İnkişaf və quruculuq məkanı
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inamla irəliləyən Azərbaycan Respublikasının sürətli və kompleks inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ötən dövrlərdə olduğu kimi, 2012-ci ilin yekunlarından da bunu görmək mümkündür. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirilmişdir ki, düşünülmüş iqtisadi siyasət sayəsində keçən il də ölkəmiz üçün uğurlu olmuş, bütün sahələrdə inkişaf təmin edilmiş, əsas iqtisadi göstərici olan ümumi daxili məhsul 2,2 faiz artmışdır. Respublikamız keçən ilin yekunlarında iqtisadiyyatın rəqabət qabiliyyətliyinə görə MDB məkanında yenə də birinci, dünya miqyasında isə yüksək sürətlə inkişaf edən ölkələr sırasında olmuşdur. Vətəndaşların rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər öz müsbət nəticələrini vermiş, əhalinin pul gəlirləri artmış, əmanətlərin qaytarılması və digər müxtəlif sosial proqramlar icra olunmuş, yoxsulluğun səviyyəsi aşağı düşməkdə davam etmişdir.
İnkişaf tendensiyası Xətai rayonunun sosial-iqtisadi həyatında yaxından hiss olunur
İnkişaf yolunda uğurla addımlayan Azərbaycan üçün əsas xüsusiyyətlərdən biri nailiyyətlərin miqyasının davamlı şəkildə genişlənməsi, daha böyük nəticələrin əldə olunmasıdır. İnkişaf tendensiyası Bakı şəhərinin aparıcı rayonlarından birinə çevrilən və 261 mindən çox sakinin yaşadığı Xətai rayonunun sosial-iqtisadi inkişafında da özünü göstərir. İndi bu rayonda hara getsən, hansı küçədən keçsən, dinamik inkişafın şahidi olarsan. Sürətli inkişaf 2012-ci ildə də saxlanılmış, həm sosial, həm də iqtisadi sahələrdə yeni nailiyyətlər qazanılmışdır. Statistik rəqəmlər də ötən il rayonda müsbət dəyişikliklərin baş verdiyini təsdiq edir.
Ötən ilin sosial-iqtisadi inkişafının yekunları və 2013-cü ildə qarşıda duran vəzifələr haqqında fevralın 28-də rayon icra hakimiyyətində keçirilən yığıncaqda ətraflı söhbət açıldı. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzdülər, Xətai rayonunun sosial-iqtisadi inkişafından bəhs edən stendə baxdılar. Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov bildirdi ki, 2012-ci ilin yekunlarına görə, rayon iqtisadiyyatının əsasını təşkil edən sənaye dinamik inkişaf etmiş,1 milyard 87 milyon 590 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir ki, bu da 2011-ci illə müqayisədə 15,9 faiz çoxdur. İl ərzində bütün mənbələr hesabına əsas kapitala əvvəlki ildəkindən 8,8 faiz çox, yəni 542 milyon 118,5 min manat investisiya qoyulmuşdur. Tikinti təşkilatlarının öz qüvvələri ilə yerinə yetirilən podrat işlərinin həcmi əvvəlki ilə nisbətən 21 faiz, nəqliyyat xidməti 24,8 faiz, rabitə xidməti 2,9 faiz artmışdır.
Hesabat dövründə rayonun iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı əvvəlki ildəkindən 7,7 faiz artaraq 545,4 manata çatmışdır. Bu göstərici sənəyedə 17,8 faiz artaraq 510,8 manat, tikinti kompleksində 9,7 faiz artaraq 567,5 manat, rabitədə 10,7 faiz artaraq 1007,1 manat, nəqliyyatda isə 21,5 faiz artaraq 784,1 manat olmuşdur.
Sahibkarlığın inkişaf etdirilməsi, göstərilən dövlət dəstəyi və məqsədyönlü siyasət sayəsində son illər, o cümlədən 2012-ci ildə müasir standartlara cavab verən istehsal müəssisələri yaradılmışdır. Bunun da nəticəsində keçən il hamısı daimi olmaqla 5436 yeni iş yeri açılmışdır. Ümumiyyətlə, 2003-cü ildən indiyədək rayonda 28692 yeni iş yeri yaradılmışdır ki, bunun da 28486-sı daimidir.
