Azərbaycan Ombudsmanı Fransa
Milli Assambleyasında iki
azərbaycanlının
vəhşicəsinə döyülməsi ilə əlaqədar
bəyanat vermişdir
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Fransa Milli Assambleyasında iki azərbaycanlının vəhşicəsinə döyülməsi ilə əlaqədar bəyanat vermişdir.
Ombudsman Aparatından AzərTAc-a daxil olan bəyanatda bildirilir ki, fevralın 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Fransa-Ermənistan dostluq qrupunun üzvləri tərəfindən keçirilmiş yığıncaqda Fransadakı "Azərbaycan Evi"nin sədri Mirvari Fətəliyeva və tələbə Vüsal Hüseynov Fransa parlamentinin AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fransua Roşeblounun təhriki ilə erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülmüş və onlara ağır bədən xəsarəti yetirilmiş, şərəf və ləyaqətləri alçaldılmışdır.
Bu il bütün dünya dövlətləri insan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 65 illiyini qeyd etməyə hazırlaşır. Bəyannamə məhz Fransada, Parisdə qəbul edilmişdir və bu möhtəşəm sənədin əsas müəllifi də tanınmış fransız hüquqşünası Rene Kassen olmuşdur. Belə bir zorakılıq hadisəsinin məhz Fransa parlamentində, parlament üzvünün təhriki ilə baş verməsi, digər iştirakçıların isə buna laqeyd qalması Fransanın "insan hüquqlarının beşiyi və keşikçisi" adına xələl gətirir.
Bəyanatda vurğulanır ki, Fransa həmçinin Avropa Şurasının, Avropa İttifaqının yaradıcılarından biri, Azərbaycanın da üzv olduğu "Şərq tərəfdaşlığı" Proqramının əlaqələndiricisi, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir. Məhz buna görə də bu hadisəyə Fransanın aidiyyəti qurumları xüsusi həssaslıqla yanaşmalıdırlar.
Bu vandalizm aktı hüquqi, demokratik dövlətin əsasını təşkil edən diskriminasiyaya yol verilməməsi prinsipi, həmçinin söz və düşüncə azadlığına böyük zərbədir. Qeyd olunan insan hüquqlarının bu fundamental prinsipləri Fransanın da iştirakçısı olduğu Mülki və siyasi hüquqlar haqqında Paktda və Avropa İnsan Hüquqları Konvensiyasında öz əksini tapmışdır. Fransa dövləti isə daim bu kimi sənədlərin qəbuluna və ratifikasiyasına çağırışlar edən dövlət kimi tanınır.
Azərbaycanlılara qarşı ermənilər tərəfindən bu zorakılıq aktının Xocalı soyqırımının ildönümü günündə törədilməsi xüsusi hiddət doğurur.
Məlum olduğu kimi, ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində qətliam törətmişlər. Artıq bir sıra ölkələrin parlamentləri tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınmışdır.
Bəyanatda deyilir: "Əminliyimi bildirmək istəyirəm ki, Fransa tərəfi baş vermiş zorakılıq aktına obyektiv hüquqi qiymət verməklə insan hüquqlarına, ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirəcək və bu hadisənin uzun illər davam edən Fransa-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirəcəyinə yol verməyəcəkdir. Bunun üçün isə Fransanın müvafiq qurumları tərəfindən baş vermiş hadisənin operativ və obyektiv şəkildə araşdırılaraq cinayətkarların məsuliyyətə cəlb edilməsi və kobudcasına pozulmuş insan hüquqlarının bərpası zəruridir.
Eyni zamanda, parlament üzvü üçün yolverilməz olan milli, irqi zəmində münaqişə yaratmağa yönələn hərəkətlərə yol vermiş F.Roşeblounun deputatlıq mandatından, AŞ PA nümayəndə heyətinin üzvlüyündən məhrum edilməsi və törətdiyi əmələ görə məsuliyyətə cəlb olunması məsələsinin Fransa parlamentində müzakirəyə çıxarılması və bu hadisəyə hüquqi qiymət verilməsi zəruridir.
Bu gün də öz əhəmiyyətini saxlayan 1789-cu ildə İnsan və vətəndaş hüquqları və azadlıqları haqqında Bəyannamənin qəbul edilməsi ilə başlayan və böyük ənənələrə malik fransız parlamentarizminin imicini qorumaq, insan hüquqlarına hörməti təmin etmək və ədalətin bərpası üçün belə bir addımın atılması labüddür.
İnanıram ki, bu cinayəti törətmiş şəxslər qanuna müvafiq olaraq öz layiqli cəzalarını alacaqlar".
Bəyanat
BMT-nin Baş katibinə və insan hüquqları üzrə
ali komissarına, Avropa Komissiyasının sədrinə, Avropa Şurasının Baş
katibinə, Avropa
Şurasının insan hüquqları üzrə
komissarına, Avropa Ombudsmanlar İnstitutunun prezidentinə,
Asiya Ombudsmanlar
Assosiasiyasının prezidentinə, Beynəlxalq Ombudsmanlar
İnstitutunun prezidentinə, Fransa Milli Assambleyasının
prezidentinə, Fransa Respublikasının insan hüquqları
üzrə ombudsmanına, Fransa Respublikasının İnsan
hüquqları üzrə Məşvərət
Komissiyasının baş katibinə, Azərbaycanın
Fransadakı səfirinə və Fransanın Azərbaycandakı
səfirinə ünvanlanmışdır.
Azərbaycan.-2013.- 1 mart.- S.10.