Sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi Qaydası

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 fevral tarixli 29 nömrəli qərarı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Bu Qayda Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 187.2-ci maddəsinə əsasən hazırlanmışdır və sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi qaydasını müəyyən edir.

1.2. Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna, habelə istehlak edilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.

1.3. Bu Qayda fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsalya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara şamil olunmur.

2. Malların gömrük orqanları tərəfindən daxili mallar gömrük statusunun təsdiq edilməsi

2.1. Sərbəst zonaya gətirilən daxili malların, sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların və sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların (bundan sonra - mallar) daxili mallar gömrük statusunun təsdiq edilməsi üçün şəxslər "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla kağız üzərində yazılı və ya elektron formada gömrük orqanlarına müraciət edirlər.

2.2. Müraciətə malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu, adı və miqdarı göstərilməklə yanaşı, aşağıdakı sənədlər də əlavə edilir:

2.2.1. malların gömrük dəyərini müəyyən edən sənəd (invoys, hesab fakturas.);

2.2.2. Azərbaycan Respublikasında tamamilə istehsal olunmuşya emala məruzqalma meyarlarına uyğun olaraq, kifayət qədər emal edilmiş malların mənşə sertifikatı;

2.2.3. sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılışla bağlı gömrük orqanı tərəfindən təsdiq edilmiş müvafiq gömrük bəyannaməsinin surəti.

2.3. Müraciətə sərbəst zonada fəaliyyət göstərən ərazi gömrük idarəsi tərəfindən 2 (iki) günü müddətində baxılır və imtina üçün əsaslar olmadıqda, şəxsə bu Qaydanın əlavəsi ilə müəyyən edilmiş formada malların daxili mallar gömrük statusunun təsdiq edilməsi haqqında Şəhadətnamə verilir.

2.4. Şəhadətnamənin verilməsinə görə gömrük ödənişi alınmır.

2.5. Şəhadətnamə 2 (iki) nüsxədə tərtib edilir. Şəhadətnamənin bir nüsxəsi onu verən gömrük orqanında saxlanılır.

2.6. Bu Qaydanın 2.2-ci bəndinin tələblərinə riayət edilmədiyi halda, gömrük orqanı malların daxili mallar gömrük statusunun təsdiq edilməsindən imtina olunması barədə müraciət etmiş şəxsi dərhal məlumatlandırır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra malların daxili mallar gömrük statusunun təsdiq edilməsi barədə yenidən müraciət oluna bilər.

2.7. Şəhadətnamənin etibarlılıq müddəti 12 (on iki) aydır.

2.8. Şəhadətnamə sərbəst zonada olan hər bir mal partiyasına ayrılıqda verilir.

2.9. Daxili mallar sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirildikdə və ya başqa gömrük proseduru altında yerləşdirildikdə, Şəhadətnamə gömrük orqanına təqdim edilir.

 

 

Azərbaycan.-2013.- 2 mart.- S.2.