Qəbələ Mədəniyyət Mərkəzinin
açılışı olmuşdur
Prezident İlham Əliyev
açılış mərasimində iştirak etmişdir
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ Mədəniyyət Mərkəzinin açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsdi.
Dövlət başçısına məlumat verildi ki, nəhəng "Ağ royal" formasında tikilmiş bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunmuşdur. Mərkəzin foyesi genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Burada Mədəniyyət Mərkəzinin hazırkı görünüşü və gələcək layihələrlə bağlı maketlər də vardır. Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılmışdır. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur.
Bildirildi
ki, üç qrim, bir məşq otağının fəaliyyət
göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa
salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb
edir. İkinci mərtəbədə müşavirə
zalı, iki VİP, üç dərnək, rejissor və
aktyorların istirahəti, həmçinin teatr
kostyumlarını saxlamaq üçün otaqlar yerləşir.
Bu binanı fərqləndirən cəhət daxili
divarların ekoloji baxımdan təmiz və nəfis şəkildə
işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən
müasir akustik texnologiya və dünya standartlarına
uyğun teatr texnikası avadanlığı, Avropanın
aparıcı şirkətlərinin istehsalı olan
üzlük və tamamlama materialları ilə, məxsusi
çıraq və mebellərlə təchiz edilmişdir.
Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli
tikinti materiallarından istifadə olunması binanın
xarici və daxili
görüntüsünü daha cəlbedici etmişdir.
Diqqətə
çatdırıldı ki, Qəbələdə tez-tez mədəniyyət
tədbirlərinin keçirilməsi və rayonda bir çox
incəsənət kollektivinin fəaliyyət göstərməsi
nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət
otaqları, dekorasiya və tikiş sexləri də
yaradılmışdır. Burada xüsusi qazanxana, transformator
yarımstansiyası, mühafizə və
yanğınsöndürmə sistemləri
quraşdırılmış, su anbarı tikilmişdir. Mərkəzin
yerləşdiyi ərazi Qəbələnin ümumi görkəminə
uyğun olaraq abadlaşdırılmışdır.
Görülən
işlərdən razılığını bildirən
Prezident İlham Əliyev müvafiq tapşırıq və
tövsiyələrini verdi.
Dövlət
başçısı rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdü.
* * *
Prezident
İlham ƏLİYEV rayon ictimaiyyətinin nümayəndələrini
salamlayaraq dedi:
-
Sizi ürəkdən salamlayıram. Qəbələ Mədəniyyət
Mərkəzinin açılışı münasibətilə
sizi ürəkdən təbrik edirəm. Çox gözəl,
möhtəşəm binadır. Çox gözəl
memarlığa malikdir. Eyni zamanda, burada bütün tədbirlərin
keçirilməsi üçün çox gözəl şərait
vardır. Keçən dəfə Qəbələdə
olarkən mərkəzin tikintisi ilə tanış
olmuşdum və bu gün biz bu gözəl mərkəzin
açılışında bərabər iştirak edirik.
Bu, doğrudan da gözəl hadisədir. İlk
növbədə, Qəbələdə müasir mədəniyyət,
incəsənət mərkəzinin tikilməsinə
böyük ehtiyac var idi, digər tərəfdən ölkəmizin
ümumi inkişafını göstərir. Çünki belə gözəl, həm
memarlıq, həm funksional cəhətlərdən çox
gözəl binaların tikilməsi onu göstərir ki, Azərbaycan
dövləti uğurla inkişaf edir. Biz
bu inkişafı Qəbələ rayonunun timsalında
açıq-aydın görürük. Çünki
burada həm sosial, həm mədəniyyət, infrastruktur layihələri
uğurla icra edilir. Bir müddət bundan əvvəl
biz Qəbələ Beynəlxalq Aeroportunun
açılışını qeyd edirdik. O vaxt müəyyən
fikirlər var idi ki, bu aeroport necə işləyəcək,
işləyəcəkmi, yoxsa yox? Ancaq o vaxt mən
demişdim ki, əgər biz Qəbələdə müasir
turizm obyektlərini yaratmaq istəyiriksə, mütləq beynəlxalq
aeroport olmalıdır. Artıq buradan
xarici ölkələrə uçuşlar təşkil
edilir. Bu uçuşların sayı
getdikcə artacaqdır. Qəbələ rayonunun sakinləri
və ətraf rayonlarda
yaşayan soydaşlarımız da bundan istifadə
edirlər. Eyni zamanda, xarici qonaqlar da Qəbələyə
indi rahat gələ bilirlər. Yəni
aeroportun tikilməsi, mədəniyyət ocaqlarının,
otellərin yaradılması - bütün bunlar
reallıqdır və bu, son illərin reallıqlarıdır.
