Prezident İlham Əliyev Qəbələ Heyvandarlıq-Südçülük Kompleksinin açılışında iştirak etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ rayonuna səfəri

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 28-də Qəbələyə səfəri çərçivəsində Heyvandarlıq-Südçülük Kompleksinin açılışında iştirak etmişdir.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində ölkənin müxtəlif bölgələrində yeni istehsal sahələri istifadəyə verilir, rayon  və kəndlərdə əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Qəbələ Heyvandarlıq-Südçülük Kompleksi də belə müəssisələrdən biridir. Müəssisənin ümumi dəyəri 12,9 milyon manatdır. Bu layihənin də inşasında dövlətin güzəştli kreditlərindən istifadə olunmuşdur. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən kompleksin inşasına 3 milyon manat güzəştli kredit ayrılmışdır. Kompleksdə tikinti işlərinin aparılmasına və avadanlıqla təchiz edilməsinə 2011-ci ilin sonunda başlanmışdır. Bu ilin fevral ayında isə işlər tam başa çatdırılmışdır.

Müəssisə ilə tanışlıq zamanı məlumat verildi ki, kompleks sağmal inəklər üçün fermalar, yem təsərrüfatı, avtopark və digər köməkçi sahələrdən ibarətdir. Müəssisə ABŞ-ın "BouMatic" şirkətinin ferma avadanlığı, avtomatik yönləndirmə və yemləmə sistemləri, birdəfəyə 40 baş inək tutumlu "Paralel" tipli sağım avadanlığı, soyutma sistemləri və digər avadanlıqla təchiz edilmişdir. Hər biri gündəlik 25 litrdən çox südvermə qabiliyyətinə malik 500 baş "Holstein Friesian" cinsindən olan inək gətirilmişdir. Hazırda sağmal heyvanların sayı 660 başa çatdırılmış, onlardan 150 bala alınmışdır. Gələcəkdə kompleksdə sağmal inəklərin sayının min başa çatdırılması nəzərdə tutulur.

Qeyd olundu ki, hər inəkdən bir ildə 8 min 500 litr, ümumi fermada isə gündəlik təqribən 15 ton süd sağımı proqnozlaşdırılır. İstehsal olunan süd Qəbələ süd emalı zavoduna göndərilir. Burada "Jalə" brendi ilə ağartı məhsulları istehsal olunur. Kompleks üçün Qəbələ rayonu ərazisində mövcud əkin sahələri hesabına yem təsərrüfatı yaradılmışdır. Bütün aqrotexniki normalara riayət etməklə aparılan növbəli əkin hesabına təsərrüfatda yüksək məhsuldarlığa nail olunur. Bunun nəticəsində müəssisənin yemə olan tələbatı tam ödənilir.

Komplekslə tanışlıq zamanı dövlət başçısına məlumat verildi ki, layihənin icrası nəticəsində 95 nəfər iş yeri ilə təmin olunmuşdur. Tətbiq olunan müasir texnologiyanın istifadəsi, cins heyvanların yemlənməsi və bəslənməsi, kənd təsərrüfatı texnikalarından istifadə qaydalarının daha dərindən mənimsənilməsi və dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsi məqsədi ilə burada çalışan mütəxəssislərin bir hissəsi Hollandiyada xüsusi kurs keçmişdir. Gələcəkdə təcrübələrinin artırılması üçün digər işçilərin də kurs və seminarlara göndərilməsi nəzərdə tutulur.

Komplekslə tanışlıqdan sonra Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

 

*  *  *

 

Regionların  sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Qəbələnin Vəndam qəsəbəsində isə "Gilan Holdinq"in "Aqro Kompleks Qəbələ" heyvandarlıq kompleksi formalaşır. İyirmi hektar  ərazidə inşa olunan  kompleks iki inək və iki buzov fermalarından və doğuş zalından ibarətdir. Bu layihənin də inşasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 14 milyon manat güzəştli kredit verilmişdir. Kompleks Almaniyanın məşhur "Delovan", "Qruber", "Vestvalya", "Dea" şirkətləri ilə sıx əməkdaşlıq şəraitində yaradılmışdır. Sağım sexi  dünyanın ən mütərəqqi "Karusel" tipli avadanlığı, soyutma sistemləri və digər köməkçi avadanlıqla təchiz edilmişdir. Yeni texnologiya  hər inəkdən  sağılan südün həcminin, yağlılıq dərəcəsinin və digər keyfiyyət göstəricilərinin ayrı-ayrılıqda qeydiyyatının aparılmasına imkan verir. Kompleks üçün  ilkin olaraq Almaniyadan 620 baş "Simmental" cinsindən olan  südlük-ətlik istiqamətli cins düyələr  alınmışdır. Mart ayında əlavə 160 baş heyvanın gətirilməsi təmin ediləcəkdir. Gətirilən heyvanlar artıq yerli iqlimə uyğunlaşmış və orta hesabla ildə 5000-6000 litr yüksək yağlılıq göstəricilərinə malik süd verəcəkdir. Kompleksin yemlə təmin edilməsi məqsədi ilə rayonda 1554 hektar ərazisi olan yem təsərrüfatı yaradılmışdır. Artıq bu ərazilərdə  müxtəlif yem bitkiləri əkilmişdir. Müəssisənin xüsusi yem sexi və 5 silos quyusu vardır. Bundan başqa, 200 hektar ərazidə müasir suvarma sistemləri quraşdırılmışdır. Görülən işlər hesabına kompleksin  yem təchizatı tam təmin olunacaqdır. Əlavə olaraq 20 hektar alma bağı salınmış və burada hər hektarın məhsuldarlığının 30-40 tona çatacağı gözlənilir. Əkin-biçin işlərinin aparılması və əkin sahələrinə aqrotexniki qulluq göstərilməsi məqsədi ilə Avropanın  lider şirkətlərindən  88 maşın və texnika alınmışdır. Həmin texnika 4 qarajdan ibarət avtoparkda saxlanılır. Tikintisi  davam etdirilən ət emalı fabrikində  heyvanların kəsilməsindən ət məhsullarının qablaşdırılmasınadək bütün proseslər gigiyenik normalar gözlənilməklə həyata keçiriləcəkdir.

Prezident İlham Əliyevin  heyvandarlığın inkişafının təmin edilməsi ilə bağlı verdiyi tapşırıqların icrası nəticəsində 2015-ci ilədək kompleksdəki inəklərin sayı 2400-ə, heyvanların ümumi sayı isə 4800-ə çatdırılacaqdır. Beləliklə, bu kompleks Avropanın  ən nəhəng heyvandarlıq müəssisələrindən  biri olacaqdır.

Burada  çalışan aparıcı mütəxəssislər Hollandiyada və Almaniyada ixtisasartırma kursu keçmişlər. Hazırda kompleksdə 80 nəfər işlə təmin edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 1 mart.- S.3-4.