Qəbələdə «Aspi Winery» üzüm emalı zavodu istismara verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ rayonuna səfəri
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 28-də Qəbələ
rayonuna səfəri çərçivəsində "Aspi-Aqro" MMC-nin "Aspi Winery" üzüm emalı zavodunun açılışında
iştirak etmişdir.
Dövlət başçısına məlumat
verildi ki, digər bölgələrdə
olduğu kimi, Qəbələ rayonunda da sahibkarlığın inkişafı diqqət mərkəzindədir. Rayonun Qaradeyn kəndi ərazisində "Aspi-Aqro"
MMC-nin "Aspi Winery"
üzüm emalı zavodunun fəaliyyətə
başlaması həmin tədbirlərin
davamlılığından xəbər verir. Zavodun təsisçisi olan "Aspi Agro" MMC-nin əsas məqsədi
respublikada geniş yayılmış və qədim tarixə malik şərabçılıq
sahəsinin əvvəlki
şöhrətinin bərpa
edilməsi və Azərbaycan süfrəsinin
dünyanın ən gözəl, yüksək
keyfiyyətli üzüm
növləri və şərab çeşidləri
ilə təmin olunmasıdır. Müəssisə
öz fəaliyyətində
müasir texnologiyanın
tətbiqinə və
Azərbaycan şərabçılarının
ənənələrinə əsaslanaraq, üzümün
yetişdirilməsindən yüksək
keyfiyyətli şərab
və konyak məhsullarının buraxılışınadək
tam bir istehsal prosesini özündə birləşdirir.
"Aspi-Aqro"
MMC üzümçülük tingləri istehsalı və satışı üzrə dünyanın
ən qabaqcıl şirkətləri olan İtaliyanın "VİVA Cooperative Rausedo" VCR və Fransanın "Gontard Freres" şirkətləri
ilə sıx əlaqə yaradaraq, Qəbələ rayonunda
nadir iqlim şəraitinə
malik, vaxtilə şərab sənayesinin çiçəkləndiyi yerdə
- Böyük Qafqaz dağlarının ətəklərində,
Savalan vadisində geniş üzüm sahələri salmışdır.
Ərazinin təbii şəraiti, dəniz səviyyəsindən 400 metr
yüksəklikdə yerləşməsi,
illik yağıntıların
miqdarı, illik temperatur göstəriciləri
və müxtəlif yerlərdən götürülmüş
torpaq nümunələrinin
İtaliya və Fransa şirkətlərinin
laboratoriyalarında aparılmış
analizləri bu yerdə yüksək keyfiyyətli nadir üzüm
növlərinin yetişdirilməsinin
mümkünlüyünə əsas verir. Bu göstəricilərə əsasən
ərazidə əkiləcək
üzüm növləri
və onların kök sistemləri seçilmişdir. Seçilmiş
növlər üzrə
yüksək keyfiyyətli
üzüm tingləri
gətirilmiş və
onlar mövcud normativlər əsasında
lazımi aqrotexniki tədbirlərin həyata
keçirilməsi yolu
ilə əkilmişdir.
Üzüm bağlarında
əkin və becərmə işləri
aparmaq üçün
xüsusi texnika da alınmışdır.
Bütün bu amillər ixrac qabiliyyətli yüksək
keyfiyyətli məhsul
istehsalına təminat
verir.
Diqqətə çatdırıldı ki, müəssisədə
ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ümummilli liderin Azərbaycanda kənd təsərrüfatının,
o cümlədən üzümçülüyün
inkişafındakı xidmətlərini
və Prezident İlham Əliyevin müxtəlif illərdə
Qəbələ rayonuna
səfərlərini əks
etdirən fotoguşələr
yaradılmışdır.
Dövlət başçısı müəssisənin avtoparkında
üzüm plantasiyalarında
əkin, becərmə
və məhsul toplanışında istifadə
üçün nəzərdə
tutulmuş texnika, maşın və avadanlıqla tanış oldu.
Daha sonra Prezident İlham Əliyev üzümün
qəbulu prosesi ilə maraqlandı.
Prezident
İlham Əliyev müəssisənin ayrı-ayrı
istehsal sahələrini
gəzdikdən sonra qablaşdırma sexində
zavodu işə saldı və istehsal prosesini izlədi.
