Elmlər Akademiyasında kitab
təqdimatı olmuşdur
İyunun 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində Cümhuriyyət dövrünün tanınmış ziyalılarından olan Məhəmməd Şərif Əfəndizadənin "Azərbaycan və inqilabı" kitabının təqdimatı keçirilmişdir.
AzərTAc xəbər verir ki, ölkəmizdə ilk dəfə işıq üzü görən bu kitab Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) dövründə hakimiyyətdaxili məsələlər, həmçinin ölkədə geniş vüsət almış siyasi-iqtisadi, ideoloji problemləri işıqlandıran azsaylı mənbələrdəndir.
Tədbirdə nəşrin ideya müəlliflərindən olan Bakı Slavyan Universitetinin doktorantı Eldar Əmirov, professor Anar İsgəndərli, Milli Məclisin deputatı Rasim Musabəyov və kitabın "Ön söz"ünün müəllifi, parlamentin deputatı Ceyhun Osmanlı və başqaları yeni nəşrin məziyyətlərindən söz açmışlar.
"İrəli" İctimai Birliyinin elmi nəşrlər layihəsi olan və "İrəli"nin ictimai-siyasi elmlər" kitabxanası çərçivəsində nəşr olunan bu kitabın işıq üzü görməsi yüksək qiymətləndirilmişdir.
Vurğulanmışdır ki, kitab hər bir soydaşımızı tariximizin ən şərəfli səhifələrindən olan Azərbaycan Xalq Cümhuriyyətinin süqutunu sürətləndirmiş daxili səbəblərlə tanış edir, hakimiyyət nümayəndələri arasındakı çəkişmələrin ölkəni hansı çətinliklərlə üz-üzə qoymasından real faktların dili ilə söz açır.
Diqqətə çatdırılmışdır ki, XX əsrin əvvəllərində Azərbaycanda fəaliyyət göstərmiş siyasi partiyalarla, o dövrdə Qafqaz regionunun dini, milli və siyasi mənzərəsi ilə bağlı verilən dəyərli statistik məlumatlar kitabın tarixşünaslıq üçün əhəmiyyətini artıran mühüm amil hesab olunur. İlk dəfə 1921-ci ildə İstanbulda nəşr edilmiş və uzun müddət Azərbaycan ictimaiyyəti üçün gizli qalan "Azərbaycan və inqilabı" kitabının 92 il sonra Azərbaycan oxucusuna qaytarılması hər kəs tərəfindən maraqla qarşılanacaqdır.
Bildirilmişdir ki, kitabda böyük söz sərrafları Mirzə Ələkbər Sabir və Məhəmməd Hadi ilə bağlı dəyərli faktlar öz əksini tapmışdır.
Qeyd edilmişdir ki, "İrəli"nin
ictimai-siyasi elmlər" kitabxanası tərəfindən son
iki ildə 15-ə yaxın kitab işıq üzü
görmüşdür və bu istiqamətdə işlər
davam etdirilməkdədir.
Azərbaycan.-2013.- 29 iyun.- S.11.