Ötən
il pensiyaların, sosial müavinətlərin və
ünvanlı sosial yardımların ödənilməsində
gecikmə hallarının qarşısının
alınması, məcburi dövlət sosial sığorta
haqqı üzrə sığortaolunanlar barədə məlumatların
emalı üçün tədbirlər
görülmüş və bu vacib məsələlər
daim diqqətdə saxlanılmışdır.
Paytaxtın gözəlləşən siması Xətai rayonunu da əhatə edir
Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət və uğurla icra olunan layihələr Bakı şəhərinin, eləcə də respublika regionlarının simasının tam dəyişməsi ilə nəticələnmişdir. Xətai rayonunun da küçə və prospektlərinin, park və meydanlarının yenidən qurulması, yeni parklar salınması, əhalinin istirahətinin təşkili məqsədilə 2006-cı ildən başlayaraq müxtəlif layihələr həyata keçirilməkdədir.
Geniş həcmli yenidənqurma və abadlaşdırma işləri hesabat dövründə də davam etdirilmişdir. 2011-ci il dekabrın 24-də Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə təməli qoyulan Bakı Ağ şəhər layihəsinin inşası 2012-ci ildə sürətlə aparılmış, bu ərazinin yaxınlığındakı Boks Federasiyasının, Xocalı prospektində və İ.Orucov küçəsində iş mərkəzlərinin, N.Rəfiyev küçəsində Belarus səfirliyinin binasının tikintisi davam etdirilmiş, Nobel prospektində "Yeni həyat" yaşayış kompleksində işlər başa çatdırılmışdır.
Məlumdur ki, Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı məsələləri daim Prezident İlham Əliyev tərəfindən diqqət mərkəzində saxlanılır. Bunun bariz nümunəsidir ki, paytaxtda və onun qəsəbələrində aparılan abadlıq-quruculuq işlərinin sürətləndirilməsi, əhaliyə göstərilən sosial xidmətlərin həcminin və keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə 2011-ci ilin mart ayında Bakı Şəhər İcra Hakimiyyətində keçirilən geniş toplantıdan sonra Prezidentin may ayının 5-də imzaladığı "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam hamı tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Bu proqram, eləcə də son illərdə reallaşdırılan digər layihələr Xətai rayonunun sosial-iqtisadi inkişafının daha da sürətlənməsi və bir sıra sahələrdə yüksək göstəricilərin əldə olunması ilə nəticələnmişdir. Ümumiyyətlə, proqram və ona edilmiş əlavəyə uyğun olaraq Xətai rayonunda 88 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuş və ötən müddətdə 30 tədbirin icrası təmin olunmuşdur, 18 tədbir üzrə işlər davam etdirilir və 40 tədbir üzrə cari ildə iş aparılacaq.
2012-ci ildə proqram çərçivəsində 17 məktəb və 7 uşaq bağçası əsaslı təmir olunmuşdur. Keçən ilin mart ayında isə Prezident İlham Əliyev əsaslı təmirdən sonra 251 nömrəli körpələr evi-uşaq bağçasının açılış mərasimində iştirak etmişdir. Hazırda 6 uşaq bağçasında təmir işləri davam etdirilir. Digər uşaq bağçalarında təmir işlərinə başlanması nəzərdə tutulsa da, məcburi köçkünlər bağçalarda məskunlaşdığından təmir aparılmamışdır. Artıq bir neçə gündür ki, təmirə hazırlıqla əlaqədar məcburi köçkünlər bağçalardan köçürülür.
Proqrama uyğun olaraq 4 səhiyyə müəssisəsində əsaslı təmir işləri başa çatdırılmış, rayon icra hakimiyyəti tərəfindən Əhmədli qəsəbəsindəki 14 saylı poliklinikanın binası sökülərək qısa vaxtda yerində müasir tələblərə cavab verən xəstəxana-poliklinika tikilib istifadəyə verilmişdir. Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyev Əhmədli qəsəbəsindəki bu səhiyyə müəssisəsinin, həmçinin əsaslı təmirdən sonra Neyrocərrahiyyə xəstəxanasının açılışlarında iştirak etmiş və görülən işləri yüksək qiymətləndirmişdir.