Bu gün Qəbələ ölkəmizin mədəniyyət
və turizm mərkəzlərindən birinə
çevrilibdir. Bakıdan, digər yerlərdən, digər
şəhərlərdən, başqa ölkələrdən
buraya gələnlərin sayı getdikcə artır. Turizmin inkişafı gələcəkdə yəqin
ki, Qəbələ rayonunun iqtisadi inkişafının müəyyən
faizini öz üzərinə götürəcəkdir.
Bu, elə bir sahədir ki, bu sahə daim inkişafda olur və
iş yerlərinin yaradılmasına kömək, eyni zamanda,
rayonun inkişafına və ölkəmizin dünyada
tanınmasına xidmət göstərir. Bu
gün müasir otellər, turizm kompleksləri, istirahət
zonaları açılır. Əlbəttə,
belə gözəl mədəniyyət mərkəzinin
açılışı görülən bütün bu
işlərə əlavə dəstək verəcəkdir.
Qəbələ artıq dünyada çox məşhur
şəhərə çevrilibdir. Qəbələ musiqi
festivalları artıq gözəl ənənədir. Dünyanın aparıcı musiqi kollektivləri bu
festivalda iştirak etmək üçün gəlirlər.
Bilirəm ki, bir dəfə gələnlər
ondan sonra da gəlmək istəyirlər. Bu
da çox gözəl əlamətdir. Çünki
burada görülən işlər, qonaqlara göstərilən
qonaqpərvərlik, yaradılan şərait, otellər və
ümumiyyətlə, gözəl nadir ab-hava Qəbələyə
turistləri daha da böyük dərəcədə cəlb
edəcəkdir. Buraya gələn hər
bir xarici qonaq öz ölkəsinə qayıtdıqdan sonra, əlbəttə
ki, Qəbələ haqqında, Azərbaycan haqqında
tanışlarına və dostlarına məlumat verir.
Beləliklə, vaxt keçdikcə Qəbələ
haqqında dünyada daha da dolğun məlumat əldə
edilir və bu da çox sevindirici haldır. Çünki
ölkəmizin inkişafı, eyni zamanda, bölgələrin
inkişafından keçir. Doqquz il
bundan əvvəl regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının qəbul edilməsi ilə o
vaxtdan bu günə qədər regionlarda çox
böyük işlər görülmüşdür. Regionlarla paytaxt arasındakı fərq azalır.
Baxmayaraq ki, paytaxt da sürətlə inkişaf
edir. Bu fərqi azaltmaq o qədər də
asan məsələ deyildir. Ancaq hər
bir şəhərdə yaşayış üçün
normal şəraitin yaradılması bizim son illərdə
apardığımız siyasətin əsas istiqaməti
olmuşdur. Hər bir yerdə iş yerləri, gözəl
şərait, yüksək səviyyədə tibbi xidmət
olmalıdır, təhsil müəssisələri təmir
edilməlidir. Qəbələnin inkişafı
bunu göstərir. Əvvəlki illərdə
gözəl diaqnostika mərkəzi tikilmişdir, məktəblər
təmir olunur.
