimiliyinin təmin edilməsi daxili işlər orqanlarının başlıca vəzifəsi olmaqla, bu istiqamətdə aidiyyəti dövlət strukturları ilə birgə çox ciddi iş aparılır. Eyni zamanda Prezidentin tələbi olan cinayətkarlıqla, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizənin daha effektli aparılması, Konstitusiyaya, qanunçuluğa ciddi əməl edilməsi, dövlətin maraqlarının etibarlı qorunması, ölkədəki əlverişli investisiya iqliminin davamlı olması üçün asayişin mühafizəsinin peşəkarlıqla həyata keçirilməsi, şəxsi heyətin nizam-intizamının gücləndirilməsi, polis-vətəndaş münasibətlərinin daha yüksək səviyyəyə qaldırılması kimi vəzifələr də uğurla həyata keçirilir.

Bu mənada, ölkə Prezidentinin təşəbbüsü ilə 2004-cü ildə qəbul olunmuş "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair" Dövlət Proqramı müasir dövrün tələbinə uyğun islahatların aparılmasında, maddi-texniki bazanın və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsində mühüm əhəmiyyət kəsb etmişdir. Proqram əsasında həyata keçirilən tədbirlər çərçivəsində Nazirliyin strukturunda yeni idarələri təsis olunmuş, vətəndaşların məruz qaldığı hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, eləcə də ictimaiyyətlə əlaqələrin daha effektli təşkili məqsədilə "102" və "Təhlükəsiz şəhər" xidmətləri, "Qaynar xətt", internet saytı, elektron poçt ünvanı və s. yaradılmışdır. Əməliyyat-xidməti fəaliyyətdə, təlimdə və təhsildə böyük əhəmiyyət kəsb edən xüsusi texnika, avadanlıq və vasitələr alınmış, yeni 13 informasiya sistemi tətbiq olunmuşdur.

Xidmətdə yüksək nəticələrin əldə edilməsini şərtləndirən amillərdən biri də mükəmməl normativ-hüquqi bazanın yaradılması olmuşdur. Son 20 ildə daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı 200-dən çox fərman və sərəncam imzalanmış, Nazirliyin təşkilati strukturu təsdiqlənmiş, bir sıra qanunlar, əsasnamələr qəbul edilmişdir. Beynəlxalq ekspertlərin yüksək dəyərləndirdiyi həmin normativ hüquqi aktların effektli tətbiqi, sozsüz ki, ixtisaslı kadrların hazırlanmasını tələb etdiyindən bu sahədə də görülən işlər məqsədyönlü və davamlı olmuşdur.

Hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarında kadr siyasətinə, kadrların düzgün seçilib yerləşdirilməsinə, təlim-tərbiyəsinə strateji əhəmiyyətli məsələ kimi yanaşan ulu öndərin tapşırıq və tövsiyələrinə uyğun olaraq, ilk növbədə Polis Akademiyasında beynəlxalq təcrübə və standartlar səviyyəsində hərtərəfli islahatlar aparılmışdır. Müasir elmi-metodik kabinetlər, internet şəbəkəsinə qoşulmuş kompyuter sinifləri, laboratoriyalar, kriminalistik təlim otaqları, zəngin fondu olan kitabxana yaradılmış, tədris və məişət korpusları, xüsusi təchiz olunmuş auditoriyalar, idman kompleksi, sıra meydanları və s. istifadəyə verilmişdir. Analoji tədbirlər Sıravi və Kiçik Rəis Heyəti Hazırlayan Məktəbdə də həyata keçirilmişdir.

Kadr hazırlığında xarci dövlətlərin müvafiq qurumları ilə əməkdaşlığa da böyük diqqət yetirilir. Hər il onlarla gənc Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Türkiyənin Polis və Hərbi akademiyalarına təhsilə göndərilir. Bu gün həmin ölkələrin, habelə Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərində də əməkdaşlar və hərbi qulluqçular təhsil alırlar.

İctimai asayişin təmini sahəsində qabaqcıl dünya təcrübəsindən maksimum yararlanmaq, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə daha yüksək nəticələrin əldə olunması üçün beynəlxalq əməkdaşlığa inteqrasiya davam etməkdədir. Müstəqillik dövründə 40-a yaxın dövlətin aidiyyəti qurumları ilə 48 ikitərəfli və 25 çoxtərəfli saziş, memorandum və protokol imzalanmışdır. Ötən müddətdə 5000-dən çox əməkdaş və hərbi qulluqçu BMT, NATO, Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumların təşkil etdikləri 3000-nə yaxın müxtəlif forum və müşavirələrdə iştirak edərək təcrübə mübadiləsi keçmişdir. Peşə hazırlığı sahəsində qarşıda duran proqram vəzifələrin yerinə yetirilməsi üçün Nazirlik sistemində video-konfrans texnologiyasına əsaslanan "Virtual Tədris Mərkəzi" və yerlərdə onun xüsusi tədris sinifləri istifadəyə verilmişdir.

Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində DİN-in Daxili Qoşunları da yüksək hazırlıqlı mobil hərbi quruma çevrilmişdir. Hərbi hissələrdə əsgər və zabitlər üçün hər cür şərait yaradılmış, yüksək standartlara cavab verən yataqxana korpusları, məişət obyektləri, hərbi şəhərcikləri və s. tikilərək istifadəyə verilmişdir.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla şəxsi heyətin vəzifə və rütbəyə görə maaşları, habelə digər təminat xərcləri ardıcıllıqla artırılmışdır. Dövlət başçısının sərəncamları ilə cinayətlərin qarşısının alınmasında və açılmasında, ictimai qaydanın qorunmasında, təhlükəsizliyin təmin edilməsində xüsusi rolu olan yüzlərlə əməkdaş dövlət mükafatları ilə təltif olunmuş, ali rütbələrə layiq görülmüşlər.

Bütün bunların nəticəsidir ki, respublikanın daxili işlər orqanlarının fəaliyyət göstəriciləri ildən-ilə yaxşılaşır. Ötən müddətdə bu strukturlar tərəfindən ölkədə asayişin mühafizəsi, ağır, habelə geniş ictimai əks-səda doğurmuş cinayətlərin açılması, axtarışda olanların tapılıb-tutulması, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan alverinə qarşı mübarizə və digər istiqamətlərdə həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri uğurlu olmuşdur. Sözsüz ki, respublikada hüquq qaydasının təmini işində qazanılan uğurların arxasında müxtəlif çətin şəraitlərdə xidmət aparan, vətəndaşların qanuni mənafelərini cinayətkar qəsdlərdən qoruyan, zəruri anda xidməti borcunu hər şeydən, hətta həyatından belə üstün tutan asayiş keşikçilərinin gərgin səyi və əzmkarlığı dayanır. Şəxsi heyətin Vətənin tərəqqisi, vətəndaşlarımızın və gələcək nəsillərin xoşbəxtliyi naminə bütün qüvvəsini həsr etməyə, bu yolda canını belə əsirgəməməyə hazır olduğunu keçilən tarixi yolun özü təsdiqləyir. Müstəqillik illərində cinayətkarlığa qarşı mübarizədə və asayişin qorunmasında 100-ə yaxın əməkdaşın həlak olması, 1300 nəfərin xəsarət alması bunun əyani sübutudur.

Respublikada əmin-amanlığın təmin edilməsində xüsusi xidmətlərinə, dövlət quruluşunun müdafiəsində fəal iştiraklarına, qarşıya qoyulmuş tapşırıqları yerinə yetirərkən cəsarət göstərdiklərinə görə ulu öndər və cənab İlham Əliyev tərəfindən yüzlərlə polis əməkdaşı və Daxili Qoşun hərbi qulluqçusu dövlət mükafatlarına, o cümlədən 67 nəfər "Milli Qəhrəman" adına layiq görülmüşdür.

Harada iş varsa, orada nöqsan da olmalıdır - bu prinsip əməli fəaliyyətin ilkin şərti sayılır. Şübhəsiz, polisin fəaliyyətində də xidməti qəbahətə, nöqsana, bəzi çatışmazlıqlara rast gəlinir. Lakin təqdirəlayiq haldır ki, bütün bu problemlər məhz daxili işlər orqanlarının rəhbərliyi tərəfindən aşkarlanır, onların qarşısının alınması üçün konkret addımlar atılır, vəzifə öhdəliklərinə riayət etməyən əməkdaşlar cəzalandırılır, orqanlardan kənarlaşdırılırlar. Digər tərəfdən isə Azərbaycan polisi fəaliyyətini yeni dövrün tələblərinə uyğun şəkildə qurur və dövlətə, xalqa bağlılıq, xidməti öhdəliklərə məsuliyyətli yanaşma daxili işlər orqanlarının ictimai nüfuzunu daim artırır.

Ümumən 95 illik fəaliyyəti müddətində daxili işlər orqanları şanlı, nəsillərə örnək olacaq tarix yaşamışdır. Keçilən yola qısaca nəzər salsaq, ilk növbədə qeyd etməliyik ki, daxili işlər orqanlarının şəxsi heyətinin dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etməsi ənənəyə, hər bir əməkdaşın və hərbi qulluqçunun əqidəsinə çevrilmişdir.

Əminik ki, vətəninə, xalqına və Prezidentinə sadiq olan daxili işlər orqanları özünün zəngin təcrübəsi ilə həmişə olduğu kimi, bundan sonra da müstəqil dövləti daha da inkişaf etdirmək kimi milli ideyanın həyata keçirilməsinə layiqli töhfələr verəcəkdir. Müstəqilliyimizin etibarlı dayaqlarından, ictimai asayişin, təhlükəsiz həyatın, qanunçuluğun əsas təminatçılarından olan daxili işlər orqanlarını fəaliyyətlərinin 95-ci ildönümləri münasibətilə təbrik edirik!

 

 

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.-2013.- 29 iyun.- S.4.