Abadlıq və quruculuq işləri çoxşaxəlidir
Qeyd etdiyimiz kimi, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" Bakı şəhərinin, o cümlədən Xətai rayonunun sosial-iqtisadi inkişafı ilə yanaşı, mövcud infrastrukturun müasir tələblərə uyğun qurulmasında, abadlıq və quruculuq işlərinin genişmiqyaslı olmasında mühüm rol oynayır.
Hesabat məruzəsində bu məsələlərə toxunan Razim Məmmədov dedi ki, quruculuq işləri çərçivəsində Heydər Əliyev prospekti ilə Babək prospektini birləşdirən yol qovşağı genişləndirilmiş, yaxınlıqdakı Ələddin Quliyev küçəsində abadlıq işləri aparılaraq yeni park salınmışdır. Yeni il qabağı, dekabr ayının 30-da Prezident İlham Əliyev buraya baxış keçirmiş, tapşırıq və tövsiyələrini vermişdir.
Abadlaşdırma layihələri çərçivəsində Nobel prospekti, F.Bayramov və A.Cəlilov küçələri boyunca yaşayış binalarının fasadlarının üzlənməsinə başlanmış, üç binada işlər başa çatmışdır, digər ünvanlarda isə iş davam etdirilir. Y.Səfərov küçəsində binanın yanındakı boş sahədə ərazinin memarlığına cavab verən şəbəkəli arka tikintisi başa çatdırılaraq yeni işıqlandırma sistemi quraşdırılmış, Nobel prospektindəki yaşayış binalarının arasındakı boşluq ərazidə digər yeni arka tikintisində son tamamlama işləri aparılır.
Keçən il Nobel prospektində, F.Bayramov, A.Cəlilov və Y.Səfərov küçələrində 8 yaşayış binasının yararsız vəziyyətdə olan dam örtüklərinin də yeni mansard tipli dam örtükləri ilə əvəz olunmasına başlanmışdır. Səfərbərlik və hərbi xidmətə çağırış xidmətinin rayon idarəsinin inzibati binasında, həmçinin yanğın nəticəsində yararsız vəziyyətə düşmüş Qafqaz küçəsi 45 ünvanındakı ikimərtəbəli yaşayış evində təmir işləri aparılmış, binaların fasadları təmir olunmuş, dam örtükləri yeniləri ilə əvəzlənmişdir.
Rayonun xidmət təsərrüfatının normal fəaliyəti, mənzil fondunun qorunub saxlanılması, təmizlik işlərinin aparılması, əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı istiqamətində gündəlik işlər aparılmış, bu sahəyə aid tapşırıqlar icra olunmuş, yeni, müasir elektrik dirəkləri quraşdırılaraq bir sıra küçə və prospektlərin işıqlandırılması təmin edilmişdir.
Şıxlinski küçəsi ilə Gəncə prospekti arasındakı yamacın sürüşmə meyilliyinin müşahidə edilməsi həmin ərazidən keçən mərkəzi istilik xəttinin fəaliyyətinin dayandırılmasına səbəb olmuşdur. Oradakı 9 istilik məntəqəsi qazanxanaya çevriləndən sonra görülən işlər nəticəsində istilik təminatı dayandırılmış uşaq bağçalarının, səhiyyə müəssisəsinin və 91 yaşayış binasının istilik sistemi bərpa olunmuşdur və tənzimləmə işləri yenə davam etdirilir.
Nobel prospekti, Zığ yolu, Ramiz Quliyev, Yusif Səfərov küçələri, Xocalı və Babək prospektləri boyunca keçən il salınan yaşıllıqlar, həmin küçə və prospektlərdəki piyada yollarının böyük bir hissəsinə döşənmiş müasir plitələr, binaların kommunikasiya xətlərinin əsaslı və ya cari təmir olunması da sakinləri razı salmışdır. Ümumrespublika tədbirinin keçirildiyi Xocalı prospektində də abadlaşdırma işləri aparılmış, parkın ərazisində Türkiyə Respublikasından gətirilmiş dekorativ güllər, həmişəyaşıl dekorativ ağaclar əkilmişdir. Rayonun Rahib Məmmədov küçəsindəki yaşıllıq sahələri təmizlənərək yenidən yeni qardaşlaşmış şəhərlər parkının tikintisinə başlanılmışdır.
