Əməkdaşlığın yeni üfüqləri

 

Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan mədəniyyətinin yeni üfüqləri göründü. Demək olar ki, hər il müxtəlif ölkələrdə Azərbaycan mədəniyyəti günləri keçirilir. Eləcə də Azərbaycanda xarici ölkələrin mədəniyyət günləri soydaşlarımız tərəfindən rəğbətlə qarşılanır. Əməkdaşlığın yeni və uğurlu növü kimi bu təntənəli günlər artıq ənənəyə çevrilib.

Azərbaycanın zəngin mədəni irsinin, rəngarəng incəsənətinin dünyada təbliği, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə Küveyt Dövlətində keçirilən Azərbaycan mədəniyyəti günləri də iki ölkə arasında əməkdaşlığa, dostluq münasibətlərinə mühüm töhfə oldu. Bu il fevralın sonunda Küveyt Dövlətində keçirilən Azərbaycan mədəniyyəti günlərində iştirak edən nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev rəhbərlik edirdi. Mədəniyyətimizi təmsil edənlər arasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Simfonik Orkestrinin kollektivi və solistlər də var idi.

Xatırladaq ki, bundan əvvəl Küveytdə Azərbaycan mədəniyyəti günləri 10-12 may 2011-ci il tarixində keçirilmiş, bu çərçivədə incəsənət ustalarının konsertləri, "Azərbaycan dünən, bu gün" adlı fotosərgi, milli geyimlər sərgisi maraqla qarşılanmışdı. 2012-ci ilin 26 noyabr - 2 dekabr tarixində isə Azərbaycanda Küveyt mədəniyyəti günləri təşkil edilmiş, bu ərəb ölkəsinin tarix və mədəniyyətini, turizm imkanlarını nümayiş etdirən fotosərgi açılmış, Şeyx Suad Məhəmməd əl-Sabahın "Məni günəşə apar" şeir kitabının təqdimatı keçirilmişdi.

Azərbaycan nümayəndə heyəti növbəti mədəniyyət günlərində də zəngin tədbirlər proqramı ilə çıxış etdi.

Bədii proqram başlamazdan əvvəl Küveytin informasiya naziri Şeyx Salman əl-Hamud əl-Sabah Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşdü. Ölkələrimiz arasında mövcud mədəni əlaqələrin inkişafından söz açan nazir müavini bu yaxınlarda Bakıda Azərbaycan-Küveyt birgə əməkdaşlıq komissiyasının ikinci iclasının keçirildiyini xatırladaraq müxtəlif sahələrə dair ikitərəfli sənədlərin, o cümlədən "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"in imzalanmasını məmnuniyyətlə qeyd etdi.

Ədalət Vəliyev Azərbaycanda hər il müxtəlif beynəlxalq müsabiqə və festivalların keçirildiyini bildirdi. Nazir Şeyx Salman əl-Hamud əl-Sabah münasib bir vaxtda bu tədbirlərdə iştirak etməyə dəvət olundu. Söhbət zamanı Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin əhatə etdiyi sahələr, onların inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat diqqətə çatdırıldı. Görüşdə incəsənət ustalarının qarşılıqlı səfərlərinin təşkilinin əlaqələrimizin daha da yaxınlaşmasına səbəb olacağı vurğulandı və xatirə hədiyyələri təqdim edildi.

Görüşdə Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri Tural Rzayev də iştirak edirdi.

Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn əl-Yuha ilə keçirilən görüş də maraqlı məqamları ilə yadda qaldı.

Qonaqları salamlayan baş katib ölkəmizin zəngin və çoxəsrlik mədəniyyətə malik olduğunu söyləyərək Azərbaycanın böyük nümayəndə heyəti ilə Küveytdə mədəniyyət günləri keçirməsinin dost ölkələrimiz arasında münasibətlərə yeni töhfələr verəcəyini bildirdi. Bu tədbirlərin Küveytin milli bayramı günlərinə təsadüf etməsini isə xoş hadisə adlandırdı.

Nazir müavini Ədalət Vəliyev qarşılıqlı mədəni tədbirlərin xalqlarımızı daha da yaxınlaşdıracağına əminliyini bildirərək dost ölkənin incəsənət ustalarını ölkəmizdə keçirilən tədbirlərdə iştiraka dəvət etdi. Görüşdə Küveytdə musiqi təhsilinin inkişafına kömək göstərilməsi, azərbaycanlı mütəxəssislərin bu işə cəlb olunması, uşaqlardan ibarət simfonik orkestrin yaradılmasına yardım etmək və digər mövzularda müzakirələr aparıldı.