Yenə də deyirəm, turizm infrastrukturu
yaradılır. Qəbələdə dağ xizəyi mərkəzi
yaradılır. Bu da son illərin
reallıqlarıdır. Çünki Azərbaycanda
turizm üçün müxtəlif imkanlar vardır - Xəzər
dənizi, meşələr, dağlar. Ancaq
heç vaxt dağ xizəyi mərkəzləri
olmamışdır. Sovet dövründə
qonşu respublikalarda olmuşdur, Azərbaycanda
olmamışdır. Ancaq bizim təbii
şəraitimiz, iqlimimiz buna imkan verir və qərar qəbul
edilmişdir ki, Azərbaycanda turizm, eyni zamanda, bu istiqamətdə
də inkişaf etsin. Artıq bir neçə
aydır ki, Qusar rayonundakı Şahdağ Turizm Xizək Mərkəzi
fəaliyyətə başlamışdır. Bu yaxınlarda mənə verilən məlumata
görə, şənbə-bazar günlərində iki min
insan, turist gəlir, bu imkanlardan istifadə edir. Yəni bu, Qusar rayonunun inkişafına böyük
bir dəstəkdir, orada gedən bütün işlərə
böyük təkan verəcəkdir.
Eyni qaydada Qəbələdə də xizək mərkəzi
yaradılır. Yəqin ki, gələn ildən, bəlkə
də artıq bu ilin sonundan fəaliyyətə
başlayacaqdır. Bu da əlavə turistlərin
cəlb edilməsinə şərait yaradacaqdır. Buraya gəlmək üçün artıq beynəlxalq
aeroport var, gözəl yollar çəkilir, infrastruktur layihələri
icra edilir. Onların içində
bildiyiniz kimi, indi əsas prioritet içməli su layihələridir.
Bu layihələr Qəbələdə də həyata
keçirilir, yaxın zamanlarda başa çatacaqdır.
Qazlaşdırma istiqamətində işlər
gedir, kənd yolları bərpa olunur, ən yüksək
texnologiyalara uyğun şəkildə, yeni sənaye müəssisələri,
heyvandarlıq fermaları yaradılır. Bax, bu hərtərəfli
inkişaf hər bir yerdə getməlidir. Sosial, iqtisadi məsələlər, sənaye,
infrastruktur obyektlərinin və mədəniyyət
ocaqlarının, tarixi, dini abidələrimizin bərpası
və tikilməsi - biz bütün bu işləri kompleks
şəkildə aparırıq. Qəbələdə
bax bu səpkili məsələlər uğurla icra edilir.
Qəbələliləri bütün bu
uğurlar münasibətilə təbrik etmək istəyirəm.
Sizə yeni uğurlar, cansağlığı
arzulayıram.
* * *
Qəbələ
rayon ictimaiyyəti adından çıxış edən
Şirin ŞİRİNOV rayonun inkişafına göstərdiyi
diqqət və qayğıya görə dövlət
başçısına təşəkkür edərək
dedi:
- Möhtərəm
cənab Prezident, Qəbələyə xoş gəlmisiniz!
Sizi Qəbələnin bütün ictimaiyyəti adından salamlayıram.
Cənab
Prezident, bu gün Azərbaycanımızın çox
yüksək sürətli inkişafı, onun əldə
etdiyi uğurlar qəlbimizi dağa döndərir. Bu, Sizin apardığınız siyasətin, Heydər
Əliyev siyasətinin bəhrəsidir. Bu
siyasətin nəticəsində Azərbaycanımız
yüksək sürətlə inkişaf edir.
Rayonlarımız, şəhərlərimiz gündən-günə
gözəlləşir, abadlaşır, insanların normal
yaşaması üçün yaxşı şərait
yaradılır. Biz ziyalılar, cənab Prezident, həm də
ağsaqqallar hələ də fevral ayının 12-də keçirilən
müşavirədə Sizin tarixi nitqinizin təsiri
altındayıq. Bizim hamımızı qəlbən
sevindirən odur ki, Siz adamların çətinliklərini,
onların problemlərini çox gözəl bilirsiniz və
onları həll edirsiniz.