Rayondakı mənzil-kommunal obyektlərinin istismarındakı vəziyyətin yaxşılaşdırılması da icra olunan layihələr çərçivəsində həyata keçirilir. Məlum olduğu kimi, Bakı şəhərində mövcud olan liftlərin 40 faizə qədəri Xətai rayonundadır. Artıq istismar müddəti başa çatmış liftlərin yeniləri ilə əvəz olunması istiqamətində işlər aparılır.
Ötən il rayonun mərkəzi küçə və prospektlərində küçə ticarətinin ləğv edilməsi, kənd təsərrüfatı məhsulları satış yarmarkalarının təşkili daim nəzarətdə saxlanılmış, yarmarkalarda təmizliyə, qiymət məsələsinə nəzarət gücləndirilmişdir.
Rayonda ekoloji vəziyyətin yaxşılaşdırılması da qarşıda duran mühüm məsələlərdən biridir. Bunu nəzərə alaraq yaşıllıq sahələrinin genişləndirilməsi, landşaft memarlığı elementləri ilə zəngin olan yaşıllaşdırma üçün ayrıca proqram hazırlanaraq həyata keçirilməyə başlanmışdır. Hava limanı istiqamətindən gələn magistral yolun hər iki tərəfində istinad divarları tikilmiş, torpaq işləri görülərək relyefə uyğun yaşıllıq massivləri salınmış, yaşıllaşdırılan ərazilərin suvarılması üçün yeni su xətləri çəkilmiş, yeni artezian quyuları qazılmışdır.
Təhsildə təqdirəlayiq uğurlar qazanılır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsilin inkişafı ilə əlaqədar imzaladığı proqramlar çərçivəsində həyata keçirilən islahatlar, ölkənin birinci xanımı, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsil, səhiyyə və mədəniyyət obyektlərinin yeniləşməsi sahəsində gördüyü işlər və milli-mədəni dəyərlərimizin qorunub saxlanılmasına dövlətimizin qayğısı hamıdan bu sahələrin inkişafına daha ciddi yanaşmağı tələb edir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində görülən ardıcıl tədbirlərin sonucudur ki, keçən il də Xətai rayonu ali məktəblərə qəbul üzrə yüksək nəticələr göstərərək birincilər sırasında olmuşdur. 2011-2012-ci tədris ilində rayon məzunlarının 60,9 faizi ali məktəblərə qəbul olmuş, onlardan 297 nəfəri 500-700 arası bal toplamışdır. Rayon üzrə ali məktəblərə qəbul Bakı şəhəri üzrə göstəricidən 9,07 faiz çox olmuş, 5 məzun orta məktəbi qızıl medalla bitirmiş, Prezident təqaüdünə layiq görülən 102 nəfər tələbədən 9-u Xətai rayonunun payına düşmüşdür. Hesabat dövründə yüksək nəticələr əldə edən tələbələrlə və rayonun bir qrup qabaqcıl pedaqoji işçisi ilə rayon icra hakimiyyətində keçirilmiş görüşdə onlara fəxri fərmanlar, digər qiymətli hədiyyələr verilmişdir.
Bir faktı da qeyd etmək xoşdur ki, ötən il rayon ərazisindəki Neft Kimya Prosesləri İnstitutu əsaslı təmir olunmuş, yeni dərs ilində həmin binanın bir hissəsində Ali Neft Məktəbi fəaliyyətə başlamışdır.
Keçən il Heydər Əliyev Fondu tərəfindən Xətai rayonundakı 3 nömrəli uşaq evinin Buzovna qəsəbəsində 120 yerlik yay istirahət düşərgəsi müasir tələblər səviyyəsində tikilib istifadəyə verilmişdir. Yeni il qabağı bu uşaq evinin sakinləri ilə görüşən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva uşaq evinin əsas binasının da əsaslı təmir olunacağını diqqətə çatdırmışdır. Hazırda həmin fond tərəfindən Neapol küçəsi 11 ünvanında Akademik Zərifə xanım Əliyeva adına uşaq bağçası inşa olunur.