Küveyt Milli Muzeyində Azərbaycan incəsənət ustalarının iştirakı ilə təqdim olunan konsert proqramı ərəb dünyasını növbəti dəfə heyran etdi. Küveytdə yaşayan xalqların nümayəndələri, müxtəlif peşə sahiblərindən ibarət auditoriya dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adını daşıyan məşhur Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışını səbirsizliklə gözləyirdi. Türkiyə, Avstriya, İran, Rusiya, Mərakeş, Seneqal, İndoneziya, Banqladeş, Çin və digər ölkələrin Küveytdəki səfirləri ailə üzvləri ilə birgə qonaqlar arasında idi. 500 nəfərlik dolu zal incəsənət ustalarımızı ayaq üstə alqışladı.

Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin çıxışı isə konserti izləyənlərə əsl musiqi zövqü, xoş təəssürat bəxş etdi. Böyük bəstəkarlarımız Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Niyazinin, Soltan Hacıbəyovun, Vasif Adıgözəlovun bir-birindən təsirli musiqi nömrələri, simfonik muğamlar, mahnılar, operadan parçalar tamaşaçıların sürəkli alqışları, böyük heyranlıq və maraqla qarşılandı. Gənc solistlər - vokalçı Azər Rzayevin, muğam və xalq mahnılarının gözəl ifaçıları Babək Niftəliyev və Səbinə Ərəblinin çıxışları bütün tamaşaçılara xoş anlar bəxş etdi.

Küveytdə Azərbaycan mədəniyyəti günləri çərçivəsində dahi bəstəkar Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı da zəngin və maraqlı qurulmuşdu. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək Qara Qarayevin həyatı və zəngin yaradıcılığı barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, ölməz sənətkar Azərbaycan mədəniyyətinin ən görkəmli nümayəndələrindən biridir. Onun əsərləri nəinki Azərbaycanın, eləcə də dünya musiqi sənətinin incilərindən hesab edilir.

Sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri əməkdar incəsənət xadimi Fəxrəddin Kərimovun dirijorluğu ilə Qara Qarayevin "Leyli və Məcnun" simfonik poeması, "Yeddi gözəl" və "İldırımlı yollarla" baletlərindən parçalar ifa etdi. Anşlaqla keçən konsert tamaşaçıların alqışları, "bravo" sədaları ilə qarşılandı.

Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyətinin Küveytin Baş nazirinin müavini, bələdiyyələr və parlamentlə iş üzrə dövlət naziri Məhəmməd əl-Abdulla əl-Mübarək əl-Sabahla görüşü oldu. Küveyt Baş nazirinin müavini bildirdi ki, bu tədbirin keçirilməsi ölkəsi üçün böyük əhəmiyyət daşıyır. Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizin zəngin mədəniyyəti və geniş turizm imkanları barədə ətraflı məlumat verdi.

Küveyt Baş nazirinin müavini Azərbaycan incəsənət ustalarının təqdim etdiyi konsert proqramı ilə bağlı xoş təəssüratını ifadə etdi: "Gözəl konsert idi. Təşəkkürümüzü bildiririk. Sözün yaxşı mənasında çox təsirləndik. Azərbaycanın mədəniyyəti ilə yaxından tanış olduq, dahi bəstəkar Qara Qarayevin əsərlərini dinləməkdən zövq aldıq. Biz iki ölkə arasında mədəni əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq".

Konsertdə iştirak edən İspaniya, ABŞ, İngiltərə, İran, Ukrayna və digər dövlətlərdən olan tamaşaçılar musiqiçilərimizin yüksək peşəkarlığına heyranlıqlarını gizlətməyərək tədbirin yaddaşlarda silinməz izlər buraxdığını, Azərbaycan musiqisinin sözün əsl mənasında güclü təsirə malik olduğunu qeyd etdilər.

Tədbirdə xarici dövlətlərin səfirləri, tanınmış elm, mədəniyyət, incəsənət xadimləri, ali təhsil ocaqlarının rektorları və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər. Fasilə zamanı əcnəbilər Azərbaycan nümayəndələrinə yaxınlaşaraq öz duyğu və ehtiramlarını bildirir, milli musiqimizin gözəlliyindən, ifaçılarımızın məharətindən, xüsusilə də muğamlarımızın xoş təsirindən danışırdılar.

Küveytdə keçirilən Azərbaycan mədəniyyəti günləri qəlblərə xoş təsir, əməkdaşlığın üfüqlərinə yeni izlər həkk etdi.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.-2013.- 3 mart.- S.11.