Brüsseldə ombudsmanların II sammiti keçirilmişdir

 

Belçikanın Brüssel şəhərində Avropa Parlamentinin İnsan Hüquqları üzrə Alt Komitəsinin təşəbbüsü ilə Avropa İttifaqının (Aİ)  və Şərq Tərəfdaşlığı ölkələri ombudsmanlarının "Biznes və insan hüquqları üzrə rəhbər prinsiplərin implementasiyasında milli insan hüquqları institutlarının rolu" mövzusuna həsr olunmuş ikinci sammiti keçirilmişdir.

Ombudsman Aparatının mətbuat xidmətindən bildirmişlər ki,  sammitdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova  Azərbaycanın BMT, Avropa İttifaqı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi önəm verdiyini, Aİ-nin Şərq Tərəfdaşlığı və Tvinninq layihələrində, TAİEX və digər proqramlarda fəal iştirak etdiyini diqqətə çatdırmışdır.

Müvəkkil ölkəmizdə son illər aparılmış islahatlar nəticəsində əhalinin sosial rifahının yaxşılaşdığını, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsinə şərait yarandığını qeyd etmiş, Azərbaycanda yoxsulluğun səviyyəsinin 44,7 faizdən 6 faizə endiyini, işsizliyin isə 5,2 faizədək azaldığını vurğulamışdır.

E.Süleymanova BMT-nin Qlobal Müqaviləsinin əsas prinsiplərindən olan korrupsiyaya qarşı mübarizə sahəsində  Azərbaycan tərəfdən mühüm addımlar atıldığını, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin təsis edildiyini, "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya"nın icrasının xüsusi əhəmiyyət kəsb etdiyini, Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) ilə respublikamız arasında əməkdaşlığın uğurla davam etdirildiyini söyləmişdir.

Müzakirələrdə eyni zamanda, ombudsmanların növbəti -üçüncü sammitinin mövzusu üzrə fikir mübadiləsi aparılmış, E.Süleymanova bu tədbirin mövzusunun Avropa İnsan Hüquqları Konvensiyasının qüvvəyə minməsinin 60 illiyinə həsr olunmasını təklif etmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.-2013.- 3 mart.- S.11.