Birliyə və qəhrəmanlığa çağıran müqəddəs səs

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin uğurlu təşəbbüsü hamı tərəfindən razılıqla qarşılandı

 

Bu gün  hər bir ölkə vətəndaşının ağlına, qəlbinə, varlığına hakim kəsilmiş Dağlıq Qarabağ probleminin həlli yolunda monolit birliyimizə daha çox ehtiyac var. 20 ildir ki, nankor qonşularımızın torpaqlarımızın bağrına vurduğu yara qan verir. 20 ildir ki, Qarabağ ağrısı ürəyimizi göynədir. Bu ağrının məlhəmi isə millətin bir əlin barmaqları kimi sıxılıb qəzəbli yumruğa çevrilməsi, düşmənin başında ildırım kimi çaxmasıdır. Biz bu birliyə hər vasitə ilə nail olmalıyıq. Bu günlərdə Ağdamda gerçəkləşən tədbir bu baxımdan təqdirəlayiqdir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  təşəbbüsü, "Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyasının və "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin dəstəyi ilə "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə"  adlı layihənin icrasına başlanılmışdır.

Bu məqsədlə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İB-in rəhbərliyi, ziyalılar, ictimaiyyət nümayəndələrinin və din xadimlərinin iştirakı ilə Ağdam rayonunun cəbhə xəttində yerləşən Çəmənli kəndində yürüş-mitinq keçirilmişdir.

Bu məqsəd üçün seçilən məkan isə hamının ürəyincə idi. Seyid Lazım Ağa ocağı Qarabağda çox məşhurdur. İnsanlar çətinə düşəndə, ciddi bir problemlə üzləşəndə ümidlə Seyid Lazım Ağanın cəddini köməyə çağırır, bu müqəddəs ocaqdan nicat istəyirlər. Dumanlı-çiskinli bir qış səhərində bu müqəddəs ocaq  qələbəlik idi. Tədbirə respublikanın yaxın-uzaq bölgələrindən çox sayda din xadimi qatılmışdı. Türkiyə, İran və Pakistan dövlətlərinin ölkəmizdəki diplomatik korpusunun nümayəndələri də tədbirdə iştirak edirdilər. Ocağın nümayəndəsi, Seyid Lazım Ağanın nəvəsi Seyid Yusif Ağa qonaqları hörmət və ehtiramla qəbul etdi, bu tədbirin böyük təsir gücünə malik olduğunu inamla vurğuladı.

Mitinqdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov bildirdi ki, bu gün Azərbaycanın ən böyük problemi Qarabağın işğal altında olmasıdır. 1993-cü ilə qədər Ağdam Cümə məscidindən azan səslənirdi. O azanın sədaları altında Azərbaycanın qəhrəman oğulları vətənimizin müdafiəsinə gedirdilər və şəhid olurdular. O azan bizim ağrı-acılarımızın, həmçinin qəhrəmanlıqlarımızın şahididir. Bu gün işğal altında olan torpaqlarımızda ulularımızın məzarları, tarixi  və dini abidələrimiz də təcavüzə məruz qalmışdır. İllərdir ki, Qarabağ kimi müqəddəs bir diyardan azan səsi eşidilmir. Bugünkü təşəbbüsün  məqsədi odur ki, bir zamanlar Ağdam Cümə məscidində səsləndirilmiş o azanı cəbhə xəttində işğal altında olan torpaqlarımıza doğru səsləndirək. Bu azan Qarabağ işğaldan azad olunana qədər hər cümə günü ölkəmizin bütün məscidlərində səsləndiriləcəkdir. Əlbəttə, Prezident İlham Əliyevin gündəlik fəaliyyətində Dağlıq Qarabağın işğaldan azad olunması istiqamətində görülən işlər prioritetdir. Dövlətimizin mövqeyi bəllidir. Biz münaqişəni sülh yolu ilə həll etmək istəyirik. Bu gün dünyanın əsas güc mərkəzləri, o cümlədən beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ Azərbaycan ərazisi kimi tanınır. Biz bu istiqamətdə işlərimizi davam etdiririk.

Məsələnin siyasi tərəfindən başqa mənəvi tərəflərinin də olduğunu diqqətə çatdıran Elşad İsgəndərov qeyd etdi ki, bu təşəbbüsün Xocalı soyqrımının ildönümü ərəfəsində irəli sürülməsi təsadüfi deyil. "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası davam edir. Məhz bu kampaniyanın gördüyü işlər nəticəsində artıq dünya ölkələrinin bəziləri Xocalı soyqırımını tanıyıb. Biz belə bir  təşəbbüs irəli sürərkən məhz bu amili də nəzərə aldıq və "Xocalıya ədalət" kampaniyasına, o cümlədən Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə birgə layihəyə start verdik. Biz regionçuluğun əleyhinəyik. Ancaq istəyirik ki, Qarabağ işğaldan azad edilənədək hər kəs - bakılı da, gəncəli də, şamaxılı da, lənkəranlı da... özünü qarabağlı bilsin.

