Erməni təxribatının «Sumqayıt
ssenarisi»
Ermənilər tarixin müxtəlif dönəmlərində Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərə imza atmışlar. 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr də ermənilərin və onların havadarlarının Azərbaycan xalqı ilə bağlı dünyada mənfi imic yaratmaq məqsədi güdən qanlı cinayətlərindən biri idi. Bu hadisə nəticəsində Sumqayıtda müxtəlif millətlərdən olan 32 adam, o cümlədən 26 erməni həlak olmuş, 400-dən çox insan bədən xəsarəti almış, 200-dən çox mənzil talan edilmiş, 50-dən artıq mədəni-məişət obyekti dağıdılmış, 40-dan çox avtomaşın sındırılmış və qismən yandırılmış, şəhərə ovaxtkı qiymətlərlə 10 milyon Amerika dolları məbləğində maddi ziyan vurulmuşdur.
Üç minə
yaxın günahsız şəhər sakini
həbs edildi
Hazırda Azərbaycan Respublikasının Baş Prokurorluğunda Sumqayıt hadisələri ilə bağlı cinayət işinin araşdırılması davam etdirilir. Uzun müddət keçməsinə baxmayaraq, həmin hadisələrin yenidən araşdırılması hansı zərurətdən doğmuşdur? Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi, baş ədliyyə müşaviri Ənvər Həmidov bu suala belə aydınlıq gətirir:
- Sumqayıt hadisələri ilə əlaqədar SSRİ Baş Prokurorluğunun 200-ə yaxın müstəntiqinin və bir o qədər də əməliyyatçının cəlb edildiyi istintaq-əməliyyat qrupu tərəfindən iğtişaşların törədilməsi səbəbləri araşdırılmış və bir çox şəxslər məsuliyyətə cəlb edilmişlər. Lakin həmin cinayət işlərinin öyrənilməsi göstərmişdir ki, işin istintaqı tam, hərtərəfli və obyektiv araşdırılmamış, hadisələrin əsl mahiyyəti gizlədilmiş, cinayətlərın bütün iştirakçıları, əsasən də təşkilatçıları müəyyən edilməmiş, hadisələrin başvermə səbəbləri və şəraiti aydınlaşdırılmamışdır. Hazırda aparılan istintaqın əsas məqsədi də Sumqayıt hadisələri ilə bağlı erməni yalanlarını üzə çıxarmaq, toplanmış sübutlarla bu hadisələrin əsl mahiyyətini açmaq, mümkün qədər cinayətin bütün iştirakçılarını, əsasən də təşkilatçılarını çətin olsa da müəyyən etməkdir. 27-29 fevral Sumqayıt iğtişaşları ilə əlaqədar istintaq aparılaraq sonradan dayandırılmış 5 cinayət işinin icraatı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun 2010-cu il 19 mart tarixli qərarı ilə təzələnərək bir icraatda birləşdirilmiş və Baş Prokurorluğun birinci müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubovun rəhbərliyi ilə prokurorluq, Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin müstəntiq və əməliyyatçılarından ibarət istintaq-əməliyyat qrupuna həvalə edilmişdir. İlkin olaraq epizodlar üzrə 8 bənddən ibarət və hər bir epizod üzrə istintaq planları tərtib edilmişdir.
İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasının təmin edilməsi məqsədilə ölkənin hüquq-mühafizə orqanlarına və müvafiq qurumlarına, bir sıra kütləvi informasiya vasitələrinə və Rusiya Federasiyasının Baş Prokurorluğuna sorğular göndərilmişdir.
Ermənilərin Sumqayıt hadisələri zamanı bir nəfər də olsun azərbaycanlının öldürülməməsi ilə bağlı iddialarına baxmayaraq, cinayət işləri öyrənilərkən müəyyən olunmuşdur ki, şəhərə qoşun yeridilərkən 5 azərbaycanlının həlakına dair Bakı Qarnizonu Hərbi Prokurorluğunda başlanan istintaq işinə əsassız olaraq xitam verilmişdir. Həmin cinayət işi üzrə aparılan əlavə istintaq zamanı sübut olunmuşdur ki, Bakıdakı 1 nömrəli avtobus parkının sürücüsü, milliyyətcə erməni olan Valeri Markaryan içərisində hərbçilər olan avtobusu Sumqayıtda dinc əhalinin üstünə sürmüş və nəticədə 4 azərbaycanlı həlak olmuşdur. Hazırda bu fakt üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir. Sumqayıt hadisələrindən sonra erməni tərəfi dərhal antiazərbaycan informasiya kampaniyasına başlamışdı. Onlar hadisələrdən mümkün qədər çox bəhrələnmək, dünya ictimaiyyətinin nəzərində azərbaycanlıların zalım, qəddar, qaniçən obrazını yaratmaq və guya bu səbəbdən də onlarla birgə yaşamağın mümkün olmaması haqqında fikir formalaşdırmaq üçün vaxt və vəsait əsirgəmirdilər. Ermənilər indi də bu hadisələrin azərbaycanlılar tərəfindən onlara qarşı soyqırımı törədildiyi fikrini formalaşdırmağa çalışır, hadisələrə siyasi qiymət verilməsinin vacibliyini vurğulayırlar.