Cənab
Prezident, bu gün bizə aydın oldu ki, insan amili, insan həyatı,
insanların normal yaşayışı, onların həyata
baxışı Sizin həyata keçirdiyiniz siyasətin ana
xəttini təşkil edir. Siz hər addımda
Azərbaycan vətəndaşlarının qanuni
hüquqlarını qoruyursunuz,
Azərbaycan dövlətinin inkişafı
üçün əsaslı tədbirlər həyata
keçirirsiniz. Bütün bunlar üçün, cənab
Prezident, mən
Sizə bir daha təşəkkür edirəm, "Çox
sağ olun" deyirəm.
Cənab
Prezident! Müstəqil Azərbaycanımızda
Qəbələ şəhəri bu gün mədəniyyət,
turizm sahələrində inkişaf etmiş mərkəzlərdən
birinə çevrilmişdir. Bu gün burada istifadəyə
verilən zavodlar, fabriklər, istehsalat müəssisələri,
otellər, digər obyektlər - bunların hamısı
xalqın istifadəsindədir. Bunlar hamısı yeni iş
yerləridir, həyatımızın sosial təminatının
və adamların
maddi rifahının
yaxşılaşdırılmasına xidmət edir. Cənab
Prezident, biz ona görə çox sevinirik ki, bütün bu
obyektlərin istifadəyə verilməsi bizim gələcək
nəsillərimiz üçün çox böyük təminatdır.
Biz arxayınıq. Arxayınıq ki, onlar
üçün gələcəkdə də daimi iş yerləri
yaradılmışdır. Çox sevinc hissi ilə
qeyd etmək istəyirəm ki, Qəbələnin
inkişafında çox mühüm rol oynayan əsas sahələrin
- heyvandarlığın, bitkiçiliyin,
üzümçülüyün inkişafında da istifadəyə
verilən həmin obyektlərin çox böyük payı
vardır. Bütün
bunların hamısı Sizin əməyinizin
bəhrəsidir.
Cənab
Prezident! Bu gün Qəbələ öz tarixi
görkəmini saxlamaqla yenidən qurulur. Bugünkü Qəbələ
yalnız xarici və yerli turistlərin istirahət mərkəzi
deyil, o, həm də beynəlxalq əhəmiyyətli
görüşlərin, mötəbər idman və incəsənət tədbirlərinin
həyata keçirildiyi böyük bir mərkəzə
çevrilmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə son dörd ildə Qəbələdə
keçirilən beynəlxalq musiqi festivalları
dünyanın mötəbər mədəniyyət tədbirləri
sırasına daxil olmuşdur. Mən fürsətdən
istifadə edərək, bunun üçün də milli
musiqi mədəniyyətimizin hamisi Mehriban xanım Əliyevaya
bütün qəbələlilər adından dərin təşəkkürümü
və minnətdarlığımı bildirirəm. Bu
gün burada
açılışında iştirak etdiyimiz bu
gözəl mədəniyyət ocağı da Sizin tərəfinizdən qəbələlilərə
çox böyük töhfədir.
Çox sağ olun, cənab Prezident!
Buna görə də, Qəbələyə
göstərdiyiniz sonsuz diqqət və qayğıya görə
də təkrarən Sizə cansağlığı
arzulayıram. Sizə minnətdarlığımızı
bildirirəm. Ailənizə və özünüzə böyük xoşbəxtlik
arzu edirəm. Biz qəbələlilər həmişə
Prezidentimizə, dövlətimizə səmimi və sadiq
olmuşuq. Biz Sizi çox sevirik, Sizinlə
fəxr edirik. Biz həmişə Sizin apardığınız siyasəti dəstəkləyirik.
Biz gözəl şəxsiyyətə, hamımızın
sevimlisi Prezidentimizə bir daha cansağlığı
arzulayaraq qeyd etmək istəyirəm ki, bu
günümüzü, gələcəyimizi yalnız və
yalnız Sizinlə görürük. Tanrı Sizi qorusun! Bir
daha deyirəm, Qəbələyə xoş gəlmisiniz!
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 1 mart.- S.1-2.