 "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri Bayram Səfərov, qarabağlı Seyid Camal, ilahiyyatçı alim Elşad Mahmudov və başqaları tədbirdə çıxış edərək "Qarabağa doğru - Haqqın və haqqımızın səsi ilə"  layihəsini yüksək qiymətləndirmiş, onu işğal altında olan mənəvi dəyərlərimizin qorunması və tanıdılması istiqamətində atılan müsbət addım kimi dəyərləndirmişlər.

Tədbirdə vaxtilə Ağdam məscidindən verilən azan indi müqəddəs Seyid Lazım Ağa ziyarətgahında  səsləndirildi.

Deyirlər Azərbaycanın musiqi beşiyi olan Ağdamda uşaqlar da muğam üstə ağlayır, küləklər də muğam üstə əsir. Yenidən səslənən azanın sirli-sehrli sədası, qeyri-adi avazı hamını tilsimə salmışdı. Kökündə, mayasında sülhə, birliyə, qardaşlığa çağırış olan bu müqəddəs səs indi sanki adamları qəhrəmanlığa, uzun illərdən bəri düşmən tapdağında olan cənnətmisal Qarabağımızı işğaldan azad etmək uğrunda mübarizəyə səsləyirdi. Bu səsdə qeybdən gələn bir qüdrət vardı. Bu ilahi qüdrət, çox güman ki, bütün Qarabağ şəhidlərinin ruhunu bu müqəddəs məkanda cəm etmişdi. Qarabağda, xüsusilə Ağdamda milli, dini və mənəvi dəyərlər həmişə uca tutulur, xalqın əsrlərdən keçib gələn adət-ənənələrinə hörmət və ehtiramla yanaşılır. Doğma yurd-yuvasından, isti ocağından perik salınıb məşəqqətlərlə dolu məcburi köçkün həyatı yaşamağa məcbur edilmiş ağdamlılar ən ağır zamanlarda belə əzəli inam və etiqadlarına son dərəcə sədaqətli olmuşlar. Böyük bir bölgədə hamının inanc yerinə çevrilmiş Seyid Lazım Ağa ziyarətgahının son dərəcə yüksək zövqlə əsaslı şəkildə bərpa edilməsi, bu işə yüz minlərlə manat vəsaitin xərclənməsi çox mətləblərin ifadəsidir.

Tədbirdə Qarabağ şəhidlərinin ruhuna dualar oxundu, sonra ehsan süfrəsi açıldı.

Ağdam rayonunun ictimai-siyasi həyatında həmişə xüsusi fəallığı ilə seçilən YAP Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov tədbirdən aldığı təəssüratı bizimlə həvəslə bölüşdü:

- Bu xeyirxah məramlı tədbirdə iştirak edənlərin böyük əksəriyyəti gənclərdir. Gənclərimiz İslamın mütərəqqi din olduğunu yaxşı anlayır və dini dəyərlərə son dərəcə böyük ehtiramla yanaşırlar. Ata- babalarımızın  inancı bizim inancımızdır. Biz dövlətimizə, dövlətçiliyimizə nə dərəcədə sədaqətliyiksə, müqəddəs dinimizə də o qədər möhkəm tellərlə bağlıyıq. Mən inanıram ki, bu gün eşitdiyimiz azan səsi gənclərimizin vətən sevgisini, düşmənə nifrət hissini qat-qat artıracaqdır. Bu müqəddəs səs bizi işğal altındakı torpaqlarımızı azad etməyə, vətən qarşısındakı borcumuzu şərəflə yerinə yetirməyə çağırır.

Həmin gün Quzanlı qəsəbəsindəki mədəniyyət evində "Qazi azan - Haqqın və haqqımızın səsi" mövzusunda konfrans keçirildi.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Ağdam, Ağcabədi və Xocavənd rayonu icra hakimiyyətlərinin başçıları Nizami Sadıqov, Şahin Məmmədov, Eyvaz Hüseynov, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov konfransda çıxış edərək Ermənistanın respublikamıza qarşı həyata keçirdiyi qəsbkarlıq müharibəsindən, Qarabağda törədilən faciələrdən, münaqişənin mahiyyətinin, Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən soyqırımlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən həyata keçirilən tədbirlərdən danışdılar. Çıxışlarda əminliklə vurğulandı ki, haqqın və haqqımızın səsi olan, vaxtilə Ağdam məscidindən eşidilən, bizi birliyə və qəhrəmanlığa çağıran bu müqəddəs azan səsi tezliklə işğaldan azad ediləcək doğma Qarabağımızda yenidən eşidiləcəkdir.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.-2013.- 3 mart.- S.11.