Qeyd edildi ki, "Aspi Winery" üzüm emalı müəssisəsinin
illik istehsal gücü 1000 tondur. Zavod İtaliyanın ən məşhur şirkətlərinin avadanlığı
ilə təchiz olunmuşdur. Hazırda burada 7 növ məhsul istehsal olunur. Gələcəkdə
11 növ məhsulun istehsalı planlaşdırılır.
Bildirildi
ki, "Savalan" şərablarını məşhurlaşdıran
hər şeydən əvvəl ideal coğrafi
və iqlim şəraitidir. Belə şəraitdə yetişmiş
üzüm özünəməxsus
xüsusiyyətlərə malik autentik şəraba çevrilir.
Bu, əsrlərlə formalaşan
ənənələrin və
müasir şərabçılıq
meyillərinin ahəngidir.
Konyak istehsalı sexində Prezidentə məlumat verildi ki, zavodda bütün məhsullar yüksək ixtisaslı xarici mütəxəssislərin rəhbərliyi
ilə istehsal olunur və yoxlanılır. Şərablar
bütün müəyyən
olunmuş normalara riayət edilməklə zirzəmidə palıd çəlləklərdə saxlanılır
ki, bu da
ona əlavə ətir verir. İstehsal olunan şərab məhsulları
Rusiyaya ixrac olunur. Şərabların
gələcəkdə Ukrayna,
İtaliya, İsveç
kimi ölkələrə
ixrac edilməsi də planlaşdırılır.
Prezident
İlham Əliyev müəssisədə şərab
anbarına baxdı. Anbarda minimum silkələnmə,
ciddi şəkildə
müəyyənləşdirilmiş temperatur, rütubət və işıqlandırma,
zəruri mikromühit
mövcuddur. Məhsullar
Fransadan və İtaliyadan alınan yüksək keyfiyyətli
palıd çəlləklərdə
və çənlərdə
saxlanılır. Məhsulun
belə çəlləklərdə
saxlanması bərk zərrəciklərin çəlləyin
dibinə çökməsinə
səbəb olur ki, onları da oradan təmizləmək
asanlaşır. Bundan
əlavə, palıd
çəlləklərdə saxlanılan əksər şərablar sadə içkini nəfis şəraba çevirməyə
qadir xüsusi ətir verir.
Dövlət başçısı burada çalışan xarici mütəxəssislərlə
söhbət etdi.
Məlumat verildi ki burada muzey də
fəaliyyət göstərir.
Muzeydə "Qədim
Qəbələ", "Azərbaycanda qədim şərabçılıq" və "Şərabçılığın
xronologiyası" posterləri,
Qəbələdə arxeoloji
qazıntılar zamanı
aşkar olunan eksponatlar vardır. Burada ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyev haqqında fotolar və sənədlər, həmçinin
üzümçülük və şərabçılığın
tarixi ilə bağlı kitablar və stendlər də nümayiş etdirilir, emal olunan məhsullar sərgilənir.
Prezident
İlham Əliyev muzeydə üzümçülüklə
bağlı sənədli
filmə baxdı.
Bildirildi
ki, zavodda ən müasir avadanlıqla təchiz edilən laboratoriya yaradılmışdır. İstehsal
olunan məhsullar İngiltərədən alınan
və MDB məkanında yalnız bu müəssisədə
quraşdırılan lazer
analiz aparatı ilə yoxlanır. Bu aparat kimyəvi preparatlarsız işləyir
və bir dəqiqə ərzində
şərabın və
ya üzüm şirəsinin 24 parametrini
maksimal dəqiqliklə
müəyyən etməyə
imkan verir. Standart laboratoriyalarda bu cür analizlər
iki həftədən
çox vaxt aparır.
Məlumat verildi ki, "Aspi Winery" üzüm emalı müəssisəsi
hazırda layihə gücünün 20-30 faizi
həddində fəaliyyət
göstərir. "Aspi-Aqro"ya məxsus 340 hektar üzüm sahəsində İtaliyadan
gətirilən 22 şərab
sortu, 14 süfrə sortu üzümləri əkilmişdir. Həmin sahədə 200 nəfər
mövsümi işlə
təmin edilmişdir. Ən başlıcası isə
bu müəssisə Qəbələ rayonunda əhalinin məşğulluğunun
təminatında əhəmiyyətli
rol oynayacaqdır.
Prezident
İlham Əliyev dequstasiya otağı ilə də tanış oldu.
Dövlət başçısı kollektivə uğurlar arzuladı, müvafiq tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2013.- 1 mart.- S.4.