İrvayndakı Kaliforniya
Universitetində Xocalı
qırğınına
həsr edilmiş seminar keçirilmişdir
Fevralın 25-də İrvayndakı Kaliforniya Universitetində Xocalı qırğınına həsr edilmiş seminar keçirilmişdir. Tədbir Azərbaycan-Amerika Şurasının (AAC) və Şimali Amerikanın Azərbaycanlı Gənclər Təşkilatının (AYNA) dəstəyi ilə Azərbaycanlı Tələbələr Assosiasiyası (AzSA-UCİ) tərəfindən təşkil edilmişdir.
Tədbirdə tələbələr "Dağlıq Qarabağ münaqişəsi: məhv edilmiş şəhərin tarixi" mövzusunda təqdimatla çıxış etmişlər. Sonra amerikalı hərbi jurnalist, Montana Universitetinin professoru Tomas Holts tərəfindən Xocalı qırğını haqqında çəkilmiş yeni sənədli film nümayiş etdirilmişdir.
Seminarda Kaliforniya Universitetinin tələbələri, münaqişələrin tənzimlənməsinin təhlili ilə məşğul olan "Olive Tree Initiative" təşkilatının üzvləri, Kaliforniya ştatının Orinc dairəsinin Azərbaycan, türk və erməni icmalarının nümayəndələri iştirak etmişlər. Tədbir başlanmazdan əvvəl Dağlıq Qarabağ münaqişəsi və Xocalı qırğını haqqında Azərbaycan-Amerika Şurası tərəfindən hazırlanmış informasiyanı əks etdirən vərəqələr paylanmışdır.
Dövlət siyasəti fakültəsinin tələbəsi Aytən Naibova tədbirdə giriş sözü ilə çıxış etmişdir. O, Azərbaycanlı Tələbələr Assosiasiyasını (AzSA) və onun iki həmtəsisçisini - Rəfiqə Qurbanzadəni və Nazilə Həsənovanı auditoriyaya təqdim etmişdir. Hazırda erməni silahlı qüvvələrinin işğalı altında olan Cəbrayıl rayonunun Çərəkənd kəndində doğulmuş, ailə üzvləri bu kənddə həlak olmuş Rəfiqə Qurbanzadə Qarabağ haqqında xatirələrini bölüşmüşdür.
Azərbaycan-Amerika Şurasının baş direktoru Cavid Hüseynov öz çıxışında Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi barədə danışmış, 1992-ci il Xocalı qırğını və 1988-ci il Sumqayıt hadisələri üzərində ətraflı dayanmışdır. C.Hüseynov vurğulamışdır ki, Sumqayıt hadisələrinin təqsirkarları həbs edilmiş və mühakimə olunmuşlar, Xocalı qırğınında təqsirkar olan cinayətkarların isə heç biri cəzalandırılmamışdır. Bu səbəbdən ABŞ-ın Azərbaycan və türk icmaları ictimaiyyəti erməni silahlı qüvvələrinin Xocalıda törətdiyi mənfur əməlləri soyqırımı kimi tanımağa çağırırlar. Hüseynov bildirmişdir ki, Xocalı qırğını son iki ildə Massaçusets, Texas, Corciya, Nyu-Meksiko və Arkanzas ştatları tərəfindən tanınmışdır.
Sonra Xocalı hadisələrinin şahidi olmuş Tomas Holts çıxış etmişdir. O, Xocalı qırğını barədə xatirələrini danışmış, bu hadisələrə həsr olunmuş sənədli filmi təqdim etmişdir. Təqdimatlar başa çatandan sonra məruzəçilərə suallar verilmişdir.
Erməni tələbələr Xocalı qırğınında erməni silahlı qüvvələrinin iştirakına şübhə etdiklərini bildirmiş, bunun cavabında azərbaycanlı məruzəçilər "Human Rights Watch" hüquq-müdafiə təşkilatının Ermənistan Xarici İşlər Nazirliyinə cavabının surətini təqdim etmişlər. Təşkilat həmin sənəddə Xocalıda və onun ətrafında dinc azərbaycanlı əhalinin qırılmasında erməni ordusunun məqsədyönlü şəkildə iştirakını təsdiq etmişdir. Xocalıda törədilmiş mənfur cinayətlərdə erməni silahlı qüvvələrinin iştirak etməsi faktını terrorçu ASALA təşkilatının üzvü Monte Melkonyanın qardaşı Markar Melkonyanın kitabı da, Ermənistan prezidenti Serj Sarkisyanın ermənilərin humanizmi barədə "stereotipin aradan qaldırılması" haqqında şərhləri də sübut edir.
Bundan əlavə, T.Holts bildirmişdir ki, 1992-ci il yanvarın axırlarında o, Xocalıda olmuşdur. O təsdiqləmişdir ki, Xocalıda Azərbaycana məxsus hərbi texnika yox idi, orada yüngül silahlarla təchiz olunmuş təxminən 50 nəfərlik özünümüdafiə dəstəsi vardı. T.H.Holts vurğulamışdır ki, erməni tərəfinin iddia etdiyi, guya Xocalıda ermənilər yaşayan məhəllələrin bombardman edilməsi barədə sözlərin heç bir əsası yoxdur.
Tədbirin sonunda bəzi erməni tələbələr maraqlı təqdimata görə məruzəçilərə təşəkkür etmiş, Dağlıq Qarabağ münaqişəsi dövründə Xocalıda və digər yaşayış məntəqələrində həlak olanların ailələrinə başsağlığı vermişlər.
Tədbirdə
Türkiyə-Amerika Assosiasiyaları Assambleyasının
prezidenti Ergün Kırlıkovalı və Azərbaycanın
Los-Ancelesdəki Baş Konsulluğunun nümayəndələri
də iştirak etmişlər.
Yusif BABANLI,
AzərTAc
Vaşinqton
Azərbaycan.-2013.- 1 mart.- S.8.