Rayonda gənclərlə işin yaxşılaşdırılmasının, onlarda hərbi-vətənpərvərlik hissinin gücləndirilməsinin nəticəsidir ki, ordu sıralarına çağırış mütəşəkkil qaydada başa çatmış, idmanda yeni-yeni uğurlar qazanılmışdır.
Ötən il rayon icra hakimiyyətində vətəndaşların yazılı və şifahi müraciətlərinə qanunvericilikdə müəyyən edilmiş qaydada, qısa müddətlərdə cavab verilməsi təmin olunmuş, səyyar görüş-qəbullara daha çox üstünlük verilmişdir. Rayonda sağlam mühit yaradılması, vətəndaşların müraciətləri zamanı süründürməçilik və digər xoşagəlməz hallara yol verilməməsi üçün tədbirlər görülmüş, korrupsiya ilə mübarizə sahəsində effektli mübarizə tədbirləri həyata keçirilmiş, bütün rəhbər işçilərə kollektivlərində hər hansı neqativ halın baş verməməsi üçün tədbirlər görmələri tapşırılmışdır.
Məlum olduğu kimi, fevralın 12-də keçirilən "2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda proqramın icrası ilə əlaqədar qazanılan uğurlarla yanaşı, dövlət başçısı bir sıra tənqidi fikirlər də söyləyib. Məruzəçi dedi ki, Prezident İlham Əliyevin tənqidi fikirləri və tövsiyələri hər birimizdən fəaliyyətimizə yenidən baxmağı tələb edir. Bütün dövlət orqanları, vəzifəli şəxslər, sahibkarlarla münasibətlərin sağlam zəmində qurulmasına səy göstərməli, fəaliyyətlərində hər zaman insan amilini ön plana çəkməli, vətəndaşlarla normal ünsiyyət yaratmalı, nümunəvi davranış nümayiş etdirməlidirlər.
Razim Məmmədov yekunda bildirdi ki, əldə olunan nailiyyətlər bizi bir daha məsuliyyətlə işləməyə, rayonun inkişafı ilə əlaqədar əlavə layihələr həyata keçirməyə sövq edir. Əminliklə qeyd olundu ki, ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin uğurla icra olunması və vətəndaşların həyat tərzinin maksimum səviyyəyə çatdırılması üçün Xətai rayonunun rəhbərliyi, idarə və təşkilatları bundan sonra da səylərini artıracaqlar.
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov çıxış edərək bildirdi ki, Azərbaycanın dinamik inkişafının nəticəsi olaraq Bakı şəhəri, eləcə də respublikamızın regionları inkişaf edərək öz simasını tam dəyişib. Bu dəyişikliklər Xətai rayonunda da hiss olunur. Rayonun ötənilki iqtisadi vəziyyətinin təhlili də məhsul istehsalının həcminin artdığını, xidmət sahələrinin fəaliyyətinin genişləndiyini, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqlarının yüksəldiyini göstərir. Xətai rayonunun yüksəlişində YAP Xətai rayon təşkilatının da böyük rolu var.
Bu il prezident seçkilərinin keçiriləcəyini qeyd edən Hüseynbala Mirələmovun sözlərinə görə, YAP Xətai rayon təşkilatı və onun minlərlə üzvü bu seçkidə yaxından iştirak edəcək. Ölkə ictimaiyyəti bu seçkidə Prezident İlham Əliyevin namizədliyini irəli sürmək barədə iradəsini ortaya qoyub. Bu, xalqın İlham Əliyevə, onun həyata keçirdiyi siyasətə inamının ifadəsidir. Bu inam da cənab İlham Əliyevin 2013-cü il prezident seçkilərində qələbəsinin başlıca mənbəyini təşkil edəcək.
Yığıncaqda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyevin çıxışları dinlənildi. Qeyd olundu ki, hər bir vətəndaş Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan uğurların bəhrəsini öz gündəlik həyatında bariz şəkildə hiss edir, ölkədəki ümumi yüksəliş və tərəqqi xəttini ürəkdən dəstəkləyir.
Hesabat
yığıncağının sonunda Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə müraciət
qəbul olundu.
Rəşad CƏFƏRLİ,
Azərbaycan.-2013.- 1 mart.- S.1.