Gürcüstan Prezidenti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ilə görüşmüşdür

 

Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri

 

Fevralın 28-də Azərbaycana rəsmi səfəri çərçivəsində Naxçıvana gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvili muxtar respublika Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşmüşdür.   

Ali Məclisin Sədri Muxtar Respublikanın statusu, ərazisi, əhalisi, idarəetmə quruluşu, elm və təhsil müəssisələri, sosial-iqtisadi inkişafı barədə ali qonağa ətraflı məlumat vermişdir. Vasif Talıbov bildirmişdir ki, Azərbaycan və gürcü xalqları ən qədim dövrdən sıx dostluq münasibətlərinə malik olmuşlar. Naxçıvan və Acarıstan muxtar respublikaları arasında dostluq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur. Naxçıvan və Acarıstan muxtar respublikaları arasında mədəniyyət, turizm, təhsil, səhiyyə, iqtisadiyyat, ticarət, sənaye və nəqliyyat sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı əsaslar vardır.

Naxçıvana səfərindən məmnunluğunu bildirən Gürcüstan Prezidenti Mixeil Saakaşvili ulu öndər Heydər Əliyevin iki ölkə arasındakı əlaqələrin inkişafına misilsiz töhfələr verdiyini vurğulamışdır. Gürcüstan Prezidenti Azərbaycanın, o cümlədən Naxçıvan Muxtar Respublikasının sürətlə inkişaf etdiyini bildirmişdir. "Azərbaycanlılar ölkələrini çox sevirlər" deyən Mixeil Saakaşvili Bakıda Prezident İlham Əliyev ilə uğurlu görüşlər keçirdiyini qeyd etmişdir. Vurğulamışdır ki, ölkəsini belə inkişaf etdirmək hər bir liderin arzusudur. İnanıram ki, Azərbaycan gələcəkdə daha da inkişaf edəcəkdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 1 mart.- S.5.