Araşdırmalar isə göstərir ki, Sumqayıt hadisələrinin ən azı üç tərəfi olmuşdur: birincisi, "yenidənqurma", "yeni siyasi düşüncə" şüarları ilə pərdələnən Mixail Qorbaçovun rəhbərliyi ilə dünya sosializm sistemini və eləcə də SSRİ-ni dağıtmaq siyasətini həyata keçirən qüvvələr, ikincisi, yaranmış fürsətdən istifadə edərək Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan qoparmaq və Ermənistana birləşdirmək istəyən erməni və ermənipərəst millətçi və separatçı qüvvələr, üçüncü tərəf isə hadisələri icra edən xüsusi hazırlıq keçmiş təxribat qrupu tərəfindən təhrik olunmuş yeniyetmələr, müxtəlif cinayətkar ünsürlər və yetkinləşməmiş gənclər.
SSRİ-nin milli münaqişələr zəminində dağıdılması ssenarisinin müəllifləri və bu ssenarini həyata keçirməyə çalışan qüvvələr, erməni millətçi və separatçılarının havadarları Qarabağ uğrunda ümummilli erməni hərəkatına təkan verə biləcək tutarlı bir siyasi bəhanə əldə etmək üçün Azərbaycan ərazisində antierməni iğtişaşlar törətmək qərarına gəlmiş və bu məqsədlə əlverişli yer kimi Sumqayıt şəhərini seçmişdilər. SSRİ-ni dağıtmaq üçün Dağlıq Qarabağ problemi nə qədər sərfəli idisə, Sumqayıt bəhanəsi də erməni hərəkatına təkan vermək üçün bir o qədər yararlı idi.
Ənvər Həmidov bildirir ki, Sumqayıt şəhərinin keçmiş güc strukturları əməkdaşlarının bir neçəsi faktiki olaraq 28 fevral hadisələrinin istintaq və əməliyyat yolu ilə təhqiqindən kənarlaşdırılsalar da, müəyyən etmişlər ki, şəhərdə özlərini "Qafandan qovulmuş azərbaycanlılar" kimi təqdim edən 20-25 nəfərlik təxribat qrupu fəaliyyət göstərib. Bu barədə onlara hətta bəzi zərərçəkmiş ermənilər də məlumat vermişlər. Həmin məlumatlar SSRİ Baş Prokurorluğunun istintaq-əməliyyat qrupuna çatdırılsa da, naməlum səbəblərdən yoxlanılması təşkil edilməmiş və nəticəsiz qalmışdır. O vaxtlar SSRİ Baş Prokurorluğunun istintaq qrupunda tərcüməçi kimi fəaliyyət göstərmiş Nofəl Əhmədov bildirir ki, həmin təxribat qrupunun ifşa edilməsi üçün cüzi də olsa tədbirlər görülməmişdir. DTK-nın Sumqayıt şəhər şöbəsi tərəfindən hadisələrin əsas təşkilatçılarından və icraçılarından biri olan "Paşa" ləqəbli Eduard Robertoviç Qriqoryan barəsində məlumat SSRİ DTK-nın Sumqayıt hadisələri üzrə əməliyyat sahəsinə rəhbərlik edən Yevgeni Popova çatdırılsa da, o buna şübhə ilə yanaşmış, milliyyətcə erməni olan şəxsin öz soydaşlarına qarşı cinayət törətdiyinə inanmadığını demişdir. Martın əvvəllərində DTK-nın Sumqayıt şöbəsinin rəisi Vladimir Lebedev ona Eduard Qriqoryan barədə məlumatın doğru çıxdığını və artıq həbs olunduğunu bildirmişdir. Eduard Qriqoryanın hadisələrdə iştirakı və onun əlaqələrinin müəyyən edilməsi üçün qeydiyyat-əməliyyat işi açılmış, əməliyyatın gedişində "Paşa"nın əslən qarabağlı, milliyyətcə erməni olan Osipov və ya Osipyan soyadlı bir "həmkarı" ilə söhbətlər aparılmışdır. Sonradan Osipovun (Osipyanın) Özbəkistan SSR ərazisində yerləşən islah-əmək müəssisəsində cəza çəkməsi barədə məlumat alınmış və bu ölkənin müvafiq orqanlarına sorğu göndərmək qərarına gəlinmişdir. Lakin SSRİ DTK-dan gəlmiş nümayəndələr həmin sorğunu müxtəlif bəhanələrlə imzalamaqdan və göndərməkdən imtina etmişlər.
