Qəbələ Konqres Mərkəzində tikinti işlərinin gedişi ilə tanışlıq

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələ rayonuna səfəri çərçivəsində tikilməkdə olan Konqres Mərkəzində inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlət başçısı mərkəzin planı və gələcək görüntülərini əks etdirən stendlərə baxdı.

Prezident İlham Əliyevə məlumat verildi ki, 2,8 hektar ərazidə yerləşəcək mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində avtomobil dayanacağı da yaradılacaqdır.

Mərkəzin binasında daş hörgü və beton işləri  başa çatdırılmış, metal konstruksiyalar quraşdırılmışdır. Hazırda binanın damı örtülür.

Dövlət başçısının diqqətinə çatdırıldı ki, bu  yeni sosial obyektə gedən yol çay yatağından keçir. Buraya gediş-gəlişi asanlaşdırmaq üçün həmin  çay üzərində yeni körpü salınır. Bütövlükdə, müasir memarlıq üslubunda  inşa olunan  və ümumi sahəsi 10 min 200 kvadratmetr olacaq Konqres Mərkəzində yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılacaqdır.

Prezident İlham Əliyev tikinti işlərinin keyfiyyətlə və vaxtında başa çatdırılması ilə bağlı tapşırıqlarını verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 1 mart.- S.3.