Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 2013-cü ildə Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illiyi tamam olur. XIX əsrin ikinci yarısından etibarən baş verən ictimai-siyasi hadisələr fonunda Azərbaycanın mədəni həyatındakı dəyişikliklər ənənəvi xalq teatrının peşəkar dünyəvi teatra çevrilməsinə zəmin hazırladı. O, yarandığı gündən Şərq islam aləminin ilk professional teatr sənəti ocağı kimi öz zəngin repertuarında daim yüksək ideyalı və dərin ictimai məzmunlu əsərlərə geniş yer verdi. Ölkəmizdə indi bütünlüklə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi vardır. Əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnmiş vətənpərvər ruhlu yeni nəsillərin formalaşmasında bu teatrın xidmətləri əvəzsizdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və milli mədəniyyətin inkişafında mühüm rolunu, ölkənin mədəni həyatında böyük əhəmiyyətini nəzərə alaraq Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 140 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Teatr Xadimləri İttifaqının təklifləri nəzərə alınmaqla, Azərbaycanda peşəkar milli teatrın 140 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 mart 2013-cü il

 

Azərbaycan.-2013.- 2 mart.- S.1.