Sumqayıt hadisələrinin törədilməsində sovet rəhbərliyinin hansı dərəcədə maraqlı olduğu göz qabağındadır. Bu şəhərdə güc strukturlarının kifayət qədər hərbi və silahlı qüvvələri olduğu halda hadisələrin qarşısının alınması üçün lazımi tədbirlər görülməmiş, bununla bağlı hətta SSRİ DTK-nın sabiq sədr müavini Filip Denisoviç Bobkov Sumqayıtda olarkən ona müraciət etdikdə bildirmişdir ki, hadisələrin qarşısını almaq barədə əmr verməyə yalnız SSRİ rəhbərliyinin səlahiyyəti var. SSRİ Baş Prokurorluğunun istintaq qrupu isə ancaq iğtişaşların icraçıları ilə maraqlanmış, cinayətin təşkilatçılarının müəyyən edilməsi istiqamətində obyektiv iş aparmamış, çox vaxt təşkilatçılar qismində azərbaycanlıları məsuliyyətə cəlb etməyə çalışmış, beləliklə, əməliyyat tapşırıqlarının nəticələri, demək olar ki, kölgədə qalmışdır.
Ayrı-ayrı müşahidəçilərin, istintaq orqanlarının fikir və mülahizələri, gəldikləri qənaət öz yerində, o vaxt bu şəhərdə baş verənlərin mətbuat səhifələrində necə işıqlandırılmasına diqqət yetirilməsi də vacibdir.
Bakının
və Sumqayıtın ayrı-ayrı sənaye müəssisələrində
çalışan ermənilər Sumqayıtda baş verən
hadisələrlə bağlı "Kommunist",
"Bakinskiy raboçiy", "Vışka",
"Sosialist Sumqayıtı", "Kommunist Sumqaita",
"Pravda", "İzvestiya" qəzetlərində
çıxış edir, millətçi ermənilərin irəli
sürdükləri torpaq iddialarını əsassız hesab
edirdilər.
Ermənilərə
külli miqdarda silah və canlı qüvvə verilirdi
Ermənistanın rəhbərləri,
hərbçiləri, qatı millətçiləri Dağlıq
Qarabağın və Azərbaycanın 20 faiz
torpaqlarının işğalında görəsən təkcə
öz imkanlarındanmı istifadə etmişdilər? Xeyr! Əgər
kənardan kömək olmasaydi, ermənilər cürət
edib Azərbaycan torpaqlarını zəbt edə bilməzdilər.
Buna onların cəsarəti çatmazdı! Sovet hərbçiləri
bu işdə onlara dəstək idilər. Ermənilərə
külli miqdarda silah və canlı qüvvə verilirdi.
Sonralar Rusiyanın Ermənistana təmənnasız bir milyard
Amerika dolları həcmində silah verməsi bütün
dünya ictimaiyyətinə bəllidir.
1990-cı
il yanvar ayının 24-də Parisdə nəşr olunan
"Jurnal dyu dimanş" qəzeti yazırdı:
"Axır günlər Livandan Yerevana minomyot və avtomatlar
daşıyan təyyarələr gəlməkdə davam edir.
Onların boşaldılması erməni gömrük
işçilərinin nəzarəti altında gecələr
həyata keçirilirdi. Artıq neçə gündür
ki, aeroportun gömrüyündə bir nəfər də olsun
rus xidmət etmir. Bu silahların daşınması, ola bilsin
ki, sentyabrdan başlanıb. Dağlıq Qarabağda vətəndaş
müharibəsi qızışan andan Yerevanda və kəndlərdə,
Azərbaycanla sərhəd ərazidə daha çox
silahlı adamlara, həmçinin hər şeyə hazır
olan qızışmış gənclərə rast gəlinir.
Bu dəstələrin başında çox vaxt Beyrutdan və
Dəməşqdən gəlmiş erməniləri görmək
olar. Onların bəziləri Livan terrorçularına və
silahlanmış xristian qruplarına yaxındırlar.
Küçə döyüşləri taktikasını
yaxşı bilən yüzlərlə Livan ermənisi bura
vizasız gəlib. Onların bir hissəsi Yerevanda yerləşir,
əksəriyyəti isə sərhəd rayonları olan Gorus
və Xanlar ətrafına yola düşüb. Qonşu
respublikalarda olduğu kimi, "Qarabağ Komitəsi" bu təşkilatları
Azərbaycana qarşı öz əlində
saxlayır".
(ardı
var)
Azərbaycan.-2013.- 1 mart.- S.10.