İdmançıların da prezidentliyə
namizədi cənab İlham Əliyevdir
Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədilə bir sıra sərəncamlar imzalamışdır.
Dövlət başçısı gənclərin cəmiyyətdə rolunu həmişə yüksək dəyərləndirmiş, onların ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində yaxından iştirak etdiyini qürur hissi ilə qeyd etmiş, gənc nəslin ictimai həyatın bütün sahələrində yüksək fəallıq göstərdiyini, quruculuq prosesində yaxından iştirak etdiyini bildirmişdir.
Cənab İlham Əliyev Prezident seçildikdən sonra da idman və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, idmana dövlət qayğısı daha da artmışdır.
Dövlət başçısı Azərbaycanın bütün rayonlarında idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə irəli sürdüyü xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, Azərbaycanın beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, müstəqil siyasət yeritməklə milli maraqlarını maksimum səviyyədə təmin etməyə nail olmuşdur.
Bu gün dünyada olduğu kimi, ölkəmizdə də ən çox sevilən idman növlərindən biri futboldur. Çox gözəl bilirik ki, ötən əsrin 90-cı illərinin əvvəllərindən etibarən Azərbaycan futbolu əvvəlki şöhrətini itirmiş, bu idman növünə maraq azalmağa başlamışdı.
Lakin Prezident İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı" bu idman növünün inkişafında yeni mərhələnin əsasını qoydu. Bütövlükdə futbolun maddi-texniki bazası möhkəmləndirilmiş, yığma komandanın, ayrı-ayrı klubların beynəlxalq arenalarda göstərdiyi nəticələr yüksəlmişdir. Bakının "Neftçi" komandasının 2012-2013-cü illər mövsümündə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinə vəsiqə əldə etməsi buna misal ola bilər.
Azərbaycan milli komandasının da son illərdə dünya və Avropa çempionatlarının seçmə mərhələsində nümayiş etdirdiyi oyunlar və qazandığı nəticələr gələcəyə nikbinliklə baxmağa ümid verir.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası da futbolun inkişafına töhfələr verir. Milli futbol təşkilatı məqsədyönlü fəaliyyəti ilə futbolun kütləviliyinin təmin edilməsi istiqamətində bir sıra layihələr həyata keçirir. Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.
Dövlət başçısı cənab İlham Əliyev tərəfindən futbolun inkişafı və təbliği məqsədilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi irəli sürülməsi isə bu idman növünə diqqət və qayğının çox yüksək səviyyədə olduğunu göstərir.
Hazırda mən Rusiyanın ən güclü klublarından olan "Rubin" (Kazan) komandasında oynayıram. Dünyanın bir sıra ölkələrindən olan futbolçuların Azərbaycan haqqında xoş təsəvvürləri olduqlarının şahidiyəm. Onlar Bakını dünyanın ən qabaqcıl şəhərləri ilə müqayisə ediləcək səviyyədə olduğunu vurğulayırlar.
Bütün
bunlar son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi
altında Azərbaycanın əldə etdiyi uğurların nəticəsidir.
Tam əminliklə söyləmək olar ki, cənab
İlham Əliyevin rəhbərliyi altında Azərbaycanı
hələ çox yüksəlişlər gözləyir.
Qarşıdan gələn seçkilərdə İlham Əliyevin
yenidən Azərbaycan Respublikasının Prezidenti seçiləcəyinə
inanırıq. Hər
birimiz yaxşı bilirik ki, bu yolun, bu seçimin alternativi
yoxdur. Ona görə də cənab İlham Əliyevə səs
verəcəyimiz günü səbirsizliklə gözləyirik.
Ruslan ABIŞOV,
Milli komandanın və Rusiyanın
"Rubin" (Kazan) klubunun futbolçusu
Azərbaycan.-2013.- 29 iyun.- S.6.