Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət Universitetinin 90 illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
2013-cü ildə Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin 90 illiyi tamam olur. Bu nüfuzlu ali təhsil müəssisəsi
fəaliyyət göstərdiyi dövr ərzində zəngin
inkişaf yolu keçmişdir və hazırda geniş ixtisas
şəbəkəsinə malikdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq ölkədə mədəniyyət və
incəsənət sahəsində yüksək ixtisaslı
kadr hazırlığında və milli mədəniyyətin
inkişafında mühüm xidmətlərini nəzərə
alaraq, Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin 90 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Təhsil Nazirliyi Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə
birlikdə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin 90 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 1 mart
2013-cü il
Azərbaycan.-2013.- 2 mart.- S.1.