Ankarada Xocalı soyqırımının ildönümü ilə bağlı tədbirlər davam edir

 

Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi silsilə tədbirlər çərçivəsində Ankarada Rəsm Heykəl Muzeyinin böyük teatr zalında Türkiyə Dövlət İşçiləri İnkişaf və Həmrəylik Fondu (TÜRKAV) ilə birgə konfransanma mərasimi keçirilmişdir. Tədbirdə diplomatlar, Türkiyənin deputatları, Ankarada təhsil alan azərbaycanlı tələbələr, diaspor və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan və Türkiyənin dövlət himnləri səslənmişdir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının konfransa məktubu oxunmuşdur. Məktubda Xocalı soyqırımının ağrı və acısının bölüşüldüyü qeyd olunmuş, "hamımız erməniyik" deyənlər və qatillərin əlini sıxanların da Xocalıda qətlə yetirilən məsum insanların qatili hesab edilə biləcəkləri vurğulanmışdır.

Konfransda Xocalı sakinlərinin müsahibələrindən ibarət sənədli film nümayiş etdirilmişdir.

TÜRKAV-ın Ankara nümayəndəsi Afşin Hatipoğlu, təşkilatın baş katibi Sinan Yüksel, diplomatik nümayəndəliyimizin konsulu Şöhrət Mustafayev, MHP-nin sədr müavini, deputat Atilla Kaya, AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov, "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının Türkiyə təmsilçisi Gözde Kılıç və Qazi Universitetinin professoru Cəmaləddin Taşkıran  Xocalı soyqırımının bütün türk dünyasının və bəşəriyyətin faciəsi olduğunu vurğulamış, Anadolu və Azərbaycan torpaqlarında ermənilərin törətdikləri qətliamlardan danışmışlar. Sarkisyan rejimi "terrorçu bir dəstə" adlandırılmış, onun yenidən prezident seçilməsi ilə bağlı Türkiyədən təbrik göndərilməsi tənqid edilmişdir.

Sonra İctimai Televiziya və TRT tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanmış sənədli film nümayiş etdirilmişdir.

Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı Ankaradakı Polis Akademiyasında da anma mərasimi keçirilmişdir.

Səfir Faiq Bağırov, Milli Məclisin deputatı Musa Qasımlı, Türkiyənin Polis Akademiyasının dekanı Murat Kurt, Azərbaycanın Milli Qəhrəmanı İsmayıl Tunç, 16 ölkədən olan tələbələr və diaspor nümayəndələrimiz mərasimdə iştirak etmişlər.

Bu mərasimdə isə Xocalı soyqırımı ilə bağlı Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film nümayiş etdirilmişdir.

Mərasimdə çıxış edən M.Qasımlı, İ.Tunç və səfir F.Bağırov Xocalı soyqırımı və ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən ətraflı məlumat vermişlər.

Tədbirlər çərçivəsində Xocalı soyqırımı ilə bağlı fotosərgi  təşkil olunmuş, iştirakçılara əyani təbliğat materialları və "İrs-Miras" jurnalı təqdim edilmişdir.

 

 Oqtay BAYRAMOV,

AzərTAc-ın xüsusi müxbiri

Ankara

Azərbaycan.-2013.- 1 mart.- S.9.